PDF Oxu

MİA

  • 6 089

Su müharibəsi: qlobal su böhranı ilə mübarizədə real vəziyyət - ARAŞDIRMA

image

Su bütün insanlar üçün mütləq ehtiyacdır. Bizim mövcudluğumuz suyun mövcudluğu və keyfiyyəti ilə dərindən bağlıdır. İnsanların yerinə yetirdiyi demək olar ki, hər bir funksiyada sudan istifadə edilir. Hər bir məhsulun və ya qidanın istehsalında həmişə bol su tələb olunur. Lakin son dövrlərdə dünyada həyatın mənşəyi və təminatçısı olan su ilə bağlı ciddi problemlər yaranıb. Söhbət əlbəttə ki, şirin sudan gedir.

Dünya içməli su böhranı dövrünə qədəm qoyur

Planetdəki bütün sular okeanlarda, dənizlərdə, göllərdə, çaylarda və hətta qar və yağışda toplanır. Yerin dərinliklərində də böyük su hövzələri var. Planetimizin 70 faizi su ilə örtülüdür, bu cəhətdən əslində dünyamızın adı Su planetidir. Lakin bu suyun 98 faizə yaxını duzlu sudur. Dünyadakı suyun yalnız 2,5%-i şirin sudur, onun isə yalnız 0,3%-i istifadə oluna biləndir.

İçməli suyun yalnız 0,4 faizi səthdədir, məsələn, şirin su gölləri, çaylar və atmosferdəki rütubətdir (səthdəki şirin suyun çox hissəsi buzlaqlardadır).

Sürətlə artan əhalini, getdikcə böyüyən sənayeni və kənd təsərrüfatını nəzərə alsaq, bu məhdud su təchizatını idarə etmək çətin və mürəkkəb məsələdir. Təsəvvür edin ki, 1 insanın yemək və içmək üçün sərf etdiyi gündəlik su norması 5 litr təşkil edir. Lakin insanın yaşaması üçün sərf olunan adambaşına su həcmi 5 tondur. Buraya müxtəlif məhsulların, ərzağın və sairin istehsalı, avtomobillərin, geyimlərin və sair əşyaların yuyulması, həmçinin digər məqsədlərlə sərf olunan su daxildir. İlə vursaq adambaşına 2 min tona yaxın su sərf olunur. Bunu isə 8 milyarda vursaq dəhşətli bir rəqəm alınır- 16 trilyon ton.

Dünyada 4 milyarddan çox insan (bəşəriyyətin yarısı) ildə 1 ay ciddi su qıtlığı yaşayır. Bu gün təxminən 2 milyard insan suyun məhdud olduğu yerlərdə yaşayır. Daha 2 milyard milyard insan yeraltı suların bol olduğu regionlarda yaşayır, lakin suya çatmaq üçün infrastruktura malik deyil. Birləşmiş Millətlər Təşkilatı kəskin proqnoz verir: 2030-ci ilə qədər daha 1 milyard insan mütləq su qıtlığı olan ölkələrdə və ya bölgələrdə yaşayacaq və dünya əhalisinin üçdə ikisi sudan əziyyət çəkəcək.

2050-ci ilə qədər suya olan tələbatın 2 qat artacağı gözlənilir. 2050-ci ilə qədər Yaxın Şərq və Şimali Afrikada şirin su mövcudluğu 50 faiz azalacaq. Quraqlığın tez-tez və şiddətli baş verdiyi. Təmiz və təhlükəsiz suya çıxışı olmayan dünya əhalisinin 37 faizi Afrikada Sahara zonasında yaşayır.

Göründüyü kimi su planetinin ciddi su problem var.

Dünyanın yeraltı su ehtiyatları tükənir

Bu gün qrunt sularının üçdə ikisindən çoxu kənd təsərrüfatının suvarılmasına sərf olunur, qalanı isə şəhərlərin içməli suyu olaraq. Afrika, Avrasiya və Amerikada dünyanın ən böyük yeraltı su ehtiyatları hazırda tükənmək ərəfəsindədir. Onların bir çoxu geri dönməz şəkildə yox olur. Bu gün təxminən iki milyard insan bu təhlükə altında olan ərazidə yaşayır.

Dünyanın bəzi yerlərində qrunt sularının idarə olunmadan vurulması nəticəsində müəyyən ərazilərdə torpağın hər il 7-10 sm çökməsinə səbəb olur. Bu, dəmir yollarının, yolların, infrastrukturun və binaların təməllərini pozur. Məsələn, Çin suyun idarə edilməsi və təchizatı məsələsində dünyanın ən riskli ölkələrindən biridir. 20 milyon insanın yaşadığı paytaxt Pekin, nəhəng Şimali Çin Düzənliyi su hövzəsinə malik olmasına baxmayaraq, dünyada ən çox su sıxıntısı olan 5-ci şəhərdir. Meksikanın paytaxtı Mexiko şəhəri kimi bir çox başqa şəhərlər hər gün batmağa davam edir.

Uzun illər əvvələ qədər dünyada hələ də çoxlu sulu təbəqələr var idi. Sulu təbəqələr quraqlıq və həddindən artıq istilik kimi su təchizatı ehtiyaclarının artdığı dövrlərdə qitələr və ölkələr üçün potensial ehtiyat su rolunu oynayır. Bununla belə, bizim təcili su təchizatı ehtiyaclarımızı ödəyəcək bu təbii çənlərin üçdə ikisi ölkələr və insanlar tərəfindən su ilə bağlı həyata keçirilən gərgin fəaliyyətlər nəticəsində artıq tükənmişdir.

Birləşmiş Millətlər Təşkilatının özü 2030-cu ilə qədər suya çıxışda ciddi qlobal qıtlığın olacağı ilə bağlı proqnozunu açıqlayıb.

Neft ehtiyatları haqqında sudan daha çox şey məlumdur. Sulu təbəqələrdə nə qədər suyun qaldığını hesablamaq çətindir. Kanadanın Viktoriya Universitetinin alimləri 2015-ci ildə belə qənaətə gəliblər ki, Yer kürəsinin üst 2 kilometrliyində olan yeraltı suların 6%-dən az hissəsi orta insan həyatı boyu bərpa oluna bilər. Lakin digər hidroloqlar xəbərdarlıq edirlər ki, ölçmələr yanlış ola bilər. Həqiqətən də vacib olan suyun təbəqələr boyunca necə paylanmasıdır. Yeraltı hövzədə suyun səviyyəsi 15 metr və ya daha az olduqda suyun səthə vurulması iqtisadi cəhətdən praktiki deyil. Həmçinin, çıxarılsa belə, suyun çox hissəsi acı və ya həddən çox mineral ehtiva edər.

Yer üzündə su niyə bu qədər azalmağa başladı?

Bu, hər bir insanın ağlında olan böyük sualdır. Yaşamaq üçün yeganə zəmanətimiz olan suyun səviyyəsinin kritik dərəcədə aşağı düşdüyü bu nöqtəyə necə gəldik? Qısa cavab- sənayeləşmənin və istehsalın sürətli artımı sayəsində.

Bu qlobal problemə səbəb olan bir çox amil var;

-Qlobal istiləşmə və iqlim dəyişikliklərinin təsiri

-Su ehtiyatlarının sənaye, kənd təsərrüfatı, istehsal, biznes, şəxsi və s. hər hansı məqsəd üçün məsuliyyətsiz istifadəsi

-Qrunt sularının vurulmasına qeyri-adekvat nəzarət.

-Müvafiq su sistemlərinə standartlara uyğun olmayan texniki qulluq nəticəsində şəhərlərdə və digər ərazilərdə ciddi su itkiləri.

-Əhalinin sürətli artımı və qida istehsalı üçün lazım olan su təchizatının artması.

Yer üzündə mövcud suyun azalmasına səbəb olan iqlim dəyişikliyi və ümumi insan fəaliyyəti artmağa davam etdikcə, mövcud suyun miqdarının azalması qaçılmazdır. Yerin iqliminə ciddi ziyan vuran əsas faktor sənaye, mədənçilik və nəqliyyatdır.

Su müharibələri baş verəcəkmi?

Su müharibəsi ona görə baş verə bilər ki, suya olan tələbat təklifi çox üstələyəcək. Mənbə ölkələri tnassərhəd çayların suyundan daha çox istifadə edəcək və digərləri ağır vəziyyətə düşəcək. Baxmayaraq ki transsərhəd çayların suyundan ümumi istifadə normaları haqda beynəlxalq konvensiya var. Artıq Şərqi Afrikada şiddətli quraqlıq sərhəd ölkələr arasında arasında ölümcül qarşıdurmalara səbəb olub. Dəclə və Fəratın suyundan istifadə ilə bağlı Türkiyə, Suriya, İraq arasında gərginlik maksimuma çatıb. Türkiyə tərəfindən mənbədə su anbarları tikilərək bu çayların suyunun daha çoxunun istifadə olunması Suriya və İraqın ciddi etirazlarına səbəb olub. Dünyanın başqa yerlərind də artıq belə münaqişələr müşahidə olunur.

Ölkələr həddindən artıq miqdarda su istifadə etdikcə iqtisadiyyata da təsir edir. Su qıtlığı və su müharibələri qlobal iqtisadi artımı sürətlə azaldacaq, bu da ərzaq və digər məhsulların qiymətlərini xeyli artıracaq.

Su böhranından təsirlənən ərazilərdə insanların kifayət qədər su təchizatı olan yeni yerlərə miqrasiya etməsi gözlənilir. Burada problem ondan ibarətdir ki, bir ərazi daha sıxlaşdıqca, oradakı su ehtiyatları sürətlə tükənəcək. Buna görə də, daha az su böhranı yaşayan ölkələr çox güman ki, miqrantların gəlişinin qarşısını alacaqlar.

Bu gün bəzi ölkələr müəyyən su ehtiyatları üzərində öz hüquqlarını bərpa etmək üçün artıq mübarizəyə başlayıblar. Əsas mübarizə transsərhəd çayların və 2 və daha çox ölkəyə aid olan göllərin üzərində gedir. 2050-ci ilədək su müharibəsi ehtimalı 70% olaraq qiymətləndirilir.

Suya sahib olmaq üçün mübarizə aparan ölkələr arasında gərginliyin artması qlobal təhlükəsizliyin təhlükəli həddə çatmasına səbəb ola bilər.

Çıxış yolu nədir?

Yeni və qənaətcil suvarma texnologiyaları su tutumlu məhsulların quraq yerlərdə becərilməsinə imkan verdi. Bura Hindistanda şəkər qamışı və düyü, Çində taxıl və Şimali Amerikanın cənubundakı Böyük Düzənliklərdə qarğıdalı becərilməsi daxildir.

Su qıtlığını həll etmək üçün beynəlxalq təşkilatların heç bir ciddi həll yolu təklifi yoxdur. Bəzi işlər var- suyun təkrar emalı və qorunması üçün texnoloji irəliləyişlər edilir. Bu həllərin qlobal su qıtlığı ilə bağlı müsbət irəliləyiş əldə etmək üçün kifayət edib-etməyəcəyi hələlik bəlli deyil.

Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı bəzi ölkələrdə zavodlar fəaliyyət göstərir, lakin bu suyun əldə olunması çox baha başa gəlir və əhali üçün ciddi xərclərə səbəb ola bilər.

İndiyədək yüzlərlə ölkədən nümayəndələr qlobal iqlim dəyişikliyi riskləri ilə mübarizə üçün mümkün tədbirlərin müzakirə edildiyi iqlim sammitlərində iştirak ediblər. Lakin hələlik bu sahədə ciddi beynəlxalq razılaşma əldə olunmayıb.

Su böhranı beynəlxalq təşkilatlar və siyasi diplomatlar tərəfindən təcili müzakirə edilməli və birgə qərar verilməli olan məsələdir. Bu böhran davam edərsə, çox güman ki, dünyada qlobal qarşıdurmalar baş verəcək. Problemi yalnız qabaqcıl, strateji həllər ilə yavaşlatmaq və ya dayandırmaq olar. Su ehtiyatları bol olan ölkələr öz sularını başqa ölkələrlə bölüşməlidirlər. Ən əsası həm sənaye və təsərrüfatda, həm də əhali istehlakında su israfının qarşısı alınmalıdır. Eyni zamanda qənaətcil texnologiyalara keçilməlidir.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər