PDF Oxu

MİA

  • 83 809

Azərbaycan  idealı və Azərbaycan maarifçilik fəlsəfəsi

Azərbaycan idealı və Azərbaycan maarifçilik fəlsəfəsi

Ulu Öndər Heydər Əliyev yeni 2001-ci il münasibətilə Azərbaycan xalqına müraciətində

demişdir: "XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə, XIX əsrdə formalaşşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin - Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi.

Bu, bir həqiqətdir ki, XVIII əsr Qərbdə - İngiltərə, Fransa, Almaniya və digər ölkələrdə təşəkkül tapan maarifçilik fəlsəfəsi və ideologiyası ümumbəşəri fəlsəfi və ictimai-siyasi fikir tarixində xüsusi bir mərhələ olub. Feodalizmdən burjua sosial sisteminə keçidin qanunauyğunluqları ilə şərtləşən bu fəlsəfə və ideologiya yenicə yaranan və yüksəlməkdə olan burjuaziyanın dünyəvi və praktiki maraqlarına müvafiq olaraq yeni keyfiyyət xüsusiyyətləri kəsb etmiş, əqli-metafiziki düşüncələrdən, dini xurafatdan təmizləməklə, onun elmə va təcrübəyə daha çox arxalanmasını təmin etmək, ictimai tərəqqi yolundakı maneələri aradan qaldıraraq, onun inkişafını sürətləndirmək, insan azadlığına və hüquq bərabərliyinə nail olmaq kimi çox böyük və şərəfli vəzifələrin həllini öz qarşısında məqsəd qoymuşdu.

Həmin səbəblərə görə, XVIII əsrin sonu və XIX əsrin əvvəllərinda Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başladı. Qərb ölkələrinə və Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni şəraiti ilə bağlı olmuşdur. Belə ki, XVIII əsr Qərbdə və Rusiyada maarifçilik fəlsəfəsinin yaranması və inkişafının zəruri maddi və elmi-mədəni müqəddəm şərtləri kifayət dərəcədə yetişmişdisə, həmin dövrdə Azərbaycanın intellektual-maarifçilik mühitinin zəruri amilləri ancaq başlanğıc vəziyyətində idi.

Z.Əliyevanın fikrincə, Artıq XIX əsrdə, xüsusən də, onun ikinci yarısında Azərbaycanda burjua ictimai münasibətləri inkişaf edərək, feodal qaydalarını sıxışdırıb aradan qaldırmaq həddinə gəlib çatır. Bununla yanaşı, intellektual-maarifçilik mühitinin yaranması və yayılması üçün zəruri elmi biliklər də artıb çoxalır. Bu dövrdə ölkədə mədəni-mənəvi yüksəliş də diqqəti cəlb edir. Bunlar onu göstərir ki, Azərbaycanda intellektual - maarifçilik mühiti, necə deyərlər, "boş bir yerdə", zəmin olmayan bir məkanda yaranmayıb. Eyni zamanda, o, Azərbaycana ancaq Qərbdən və Rusiyadan köçürülmüş xalis kənar hadisə də deyildir. Çünki belə olsaydı, Azərbaycan maarifçiliyi Qərb və Rusiya maarifçiliyinin sadəcə təkrarı olardı. Hansı ölkədə və nə vaxt yaranmasından asılı olmayaraq, maarifçilik fəlsəfəsi və ideologiyasının mahiyyəti, əsas prinsipləri, məqsəd və vəzifələri əsasən eyni olur. Bununla yanaşı, onu da demək lazımdır ki, Azərbaycan maarifçiliyi Azərbaycan ictimai mühitində yarandığından və təkcə Qərbin və Rusiyanın deyil, həm də Şərqin mütərəqqi ideya-fəlsəfi ənənələrindən istifadə etdiyindən, o, özünəməxsus spesifik xüsusiyyətlər kəsb etmiş, orijinal inkişaf yolu tuta bilmişdir. Məhz buna görə də, Azərbaycan maarifçilik ideyaları Azərbaycan xalqının milli intibahına, mədəni tərəqqisinə güclü təsir göstərmişdir.

Azərbaycançılıq və azadlıq ideyalarının təşəkkülündə milli maarifçilik fəlsəfəsinin oynadığı rolu Mirzəbala Məmmədzadə belə xarakterizə etmişdir: "Azərbaycan milli xartiyasının xülasəsi istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən başlamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycan"a və "Yeni Qafqazya"yadək hər birinin olduqca böyük rolu və dəyərli rolu olmuşdur. Siyasi-ictimai fikirlərimizin tərəqqi və təkamül tarixini təşkil edən bu dövr bugünkü aydın və parlaq istiqlal məfkurəsinin təməlini təşkil edir. Hətta ən uzaq istiqlalımızı təyin etmək üçün belə keçirdiyimiz fikri-inkişaf tarixinə baxmaq və ondan milli hərəkatın ruh və mahiyyəti haqqında bir fikir almaq kifayət edər. O dövrün də özünəməxsus məfkurəsi, məfkurə uğrunda çəkişməsi, mübarizəsi, o dövrün də qəhrəmanları, məzlumları, şəhidləri və mücahidləri olmuşdur. Onların yorulmaq bilməyən çəkişmələri nəticəsindədir ki, bu gün biz minlərcə gənci ölümə sövq edən bir xartiya almışıq. Zənnimcə, Mirzə Fətəli və Həsənbəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal fikri, Azərbaycan milli xartiyası 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır... Özünün türkçülüyünü və azərbaycançılığını dərk etməyən bir xalq belə bir bəyannaməni 28 may İstiqlal Bəyannaməsini verə bilməzdi."

Ə.Daşdəmirov Azərbaycan ideyasının millətin ideyası kimi Azərbaycan maarifçilərinin son dövrləri və liberal-demokratik hərəkatın yeni yarandığı dövrlərin qovuşuğunda meydana gəldiyini göstərir. Müasir Azərbaycan mədəniyyətinin yaradıcıları onun əsasında şəxsiyyət azadlığı, humanizm, sosial ədalət ideallarının, dini fanatizmə, klerikalizmə qarşı mübarizənin durduğunu iddia edirdilər. Xalq dünyagörüşünü tam ifadə edən XIX-XX əsrlər Azərbaycan ədibiyyatı və incəsənətində aydın təcəssüm tapan ənənələr yaranırdı. Bu ənənələrdə xalq varlığının özünəməxsus fəlsəfi- ədalətli cəmiyyət quruculuğunun mənəvi axtarışlarının yolları və vasitələri güclü antifeodal, antiçar, antimüstəmləkə istiqamətlər birləşmişdi. Bu, maarifçilik ideologiyası və mədəniyyətinin, milli özünüdərkin, milli dirçəliş və tərəqqinin qovuşduğu ənənələr idi. Yeni mərhələdə müasir Azərbaycan mədəniyyətinin ruhi-mənəvi, sosial-fəlsəfi, ideya-estetik əsasları yaradılırdı.

A.Bakıxanovun azərbaycanşünaslıq sahəsində mühüm rol oynayan "Gülüstani-irəm" əsərindən özünün ilkin elmi-nəzəri ifadəsini tapmış Azərbaycan idealı müəyyən tarixi inkişaf zəminində tədrici təkamül yolunu keçərək formalaşmış, yeni-yeni məna və məzmun çalarları kəsb etmişdir. Bu yol M.F.Axundov və H.B.Zərdabi tərəfindən əsası qoyulmuş milli maarifçilikdən, "vətən, dil, millət" triadasını başlıca fəaliyyət istiqaməti kimi götürmüş "Molla Nəsrəddin"çilik ədəbi məktəbindən, inqilabi-demokratik "türkçülük, islamçılıq, müasirlik prinsiplərini rəhbər tutmuş "Füyuzatçı"lıq hərəkatından keçərək, milli istiqlalçılıq məfkurəsinin təşəkkülü və formalaşmasında mühüm rol oynamışdır.

Spesifik Azərbaycan şəraitində sosial tərəqqi ideyaları zəruri olaraq millətin mənəvi və milli tərəqqisinin inkişafına təkan verdi. Maarifçilərin fəaliyyəti etnobirləşdirici prosesləri, Azərbaycan dili, adət və ənənələrin inkişafını, doğma torpağa bağlılığı cəmiyyətdə marağı gücləndirirdi.

Etnik ideologiyalaşmanın əsas təzahürlərindən biri milli-müstəqillik, müstəqil dövlətin yaradılması (H.B.Zərdabi) ideyası, xalq demokratiyası prinsipləri əsasında Azərbaycanın azad siyasi həyatının reallaşması (M.F.Axundzadə) ideyası oldu. Zaman keçdikcə, Azərbaycan maarifçiliyi müxtəlif qollara və cərəyanlara bölünmüşdür. M.F.Axundzadə ilə başlayan maarifçilik inqilabi-demokratik məfkurə ilə qovuşmuşdu. Bu maarifçilik materializmə və idealizmə əsaslanırdı.

Ə.Həsənov maarifçiliyin bir neçə cərəyanını-ilkin, klassik demokratik cərəyanı (M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani, H.B.Vəzirov, Ə.Haqverdiyev, M.Şahtaxtlı, S.Mehmandarov, və s.) inqilabi-demokratik cərəyanı (C.Məmmədquluzadə, F.B.Köçərli, E.Sultanov S.M.Qənizadə, R.Əfəndiyev, M.Hadi, M.T.Sidqi) göstərir.

Tədqiqatçılar Azərbaycan maarifçiliyinin klassik və yeni formasının olduğunu qeyd edirlər. Klassik formada maarifçilik cərəyanının Azərbaycanda hələ orta əsrlərdə mövcudluğunu, onun Azərbaycanda və müsəlman Şərqində islam intibahının tərkib hissəsi kimi çıxış etdiyini, yeni dövr maarifçiliyinin isə XIX əsrdən başlandığını göstərirlər: "Maarifçiliyin mənbələrini bir tərəfdən orta əsrlərin zəngin mənəvi irsində, digər tərəfdən M.P.Vaqif və Q.B.Zakir realizmində axtarmaq lazım gəlir. Yeni dövrün maarifçiliyinin çox mühüm xüsusiyyətlərindən biri də onun xalqımızın milli idealı, milli hərəkatı ilə qırılmaz surətdə bağlı olması idi. Bu idealı müxtəlif cür həyata keçirməyə çalışdıqlarından, maarifçilikdə müxtəlif qollar və cərəyanlar yaranırdı. Orta əsrlər Azərbaycan maarifçiliyinin tarixi millətçilik və dilçilik hərəkatının yaranmasına zəmin yaradan yeni dövr Azərbaycan maarifçiliyi ideyaları isə bu ideyalarla birlikdə birinin digərinə nüfuz etməsi, çulğalaşması və qovuşması şəraitində yaranıb inkişaf etmişdir".

Azərbaycan mədəniyyətində mühüm yer tutan maarifçilik ideyaları və ədəbi-nəzəri ənənələr millətin təbii mənəvi mənbəyi və mənəvi özünümühafizəsi kimi meydana gəlmişdir. Azərbaycan maarifçilərinin irəli sürdükləri milli ideyalar etnotarixi mötəbərlik və etnomədəni mahiyyət kəsb etmişdir. Akademik Əfrand Daşdəmirov XIX əsr maarifçilərinin islam ideya-fəlsəfi və orta əsrlər Azərbaycan intibahının ədəbi- fəlsəfi ənənələrindən bəhrələndiyini xüsusi qeyd edir: "Artıq XIX əsr Azərbaycan intellektual elitası öz etnomədəni axtarışlarında mənəvi mənbə kimi, islam ideya-fəlsəfi ənənələrilə yanaşı, Azərbaycan intibahının Bəhmənyar, Nizami, Tusi, Nəsimi, Füzuli kimi nəhənglərinin fəlsəfi-mənəvi irsinə müraciət edirdilər. Bu adlardan hər biri öz dövrünün mənəvi həyatından, etnik çərçivəsindən kənara çıxan xüsusi bədii-estetik, ideya-mənəvi, fəlsəfi dünyanı özündə əks etdirir."

Tədqiqatçı Sona xanım Vəliyeva azərbaycançılıq ideyasının formalaşmasında maarifçilik fəlsəfəsinin mühüm rol oynadığını göstərir: "Azərbaycançılıq ideologiyasının ardıcıl və məqsədyönlü formalaşması prosesi elmi ədəbiyyatla XIX əsrdə təşəkkül və inkişaf tapan maarifçilik hərəkatına aid edilir. O dövrdə Çar Rusiyası Azərbaycanı öz inzibati idarəetmə sisteminə daxil edərək, "Azərbaycan" sözünü ümumən xalqın yaddaşından silməyə çalışırdı. Ayrı-ayrı quberniyalara, canişinliklərə, qəzalara bölünmüş Azərbaycan, bütövlükdə, Qafqaz və Zaqafqaziya məfhumları içərisində əridilmişdi. Maarifçilik hərəkatı xalqın bütün bu məhrumiyyətlərə müqavimət reaksiyası kimi meydana gələrək, tarixi yaddaşın itməməsi, ana dilinin, adət və ənənələrin qorunub-saxlanması, inkişafı, mənəviyyatın, milli dəyərlərin yaşadılması, bütövlükdə, milli şüurun oyanması və milli özünüdərk prosesinin güclənməsi üçün mühüm təkanverici rol oynamışdı."

Professor Qoşqar Əliyev də azərbaycançılığın maarifçilik fəlsəfəsi ilə bağlılığını qeyd edir: "Bu da, təbiidir ki, müasir müstəqil və azad vətən anlamı Avropada burjua inqilabları dövründə, xüsusilə, daha çox vüsət almışdır. Böyük Fransa inqilabının meydana gətirdiyi azadlıq ideyaları nəinki bütün Avropa mütəfəkkirlərini, hətta Avrasiya məkanında yaşayan maarifçi filəsəfləri, həmçinin, sağlam siyasi düşüncəli insanları da düşündürməyə başlamışdır. Azərbaycançılıq ideologiyasının nəzəri ideyalarının əsası, Azərbaycan dövlətçilik təliminin ilk təməli də məhz həmin dövrdə qoyulmuşdur. Məsələyə daha geniş yanaşaq, azərbaycançılıq ideologiyasının pozitiv ideyaların azərbaycanlıların məfkurəsinə yol tapması XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində formalaşmış maarifçiliklə bağlı olmuşdur.


VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər