Sabit və davamlı iqtisadi strategiya
"Son illərdə Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edib və bu, çox sevindirici haldır. Xüsusilə, ona görə ki, bu il dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhranın mənfi təsiri olub və dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə inkişaf edir" bunu Azərbaycan Prezidenti İlham Əliyev deyir.
Ölkə Prezidentinin bu sözlərini cari ilin nəticələrini əks etdirən statistik rəqəmlər də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkədə ümumi daxili məhsul istehsalı 6,3 faiz artıb. Bunun çox böyük nailiyyət və böyük uğur olduğunu deyən Prezident vurğulayır ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa sektorundan asılı deyil və son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələnməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirir.
Artıq hər bir müstəqil dövlətin, o cümlədən, Azərbaycan Respublikasının dünya iqtisadiyyatında cərəyan edən sosial-iqtisadi proseslərdə iştirakı labüd və qaçılmazdır. Bu zaman qarşıda duran başlıca vəzifə milli və iqtisadi təhlükəsizlik baxımından zərərli ola biləcək proseslərin qarşısını almaq, eləcə də, beynəlxalq təcrübənin vəd etdiyi nailiyyətlərə yiyələnməkdir. Milli iqtisadiyyatın inkişafını xarakterizə edən mühüm göstəricilərdən olan sənaye istehsalının artımı 3,1 faiz, qeyri-neft sektorunun artımı isə 5,2 faiz təşkil edib. Bu müddət ərzində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faizdən çox olub. Bu da əhalinin pul gəlirlərinin artım sürətinin mövcud inflyasiya səviyyəsini iki dəfə üstələməsi deməkdir. Hesabat dövründə əhalinin maliyyə imkanlarının vacib göstəricisi sayılan pullu xidmətlərin həcmi artaraq, ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artıbdır. 2010-cu ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur. Əlbəttə, özəl sektorun aparıcı mövqedə olduğunu, eləcə də, büdcənin başlıca gəlir mənbəyinin vergilər təşkil etdiyini nəzərə alsaq, büdcə daxilolmalarında da əsas yerin Vergilər Nazirliyinə məxsus olduğu aydınlaşar. Ötən müddətdə Vergilər Nazirliyi mədaxil proqnozunu 100,6 faiz icra etməklə dövlət büdcəsinə 3 milyard 128 milyon manat vəsait yönəltmişdir ki, bunun da 56,4 faizi və ya 1 milyard 768 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Əvvəlki dövrlərdə olduğu kimi, cari ildə də ölkədə sosial məsələlərin həllinə, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına çox böyük diqqət göstərilib ki, bu məsələlər də prioritetlik kəsb edir. Belə ki, bu il ərzində icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Bu isə, o deməkdir ki, cari ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Minimum əmək haqqı, pensiyaların baza hissəsi, əmək haqlarının artırılması və ümumilikdə, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli sayda sosial təşəbbüslərin irəli sürülməsi, yeni məktəblərin, xəstəxanaların tikilərək istifadəyə verilməsi də məhz bunun nəticəsidir.
Əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların, ilk növbədə, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli addımlar atılmışdır. Belə ki, ölkə başçısının imzaladığı ardıcıl sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz, 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır.
Cari ilin yaz-yay aylarında ölkəmizin bir sıra rayonlarında Kür-Araz çaylarının törətdiyi irimiqyaslı təbii fəlakətin fəsadlarının aradan qaldırılması da dövlətin diqqət mərkəzində olmuşdur. Belə ki, hesabat dövründə fəsadların aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq sərəncam və fərmanlara uyğun olaraq, fəlakətdən zərər çəkmiş əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə, uçub-dağılmış evlərin tikintisinə və yeni yaşayış massivlərinin salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturun bərpası və yenidən qurulması işlərinə başlanılmış, eləcə də, bu məqsədlə dövlət büdcəsindən ayrılmış 320,5 milyon manat vəsaitdən 98 milyon manatı artıq təyinatı üzrə istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə təbiətdə baş verən iqlim dəyişiklikləri və müxtəlif fəlakətlərlə əlaqədar olaraq regionun bir çox ölkələrində kənd təsərrüfatına və ərzaq istehsalına əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Müvafiq olaraq, bəzi ölkələr taxıl və digər əmtəələrin ixracının həyata keçirilməsinə embarqolar tətbiq etmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində taxılın və bir çox ərzaq məhsullarının qiymətlərində artım baş vermişdir. Bütün bunları əvvəlcədən qiymətləndirən Azərbaycan hökuməti 2010-2011-ci illər üçün tədarük olunan taxıl məhsullarının həcminin əlavə olaraq 250 min ton artırılmasına dair dövlət büdcəsinin Ehtiyat Fondundan 50 milyon manat vəsait ayırmışdır. Bu da, öz növbəsində, ölkənin daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit qalması üçün zəmin yaratmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu ildə 102 milyon manat, o cümlədən, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilmişdir. Cari ilin doqquz ayında kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən, dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq, 5,9 milyon manat vəsait ayrılıbdır.
Əvvəlki illərdə olduğu kimi, cari ildə də sahibkarlığın müxtəlif formalarının, ümumilikdə, özəl sektorun inkişafı prioritet məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Bütövlükdə, fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilmişdir. Aqrar sektorun inkişafında vacib rol oynayan "Aqrolizinq" Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 38,4 milyon manat, o cümlədən, Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.
Ümumiyyətlə, Azərbaycanda son illər ərzində infrastruktur sahələrin inkişafına çox böyük vəsaitlər qoyulubdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuş, elektrik stansiyaları tikilmiş, qaz xətləri çəkilmiş, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülmüşdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı və s. sahələrin inkişafı isə göz qabağındadır. Sevindirici haldır ki, ümumilikdə, ölkənin hərtərəfli inkişafı, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, nəhəng transmilli layihələrlə paralel həyata keçirilir ki, bu da qarşıya qoyulmuş məqsədlərin tamamlanmasında öz bəhrəsini verir.
Məhz həyata keçirilən layihələrin nəticəsidir ki, regionların sürətli inkişafı davam etməkdədir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı haqqında məlum Dövlət Proqramı uğurla icra edilmiş, həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr regional inkişafı daha da sürətləndirmişdir. Bütün bunlar isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli istiqamətlərdə davamlı inkişaf etməkdədir. Əldə edilmiş dinamikanın nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində hal-hazırda ayrı-ayrı regionlarda 211 müəssisənin, o cümlədən, 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
İstər son illər, istərsə də cari ildə əldə edilmiş iqtisadi uğurların əsas səbəbi ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bəhrəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan, nəinki regionda, hətta dünyada söz sahibi olan, özünəməxsus mövqeyə malik islahatçı bir ölkə kimi qəbul edilir. Təbii ki, güclü iqtisadi dayağı olmayan siyasət lazımi səmərə verə bilməz. Bunu çox düzgün qiymətləndirən Azərbaycan hökuməti iqtisadi və siyasi sahədə atdığı addımları uzlaşdırmış və nəticədə də məqsədə nail olmuşdur.