PDF Oxu

MİA

  • 1 347

Azərbaycançılığın müasir tədqiqi: ümumi prinsiplərin təhlili

Azərbaycançılığın müasir tədqiqi: ümumi prinsiplərin təhlili

Azərbaycançılıq ideyalarının ümumi prinsiplərinin tədqiqində professor Mübariz Yusifovun xidmətləri var. O, özünün "Heydər Əliyev və azərbaycançılıq ideyası" və azərbaycançılıq əsərlərində azərbaycançılığı hərtərəfli araşdırmışdır. Müəllif göstərir ki, azərbaycançılıq ictimai şüur forması olmaq etibarı ilə tarixi bir kateqoriyadır. Azərbaycançılıq ideyaları özündə tarixiliyi və müasirliyi, ənənə və varisliyi, ictimai psixologiyanı və etnik təfəkkürü birləşdirir. Azərbaycançılıq tarixən ictimai şüur forması kimi mövcud olmuşdur. Müstəqil dövlətçilik şəraitində isə azərbaycançılıq mili şüur formasına çevrilir. Azərbaycançılıq ideyaları məhz tarixlə müasirliyin qovşağında izah edilir. Müəllif Ulu Öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi və mənimsədilməsi məqsədini qarşısına qoymuşdur. M.Yusifov milli ideyanın milli şüurla vəhdətdə olduğunu milli şüurun aşağıdakıları əhatə etdiyini göstərir:

1. Milli mədəniyyət

2. Milli etnik - əxlaqi normalar

3. İctimai birlik və həmrəylik

4. Dövlətçilik və onun atributlarına ehtiram

5. Vətənpərvərlik

6. Milli-mənəvi dəyərlərin bəşəri dəyərlərlə qovuşdurulması

Müəllif qeyd edir ki, milli şüurun formalaşması üçün müstəqil dövlətçilik amili mühüm və vacib şərtdir. Milli şüur kimi formalaşan azərbaycançılıq anlayışı barədəki başlıca fikir və mülahizələr də məhz respublikamızda müstəqil dövlətçiliyin bərqərar olunduğu dövrdən sonra meydana gəlmişdir. Ancaq azərbaycanşünaslıq anlayışı barədə əvvəllər də müəyyən fikir və mülahizələr irəli sürülmüşdür. Azərbaycançılıq ideyaları isə bilavasitə Azərbaycan cəmiyyətinin yarandığı dövrlərlə səsləşir. Bu, o deməkdir ki, milli düşüncə formasındakı azərbaycançılıq ideyaları zaman-zaman yaranmışdır. Müstəqil dövlətçilik mərhələsində isə bu ideyalar yetkin səviyyəyə çataraq milli şüura çevrilir.

Milli azərbaycançılıq şüurunun yetkinləşməsi mərhələsinin araşdırılması, təhlil olunması, onun daxili məzmununun öyrənilməsi, aydınlaşdırılması milli ideologiyanın mənimsənilməsi baxımından mühüm ideologiyanın mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq anlayışını məzmun baxımından çox yüksək qiymətləndirir. Heydər Əliyev göstərir ki, "Azərbaycan dövlətinin milli ideologiyasının özəyi, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissəsidir".

Göründüyü kimi, burada azərbaycançılıq milli dövlətçilik ideologiyasının bəzəyi, təməli, əsası kimi qiymətləndirilir. Eyni zamanda, dövlətçilik, milli dəyərlər, ümumbəşəri dəyərlər kimi qlobal məsələlər azərbaycançılığın tərkib hissələri kimi verilir. Bu mənada, azərbaycançılığın geniş tədqiqinə və xüsusən, müasir dövrdə onun mənimsənilməsinə, təbliğinə və tətbiqinə böyük ehtiyac olduğu özünü göstərir. Azərbaycançılıq anlayışı qlobal məsələləri əhatə etdiyi üçün, əlbəttə ki, sosioloqlar, politoloqlar, tədqiqatçılar, xüsusən də, ideyaca müxtəlif baxışlara malik olan şəxslər onu ayrı prizmalardan şərh edə bilərlər. Lakin nəzərə aldıqda ki, azərbaycançılıq ictimai təfəkkürlə, ictimai şüurla, milli-mənəvi dəyərlərlə və ən əsası müstəqil dövlətçiliklə bağlı bir anlayışdır, onda bu anlayışın şərh olunmasında ən düzgün istiqamət kimi Heydər Əliyev konsepsiyasına əsaslanmalıdır.

Azərbaycançılıq anlayışı milli ideya anlayışı və dövlətçiliklə bağlıdır. M.Yunusov azərbaycançılıqla türkçülüyü qarışdıranları tənqid edərək yazır: Azərbaycançılıq anlayışı ilə türkçülüyü qarışdıranlar, əlbəttə ki, tarixiliklə müasirlik arasındakı əlaqə və münasibətləri unudaraq yaddan çıxarırlar. Tarixən türk xalqlarının vahid bir dövlət qurumuna daxil olmaları barədə bu və ya digər mənbələrdən məlumat almaq mümkündür. Məsələn, "Kitabi Dədə Qorqud"dakı 24 qəbilə - tayfa birliyi, 24 tayfada birləşən Səlcuq hakimiyyətinin mövcudluğu, Səlcuqun nəvəsi Toğrul bəyin 1038-ci ildə özünü sultan elan etməsi ilə Şərqdə böyük Səlcuq imperiyasının yaranması (1038-1157) və s. digər tarixi gerçəkliklər türklərin vahid dövlətdə birləşməsini təsdiq edən reallıqlardan ibarətdir. Digər tərəfdən, türk xalqlarının Şimaldan Cənuba, Şərqdən Qərbə tarixi yayımları onların böyük bir imperiya daxilində mövcud olduqlarını təsdiq edən faktlardır. Lakin indi zaman bizi həmin tarixi mərhələdən xeyli uzaqlaşdırmışdır. Türk xalqları indi ərazi cəhətdən, dövlətçilik qurumu baxımından, etnopsixoloji cəhətdən, dil normaları baxımından diferensiallaşmışdır. Hər bir xalqın özünə məxsus milli-etnik ənənələri yaranmışdır. Buna görə də, məsələn, qazax dilində, mədəniyyətində, məişətində, sosial-iqtisadi həyatında, əlbəttə ki, qırğız, qaraqalpaq, Altay, özbək, türkmən, tatar, çuvaş, kumık, noqay, qaraçay, balkar, qaqauz xalqlarından fərqlənən fərdi cəhətlər meydana gəlmişdir. Eləcə də, Azərbaycan xalqına məxsus etnik prosesləri millilik baxımından başqa türk xalqları ilə tam eyniləşdirmək mümkün deyildir. Odur ki, türkçülük ideyasını Azərbaycan həyatına tətbiq etməklə bağlı olan ideyalar həqiqə mənada romantizmdən, xəyalpərəstlikdən başqa bir şey deyildir.

Başqa bir tərəfdən, "türkçülük" ideyasının Azərbaycan ideologiyasına tətbiqi Azərbaycan etnosunu ölkə ərazisində yaşayan başqa etnik təbəqədən ayırmaq deməkdir. Halbuki Azərbaycan xalqı minilliklər boyu, əsrlər boyu ölkə ərazisində məskun olan bir çox etnik təbəqənin qaynayıb-qarışması və qovuşması nəticəsində yaranmışdır. Bu etnik proseslərdə yaxınlaşma və birləşmə elə bir vüsət təşkil etmişdir ki, onların inteqrasiyası vahid bir Azərbaycan millətinin təşəkkülünü meydana gətirmişdir.

Müasir dövrdə də Azərbaycan xalqı dedikdə, məhz Azərbaycan ərazisində məskun olan etnik təbəqənin inteqrasiyası prosesinin nəticəsi başa düşülür. Artıq həmin proses çoxdan yetişib sona çatmışdır. Türkçülük ideyasının yeniləşdirilməsi isə müstəqil dövlətçilik mərhələsində milli birliyin, mütəşəkilliyin və ictimai həmrəyliyin pozulmasına, eləcə də, dövlətçiliyin möhkəmlənməsində sosial əngəllərin və lüzumsuz problemlərin meydana gəlməsinə gətirib çıxarır. Türkçülük ideyası, əslində, türk xalqlarının etnik birliyini təcəssüm etdirən ictimai təfəkkürün vəhdəti və varisliyi mənasında başa düşülməlidir. Ona görə də, azərbaycançılığı milli şüur kimi qəbul ediriksə, onu milli ideyanın təməli kimi qiymətləndiririksə, deməli, bütövlükdə, dövlətçiliyin vəhdətini qəbul etmiş oluruq. Çünki dövlətçilik xalqdan və millətdən ayrı deyil, millətin və xalqın bütövlüyünün, vəhdətinin təminatçısıdır. Müəllif düzgün olaraq azərbaycançılığın dövlətçiliklə vəhdətdə olduğunu göstərir: "Azərbaycançılıq ideyaları müstəqil dövlətçilik mərhələsində milli xarakter daşıdığı üçün onu dövlətçilikdən ayrı təsəvvür etmək olmaz. Nəzərə almaq lazımdır ki, milli ideyalar məhz dövlətçiliklə qorunur. Dövlətçilik olmadan milli ideyaları qoruyub saxlamaq və davam etdirmək, onu milli şüura çevirmək mümkün deyildir. Dövlətçiliyin inkişafı milli ideyaların, azərbaycançılıq dünyagörüşünün daim inkişafına və zənginləşməsinə səbəb olur. Odur ki, müstəqil dövlətçiliyimiz çiçəkləndikcə, onun iqtisadi qüdrəti artıqca xırda millətçilik hissinə çevrilən və eyni zamanda, fantastik aləmə aparıb çıxaran "türkçülük" ideyasının öz mənasını itirəcəyi də reallığa çevriləcəkdir. Ancaq azərbaycançılıq dünyagörüşünü aydınlaşdırarkən, "türkçülük" ideyasının nə demək olduğunu və bu ideyanın kimlər üçün gərəkli olduğunu da açıb göstərmək vacib məsələlərdəndir".

M.Yusifov azərbaycançılıq şüurunun, azərbaycançılıq obrazının, ümumiyyətlə, azərbaycançılığın inkişafında Ulu Öndər Heydər Əliyev, onun layiqli siyasi varisi cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın mühüm rollarını da qeyd edir: "Heydər Əliyevin parlaq azərbaycanlı obrazında cəsarətlilik, təşəbbüskarlıq, yorulmazlıq, mərdlik, dəyanətlilik, uzaqgörənlik, hadisələri qabaqlamaq məharəti, dövlətə, xalqa sədaqət, milli mənafeyin uca tutmaq kimi keyfiyyətlər ümumiləşmişdir. Eyni zamanda, Heydər Əliyevin şəxsiyyətində milli-mənəvi dəyərlərlə bəşəri dəyərlər qovuşmuşdur. Heydər Əliyev şəxsiyyəti bu mənada nəsillərə nümunə obrazını formalaşdırmışdır.

Məhz Heydər Əliyev kimi böyük insanların şəxsiyyətində yaranmış obraza görə Azərbaycan xalqının milli-mənəvi dəyərləri bəşər mədəniyyətinin bir tərkib hissəsinə çevrilir. Beləliklə, müasir dövrdə milli-mənəvi dəyərləri özündə birləşdirən azərbaycanlı obrazı bəşər mədəniyyətinin ən yaxşı ənənələrini mənimsəməklə öz şəxsiyyətinin bütövlüyünü və tamlığını nümayiş etdirməyə qadir olur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsrimizin lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi diplomatik fəaliyyətində yeni uğurlar qazanmaqla, regionda sülhün və ictimai sabitliyin qorunmasına təminat yaratmaqla Azərbaycanın nüfuzunu qaldırır, öz şəxsiyyətinin nümunəsində azərbaycanlı obrazının şərəfini ucaldır.

Azərbaycan milli mədəniyyətinin və Azərbaycan milli ideologiyasının təbliği və tətbiqi sahəsində bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməralı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çox böyük əməyi, zəhməti və xidmətləri vardır".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər