Azərbaycançılıq Azərbaycan ideologiyasının təməli olub milli istiqlal ideologiyasıdır. Bu ideya bütöv xalqın, millətin, dövlətin marağının, onların birliyinin fikri ifadəsidir. "Yalnız konkret, özünəməxsus ideologiyası olan xalqın milli dövləti ola bilər. Milli ideologiya dövlət siyasəti statusu qazananda, idarəetmə ideologiyasına çevrilir"
Ümumi milli və dövlət maraqlarının paralel mövcudluğu (monomilli dövlətlərdə - milli və dövlət maraqları) şərtdir, belə ki, dövlət maraqlarının millidən kənar maraqları mövcud olmur, dövlət milli maraqların əsas ifadəçisi olur. Buna görə də dövlət maraqlarını səciyyələndirmək üçün ən məqsədəuyğun termin "milli - dövlət maraqları"dır. Bu termini çoxmillətli və monomillətli dövlətlərdə maraqları müəyyənləşdirmək üçün tətbiq etmək olur .
İdeologiya və dövlət hətta "milli" sözünə qarşı olsalar belə, bu və ya digər dərəcədə ümummilli maraqları müdafiə edir. Onların uğurları və səmərəliyiyi bu maraqları nə dərəcədə müdafiə etmələrindən, ideologiyanın millətin xarakterinə nə dərəcədə yaxınlığından, milləti nə dərəcədə birləşdirməsindən asılıdır. Milli dövlət siyasi və intellektual elitanın milli-dövlət maraqlarını, onun daimi və mütləq hissəsini dərk etdikdə başlayır. Bu dərketmə dövlət və cəmiyyəti əlaqələndirə bilər, dövlət və cəmiyyət arasındakı ruhi mübadiləni dirçəldə bilər. Yalnız bu zaman dövlət tərəfindən irəli sürülən ideologemlər cəmiyyət tərəfindən qəbul edilə bilər. Əks halda, o, cəmiyyətin həyati fəaliyyətinə təsir göstərə bilməz.
Milli dövlət maraqları probleminin iki aspekti var: bütövlükdə, xüsusi maraqların millətin nöqteyi-nəzərindən ümumiliyinin dərk olunmasına əsaslanan daxili və xarici aspektlər. Bu, hazırda Azərbaycan üçün daxili aspektin xüsusi əhəmiyyətə malik olduğunu, Ermənistanla müharibənin isə xarici aspektin - ərazinin müdafiəsinin əhəmiyyətinin azalmadığını sübut edir. Daxili aspektin kəskinliyi hər bir siyasətçi və siyasi qüvvələrin öz xüsusi maraqlarını başqalarına yeritməklə bağlıdır. Bu isə bütün cəmiyyət tərəfindən qəbul edilmir və cəmiyyətlə siyasi qüvvələr arasında anlaşılmazlıq yaradır. Siyasi qüvvələrin öz aralarında da ziddiyyətlər həll edilmir.
Ümumi maraqların mövcudluğu maraqların və onların ziddiyyətlərinin çoxşaxəliliyini istisna etmir. Məhz ümumi maraqların dərk edilməsi hakimiyyət, siyasi qüvvələr və vətəndaş cəmiyyəti arasında razılıq yaranmasına imkan yaradır.
Milli dövlət maraqlarının müxtəlif aspektləri kimi ümumi və xüsusi maraqlar müxtəlif inkişaf meyillərinin vəhdətini təşkil edir. Ümumi və xüsusi maraqlar arasında ziddiyyətlər zəruridir və bu milli dövlət maraqlarının öz təbiətindən irəli gəlir.
Milli dövlət maraqlarının uzlaşdırılması və ümumi əhəmiyyət kəsb edən maraqların aşkarlanması prosesində aşağıdakı ziddiyyətlərin meydana gəlməsi mümkündür: 1) bir sıra dövlətlərin ümumi maraqları və ayrı-ayrı dövlətlərin xüsusi maraqları arasında; 2) dövlətin bir-birini istisna etməyən xüsusi maraqları arasında; 3)dövlətin qarşılıqlı istisna edən xüsusi maraqları arasındakı ziddiyyətlər.
Bəzi obyektiv mövcud olan ziddiyyətlər dövlətin özünün inkişafı gedişində meydana gəlir. Bu cür ziddiyyətlər fasiləsiz artan və yenidən meydana gələn tələbatlardan yaranır.
S.Xəlilov ictimai marağı cəmiyyətlə, ictimai proseslərlə vasitələnmiş şəxsi maraq kimi təqdim edir. O, dövlətlə cəmiyyət arasında ziddiyyət olduqda dövlət rəhbərliyinin bir qrup dövlət məmurunun maraqlarını təmin etməklə ictimai maraq və fərdi maraq arasında ziddiyyətlər yaranmasının labüdlüyünü göstərir. Bu iki maraq qarşı-qarşıya durur. S.Xəlilov imperiya şəraitində milli maraqlarla dövlət marağı arasında ziddiyyət olduğundan şəxsi və ictimai marağın da uyğunlaşmadığını, müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə isə düzgün dövlət siyasəti aparıldıqda milli və dövlət maraqlarının üst-üstə düşdüyünü, bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlama üçün şərait yarandığını qeyd edir.
Hüquq və milli dövlət maraqlarının formalaşması prosesinin deformasiyası nəticəsi kimi meydana çıxan millətçiliyin dövlət-siyasi təzahürü etnik millətçiliklə əlaqədar ola bilməz. Etnik millətçilik milli və milli dövlət maraqları arasındakı münasibətlərdən yaranır.
Təsərrüfat və dövlət-hüquqi sahələrə nisbətən ideologiya sahəsində ümumi və xüsusi maraqların birləşməsinin və düzgün anlaşılmasının əhəmiyyəti daha mühümdür. Bu sahələrdən birində zəifləmə zəncirvari reaksiyaya səbəb ola bilər və bu sahələrdə mənfi proseslərin toplanmasına gətirib çıxara bilər. Dövlət quruculuğu sahəsində maraqların düzgün anlaşılmaması millətçiliyin artmasına, o da, öz növbəsində, ənənəvi iqtisadi əlaqələrin qırılmasına və bu sahədə ümumi maraqların qəbul edilməməsinə şərait yaradar.
Dövlətin obyektiv mövcud olan tələbatlarının düzgün dərk edilməməsi, bütövlükdə, onun hüquqi və milli-dövlət maraqlarının təhrif olunmasına gətirib çıxara bilər.
Azərbaycanda müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində "xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipi həyata keçirilir. Dövlət müstəqilliyinin möhkəmlənməsinin əsas amili milli dövlət maraqlarının ümummilli maraqlarla üst-üstə düşməsidir. Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırılmaqla yanaşı, dövlətçilik ideologiyası və dövlətçilik psixologiyası yaradılır. Azərbaycan dövlətçiliyinin ən uğurlu fəaliyyətindən biri bütün dövlətlərlə bütün sahələrdə (siyasi, iqtisadi, mədəni-mənəvi) münasibətdə öz milli maraqlarından çıxış etməsidir.
Müasir Azərbaycanda milli maraqların şərhində də Azərbaycanın milli dövlət maraqları və "etnik maraqları", daha doğrusu, separatçılıq arasında kəskin ziddiyyətlər dövlətçilik əleyhinə və ərazi bütövlüyünə qəsd, tarixi ərazilərimizin işğalıyla nəticələnən Ermənistan-Azərbaycan müharibəsinə gətirib çıxartdı. Bəzi tədqiqatçılar müstəqil Azərbaycanın milli maraqlarının tam kompleksinin formalaşmasını iki mərhələyə ayırırlar: birinci mərhələ 1988-1994-cü illəri əhatə edən təşəkkül mərhələsi, ikinci mərhələ isə 1999-cu ildən indiyədək olan qəti konseptual təşəkkül dövrü. Birinci mərhələ Heydər Əliyevə qədərki dövr, ikinci mərhələ isə Heydər Əliyev dövrü adlanır. Polietnik ölkə olan Azərbaycanda milli maraqların təşəkkülü prosesində millətlərarası münasibətlərin məqsədyönlü tənzimlənməsini nəzərdə tutan milli siyasət yeridilərkən, "dövlət maraqları xüsusi nəzərə alınmaqla ön planda milli maraqlar dururdu".
Azərbaycanda milli dövlət maraqlarının gerçəkləşməsi prosesində "etnik-milli mənsubiyyətlə vətəndaşlıq, milli dövlət mənsubiyyəti arasındakı fərqlər, bu fərqlərin fəlsəfi-etik və sosial-siyasi aspektlərdə dəyərləndirilməsi zərurəti" (S.Xəlilov) ön plana çəkilir.
Maraqların ictimai həyatla, cəmiyyət və dövlət maraqları ilə əlaqəsinin digər bir xətti ondan ibarətdir ki, o, ideologiyanın əsası kimi də çıxış edir. Sovet tədqiqatçıları hər hansı ideologiyanın, hətta ümumbəşəri məqsəd güdən ideologiyanın da mütləq "sinfi maraq güddüyünü" iddia edirdilər.
Ümummilli maraqlar ölkənin tarixindən (o nə qədər ziddiyyətli də olsa) təşəkkül tapmış mədəniyyətdən, ənənələrdən, dəyərlər sistemindən, siyasi və intellektual elitanın cəmiyyətindən ayrılmazdır.
Maraqlar ölkənin coğrafi vəziyyətini, onun ehtiyatlarla təminatını əhalinin milli, irqi strukturunu, daxili dövlət quruluşunu da özündə ehtiva etmişdir. Göründüyü kimi, buraya iqtisadiyyat da, mənəviyyat da, siyasət də daxildir.
Milli dövlət maraqları və ideologiyanın qarşılıqlı münasibətləri sahəsindəki problemlərin həllini tədqiqatçı siyasi elitanın milli dövlət maraqlarının obyektiv verilməsinə diqqət yetirməyi və onlarda müəyyən mənada ayrı-ayrı qrupları siyasi-ideoloji doktrinalarında xarici təzahürlərdə öz maraqlarını ayırmağı bacarmaqda görür.
Akademik Ramiz Mehdiyevin fikrincə, Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir ideyadır: "Azərbaycançılıq ideyalarının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir". Ulu Öndər Heydər Əliyev azərbaycançılığın milli ideologiyanın əsası kimi Azərbaycan gerçəkliyində bərqərar olmasında və inkişafında müstəsna xidməti olan dövlət başçısıdır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru