Mürəkkəb qlobal və geosiyasi təlatümlərdən ölkəmizi qoruyan sistemlər necə işləyir?
Son dövlərdə dünyada baş verən hadisələr və gedən proseslər əksər ölkələr üçün müxtəlif problemlər yaradır. Bəzilərinə siyasi, bəzilərinə iqtisadi, bəzilərinə sosial, bəzilərinə isə hərbi cəhətdən ciddi təhlükələr yaranır. Bəzi qlobal qüvvələr tərəfindən aparılan bu siyasət iqtisadi cəhətdən zəif, həmçinin təhlükəsizlik cəhətdən vəziyyəti güclü olmayan ölkələri xüsusilə təhdid edir.
Müxtəlif ölkələrdə baş verən qarışıqlıqlar, terror hadisələri, vətəndaş müharibələri, iqtisadi tənəzzül kimi faktorlar buna əyani sübutdur. Elə son dövrlərdə Azərbaycanın qonşuluğunda yerləşən ölkələrdə (Gürcüstan, Ukrayna, Suriya, İran və s.) baş verənlər göstərir ki, dövlətlərin xarici və daxili təhdidlərə qarşı müqavimət gücü zəif olanda ciddi problemlər baş verir.
Azərbaycan bu cəhətdən ən təhlükəsiz ölkələrdən sayılır, baxmayaraq ki, ölkəmiz çox çətin və gərgin bir regionda yerləşir. Lakin mahir siyasətçi, güclü strateq kimi dünyada öz sözünü demiş və dünya liderlərindən biri kimi beynəlxalq aləmdə nüfuz qazanmış Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətimizin apardığı daxili və xarici siyasət belə bir çətin regionda və mürəkkəb vəziyyətdə dövlətçiliyin qorunması və milli təhlükəsizliyin təmin olunmasına imkan verib.
Milli və dövlət təhlükəsizliyinin təmin olunması üçün əsas faktorlar iqtisadi güc, daxili sabitlik, milli həmrəylik, güclü ordu, təhlükəsizlik və hüquq mühafizə orqanlarıdır. Bütün bu sahələrdə Azərbaycanda çox ciddi bir üstünlük var.
Təhlükəsizlik orqanları dövlətin və xalqın qarantı kimi
Dünyanın əksər ölkələrində tez-tez baş verən terror aktlarına, silahlı qarşıdurmalara, kütləvi iğtişaşlara, ciddi kriminal hadisələrə Azərbaycanda demək olar ki rast gəlinmir. Bu o demək deyil ki, bizdə belə cəhdlər olmur. Əlbəttə olur. Hər bir ölkənin düşmənləri var, orada problem yaratmaq istəyən qüvvələr var. Və onlar həmin ölkəyə təzyiq etmək, nəyisə əldə etmək üçün müxtəlif hadisələr törətməyə çalışırlar. Lakin təhlükəsizlik orqanlarımız bu planların qarşısını vaxtında alır və təhülkəsizliyi təmin edirlər. Təsadüfi deyil ki, ölkəmizə gələn turistlərin hamısı deyir ki, Azərbaycan dünyada ən təhlükəsiz ölkələrdən biridir. Bu isə Dövlət Təhlükəsizliyi Xidmətinın peşəkar və məsuliyyətli fəaliyyətinin konkret nəticəsidir.
Xarici təhdidlərə qarşı ölkə sərhədlərinin də yaxşı qorunması vacibdir və bu sahədə də tam arxayınlıq var. Sərhəd qoşunları ölkəmizin sərhədlərini etibarlı şəkildə qoruyur və ölkəmizə problem yaratmaq istəyənlərə imkan vermir.
Daxili təhlükəsizliyin qorunmasında Daxili İşlər Nazirliyinin özünəməxsus payı var. Ölkədə ictimai asayişin, sabitliyin təmin olunması üçün polis orqanları fədakarlıqla iş aparır. Cinayət cəhdlərinin bir çoxunun vaxtında qarşısı alınır, bir çoxu isə baş verən kimi operativ müdaxilə edilir və ictimai təhlükəsizlik təmin olunur. Polis orqanlarından vətəndaşların razılığı da bunu aydın göstərir ki, əhali və polis arasında bağlar getdikcə güclənir. Son illərdə DİN-in həm də geniş maarifçlik kampaniyası aparması cəmiyyətdə çox müsbət qarşılaşır.
Hüquq-mühafizə sistemi bununla da məhdudlaşmır. Hakimiyyətin 3 əsas qolundan biri olan məhkəmə sistemi hüquqi dövlətin yaradılması üçün ən vacib faktorlardan biridir. Əvvəllər məhkəmələrin qərarlarından narazı olanlara çox rast gəlinirdi. Son dövlərdə isə hər yerdə məhkəmələrin, hakimlərin ədalətli və mümkün qədər humanist qərarlar çıxarması hamı tərəfindən etiraf olunur- hətta məhkəməni uduzanlar tərəfindən belə. Vətəndaşların hüquqlarının qorunması vətəndaşlarla dövlət arasında münasibətləri daha da gücləndirir.

Güclü ordu güclü dövlətin qarantıdır
Azərbaycanın üstünlüklərindən biri də güclü orduya malik olmasıdır. 30 ildən artıq bir müddətdə Ermənistan işğalı altında qalan ərazilərimizin qısa müddətdə azad olunması ordumuzun gücünü bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa komandanlığı ilə Azərbaycan Ordusu bütün işğal olunmuş əraziləri ay yarım ərzində azad edərək tarix yazdı. Təsadüfi deyil ki, beynəlxalq reytinqlərdə Azərbaycan Ordusu dünyanın və regionumuzun ən güclü orduları sırasındadır. Azərbaycan xalqı və dövləti özünün təhlükəsizliyini təmin edə biləcək gücdə olan orduya malik olması ilə fəxr edir.
Bu ordunun azad etdiyi torpaqlarımızda indi həyat qaynayır. Dağdılmış şəhərlər və kəndlər yenidən tikilir, yollar çəkilir, bölgə sürətlə abadlaşır. İnsanlarımız tarixi yurdlarına qayıdır.
Prezident İlham Əliyev əbəs yerə demirdi ki, güclü iqtisadiyyat və güclü ordu ölkənin ən böyük dayaqlarındandır. İlk növbədə ölkə iqtisadiyyatını inkişaf etdirən dövlət başçısı bu imkanlardan istifadə edib güclü bir ordu yaratdı və artıq Azərbaycan qüdrətli orduya və güclü təhlükəsizlik sisteminə malikdir.
Əhalimizin vətənpərvər ruhda olması, gənclərimizin dövlətçilik ruhunda və milli-mənəvi dəyərlərimiz əsasında formalaşması dövlətin əsas vəzifəsidir və bu iqtiqamətdə də ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Bunu müharibə dövründə səfərbərlik xidmətinə axışan yüz minlərlə gəncimizi seyr edərkən daha aydın gördük.
İqtisadiyyat milli və dövlət təhlükəsizliyinin əsaslarından biri kimi
Ölkəmiz iqtisadi və maliyyə cəhətdən güclü mövqeyə malikdir. İqtisadi müstəqilliyin təmin olunması və ciddi maliyyə ehtiyatlarının varlığı ölkənin iqtisadi təzyiqlər qarşısında müdafiə qabiliyyətini möhkəmləndirir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin strateji maliyyə ehtiyatları 85 milyard dollar təşkil edir- bu da maliyyə və iqtisadi təhlükəsizliyi təmin edən əsas faktorlardan biridir. Həmçinin, son dövlərdə enerji sektorunda, qlobal nəqliyyat dəhlizlərinin qovşağına çevrilmə sahəsində, həmçinin qeyri-neft sektorunda əldə olunan uğurlar ölkəmizin iqtisadi cəhətdən inkişafına və güclənməsinə imkan verib. Əgər əvvəllər ÜDM-in, dövlət büdcəsinin 70-75 faizini neft sektoru təşkil edirdisə, son illərdə bu nisbət tam tərsinə dəyişib. İndi həm ÜDM-də həm də dövlət büdcəsində əsas gəlirlər qeyi neft sektorundan əldə olunur.
Son dövlərdə bir neçə dəfə baş vermiş qlobal iqtisadi və maliyyə böhranlarından ölkəmiz ciddi zərər çəkmədi. Əksinə, həmin dövrlərdə iqtisadi gücünü daha da artırdı, inkişaf tempini qorudu. İqtisadi təhlükəsizliyin təmin olunması ölkəmizə böyük xarici investisiyaların cəlb olunmasına səbəb olub. Bu, vaxtında düzgün aparılmış iqtsadi islahatların nəticələri idi.
.jpg)
Buna paralel olaraq ölkədə sosial sahədə də irəliləyişlər əldə olunub. Dövlət büdcəsinin 40 faizdən çoxu sosial sahəyə ayrılır. Yoxsulluq və işsizlik minimum səviyyələrə endirilib. Milyonlarla insana sosial müavinətlər verilir, aztəminatlı ailəyə müxtəlif güzəştlər tətbiq olunur. Yüz minlərlə vətəndaşa (əsasən qaçqın və köçkünlər olmaqla) mənzillər, müharibə veteranlarına avtomobillər dövlət tərəfindən pulsuz verilir.
Azərbaycan sosial dövlət prinsipini əsas götürüb və bu istiqamətdə siyasət yeridir. Getdikcə artan iqtisadi imkanlar sosial sahədə də öz sözünü deyir və sosial rifahın artması üçün əsas bazadır.
Milli və dövlət təhlükəsizliyinin ideoloji bazası
Dünyanın bugünkü mənzərəsi çox gərgindir və belə mürəkkəb bir dövrdə ölkələrin təhlükəsizliyi həmin ölkələri idarə edən rəhbərlərin və siyasi hakimiyyətin məharətindən çox asılıdır. Dünyanın mənzərəsinə baxdıqda aydın görürük ki, bir çox ölkələr üçün necə təhlükələr yaranır. Lakin biz bunlardan sığortalanmışıq. Azərbaycanın taleyi etibarlı əllərdədir. Ümumilli lider Heydər Əlyev tərəfindən Azərbaycançılıq ideologiyası bazasında qurulmuş möhkəm dövlət sistemi onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin və xalqımızın təhlükəsizliyini və inkişafını təmin edir.
Müxtəlif etnik qrupların və dini konfessiyaların mehriban yaşadığı Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır. Etnik mənşəyindən, dini mənsubiyyətindən asılı olmayaraq hər kəs özünü Azərbaycanlı sayır və Azərbaycan dövlətinin qorunması üçün çalışır.
Ölkəmizdə təmin olunmuş azadlıqlar bütün vətəndaşların dövlət tərəfindən qorunmasını təmin edir. Hüquqi dövlət, güclü ölkə, sağlam cəmiyyət əsas məqsədlərdir. Bu məqsədlərin təmin olunması üçün hər kəs əlindən gələni etməlidir. Bu halda bizi üfüqdə böyük və parlaq gələcək gözləyir. Və bu gələcəyi də inşallah hamımız görəcəyik. Ümummilli lider Heydər Əiyevin sözləri ilə desək- "Azərbaycan dünyaya Günəş kimi doğacaq!".
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti çərçivəsində hazırlanıb