Azərbaycan regionda ən sürətlə inkişaf edən ölkədir
"Biz güclü dövlət qururuq. Qurduğumuz müasir dövlətdə insanlar azad, müstəqil, rifah halında yaşayır. Azərbaycanda bütün demokratik azadlıqlar var. Ölkədə ictimai-siyasi sabitlik, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Statistikaya müraciət etsək, görərik ki, ən az cinayətkarlıq Azərbaycanda baş verir. Çünki respublikada müsbət ictimai-siyasi şərait, gözəl atmosfer mövcuddur". Bu sözləri çıxışlarında qeyd edən ölkə Prezidenti İlham Əliyev son illər respublikada aparılan islahatların, sosial və iqtisadi sferalarda əldə edilən uğurların bundan sonra da əldə ediləcəyini vurğulamışdır.
Doğrudan da, respublikada son illər nəzərə çarpan iqtisadi inkişaf artıq beynəlxalq səviyyədə də etiraf olunur. Bu gün Bakı ilə yanaşı, regionlarda da ciddi dəyişikliklər baş verərək, yeni istehsal obyektləri, müəssisələri açılır. Prezident İlham Əliyevin bu yaxınlarda Naxçıvana səfəri zamanı bir sıra yeni obyektlərin istifadəyə verilməsi də deyilənləri təsdiq edir. Məsələn, Şərur rayonunun Yengicə və Maxta kəndlərində, həmçinin, Sədərəkdə müasir məktəb binaları istifadəyə verilib. Dövlət başçısı muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. Bu yol Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yoludur. Ordubad rayonundakı Biləv Su- Elektrik Stansiyasının açılışı, məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Naxçıvan Regional İnformasiya Mərkəzinin yaradılması regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçdiyinin göstəricisidir. Gəmiqaya daş məhsulları kompleksinin açılışı, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su paylayıcı qurğunun istifadəyə verilməsi muxtar respublikanın sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayacaq hadisələrdən sayıla bilər.
Bu gün respublikanın hər yerində gedən inkişaf prosesləri Azərbaycanı, nəinki regionda, hətta beynəlxalq səviyyədə qüdrətli dövlətlərdən birinə çevirir. Son iqtisadi göstəricilər, əhalinin müxtəlif təbəqələrinin əmək haqlarının artırılması və digər rəqəmlər bunların reallıq olduğundan xəbər verir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sahəsində görülən işlər vətəndaşlar tərəfindən real dəstəyini tapır. Elə ötən həftə Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsinin, Buzovna dəmir yolu kəsişməsində inşa ediləcək tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisinin paytaxtın infrastrukturunun inkişafına xidmət etdiyini söyləmək olar. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışı səhiyyə sahəsinə dövlət səviyyəsində böyük diqqətin olduğundan xəbər verir. Müasirləşmə prosesi ölkəmizə xaricdən yeni avtomobillərin gətirilməsində də özünü göstərir. "London-Taksi" şirkəti tərəfindən istehsal olunan nəqliyyat vasitələri Avro-4 standartlarına tam cavab verməklə yanaşı, əhaliyə daha keyfiyyətli xidmət göstərilməsini də təmin edəcək.
Gələcək üçün nəzərdə tutulan planlar da diqqətçəkəndir. Belə ki, yeni ildən Azərbaycanda yaşayış minimumunun 9,2 faiz artırılaraq, 95 manata çatdırılması planlaşdırılır. Valyuta ehtiyatlarının həcmi 2010-cu il oktyabr ayının 1-nə 6 milyard 57,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 953,9 mln. dollar və ya 18,7 faiz çoxdur. Milli Məclisin müvafiq komitələrində isə 2011-ci ilin dövlət büdcəsi müzakirə olunur. Proqnozlarda qeyd olunur ki, 2011-ci ildə Azərbaycanda davamlı iqtisadi inkişaf gözlənilir. Azərbaycanın büdcə gəlirləri Ermənistan və Gürcüstanın bir yerdə gəlirindən bir neçə dəfə artıq olacaq. Naxçıvanda hərbi hissələrdə olarkən Prezident İlham Əliyev də qeyd etdi ki, bu gün Azərbaycan Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclü dövlətdir. Təkcə onu demək kifayətdir ki, ölkə iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7-8 dəfə üstələyir. Hərbi xərclərə ayrılan vəsait Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bu da ordu quruculuğu prosesinin ən yüksək səviyyədə həyata keçirilməsinə təmin edir.
Yeri gəlmişkən, 2011-ci ildə dövlət büdcəsindən Silahlı Qüvvələr, digər hərbi birləşmələr və hərbiləşmiş qurumların maliyyələşdirilməsinə təxminən 3 mlrd. 287 mln. dollar vəsait ayıracaq. Hesablamalara görə, gələn il Azərbaycanda ümumdaxili məhsul 40 milyard manatı keçəcək. Həmçinin, Dövlət Neft Fondundan büdcəyə köçürmələrin də artacağı gözlənilir ki, bu da, əsasən, 2011-ci ildə neft-qaz satışından əldə olunan gəlirlər hesabına təmin ediləcək.
Bütün bunlarla yanaşı, Azərbaycanın geostrateji çəkisi də artır və regional enerji layihələrində ölkəmizlə daha çox hesablaşırlar. Bir müddət öncə, Bakıda Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə enerji sammiti keçirildi. Sammitdə tərəflər Azərbaycanın enerji xətlərinin diversifikasiyasını təmin edəcək daha bir ciddi layihəyə - AQRİ layihəsinə imza atdılar. Sənəd gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahilləri ilə Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Avropanın əsas diqqəti isə hələ də NABUCCO layihəsinə yönəlib. Və bu layihənin gerçəkləşməsinin Azərbaycansız mümkün olmadığı bildirilir. Respublikamızın əsas enerji tərəfdaşı olduğu fikri Qərb siyasi dairələrində də geniş hallanır. Məsələn, Vaşinqtondakı Strateji Araşdırma Mərkəzinin enerji və milli təhlükəsizlik proqramının eksperti Edvard Çou hesab edir ki, son 15 il ərzində Azərbaycan çox inkişaf edərək, böyük neft-qaz ixracatçısına çevrilib. Azərbaycanın tranzit sahəsində də böyük əhəmiyyəti var.
Beləliklə, son bir ayın iqtisadi göstəricilərini nəzərdən keçirərkən, birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sürətli inkişafa, ölkəmizin həm daxili, həm regional, həm də beynəlxalq mövqelərinin möhkəmlənməsinə təkan verəcək. Bu isə qarşıya çıxan bütün maneələrin dəf edilməsinə, əhalinin rifah halının yaxşılaşmasına kömək etməlidir.