2010-cu ilin 10 ayında inkişaf göstəriciləri
Cari ilin on ayı ölkə iqtisadiyyatının növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır. Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla həyata keçirilir və bunun nəticəsində xalqın maddi rifahı getdikcə yaxşılaşır. Bu, özünü ölkənin cari ilin on ayı üzrə makroiqtisadi göstəricilərində də aydın şəkildə göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr ayları ərzində ölkədə 32,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, yaxud müqayisəli qiymətlərlə 1,1 milyard manat artıbdır. ÜDM-in 21,4 milyard manatı və ya 66 faizi məhsul istehsalı sahələrində, 8,8 milyard manatı, yaxud 26,9 faizi xidmət sahələrində yaradılmış, 2,3 milyard manatı (7,1 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 3,5 faiz, xidmət sahələrində isə 6 faiz artmışdır. Adambaşına 3642,1 manatlıq (4534,0 ABŞ dolları), yaxud 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox belə məhsul istehsal olunub. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı isə 5,4 faiz, neft sektorunda isə 2,4 faiz artmışdır.
Əlavə dəyərin 53,9 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 22,5 milyard manatlıq məhsul istehsal olunmuş və 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3 faizə çatıb. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19 faizi emal bölməsində, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində və 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunubdur. Mədənçıxarma bölməsində ötən ildəkindən 1,6 faiz çox və ya 42,9 milyon ton neft, 4,2 faiz çox, yaxud 14,0 milyard kubmetr əmtəəlik qaz hasil edilibdir.
Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 14,4 milyard kVt.saat elektrik enerjisi istehsal olunubdur. Sənaye müəssisələrinin anbarlarında 212,2 milyon manatlıq hazır məhsul olmuş və ötən ayla müqayisədə 9,9 milyon manat azalmışdır. Sənaye məhsulu istehsalı qeyri- neft sektorunda 6,1 faiz, neft sektorunda isə 2,3 faiz artmışdır.
Digər bir faktı da vurğulamaq lazımdır ki, cari ildə də yeni obyektlərin tikilməsi uğurla həyata keçirilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə inşası davam etdiriləcək və yeni tikiləcək obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 2093,5 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1371,6 min kv.metr yaşayış evləri, 12602 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 530 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 581 çarpayılıq xəstəxana, 540 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza", "Park Bulvar" ticarət, istirahət və sərgi mərkəzləri, qranit-mərmər zavodu, Naxçıvan MR-də avtomobil zavodu, Ordubad su-elektrik stansiyası, "Gəmiqaya" daş məhsulları sənaye kompleksi, məhdud imkanlılar üçün regional informasiya mərkəzi, Naxçıvan-Sədərək avtomobil yolu, Gəncə şəhərində "Ramada Plaza" və Balakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələdə "Fitnes" sağlamlıq mərkəzi, "Gilan" piano fabriki, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları, avtovağzal binası, meyvə-tərəvəz soyuducu anbarı, Abşeron rayonunda duz zavodu, Biləsuvarda konserv zavodu, Regional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda müalicə-diaqnostika mərkəzi, şahmat məktəbi, Göytəpə su anbarı, şərab emalı sexi, Salyanda soyuducu anbar kompleksi, Lənkəranda konserv zavodu, çay fabriki, regional boks mərkəzi, dondurma fabriki, Zaqatala rayonunda süd və tütün emalı zavodları, Ağstafa rayonunda mineral su istehsalı sexi, Göyçay, Balakən və Ağdaşda olimpiya idman kompleksləri, Mingəçevirdə "Kür" olimpiya tədris-idman mərkəzi, şahmat məktəbi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilibdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 162,1 milyon ton və ya 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox yük daşınmışdır.
Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 933 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 32,1 faiz çox rabitə xidməti göstərilibdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 33,2 faiz artaraq 630,6 milyon manata çatmış və ümumi gəlirlərin 67,6 faizini təşkil etmişdir.
Eyni zamanda, cari ilin 9 ayı ərzində xarici ölkələrlə 20,2 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 77,5 faizini və ya 15,7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 22,5 faizini (4,5 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, əmtəə mübadiləsinin 85,9 faizi uzaq xarici ölkələrlə, 14,1 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır. İlin əvvəlindən ötən vaxt ərzində ölkəmizə idxal olunmuş əmtəənin 68,7 faizi, yaxud 3,1 milyard dolları uzaq xarici dövlətlərdən, 31,3 faizi (1,4 milyard dolları) MDB ölkələrindən daxil olmuşdur. Ölkədən ixrac olunmuş malların 91 faizi, yaxud 14,3 milyard dolları uzaq xarici dövlətlərə, 9 faizi (1,4 milyard dolları) isə MDB ölkələrinə göndərilmişdir. Ticarət əməliyyatları nəticəsində 11,1 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır. Doqquz ay ərzində ölkəmizə 22,6 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinə 7,5 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 6,8 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 38,5 faizi və ya 2,6 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi, yaxud 772,8 milyon manatı təhsilə, 13,3 faizi və ya 912,2 milyon manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 667,9 milyon manatlıq profisit ÜDM-də 2,3 faiz təşkil etmişdir. Bundan başqa, 2010-cu il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 8,9 milyard manat kreditin məbləği 14,9 faiz artmış, onun 72,2 faizi uzunmüddətli olmuş, 5 faizinin ödəmə vaxtı keçmişdir.
Göründüyü kimi, 2010-cu ilin 9 ayı ərzində ölkənin bütün sahələrdə uğurlar əldə etməsi ilə müşayiət olunub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf tempi davam edib. Qeyd edilənlər göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla Azərbaycanın sürətli inkişafını davam etdirir. Dünya ölkələrinin böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycanın böyük uğurlar əldə etməsi məhz düşünülmüş siyasətin və strateji fəaliyyətin nəticəsidir.