PDF Oxu

MİA

  • 8 525

Bölgələrdə tikilən elektrik stansiyaları...

Bölgələrdə tikilən elektrik stansiyaları...

Ötən həftə Azərbaycanda Energetiklər Günü təntənəli surətdə qeyd olundu. 29 il öncə- 1981-ci il oktyabrın 20-də Ümummilli Liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi altında Mingəçevirdə, Zaqafqaziyanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik- Elektrik Stansiyasının birinci enerji bloku istismara verilib. Bununla da, faktik olaraq, bugünkü müstəqil Azərbaycanın energetika təhlükəsizliyinin əsası qoyulub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildən etibarən 20 oktyabr respublikamızda Energetiklər Günü kimi qeyd olunur.

Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elektroenergetika sahəsi daim diqqət mərkəzində olub. Bu müddət ərzində, bilavasitə, Ümummilli Liderimizin rəhbərliyi və göstərişləri əsasında Şəmkir, Araz su-elektrik stansiyaları, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri və çoxlu sayda yarımstansiyalar istifadəyə verilib. Beləliklə də, elektrik enerjisi sisteminin real imkanları iki dəfədən çox artırılıb. Hətta 1990-cı illərdə olduqca çətin iqtisadi duruma baxmayaraq, respublikada bir neçə mühüm layihələr həyata keçirilib. Şimal-Elektrik Stansiyası, Bakı İstilik Mərkəzi, Yenikənd Su-Elektrik Stansiyası və digər mühüm layihələr şəxsən Ulu Öndərimizin rəhbərliyi altında tikilib istifadəyə verilib.
Son illər ərzində elektrik enerjisi sistemində bir sıra önəmli layihələr həyata keçirilib. Qeyd etmək lazımdır ki, 2006-cı ilə qədər Azərbaycan ildə 1,2-1,5 milyard kilovatsaat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu problemi aradan qaldırmaq və ölkəni elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün ölkə Prezidentinin tapşırığına əsasən, qısa bir müddətdə respublikanın müxtəlif bölgələrində- Astara, Şəki, Xaçmaz, Bakı, Səngəçal, Naxçıvan və Qubada yeni elektrik stansiyaları istismara verildi. Bununla da, ölkənin elektrik enerjisi idxalından asılılığı aradan qaldırıldı. Eyni zamanda, bölgələrdə qeyri-neft sahəsinin, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıldı.
2005-ci il avqustun 12-də Sumqayıtda 525 MVt gücündə yeni elektrik stansiyasının təməli qoyuldu və 2009-cu il noyabrın 19-da bu stansiya istifadəyə verildi. Qeyd etmək lazımdır ki, Sumqayıtda istifadəyə verilmiş yeni elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və cari ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə, ilk dəfə olaraq, qeydiyyata alınır. Beynəlxalq ekspertlərin rəyinə görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalıb.
Bu layihələr nəticəsində generasiya gücü qısa müddət ərzində 1500 MVt artıb. Beləliklə, 2007-ci ilə qədər elektrik enerjisi və təbii qaz idxal edən Azərbaycan, həm də təbii qaz və elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Hətta blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası qonşu ölkələrə elektrik enerjisi ixrac edir.
2007-ci ildə Azərbaycan İstilik-Elektrik Stansiyasında yenidənqurma işləri başlanıb. 2011-ci ildə bu işlər başa çatdırılandan sonra stansiyanın gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcək. Stansiyanın səmərəliliyinin artması nəticəsində ildə 500 min ton yanacağa qənaət ediləcək.
Generasiya sahəsində ən vacib layihələrdən biri də Şirvan şəhərində tikilən gücü 780 MVt olan Cənub Elektrik Stansiyasıdır. Bu stansiya elektrik enerjisi sistemində mühüm rol oynayacaqdır. Stansiyada Azərbaycanda və regionda, ilk dəfə olaraq, 4 qaz turbini və 2 buxar turbini olmaqla 3 növ yanacaqdan, - qaz, mazut və dizeldən istifadə etmək mümkün olacaqdır. Məlum olduğu kimi, 50 il öncə tikilən köhnə elektrik stansiyasını hazırda maksimum 500 MVt güc ilə işlətmək mümkündür. Burada 1 kilovatsaat elektrik enerjisinə sərf olunan yanacağın miqdarı isə 450 qramdan artıqdır. Cənub Elektrik Stansiyası istifadəyə verildikdən sonra 1 kilovatsaata sərf olunan şərti yanacağın miqdarı 250 qram təşkil edəcək və ildə 700 min ton yanacağa qənaət ediləcəkdir.
Yaxın zamanlarda gücü 400 MVt olan Tovuz Su-Elektrik Stansiyasının tikintisinə başlanacaqdır. Bu, çox böyük və mühüm layihədir. Qeyd edək ki, bu su anbarının layihə üzrə tutumu 2 milyard kubmetrdir. Bu tipdə stansiyaların elektrik enerjisi sisteminin tezliyinin tənzimlənməsində və dayanıqlılığının artırılmasında rolu əvəzolunmazdır. Eyni zamanda, Tovuz Su-Elektrik Stansiyasının tikintisi su resurslarından daha səmərəli və daha çevik istifadə olunmasına imkan yaradacaqdır.
Cari ilin sonuna qədər gücü 400 MVt olan "Şimal-2" Buxar-Qaz Elektrik Stansiyasının tikintisinin başlanması planlaşdırılır. Layihə çərçivəsində "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları üçün yeni soyutma sisteminin, 220 və 110 kilovoltluq yarımstansiyaların, dəniz suyunun duzsuzlaşdırılması sisteminin qurulması nəzərdə tutulur.
Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın su və külək potensialını qiymətləndirən proqram hazırlanıb. Su resurslarının araşdırılması göstərir ki, respublikanın müxtəlif bölgələrində dağ çayları və kanallar üzərində ümumi gücü 600 MVt olan 300-ə yaxın kiçik su-elektrik stansiyasının tikintisi iqtisadi cəhətdən səmərəlidir. Bu il Göyçay, Balakən və Qusar rayonlarında 3 kiçik su-elektrik stansiyasının təməli qoyulub, 7 stansiyanın layihəsi isə icra olunmaq üçün hazırdır. İlk belə su-elektrik stansiyalarından olan Biləv Su-Elektrik Stansiyası Naxçıvanda bu ilin oktyabr ayında işə salınıb. Gücü 25 MVt olan Füzuli Su-Elektrik Stansiyasının tikintisi isə 2011-ci ilin ortalarında başa çatdırılacaqdır.
Qeyd etmək lazımdır ki, müxtəlif bölgələrdə reallaşdırılmaqda olan kiçik su-elektrik stansiyalarının tikintisi həm yanacağa qənaət edilməsində, həm də ətraf mühitin qorunmasında müstəsna rol oynayacaq. Bu layihələrin çoxu Kioto protokoluna uyğun olaraq Təmiz İnkişaf Mexanizmi prinsipi ilə tikilir, bu isə atmosferə karbon qazının tullantısını önəmli dərəcədə aşağı salacaq.
Generasiya sahəsində görülən işlər nəticəsində Azərbaycan nəinki öz enerji tələbatını tam təmin edib, hətta güclü ixrac potensialı yaradıb. Əldə olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində bu ilin sonuna qədər Azərbaycanla Gürcüstanı birləşdirən 500 kilovoltluq xəttin Mingəçevir-Samux hissəsi, gələn ilin sonuna qədər isə Gürcüstan sərhədinə qədər hissəsi tam hazır olacaq. 2012-ci ildə isə Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizindən elektrik enerjisinin ixracı üçün texniki imkan yaranacaq.
Qeyd etmək lazımdır ki, bu ilin sonunadək elektrik enerjisi sisteminin idarə olunması sahəsində çox vacib layihə başa çatdırılmaqdadır. Bu, dispetçer mərkəzində MDB məkanında analoqu olmayan SCADA sisteminin tətbiqidir. Layihə çərçivəsində dispetçer mərkəzi və bütün sistemtəşkiledici yarımstansiyalar, elektrik stansiyaları arasında 1200 kilometr uzunluğunda fibroptik kabelin çəkilməsi idarəetmə məlumatlarının təhlükəsizliyini təmin edəcək. Rəqəmsal ötürmənin təmin edilməsi nəticəsində idarəetmənin səviyyəsi önəmli dərəcədə yüksələcək. Layihə çərçivəsində Abşeron ərazisində dispetçer mərkəzinin ehtiyat idarəetmə məntəqəsi də yaradılıb.
Sonda qeyd edək ki, 2010-cu ilin 9 ayı ərzində ölkədə 13,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi sistemində iqtisadi səmərəliliyin əsas göstəricilərindən sayılan hər kilovatsaat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 17 qram azalaraq 318 qram olub. 2009-cu illə müqayisədə mazut ekvivalentində təqribən 140 min ton yanacağa qənaət edilib.

Digər xəbərlər