Azərbaycan neft sənayesi tarixində xüsusi hadisə olan "Ümid" qaz yatağının aşkarlanması ölkəmizin zəngin neft-qaz ehtiyatlarının olmasını bir daha təsdiqləmiş oldu. Ölkəmizin zəngin yeraltı və yerüstü sərvətlərinin tədqiqi və aşkarlanması enerji sahəsində tələbatın ödənilməsində də mühüm bir əlamətdir. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıdan 70 kilometr məsafədə yerləşən "Ümid" yatağındakı qaz ehtiyatları proqnozlarının daha böyük olduğunu bildirib.
Qeyd edib ki, "Ümid" yatağı ehtiyatlarına görə "Şahdəniz" yatağından sonra ikincidir. X.Yusifzadə "Ümid" yatağının açılmasının böyük tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacağını da diqqətə çatdırıb. Vitse-prezident artıq uzun müddət idi ki, ARDNŞ "Ümid" yatağında kəşfiyyat işlərinin apardığını bütün bu işlərin nəticəsi olaraq qaz yatağında böyük həcmdə ehtiyatın aşkarlanmasının mühüm bir hadisə olduğunu deyib. Bildirib ki, müəyyən bir dövrdən sonra böyük neft-qaz yatağında qazma, kəşfiyyat işlərini dövlətimiz öz gücünə apararaq, sonluqda yüksək nəticənin hasil olmasını təmin edə bilibdir.
X.Yusifzadə "Ümid" yatağında 1953-cü ildə birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparıldığını söyləyib. X.Yusifzadə 1977-ci ildən 1992-ci ilədək burada 9 quyunun qazıldığını və onların heç birinin horizonta gedib çatmadığını diqqətə çatdırıb. Bütün bunların nəticəsindən isə asılı olmayaraq, yatağın mənimsənilməsi mümkün olmayıb: "Bir məntiqi də nəzərə almaq lazımdır ki, Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki və texnoloji imkanları mövcuddur. Bununla yanaşı, mövcud olan yeni texnikadan istifadə etmək və onu qavramaq məsələsi əsas amildir. Ona görə də, istənilən halda qazma işlərinə başlamaq və bu işləri uğurla başa vurmaq böyük risk tələb edir. Digər bir əsas amil isə ondan ibarətdir ki, ümumiyyətlə, kəşfiyyat quyusunun platformadan qazılması nəzərdə tutulmur. Hal-hazırda dünyada neft çıxıran ölkələrin təcrübəsinə nəzər salsaq da, bu prinsipə rast gəlmək mümkün deyildir. Platformadan əsaslı quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazmaq daha məqsədə müvafiqdir. Digər tərəfdən isə açılmamış yataqda platformadan kəşfiyyat quyusunu qazmaq heç də müsbət nəticə vermədiyi üçün belə addım atılmır. Fakt isə ondan ibarətdir ki, buradakı bütün quyular "Xəzər" tipli üzən qazma qurğuları ilə qazılıb. Çünki bunlar 60-70 metr dərinlikdə rahat və sərbəsğ şəkildə öz üzərinə düşən işləri lazımi şəkildə görə bilirlər".
X.Yusifzadə onu da əlavə edib ki, ARDNŞ-in bundan öncə üzən qazma qurğularından istifadə etmək niyyətində olduğunu bildirib. Məhz sonradan hesablanıb ki, bu quyular platformadan qazılsa, daha ucuz və keyfiyyətli ola bilər deyən. X.Yusifzadə bütün bunların təxminən iki dəfə daha baha şəkildə alındığın diqqətə çatdırıb. "Ona görə, bu platforma riskdir. Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik. Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da var. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən, yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq. İndi qətiyyətlə deyə bilərik ki, burada 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. Hələlik, bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir".
ARDNŞ-nin birinci vitse-prezidenti deyib ki, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Onun sözlərinə görə, bu quyunun perspektivli olması sübut edir ki, "Babək" yatağı "Ümid"dən iki dəfə böyükdür: "Ümid"də yaxşı nəticə almağımız o deməkdir ki, "Babək"in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda "Babək" aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, "Ümid"də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr olacaq, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi "Ümid" yatağında bizim bir quyumuz var. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılıb. İnşallah, həmin quyunu istismara verəndən sonra işlərimizi davam etdirərik. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də "Babək"də də işləri özümüz görəcəyik". X.Yusifzadə bəyan edib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.
Əli Məsimov: "Azərbaycan regionda olan qaz marşrutlarının dominantlığını təmin edə biləcək"
İqtisadçı ekspert Əli Məsimov Azərbaycanın neft və qaz sənayesində yeni bir başlanğıcının məhz "Ümid" qaz yatağının kəşf edilməsi ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan tərəfi həmişə qaz yataqları ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirib. Məhz sonralar aparılmış kəşfiyyat işləri nəticəsində məlum olub ki, Azərbaycanın neft və qaz ehtiyatları mlrd. tonlarla ölçülə bilər deyən Ə.Məsimov ölkəmizdə artıq qarşıda gələn illərdə növbəti kəşfiyyat quyularının qazılması bu ehtiyatların çoxalması neft ehtiyatlarımızın daha da çoxalmasına imkan yaratmış olacaq. Ə.Məsimov iqtisadi sahədə əldə edilən dividendlərin çox böyük uğurla siyasi müstəviyə daşındığını da diqqətə çatdırıb. Bildirib ki, Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlarda bu dividendlərdən mümkün qədər çox istifadə edilməsi bizim uğurumuzun təmin edilməsində başlıca meyar rolunu oynaya bilər. "Belə bir şəraitdə daha çox üstünlüyümüz ondan ibarət olacaq ki, biz artıq regionda olan qaz marşrutlarının dominantlığını təmin edə biləcəyik. Buna bir fakt kimi yaxın keçmişdə Xəzəryanı ölkələrin prezidentlərinin Bakıda keçirilən sammitidir. Belə ki, sammit zamanı bu məsələ gündəmə gətirildi və Türkmənistan prezidenti Xəzər dənizini keçməklə, Azərbaycan üzərindən Avropaya qaz nəql etmək təşəbbüsü göstərdi. Ona görə də, Azərbaycan ciddi qaz mənbəyi olacaqsa, onda biz ixrac marşrutları üzrə öz dominantlığımızı saxlayacağıq. Azərbaycan həm "Nabucco"da, "AGRİ" layihəsində həm də digər ixrac marşurutları, o cümlədən, Rusiya və İrana ixrac marşrutlarında, sözün əsil mənasında, lider mövqeyində çıxış edir".
Digər bir tərəfdən isə ölkəmizin enerji resurslarının məhz beynəlxalq ictimaiyyətin gözü önündə qaz siyasətinin diversifikasiya etmək, daha aşağı tariflərlə malik olmaq, qazı mümkün qədər baha satmaq və bu qaz diplomatiyasında əldə etdiyimiz dividendləri siyasi müstəviyə daşımaqdır.