Azərbaycan Xalq Cümhuriyyətinin dövründə azərbaycançılıq ideyasının gerçəkləşməsi sahəsində böyük işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətində keçirilən işlərə toxunaraq demişdir: Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər.
28 May Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi səciyyələndirdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlət başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğuladı.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını qeyd edən Prezident İlham Əliyev bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövrün də Azərbaycan üçün uğurlu olduğunu bildirdi.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu deyən Prezident İlham Əliyev 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini diqqətə çatdırdı.
Sona xanım Vəliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılığın gerçəkləşməsi sahəsində görülən işlərdən ətraflı bəhs etmişdir.
Azlıqda qalan millətlərin dillərinə də xüsusi diqqət verilirdi. 1918-ci ilin 7 sentyabrında "Milli azlıqlardan olan xalqların öz ana dilində təhsil alması haqqında" qanun imzalanmışdı. Qanunda göstərildiyinə görə, hər hansı muxtar vilayətdə orta təhsil o dildə aparılmalı idi ki, yerli əhali əksəriyyət təşkil edir. Bundan əlavə, xüsusi olaraq qeyd edilirdi ki, əgər bir məktəbdə azlıqda qalan xalqlardan olan tələbələr 40-a qədər olsa, təhsil onların dilində aparılmalıdır. 1919-cu il oktyabrın 1-dən Dağlıq Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradılmışdı. Burada ermənilərin maarif, mədəniyyət sahəsində öz müqəddəratlarını təyin etməsini əsaslandıran 13 maddəlik əsasnamə təsdiq edilmişdi. Hətta ayrı-ayrı şəxslərə öz hesabına xüsusi məktəblər açmaq imkanı yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin ifrat və şovinist millətçilik mövqeyində deyil, məhz mütərəqqi azərbaycançılıq mövqeyində durduğunu sübut edən başqa bir xüsus da o idi ki, ilk parlamentimizin tərkibində digər millətlərin nümayəndələri də fəal iştirak edirdilər. Bu və başqa faktlarla tanışlıq filosof R.Mehdiyevin belə bir fikrini bölüşmək üçün səmərəli material verir ki, "Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir".
Lakin bu, heç də o demək deyildi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri azərbaycançılığı mütərəqqi millətçilik və vətənçilik tərkibindən məhrum etmişdilər. Əksinə, Gəncə şəhərinin çarizm dövründəki adı ləğv edilərək, onun əsil adı özünə qaytarılmışdı. Eləcə də, digər yer adlarına düzəlişlər edildi. Şəhər və yer adlarının özünə qaytarılmasının mənəvi və tərbiyəvi əhəmiyyəti vardı.
Azərbaycançılığın inkişafı ilə sıx bağlı olan digər mühüm tədbirlər də həyata keçirilmişdi. 1919-cu ildə Bakıda "Müsəlman Şərqini öyrənən cəmiyyət" təsis edilmişdi. Xalqımızın qədim tarixini araşdırmaq məqsədi ilə 1920-ci ilin əvvəllərində Maarif Nazirliyində arxeologiya şöbəsi təsis edilmişdi. Bakıda Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamış, Teatr Xadimləri Cəmiyyəti, "Teatr üzrə Ədəbiyyat Komissiyası" kimi təşkilatlar yaradılmış, "Müsəlman mühərrir və ədiblər cəmiyyəti" tipli onlarla maarifi və milli mədəniyyəti təbliğ edən və yayan vətəndaş cəmiyyəti təsisatları fəaliyyətə başlamışdı. "Türk ocağı", "Nəşri-maarif", "Mədəni- maarif" kimi cəmiyyətlərin işi vüsət tapmışdı. Bakının baş memarı Zivər bəy Əhmədbəyovun təşəbbüsü ilə erməni vandallarının vəhşiliyi nəticəsində tamamilə dağıdılmış Şamaxı şəhərinin bərpa edilməsi məqsədi ilə "Yeni Şirvan Cəmiyyəti"nin, həmçinin, Bakının abadlaşdırılması üçün "Şəhər bağları Cəmiyyəti"nin təsis olunması, "İslam abidələrini sevənlər və qoruyanlar cəmiyyəti"nin yaradılması vətəndaş cəmiyyətinin vətənçilik ruhunda kökləndiyini göstərən bariz faktlardandır.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ictimai şüurun bütün sahələrində - elmdə, təhsildə, ədəbiyyatda, teatr, musiqi sahələrində milli ruhun güclənməsinə səbəb olmuşdu. Ədəbi həyatımızın Məhəmməd Hadi, Cəfər Cabbarlı, Əhməd Cavad, Əli Yusif, Almas Yıldırım, Əbdülvahab Yurdsevər, qardaş türk ədəbiyyatının nümayəndələri Rövşən Əşrəf, İbrahim Şakir, Arif Üryan və başqaları öz əsərləri ilə məhz azərbaycançılığın, milli şüurun formalaşması işində fəal iştirak edirdilər. Bu dövrdə şeirin mövzusu daha da konkretləşir, vətənin tərənnümü, milli istiqlalın tərənnümü güclənir. Əlbəttə, bu il illərin poeziyası eyni səviyyədə deyildir. Lakin ruh yüksəkliyi, vətənpərvərlik bu poeziyanın universal və başlıca cəhətidir.
Musiqi, publisistika və dramaturgiya sahələrində milli mədəniyyətimizin inkişafından danışarkən, böyük bəstəkarımız Ü.Hacıbəyovun xidmətlərini ayrıca qeyd etmək lazımdır. O, milli hökumətdə gedən proseslərin fəal iştirakçısı idi. Hələ əvvəlki illərdən bir peşəkar jurnalist kimi dövrü mətbuatımızda milli mədəniyyətimizin bu və digər sahələri haqqında məqalələr yazmış, "Tərəqqi", "Həqiqət", "Yeni İqbal" kimi qəzetlərin redaktoru olmuşdu. Lakin onun ən məhsuldar yaradıcılıq dövrü 1919-cu ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin (qəzet Azərbaycan və rus dillərində nəşr olunurdu, Üzeyir bəy Azərbaycan dilində çıxan qəzetin redaksiyasına rəhbərlik edirdi-S.V.) redaktoru olduğu illərə düşür. Bu qəzetin səhifələrində milli hökumətin gördüyü işlər, xüsusən, milli mədəniyyət məsələləri geniş işıqlandırılırdı. Qəzetin ətrafında milliyyətçi ruhlu ən parlaq yazarlar toplaşmışdılar. Bu illərdə C.Cabbarlının, S.Hüseynin, M.B.Məmmədzadənin, Əhməd Cəfəroğlunun, Hüseyn Baykaranın, Əliabbas Müznibin əsərləri, şeir və məqalələri milli şüurun dirçəlişinə, milli özünüdərkin dərinləşməsinə yardım etmişdir.
Sözlərimə yekun vuraraq, Sona xanım Vəliyeva yazır: "Beləliklə, milli dövlətçiliyin qorunması və möhkəmlənməsi yolunda demokratik xətt-hərəkət götürmüş Şərqdə ilk parlamentli respublika azərbaycançılıq ideologiyasının ictimai həyatın ən müxtəlif sferalarında yayılmasını özünün başlıca məramı səviyyəsində dərk edir və buna çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikasının qazandığı uğurlar haqqında ölkə Prezidenti cənab İlham Əliyev demişdir.
Dövlət başçısı 1993-2003-cü illərdə ölkəmizin böyük, uğurlu yol keçirdiyini vurğulayaraq xalqımızın Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla yad etdiyini bildirdi.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, regional müstəvidə təsir imkanlarının artdığını, iqtisadiyyatının inkişaf etdiyini vurğulayan dövlət başçısı digər sahələrdə də respublikamızın sürətlə inkişaf etdiyini dedi.
"Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir," - deyən Prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirdi. Qeyd etdi ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.
Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarşılıqlı hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışdığını deyən dövlət başçısı ölkəmizin bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam vardır və biz bu vəziyyətdən istifadə edib, daha da çox dostlar qazanacağıq.
Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq, Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik etdi.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru