PDF Oxu

MİA

  • 1 077

Müasir təhsil sistemi uşaqlara nə qazandıracaq?

image

Ölkəsindən, milliyətindən, təhsil sistemindən asılı olaraq bütün valideynlər bir suala cavab axtarırlar: sürətlə dəyişən texnoloji imkanlar, yeniliklər fonunda övladımızın seçdiyi peşə ona faydalı olacaqmı? Hələ mövcud olmayan peşələrin yaranma ehtimalı, sürətlə dəyişən texnologiyaların formalaşdıracağı gələcəkdə uşağımızın potensialı davamlı ola biləcəkmi?

Bu gün valideynlər üçün hətta orta məktəb seçmək 10-15 il əvvəlki dövrə nisbətən daha vacib bir qərara çevrilib. Hamı övladının daha yaxşı məktəbdə, daha yaxşı təhsil almasını arzulayır. Sürətlə dəyişən dünyada problem sadəcə yaxşı qiymətlər almaqdan və ya ali məktəbə davam etməkdən ibarət olmayacaq, transformasiya qaçılmazdır. Mütəxəssislərin fikrincə, bu gün ibtidai məktəbə başlayan uşaqların böyük bir hissəsi gələcəkdə, hazırda mövcud olmayan, zamanla peyda olacaq işlərdə çalışacaq. Buna görə də, valideynlərin təhsildən gözlədikləri də çoxdur. Ailələr indi uşaqlarını problemləri özü həll edə bilən, özünü ifadə edə bilən, xarici dillərdən istifadə edə bilən, texnoloji cəhətdən bacarıqlı və özünəinamlı fərd kimi görmək istəyirlər. Bütün bunların isə məktəb və təhsil vasitəsilə ilə mümkün olacağını düşünürlər.

Xüsusilə də iş qrafiki ağır olan valideynlər üçün uşaqlarının günün əhəmiyyətli bir hissəsini keçirdiyi məktəbin yalnız bir təhsil müəssisəsi deyil, həm də inkişaf üçün təhlükəsiz bir mühit olması prioritetdir. Bəzi ölkələrdə məktəblərdəki insident, mühavizənin zəif olması məsələsi də bu baxışda rol oynayır. Buna görə də güclü mühavizə sistemləri, peşəkar rəhbərlik və porsonal, xarici dil təhsili, texnologiya tətbiqləri, incəsənət və idman fəaliyyətləri müasir təhsilin əvəzolunmaz elementləridir.

Hazırda beynəlxalq yeni nəsil təhsil yanaşması uşaqlara vahid bir perspektiv verməyi hədəfləyir. Uşaq bağçasında maraqlı, hər şeyə həvəsli və araşdırmaqdan zövq alan uşaqlar yetişdirmək, ibtidai məktəbdə güclü akademik təməllər qurmaq, şagirdlərə orta məktəbdə maraq və istedadlarını kəşf etmək üçün imkanlar yaratmaq, daha sonra liseydə, kollecdə universitet və karyera məqsədlərinə hazırlamaq gələcəyə yönəlmiş təhsil yanaşmasının əsasını təşkil edir.

Təhsilin keyfiyyəti cəmiyyətin inkişafını müəyyən edən ən mühüm amillərdən biridir. Söhbət təkcə diplom almaqdan deyil, insanın bilik, bacarıq, düşüncə tərzi və həyat keyfiyyətinin formalaşmasından gedir. Təhsilin keyfiyyəti ona görə vacibdir ki, möhkəm bilik bazası yaradır. Keyfiyyətli təhsil şagirdə və tələbəyə mövzuları əzbərləməyi deyil, onları anlamağı və tətbiq etməyi öyrədir. Təhsil tənqidi və analitik düşüncəni inkişaf etdirir. İnsan məlumatlandıqca, inormasiya bazası artdıqca məlumatı qiymətləndirməyi, doğru ilə yanlışı ayırmağı və əsaslandırılmış qərarlar verməyi bacarır.

Təsil həm də peşəkar kadrlar yetişdirir, həkim, müəllim, mühəndis, hüquqşünas və digər mütəxəssislərin hazırlıq səviyyəsi birbaşa təhsilin keyfiyyətindən asılıdır. Təhsil iqtisadi inkişafı sürətləndirir, yaxşı təhsil almış işçi qüvvəsi məhsuldarlığı artırır, innovasiyaları təşviq edir və ölkənin rəqabət qabiliyyətini yüksəldir, sosial rifahı gücləndirir. Keyfiyyətli təhsil iş imkanlarını artırır, yoxsulluğun azalmasına və sosial bərabərliyin möhkəmlənməsinə töhfə verir.

Təhsilli cəmiyyətdə həm də vətəndaş məsuliyyəti yaxşı formalaşır. İnsanların qanunlara hörmət etməsi, cəmiyyət həyatında fəal iştirakı və etik davranışı daha çox keyfiyyətli təhsillə əlaqəli məsələdir. Texnologiyaya həm də yeni sistemlərə uyğunlaşmanı asanlaşdırır. Müasir dövrdə sürətlə dəyişən texnologiyalar və əmək bazarına uyğunlaşmaq üçün keyfiyyətli təhsil vacibdir. Təhsilin keyfiyyətini müəyyən edən əsas amillər var ki, onlar da peşəkar və motivasiyalı müəllimlər, müasir və praktik yönümlü tədris proqramları, ədalətli qiymətləndirmə sistemi, təhlükəsiz və əlverişli təhsil mühiti, rəqəmsal resurslar və müasir texnologiyaların tətbiqi, valideyn, məktəb və cəmiyyət arasında əməkdaşlıqdır.

Nəticə etibarilə, bütün valideynlər övladının daha yaxşı bir gələcək qurmasının yolunun yaxşı bir təhsil sistemindən keçdiyini anladığı üçün bütün gücünü onun təhsili üçün səfərbər edir. Təhsilin keyfiyyəti yalnız fərdin gələcəyinə deyil, bütövlükdə ölkənin elmi, iqtisadi, sosial və mədəni inkişafına təsir göstərir. Keyfiyyətli təhsil alan insan daha hazırlıqlı, yaradıcı, məsuliyyətli və dəyişən dünyaya uyğunlaşa bilən vətəndaş kimi formalaşır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər