PDF Oxu

MİA

  • 9 567

Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır

Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır

Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar.
Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə, zər kərəmlə vaxtında birləşməyəndə bütün ağırlıq təkcə qələm və kərəmin, yaradıcı ziyalılar və kərəm əhlinin üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə, dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.
Dövlətçilik ümummilli iqtisadi mənafe duyğusu tələb edir. Dövlətçilik mənəviyyatda fərdi miqyasdan, ailə miqyasından, tayfa miqyasından, zona, region miqyasından kənara çıxaraq, bütöv vətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Öz dövlət simvollarına hörmət və sevgi bəslənməsini, öz dövlətinin nailiyyətlərinə görə iftixar hissi keçirilməsini, dövlətin uğursuzluqlarını isə şəxsi faciə kimi yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə "milli" anlamının etnik-millidən fərqli yeni mənası, siyasi aspekti, dövlətlə adekvatlığı ortaya çıxır.
Milli dövlət qurulması və dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir. Bu xidmət milli-tarixi prosesin kəsilməzliyini təmin edilməsi baxımından ziyalı məramının siyasi müstəviyə keçirilməsi deməkdir. Belə ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqanizm kimi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa etmək təkcə ziyalılığın deyil, həm də siyasətin ən ali amalı olmalıdır.
Millətini sevən, millətə həqiqətən xidmət göstərmək istəyən insanlar öz ixtisasları üzrə, dərindən bildikləri sahələrdə ümumi milli tərəqqi işinə fayda gətirməklə yanaşı, cəmiyyətdəki proseslərə də öz münasibətlərini bildirməyə çalışırlar. Təəssüf ki, bu yeni rolda onların bir çoxu artıq peşəkar mütəxəssis olmadıqlarını unudurlar. Ona görə də, bir sahədə qazanılmış nüfuzun başqa bir səmtə yönəldilməsi məsələsində çox ehtiyatlı olmaq lazımdır. Təsadüfi deyildir ki, inkişaf etmiş Qərb ölkələrinin üstünlüklərindən biri burada - hər kəsin məhz öz işi ilə məşğul olmasıdır. Bu işlərin ümumi mənafe məcrasına yönəldilməsi də peşəkar səviyyədə həyata keçirilir. Buna nail olmaq üçün isə həmin ölkələr böyük demokratik inkişaf yolu keçiblər. Həm də bu inkişaf xaos yox, stabilləşmə şəraitində həyata keçirilib. Belə stabil cəmiyyətdə, hər kəs öz bildiyi işlə məşğul olduqda, peşəkarlıq ön plana keçdikdə ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümummilli mənafeyə xidmət etmək çətin olmur. Cəmiyyət özü hər kəsin kiçik də olsa ziyalı potensialının reallaşdırılmasına imkan yaradır. Demək olar ki, hamı ümumictimai tərəqqi prosesinin iştirakçılarına çevrilir. Tərəqqiyə qarşı çıxanlar, milli mənafeyə ziyan gətirənlər isə bir qrup tüfeylilər, cinayətkar ünsürlərdir. (Yaxşı cəmiyyət o cəmiyyətdir ki, burada hər kəs öz müsbət əmsalı ilə ümumi işə daxil olur). Bizim də məqsədimiz məhz belə bir cəmiyyət yaratmaqdır. Lakin biz hələ keçid dövründəyik.
Tarixən hər bir müstəqil dövlətin yaranmasını, inkişafını, möhkəmlənməsini və davamlı olmasını digər tarixi-siyasi səbəblərlə yanaşı, xalqı bu dövlətin ətrafında birləşdirəcək güclü ideyanın olması da şərtləndirir. Əgər hər hansı siyasi-ictimai, yaxud təbiət hadisələri qısa müddətdə insanları bir yerə toplayırsa, fərdin enerjisini kütlənin, bəzən də millətin enerjisinə çevirə bilirsə, həmin faktor aradan qalxdıqdan sonra toplumu birləşdirən yeni ideya olmasa, yaranmış birlik öz-özünə dağılacaq, bəzi hallarda isə yeni dağıntılara səbəb olacaq.
Müstəqil dövlətçiliyimizin tarixinə nəzər salaq: 1988-1990-cı illərdə milyonlarla insanı günlərlə bəzən ac-susuz, şaxtada, qara-yağışa baxmadan Azadlıq meydanına toplayan nə idi? Bu sualın yalnız bir cavabı var: azadlıq və müstəqillik arzusu. Bu arzu ideyaya çevrilə bildimi? Milləti uzun illər öz ətrafında birləşdirəcək, onun ölçüyəgəlməz gücə malik enerjisini vahid məqsədə yönəltmək mümkün oldumu? Niyə 1990-cı ilin yanvarında tankın-topun, avtomatın-pulemyotun qarşısına əliyalın çıxan insanlar müstəqillik əldə ediləndən bir az sonra - 1993-cü ilin iyununda birləşib qiyamçı dəstəyə qarşı çıxmadılar? Cəmi bir il sonra isə təxminən eyni situasiyada, 1994-cü ilin 4 oktyabr gecəsində Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yüz minlərlə insan Prezident Sarayının ətrafına toplaşdı. Bir il öncə saraya yaxın getməyən toplumun öz Prezidentini və müstəqil dövlətini müdafiə etməsinin səbəbi nə idi? Heç şübhəsiz ki, burada şəxsiyyətin rolu danılmazdır, amma fikrimcə, insanları təhlükə anında birləşdirən ən başlıca səbəb ideya idi, milli ideya, milli dövləti və həm də milli "mən"ini qoruyub saxlamağın vacibliyini fərdə anlatmış böyük toplayıcı gücə malik dəyər...
Böyük dövlətçilik təcrübəsi və istedadına malik Ümummilli Lider Heydər Əliyev aydın dərk edirdi ki, gənc və gücsüz, təcrübəsiz və müharibə aparan müstəqil Azərbaycanı bir dövlət kimi qurmaq, ayağa qaldırmaq, yaşatmaq, möhkəmləndirmək və qüdrətləndirmək üçün bütün vətəndaşların ümumi bir məqsəd ətrafında birləşməsi gərəkdir. Artıq özünü bir millət kimi dərk etmiş, azadlığın və müstəqilliyin şirin tamını dadmış xalqı öz dövləti ətrafında yalnız milli ideya birləşdirə bilərdi. Xüsusən, Azərbaycan kimi müstəqilliyini yeni qazanmış, bir ictimai-siyasi quruluşdan yenisinə keçən, iqtisadi-hüquqi əsasları tamamilə başqa təməllər üzərində qurulacaq dövləti möhkəmləndirmək üçün vətəndaşların bir məqsəd, bir amal uğrunda birləşməsini təmin edən mütərəqqi milli ideyanın olması çox vacib idi. Bu milli ideyanın yaranması və inkişafı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında tarixi xidmətləridir.
Milli-mənəvi dəyərlərimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən həm onun rəhbərliyinin sovet dönəmində, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmiş, həmişə uca tutulmuşdur. Heydər Əliyev xalqın mənəvi yaddaşının qorunması və zənginləşməsi üçün fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür.
Dilimizin son 40 ildəki inkişafı, onun dövlət dili, hüquq, siyasət, elm, diplomatiya dili səviyyəsinə qalxması Ümummilli Lider Heydər Əliyevin ana dilimizə qayğısı və xidmətləri ilə bağlıdır. Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinə qədər Azərbaycan dili ölkəmizdə ikinci dil, məişət dili (Bakıda hətta ümumünsiyyət vasitəsi də deyildi!) səviyyəsində idi. Sovet hakimiyyətinin o dönəmində ölkədə bütün yazışmalar, rəsmi çıxış və məruzələr, ictimai-siyasi və elmi toplantılar rus dilində aparılırdı. Bu dönüş Heydər Əliyevlə başladı, özü nümunə oldu, digər partiya-dövlət işçilərini və elm-istehsalat rəhbərlərini məcbur etdi ki, ana dilində danışıb yazsınlar.
1995-ci ildə müstəqil respublikamızın Konstitusiyası qəbul edilən zaman dövlət dilinin adı barədə geniş diskussiyalar başladı. Etiraf etməliyik ki, o zaman nə dilçi alimlərimiz, nə yazıçı-şairlərimiz, nə filosoflarımız ana dilimizin adı ilə əlaqədar vahid mövqe sərgiləyə bildilər. Dilimizin "türk dili", "oğuz türkcəsi", "azəri türkcəsi", "türk dilinin azəri şivəsi" və sairə adlandırılmasını təklif edənlər oldu. Yenə də Ümummilli Lider Heydər Əliyev öz siyasi iradəsini ortaya qoydu - respublikamızda yaşayan bütün xalqların marağını ifadə edən, xalqı dövlətin ətrafında daha da sıx birləşdirən qərar verdi: dövlət dilimizin adı Azərbaycan dili olmalıdır! Zaman göstərdi ki, Ulu Öndər həmişə olduğu kimi, bu qərarında da haqlıdır.
Millətin tarixi onun mədəniyyətinin tarixi, mənəviyyatının, əxlaqının, dövlətçilik ənənəsinin tarixidir. Bu mənada, tarix öyrənilməli, yaxşı nümunələr götürülməli, təbliğ olunmalıdır.
Heydər Əliyev milli-mənəvi dəyərlərin ən mühüm daşıyıcısı kimi milli bayramlarımıza, xüsusilə, Novruz bayramının keçirilməsinə çox önəm verir, özü də bu el şənliyində həmişə böyük məmnuniyyətlə iştirak edirdi. Ümummilli Lider şəxsiyyətin vətəndaş kimi formalaşmasında dil və dinlə yanaşı, tarixi və ənənələri bilməyi və yaşatmağı vacib sayırdı. O, həmçinin, milli adət-ənənələrimizin mühüm tərkib hissəsi olan ailə institutuna, mərasimlərin keçirilməsinə, Azərbaycan mətbəxinə, xalq sənətkarlığına xüsusi önəm verir və bu ənənələrin yaşadılmasını və inkişaf etdirilməsini tövsiyə edirdi.
Azərbaycançılıq ideyasının inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği, dünyaya tanıtdırılması istiqamətində ölkəmizdə həm dövlət, həm də ictimai təşkilatların xətti ilə, xüsusilə, Heydər Əliyev Fondu tərəfindən tarixi əhəmiyyətli işlər görülür. 2004-cü ildə təsis edilən Heydər Əliyev Fondu Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi və çoxşaxəli fəaliyyəti nəticəsində milli-mənəvi dəyərlərimizin mühüm daşıyıcıları olan muğamın, rəngkarlığın, xalçaçılığın, aşıq sənətinin dünya səviyyəsində təbliği və dəyərləndirilməsi işi uğurla həyata keçirilir.
Milli-mənəvi dəyərlərimizi dünyada tanıtmaq, müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, xalqlararası və mədəniyyətlərarası dialoqa dəstək vermək Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev xüsusi olaraq vurğulayır ki, milli ideologiya demokratik dəyərlərə sadiq olan hər bir dövlətdə cəmiyyətdaxili tolerantlığın bərqərar olunmasına xidmət etməlidir.
Dövlət başçısı 2008-ci il iyunun 19-da Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin inkişaf modelini, qloballaşan dünyaya inteqrasiya yolunu ifadə edən dəyərli fikirlər söyləmişdir: "Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri Azərbaycanın milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulması, dünya birliyinə inteqrasiya etməsidir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanıbdır. Budur hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

,
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər