PDF Oxu

MİA

  • 6 460

Gürcü ekspertləri: Xalq Qərbin iç üzünü gördü və onun tərəfdarlarına səs vermədi - MÜSAHİBƏ

image

Gürcüstanda parlament seçkiləri keçirildi, lakin müxalifət və onun arxasında duran xarici qüvvələr hələ də etiraz aksiyaları və səsvermənin nəticələrinin tanınmaması yolu ilə ölkədəki vəziyyəti sarsıtmağa çalışırlar. Bəs onun nəticələrin nəzərdən keçirilməsinə nail olmaq üçün real şansı varmı? Gürcüstanlı politoloqlar bu məsələ ilə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin rəyini oxucularımıza təqdim edirik.

Gürcü siyasətçisi və alimi, Gürcüstan Mühəndislik Akademiyasının akademiki, Gürcüstan Politexnik Universitetinin Təbii Fəlakətlər üzrə Elmi Mərkəzinin direktoru Temur Maisuradzenin fikrincə, real geosiyasi vəziyyət elədir ki, məlumatlı, düzgün fikir söyləmək lazımdır.

“Gürcü arzusu” Gürcüstanda postsovet dövrü ərzində gürcü xalqının ardıcıl 4 dəfə seçdiyi yeganə siyasi qüvvədir və bu da yəqin ki, nəyisə deyir. Bəli, mənim də bir seçici kimi hakim partiyaya bəzi suallarım ola bilər, amma mən buna həssas və ayıq baxmalıyam- bildiyiniz kimi, atları döyüşün ortasında dəyişmirlər. Gürcüstanda müxalifət əsasən gənclərə güvənir və bu, əlbəttə ki, yaxşıdır, lakin təəssüf ki, gənclər Gürcüstanın ötən əsrin 90-cı və ya 2000-ci illərindəki siyasi reallıqlarını sadəcə xatırlamırlar, onların müqayisə edəcək heç nələri yoxdur. Gürcüstan gəncləri indi yalnız Avropanın təbliğ etdiyi gündəmi anlayır. Ona görə də, mən indi Gürcüstanın suverenliyini əlindən alan və dövləti sarsıdan qüvvələri dəstəkləmirəm, mən şüurlu şəkildə “Gürcü Arzusu”nun lehinə seçim edirəm.

Fikrimcə, Gürcüstanda küçə etirazları tezliklə sönəcək, sadəcə ona görə ki, seçicilərin və müxalifət partiyalarının bu hissəsində seçki məntəqələrində saxtakarlığı təsdiqləyən hər hansı sübut yoxdur. Ona görə də, indi hökumət seçkilərin təhlili üçün bütün lazımi sübutları təqdim etməyə hazırdır, üstəlik, bütün ölkələrdən müşahidəçiləri bu prosesə dəvət edir, yəni bütün seçki qutularını sayıb yoxlayır və seçkilərin şəffaflığına öz gözləri ilə baxır. Gürcüstanda hakimiyyət tamamilə sakitdir, haqlı olduğuna əmindir və əgər kimsə hansısa aqressiv etirazlara keçməyə cəhd etsə, qırmızı xətləri keçsə, o zaman hakimiyyət güc tətbiq edə bilər. Amma ümid edək ki, bu, belə olmayacaq.

Ümumiyyətlə, bu müxalifətin tərəfdarları hələ səsvermə yaşına çatmayanlar, yəni gürcü cəmiyyətinin çox gənc nümayəndələri və ya 30 ildir ki, Qərbin yer üzünün ağası olması və cənnət yaradacağı fikri başlarına sığışdırılmış gənclərdir. Narazıların digər hissəsi Qərb qrantları hesabına yaşayan QHT nümayəndələridir ki, bu da təxminən 25 min nəfərdir. Bütün bu insanlar, o cümlədən onların ailə üzvləri həqiqətən də bu pullar üzərində mövcuddur və tamamilə aydındır ki, onlar bundan sonra da Qərblə maksimum əlaqə axtaracaqlar və onun siyasətini dəstəkləyəcəklər. Təəssüf ki, gürcü cəmiyyətinin bu kateqoriyaları hər şeyi, sözün əsl mənasında Gürcüstanın bütün suverenliyini verməyə hazırdırlar, Qərblə münasibətləri korlamamaq üçün bir ayaq üstə durmağa hazırdırlar. Onlar da sadəlövhcəsinə inanırlar ki, Qərbin gəlişi ilə Gürcüstanda, necə deyərlər, süd çayları axacaq.

Amma Gürcüstanda çevriliş, məncə, mümkün deyil. Bunun baş tutması üçün Gürcüstanda xarici maraqların təbliğatçıları ilə əməkdaşlıq edən, öz vətənlərini, əhalinin bir hissəsini satmağa hazır olan çürük, korrupsioner hakimiyyət olmalıdır. Gürcüstanın Allaha şükürlər olsun ki, hökumət cəhətdən bəxti gətirib. Rusiya-Ukrayna müharibəsindən sonra Qərbin maskaları atıldı və çox şey aydın oldu - Gürcüstan cəmiyyəti əsl Qərbin necə ola biləcəyini gördü və xatırladı.

Gələcəyə gəlincə, düşünürəm ki, seçkilərdən sonrakı hadisələr belə bir ssenari üzrə inkişaf edəcək: əvvəlcə Qərb hakimiyyəti silkələməyə çalışacaq, bunun da nəticə vermədiyini anlayanda, ikiüzlü Janus kimi, heç bir şey olmamış kimi iqtidarla bir dialoq, yaxınlaşma prosesinə başlayacaq. Və bəlkə, hətta deyəcək ki, nəhayət başa düşə bildik və vəziyyəti təhlil etdikdən sonra məlum oldu ki, Gürcüstanda seçkilər ədalətli və şəffaf keçib. Bu, Qərbdir, bu onun strategiyasıdır”,- deyə T.Maisuradze bildirib.

“European Perspective” layihəsinin analitiki və redaktoru Beso Kurtanidzenin fikrincə, Gürcüstandakı vəziyyət Ukraynadakı müharibə kontekstində nəzərdən keçirilməlidir.

“Təsəvvür edək: Gürcüstanın NATO üzvü olduğu vəziyyətdə NATO-Rusiya futbol matçı keçirilir. Biz bu komandanın, yəni NATO-nun üzvü olmaq istədiyimizi bildirdik, lakin oyun zamanı məlum oldu ki, Gürcüstan ona qoyulan gözləntilərin öhdəsindən gələ bilməz. Odur ki, Qərbin məntiqinə görə, indiki “Gürcü arzusu” hökuməti ləğv edilməli və onun yerinə Qərbin göstərişlərinə ciddi əməl edəcək, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, rus turistləri ölkəyə buraxmayacaq hakimiyyət gətirilməlidir.

Bu gün Gürcüstanda baş verənlər Qərbin hakimiyyəti dəyişmək üçün həyata keçirdiyi xüsusi əməliyyatdır. Vəziyyəti sarsıtmaq üçün bu işlər seçkilərdən əvvəl həyata keçirilib. Məntəqələrdə çoxlu sayda xarici müşahidəçi olub, lakin onlar gün ərzində heç bir ciddi qanun pozuntusu olmadığını bildiriblər. Lakin sonradan seçkilərdə seçici saxtakarlığı mövzusunu qızışdıran kampaniya başladı.

Müxalifətdən olan dostlarımdan soruşdum: sizin mitinqə çıxmağınıza səbəb olacaq qanun pozuntuları varmı? “Xeyr” deyə mənə cavab verdilər. Amma Mərkəzi Seçki Komissiyası ilk nəticələri dərc edəndən sonra onlar rəsmi siyahıların dəqiq olmadığını və hökumətin seçkiləri saxtalaşdırdığını bildiriblər. Məsələn, müxalifət liderlərindən biri Nikoloz Qvaramiya deyib ki, seçkilər Rusiya tərəfindən saxtalaşdırılıb, baxmayaraq ki, bu barədə hələ heç bir dəlil yoxdur, amma bu, yaxşıdır, çünki hətta ABŞ belə Rusiyanın Trampın qalib gəlməsinə kömək etdiyi iddiasına heç bir sübut təqdim edə bilmədi. Absurddur-”, o qeyd edib.

Ekspertin fikrincə, vəziyyət narahatedicidir, çünki Qərbin Gürcüstan üzərində təsir rıçaqları var. Ola bilsin ki, larinin məzənnəsi devalvasiya olunsun və vizasız rejim dayandırılsın ki, bu da Gürcüstan əhalisinin əksəriyyətinə təsir edəcək.

“Bəli, kədərlidir, çünki indi bir çox ailələr Qərbin yardımından asılıdır və QHT-lərə ayrılan maliyyənin kəsilməsi onların rifahına təsir edəcək. Bizim təcrid olunmuş vəziyyətdə yaşamaq üçün neftimiz və ya başqa resurslarımız yoxdur. Onu da unutmaq olmaz ki, Amerika Birləşmiş Ştatları dünyanın müxtəlif yerlərində ildə bir və ya iki hökuməti devirir. Kiyevdəki Maydandan 10 il keçir və indiyədək nümayişçilərin müxalifət tərəfindən öldürülmədiyi sübuta yetirilməyib. Və Yanukoviç, xatırladığımız kimi, sonra ölkədən qaçdı. Belə bir ssenari Gürcüstanda da qorxuludur”, - deyə B.Kurtanidze yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər