PDF Oxu

MİA

  • 1 862

İqtisadi inkişaf sosial müdafiəni gücləndirir

İqtisadi inkişaf sosial müdafiəni gücləndirir
Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı özünü bütün sahələr üzrə daha geniş miqyasda göstərir. Respublikamızın regionlarında aparılan tikinti-quruculuq, abadlıq, parklarda, istirahət mərkəzlərindəki yenidənqurma işləri ölkə iqtisadiyyatının qüdrətlənməsindən xəbər verir.
Bütün bunların əsas mənbəyi büdcənin artımı ilə bağlıdır. Xatırladaq ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi ölkəmizdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Etiraf edək ki, fəaliyyətində sosial məsuliyyət prinsipini, məqsədyönlülüyü rəhbər tutan Azərbaycan hökuməti, bir qayda olaraq, dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Çünki büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri olan sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas maliyyə mənbəyi rolunu oynayır. Bu maliyyə sənədində həmçinin, dövlətin perspektiv inkişafına hesablanan mühüm dövlət proqramlarının, fərman və sərəncamların realizəsi üçün zəruri maliyyə vəsaitləri əksini tapır.
Ölkə Prezidenti İlham Əliyevin 22 oktyabr 2010-cu il tarixdə imzaladığı "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanunda yuxarıda sözügedən məsələlər öz aydın ifadəsini tapmışdır. Qeyd edək ki, növbəti il üçün dövlət büdcəsi layihəsi ölkəmizin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin və ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi, həmçinin, dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilmişdir.
Yeri gəlmişkən, xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılıb. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faiz və yaxud 4 milyard 234 milyon manat olmaqla cari ilə nisbətən 8,8 faiz artım (342 milyon manat) müəyyən edilibdir. Gələn ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 518 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 7,5 faiz (246,7 milyon manat) çoxdur.
Onu da vurğulamaq lazımdır ki, 2011-ci ilin dövlət büdcəsi son illərdə tərtib olunan dövlət büdcələrinin məntiqi davamıdır və respublikamızın iqtisadi inkişafına adekvatdır. Eyni zamanda, gələn ilin dövlət büdcəsi layihəsində sosialyönümlülük və investisiya tutumluluqla yanaşı, prioritetlilik həm də hərbi xərclərə yönəldilib. Dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondunun fəaliyyəti mühüm önəm daşıyır. Xatırladaq ki, yarandığı gündən indiyədək DNF-yə 40 milyard dollar vəsait daxil olub. Bunun 20 milyard dolları istifadə edilib. İstifadə edilən vəsaitin bir qismi dövlət büdcəsinə köçürülüb, bir qismi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə və digər bu kimi layihələrdə Azərbaycan dövlətinin payının, bir qismi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihə və proqramların maliyyələşməsinə yönəldilib.
DNF-nin qarşısında dayanan əsas vəzifələrdən biri dünya bazarlarında neftin qiymətinin dəyişməsinin Azərbaycanın dövlət büdcəsinə təsirinin qarşısını almaqdır. Ona görə də, dünya bazarlarında neftin qiymətindən və valyuta məzənnəsindən asılı olmayaraq, DNF-dən dövlət büdcəsinə 2011-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulduğu qədər, yəni 6 milyard 480 milyon manat köçürüləcək.
Digər bir məsələyə tə toxunmaq ən vacib amillərdəndir. Belə ki, son 7 ildə 950 mindən artıq yeni iş yerlərinin açılması xüsusi qeyd olunmalıdır. Çünki insanları ən çox narahat edən məsələlərdən biri işsizlik problemi idi. Ölkəmizdə beynəlxalq standartlar səviyyəsində fəaliyyətə başlayan istehsal və sənaye müəssisələri hesabına çoxlu sayda yeni iş yerləri açıldı. Bir vaxtlar iş axtarmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə üz tutan gənclərimizin hamısı geri qayıtdı. İndi elə bir vəziyyət yaranıb ki, xarici ölkələrdən Azərbaycana işləməyə gəlirlər.
İmkansız əhalinin və pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət başçımızın qəbul etdiyi qərarlar yüksək qiymətə layiqdir. Pensiyaların hər il, bəzən də ildə iki dəfə artırılması artıq ənənə halını alıb. Son 7 ildə minimum əmək haqqı dəfələrlə artırılıb. Dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda minimum əmək haqqı və pensiyalar artırılır. Deməli, böhran Azərbaycanın iqtisadiyyatını sarsıda bilmədi.
Ölkə Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə verdiyi vədlərin hamısını, demək olar ki, yerinə yetirib. Ötən il maliyyə və iqtisadi böhran dünyanı lərzəyə gətirəndə möhtərəm Prezidentimiz əhali ilə görüşlərinin birində dedi ki, yaxın günlərdə minimum əmək haqqı və pensiyalar artırılacaq. Bəlkə buna şübhə edənlər də oldu. Axı bütün dünya böhranın acı fəsadlarını yaşamaqda idi. Belə bir şəraitdə Azərbaycanda pensiya və minimum əmək haqqının artırılması bir qədər inandırıcı görünmürdü. Ölkə Prezidentinin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yarımillik yekunlarına həsr olunmuş yığıncağında dövlətimizin başçısı qəti olaraq bildirdi ki, bu il minimum əmək haqqı və pensiyalar artırılacaq. Xalq neçə illərdir ki, dövlət başçısının verdiyi vədlərin yerinə yetirilməsinin şahididir. Bu vədin də yerinə yetiriləcəyinə böyük ümid bəsləyirdi. Bu ümid itmədi. Möhtərəm Prezidentimiz bu il avqustun 31-də imzaladığı Sərəncamla əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində verdiyi vədə bir daha sadiqliyini nümayiş etdirdi. Həmin Sərəncamla 2010-cu il sentyabrın 1-dən pensiyaların baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Minimum əmək haqqı da 85 manat müəyyənləşdirildi. Bu da 10 manat artım demək idi. Göründüyü kimi, dünyanın çətin və ağır bir vaxtında Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması bir an da olsun dövlət başçısının diqqətindən yayınmadı.
Azərbaycanda həyata keçirilən iri layihələr bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması indiki vəziyyətindən daha parlaq olacaq. Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması istiqamətində addımlar atılanda çoxları buna şübhə ilə yanaşır, bu layihələrin reallaşdırılmasını qeyri-mümkün hesab edirdilər. Lakin möhtərəm Prezidentimizin düşünülmüş siyasəti, praqmatik düşüncə sahibi olması şübhələrə son qoydu. Xatirələrdə əfsanə kimi canlanan bu layihələr reallaşdıqdan sonra ölkəmizin beynəlxalq aləmdəki nüfuzu xeyli artdı. Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan Avropaya, oradan isə dünya bazarlarına çıxarmaq imkanı qazandı. Bu imkan ölkəmizin iqtisadi qüdrətini daha da artırdı, bütün sahələr üzrə sürətli inkşaf qeydə alındı, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşdı. İmkansız ailələrə ünvanlı sosial yardım təyin olundu. Əmək haqları, pensiyalar hər il artırıldı. Şəhid ailələrinə, müharibə veteranlarına yüksək məbləğdə tədaüdlər təyin edildi.
Göründüyü kimi, qeyd edilənlər göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla, Azərbaycanın sürətli inkişafını davam etdirir. Dünya ölkələrinin böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycanın böyük uğurlar əldə etməsi məhz düşünülmüş siyasətin və strateji fəaliyyətin nəticəsidir.

Digər xəbərlər