Elçin Bayramlı
Dünən Feysbukun yaranması günü idi. 2004-cü ildə istifadəyə verilmişdi. 2006 ya 2007-ci il idi, mən də "Sonanın uşaqları"na qoşulub bura üzv oldum. İlk illərdə Azərbaycandan istifadəçi çox az idi, çünki çox az adamda komputer var idi, olanların da çoxu internetə bağlı deyildi. Əsasən jurnalistlər və bir sıra digər sahələrdən intellektual şəxslər bu platformaya üzv olmuşdu. Bu kontingent əvvəllər müxtəlif forumlarda müzakirələr aparırdılar. Feysbuk isə forum sisteminin daha da təkmilləşdirilmiş və xeyli yeni funksiyalar əlavə edilmiş versiyası idi. Ona görə də, internet forumlara, çatlara maraq azaldı, ordakılar bu şəbəkəyə üzv olmağa başladılar. Feysbukdan əvvəl mövcud olan Odnoklasniki xeyli üzv toplamışdı. Lakin oradakı fəaliyyət ancaq sinif yoldaşlarını və digər yeni dostlar tapmaqdan, məişət mövularında temalar açmaqdan ibarət olurdu. Feysbuk yarandıqda orada olan intellektual adamlar da buraya transfer olmağa başladılar.
İlk illərdə dostluq siyahısının çoxu Rusiyadan və Türkiyədən, həmçinin bəzi Avropa ölkələrindən azərbaycanlılar idi. 2-3 il sonra bizimkilər də bu şəbəkəyə kütləvi şəkildə üzv olmağa başladılar. O illərdə Feysbuk daha maraqlı idi. İnsanlar hələ tam korlanmamışdı, eqoizm zad yox idi. Bir məsələni ya xəbəri biri yazıbsa, daha heç kim təzədən onu yazmırdı, elə o postun altında şərhlərdə müzakirə və mübahisə aparılırdı. Bir posta minlərlə rəy gəlirdi. Yəni kütləvi ictimai müzakirələr gedirdi. Sonra Günəşdə aktivlik artdı, yoxsa GMO qidalardan çox yedilər, bilmirəm, adamlar eqoistləşdilər, başqalarına şərh yazmağı “zapodlo” bildilər, hər kəs eyni fikri və ya eyni xəbəri öz statusunda yazmağa başladılar, beləliklə eyni şeylər müxtəlif profil və səhifələrdə milyon dəfə yazılır, hərəsində də bir neçə bəyənmə və ya şərh olur. Yəni, artıq hamı özü yazır, özü oxuyur.
Üstəlik, Feysbuk da şərtləri dəyişdi, indi link paylaşmalarını heç kimə göstərmir, deyir mənə pul ödəməlisən. Dost siyahında 5 min nəfər var, amma statuslarını 50 nəfərə göstərmir. Buna baxmayaraq, yenə də Feysbuk cəmiyyətin intellektual hissəsinin yeganə virtual platformasıdır. Sonradan başqa şəbəkələr (Vkontakte, İnstagram, Tvitter və s) yaransa da, Feysbuk auditoriyası buranı heç vaxt tərk etmədi.
Digər şəbəkələr kütlənin cəmləşdiyi yerlərdir ki, hamısında biabırçılıqdır. Aşağı səviyyəli adamlar burada özlərini reallaşdıra bilmədilər, çünki burada əsasən siyasi, iqtisadi, sosial, elmi materiallar paylaşılır və müzakirələr aparılır. Bura öz bədənini reklam etmək, qız-qadın tutmaq və sair bu kimi əxlaqsız əməllər üçün effektli deyil. Lakin getdikcə siyasi ideologiyaların təbliğatçılarının döyüş meydanına və dezinformasiya məkanına çevrildi. Hansı ölkədə nə varsa hamısı burada ortaya qoyuldu. Vəziyyət o həddə gəldi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) öz yaratdığı sistemin- Feysbukun populyarlıq qazanmasından sonra dünyadakı agent informator şəbəkəsini 20 min nəfər ixtisar etdi.
Feysbuk son dərəcə universal imkanlara malik şəbəkədir. Digər şəbəkələr belə deyil (Vkontakte istisna olmaqla) onların bəziləri ancaq video platformadır (Youtube, Rutube, TikTok), bəzilərində link paylaşmaq olmur (İnstagram), bəziləri yalnız 1 cümlə yazmaq olur (Tvitter) bəziləri sadəcə messencer funksiyası daşıyır (Telegram, Vatsap) və s. Yalnız vKontakte Feyskub kimi universal imkanlara sahibdir, lakin orada da Azərbaycandan istifadəçi çox deyil, daha çox MDB məkanında yaşayan azərbaycanlılar var.
Feysbukda profil və səhifələrdən başqa çoxsaylı üzvləri olan qruplar da var ki, bir materialı 100 minlərlə istifadəçiyə çatdırmaq mümkündür. Funksiyaları daha zəngin və daha çoxşaxəlidir. Sadəcə qeyri-demokratik senzura yüksəkdir. Feysbuk haqsız yerə tez-tez məhdudiyyətlər tətbiq edir. Məsələn, qlobal qüvvələrin dünyada törətdikləri faciələr haqda faktlar paylaşanda və ya Ermənistanın etdiyi cinayətlər haqda materiallar qoyanda məhdudiyyətlər tətbiq edir. Həmin materialları ya silir, ya heç kimə göstərmir, ya da profilə və ya səhifəyə müəyyən müddətlik blok qoyur. Hətta ədəbi dildə, rəsmi sənədlərdə işlənən bəzi sözlərin istifadəsinə də məhdudiyyət qoyur. Mənim bütün profil və səhifələrim 10 ilə yaxındır ki daimi məhdudiyyət altındadır. Çünki qlobalistlərin mənafelərinə zidd materiallar paylaşıram və qara siyahıdayam.
Qeyd etməliyəm ki bu şəbəkədə də neqativ, saxta, fırıldaqçı və mənəviyyata zidd materiallar paylaşılır. Lakin digər şəbəkələrdəki qədər uğur qazana bilmirlər. Çünki burada savadlı adamlarıdr və onları aldatmaq, düşük materiallara baxdırmaq çətindir. Bununla belə bu tip materialları buradan rədd eləmək üçün imkanlar var. Əgər sağlam təfəkkürlü insanlar belə profil və səhifələri şikayət etsələr, o tip materialları blok etsələr onlar tamamilə ortalıqdan yığışar. Təəssüf ki, heç də hamı bunu etmir.
Hər bir halda, şəxsən mənim üçün bura daha uyğundur. Baxmayaraq ki, son vaxtlar burada izlənmə sayı da yüksək deyil. Rəhbəri olduğum TvPress.Az saytının digər şəbəkələrdəki kanal və ya səhifələrində eyni paylaşımlar yüz minlərlə, milyonlarla izlənir, amma burada az olur. Lakin mən bilirəm ki, buradakı 100 nəfər oxucu və ya tamaşaçı digər şəbəkələrdəki 100 mindən daha üstündür. Ən əsası, Feysbuk sayəsində xeyli yeni dostlar qazandım, xalqımızın dəyərli insanlarını kəşf etdim, müxtəlif ölkələrdən xeyli qiymətli dostlar qazandım. Bir sözlə bu məkan intellektual auditoriyanın məkanıdır. Bura bizim virtual dünyamızdır. Bu dünyada qazandığım bütün dostlara təşəkkürlər.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb