MİA

  • 5 471

Çin-Azərbaycan strateji əməkdaşlığı hansı perspektivlər vəd edir? - ANALİZ

image

Xəbər verildiyi kimi, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin liderlərinin görüşü çərçivəsində dövlət rəhbərləri İlham Əliyev və və Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub.

Bəyannamədə Azərbaycanın Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstəklədiyi, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir.

İki ölkə liderləinin görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib ki, ölkələrimiz arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb: “Bu gün biz Birgə Bəyannamə qəbul etməklə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edirik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, bu bəyannamə Çin və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir: “Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik. Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı- Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb”.

Görüşdə Orta Dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan verəcəyinə ümidvarlıq ifadə olunub. Si Cinpin bildirib ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.

Görüşdə Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulanıb, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirilib.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu vurğulanıb, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı uğurları qeyd edilib. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulanıb.

Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirib.

Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, Çinə dövlət səfərinə, İlham Əliyev də ÇXR Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət edib.

Qeyd etməliyik ki, Çin son illər Azərbaycanla təkcə enerji sektorunda deyil, eləcə də, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, tranzit, logistika, yüksək texnologiya, maşınqayırma və s. kimi qeyri-neft sektoruna aid iqtisadi layihələrdə əməkdaşlıq edir.

Ümumiyyətlə, Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb. Azərbaycan Respublikası 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb.

Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

5 il əvvəl- 2019-cü ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən, iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 mühüm sənəd imzalanıb.

Qeyd edilən razılaşmaya Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun tikintisi, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin qurulması, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, Azerbaijan Digital HUB proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracı, Çində Azərbaycan Ticarət Evinin yaradılmasına dair birgə planlar silsiləsi daxil idi. Bütün bunlarla yanaşı Pekin, Azərbaycanın beynəlxalq tranzit marşrutlarının inkişafı çərçivəsində dəmir, dəniz və quru yolu yük daşımaları üçün nəzərdə tutulmuş nəhəng infrastruktura quruculuğunu yaxından izləyir. Bu baxımdan, Çin tərəfinin ümumi yükaşırmanın həcmini ilbəil artıran Ələt Limanı üçün hədiyyə etdiyi 2 milyon ABŞ dolları dəyərindəki texniki avadanlıqları qeyd etmək olar.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 gün çəkir.

2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötüb. Bu da 5 ildə 1,8 milyard dollar və ya 2,4 dəfə artım deməkdir.

Ukrayna ərazisində Rusiya-NATO qarşıdurması və davam edən hərbi əməliyyatlar o istiqamətdə nəqliyyat dəhlizlərində problem yaradıb. Nəticədə Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti xeyli artıb. “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi- Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. 2023-cü ildə isə Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 90% artaraq 2 milyon tonu keçib. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir.

Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin Çin Xalq Respublikasından Azərbaycana ixracın davamlı artması müşahidə olunur.

Son illərdə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa sərmayənin həcmi 1 milyard, Azərbaycanın Çinə yatırdığı sərmayənin həcmi isə 2 milyard dollar civarındadır. Azərbaycanda Çin investisiyalı 275 şirkət fəaliyyət göstərir.

Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak edir. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə də yüksək potensiala malik ölkələrdəndir. Son vaxtlar bu istiqamətdə xeyli iş görülüb və reallaşdırılan layihələrin dairəsi getdikcə genişləndirilir. Bu istiqamətdə Çin şirkətləri ilə də birgə layihələr həyata keçirilir. İki ölkə üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, eyni zamanda, həm də elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi prosesi gedir.

Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir.

Bu günədək Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edirdi. İldə təxmin 20 min çinli turist Azərbaycana səfər edirdi. Çindən viza tələbinin ləğv olunması həm çinli turistlərin ölkəmizə gəlişini artıracaq, həm də Çin investorlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymasını stimullaşdıracaq.

Dünyanın 1-ci iqtisadiyyatı, 3 ən böyük fövqəldövlətdən biri, nəhəng elm və texnologiya mərkəzi olan Çinlə Azərbaycanın strateji əməkdaşlığı ölkəmizin dünyada siyasi və iqtisadi nüfuzunun daha da artmasına töhfə verəcək. Çin texnologiyalarının Azərbaycana gətirilməsi ilə, ölkəmiz dünyanın müasir texnoloji mərkəzlərindən birinə çevrilə bilər. Ümumiyyətlə bu strateji əməkdaşlıqdan hər iki ölkə faydalanacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər