PDF Oxu

MİA

  • 10 857

Milli dövlətçilik ideyası: yaranması və inkişafı

Milli dövlətçilik ideyası: yaranması və inkişafı

Milli dövlətçilik ideyası yeni dövrdə Avropada yaranmış və gerçəkləşmişdir. Bu proses XX əsrin sonlarında da davam edərək, postsovet məkanında yeni-yeni milli dövlətlərin yaranmasına səbəb olmuşdur. Tədqiqatçı İ.Ağayev "Milli dövlətçilik ideyası - milli maraqların təminatı kimi" məqaləsində yazır: "Məlum məsələdir ki, "Milli dövlət" ideyası Avropada meydana gəlmişdir. Milli dövlət ideyasının ortaya atılması, əslində, dövlətin sinfi xarakterini inkar etmək, vahid dövlət sərhədləri daxilində yaşayan bir və ya bir neçə etnosun, xalq və ya millətin bir amal uğrunda mübarizə aparmalarını təşkil etmək, sinfi mübarizəni, münaqişə və qarşıdurmanı aradan qaldırmaq kimi nəcib məqsədlər güdmüşdür. Qədim filosoflar demişkən, sülh yaratmaq məqsədilə uydurulmuş yalan söz, müharibə törətmək məqsədilə söylənilmiş doğru sözdən daha yaxşıdır. Müasir Avropa dövlətlərinin əksəriyyəti artıq milli dövlət ideyasını tamamilə mənimsəmiş və keçən əsrdəki inqilablar və qarşıdurmalar mərhələsini, demək olar ki, arxada qoyub gəlmişlər. İndi S.S.Sanisteban "Siyasət elminin əsasları" əsərində yazır ki, milli dövlətin əsas funksiyaları idarə etmədən və əlaqələndiricilikdən (bunu o, barışdırıcılıq funksiyası da adlandırır) ibarətdir.

Dövlət öz daxili və xarici funksiyalarında artıq başqalarını əzmək deyil, onların ümumi rifah halını yüksəltmək yolu "ümumi rifah dövlətinin" yaradılmasına doğru getməlidir. Bu baxımdan, müasir Qərb ölkələrində geniş yayılmış və bizim hazırkı keçid dövrümüz üçün də maraqlı ola biləcək "milli dövlət" konsepsiyasını göstərmək olar.

Vaqif Abdullayev "Millət ideyası" əsərində yazır ki, millətin iradəsi isə daha çox qanunda təcəssümünü tapır. Onun yerinə yetirilməsini təmin etmək üçün isə təminatlar sistemi yaratmaq lazımdır. Görkəmli mütəfəkkir Monteskyenin bu sözlərini də qeyd etmək yerinə düşərdi. "Əgər yer üzündə ünsiyyətli xasiyyətə malik, qəlbi açıq, həyatsevər, zövqlü, səlis düşünən, həmişə hövsələsiz, özü də bütün bunlarla yanaşı, həmişə xeyirxahlıqda cəsarətli olan, məğrur millət olsaydı, o, heç də bu keyfiyyətləri qanunla məhdudlaşdırmazdı, çünki onda bu, yaxşılığı, məziyyəti məhdudlaşdırmış olardı". Lakin real həyatda bütün bunlar mümkün olmadığından, milli ideya daha konkret formalar kəsb edir. Milli suverenliyin qanunverici və inzibati idarəsi millət və dövlət anlayışlarını bir-biri ilə əlaqələndirir. Bir çox tədqiqatçılar bu əlaqəni bir aksioma kimi qəbul etmişlər. Məsələn, J.Şevalyenin "Siyasi fikir tarixi" (1984) əsərində belə bir fikir irəli sürülür: "dövlət yalnız millət olan yerdə mövcud ola bilər". Başqa bir mənbədə "Avropanın millət məkanı" (1987) nəşrində Sürrato adlı müəllif isə yazır: "dövlət, əslində, hüquqi təşkil olunmuş millətdir". Müasir fransız gerçəkliyinin nəzərə alınması baxımından deyilmiş bu sözlər alman filosofu Hegelin fikri ilə həmahəng səslənir. O özünün "Hüquq fəlsəfəsi" əsərində yazırdı: "Xalq suverenliyi haqqında, o mənada danışmaq olar ki, xalq, ümumiyyətlə, xarici aləmə münasibətlə müstəqildir və öz dövlətini qurur... dövlətə suverenlik xasdır". Mahiyyətcə millət və dövlət anlayışlarının eyniləşdirilməsi Fransa və digər ölkələr üçün bir ideya kimi təkcə böyük siyasət üçün deyil, həm də filoloji elm üçün də xarakterikdir. Təsadüfi deyildir ki, bir çox müəssisələrin adında bizim daha çox alışdığımız "dövlət" adı əvəzinə, "milli" sözü də işlədilir. Fransız siyasi fikri üçün bunun fərqi yoxdur. Məsələn, bu məmləkətdə milli arxivlər, kitabxanalar, muzeylər, xəzinə, hətta bizim üçün qəribə səslənən milli jandarmeriya da mövcuddur.

Bunlar, şübhəsiz ki, real idarəçilik sistemini tamamilə əks etdirməsə də, hər halda, cəmiyyətdə millətə pərəstişin mövcudluğunu parlaq sübut edir. Yuxarıda dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, inqilab dövründən başlayaraq, millət konsepsiyası siyasi orqanizm kimi, bütün cəmiyyətin mənafeyi naminə, demokratik cəmiyyətin ilkin səbəbi və bəraəti kimi inkişaf etməyə və formalaşmağa başlamışdır. Dövrünə görə bu, çox qabaqcıl addım olmuş, üstəlik də, aktuallığını itirməmişdir. Bir əsrdən çox keçəndən sonra Lefevr demişdir: "Əgər insanların 1789 və 1793-cü illərdə müəyyənləşdirdiyi milləti, əraziyə görə, hətta dilə görə müəyyənləşən millət deyil, vətəndaşların ümumiliyi ilə müəyyənləşən milləti meydana gətirsək, görəsən nə olar? Bu, indi kollektiv aclığı keçirən və yenidən öz həyatının çılğın və gənclik mənasını əldə etmiş xalqı cəlb edən böyük entuziazm olardı". Təsadüfi deyil ki, millət anlayışının köhnə əsrdə yaranmasına baxmayaraq, o, inqilabdan sonra, əsasən, sol partiyaların şüarına çevrilmişdir. Tədqiqatçı T.V.Tulçinskaya haqlı olaraq, qeyd edir ki, millət ideyası yeni rejim uğrunda mübarizədə metoda çevrilmişdir. Çünki bu rejimi qurulduğu gündən qorumaq lazım idi və həm də daxili birliyə meyil olmalı idi. Daxili birliyin sifətləri isə müxtəlif ola bilər. Bu, ona görə baş verdi ki, milli suverenliyin bölünməzliyi ideyası demokratik siyasi plüralizm ideyası ilə məntiqi ziddiyyətə girmişdi. Məsələ burasındadır ki, inqilab illərində təmsilçilik, yaxud nümayəndəlik ideyası azlıqların hüquqlarına riayət etməklə çoxluğun iradəsini yerinə yetirmək kimi deyil, milləti hökumətin özbaşınalığından müdafiə etmək mənasında başa düşülürdü.

Z.B.Göyalp "Türkçülüyün əsasları" kitabında türkçülüyü üç qismə bölür. 1. Türkiyəçilik; 2. Oğuzçuluq və türkmənçilik; 3. Turançılıq. Göründüyü kimi, Z.B.Göyalp türklərin dövlət mənafelərini daha üstün tutaraq, birinci yerə türkçülüyü deyil, türkiyəçiliyi qoyur. Bu ideyalar sonradan kamalizmin təməl daşını təşkil etdi. Kamalizm ölkənin rəsmi ideologiyasi kimi qəbul olunanda, (1936-ci il) etatizm (dövlətçilik) birinci, türkçülük isə ikinci prinsip kimi qəbul olundu. M.K.Atatürk pantürkizmə laqeyd idi. O bilirdi ki, bu ideyalar gənc və yeni müstəqil Türkiyə üçün qəbulolunmazdır. Ona görə də M.K.Atatürkü, ilk növbədə, Türkiyənin istiqlaliyyəti məsələsi maraqlandırırdı. Bizim respublikada da bu məsələ Türkiyə ilə analogiya təşkil edə bilər. Biz də birinci yerə öz milli mənafeyimizi, dövlətçilik ənənələrimizi, dövlət sərhədləri daxilində milli inkişafımızın və xalqın birliyinin təmin olunmasını qoymalıyıq.

İ.Ağayev daha sonra yazır ki, milli dövlət - millətin müstəqil yaşamaq ehtiyaclarından yaranır. Ona görə də millət deyərkən, ölkənin heç də ayrı-ayrı adamları, fərdləri, ayrı-ayrı şəxsiyyətləri, klan və tayfaları, etnik birlikləri deyil, bütövlükdə, əhalisi, ümumi xalqı nəzərdə tutulur. Bu mənada, Azərbaycan millətini respublikada yaşayan aborigen xalqların vəhdəti kimi başa düşmək tələb olunur. Azərbaycanda ayrı-ayrı xalqlar (türk, talış, avar, ləzgi, tat, kürd, udi, xınalıq, lak, tabasaran və b. onlarla etnosların rəngarəngliyi) məskundur. Lakin əsrlər boyu müxtəlif sosial-siyasi, iqtisadi-mədəni proseslər nəticəsində onlar bir-biri ilə qaynayıb-qarışmış, qohum olmuş (qarışıq nikahlar və s. nəticədə eyni iqtisadi zonada, eyni dövlət sərhədləri daxilində, eyni mədəniyyət ünsürləri zəminində vahid xalq halına düşmüşlər. Azərbaycan dili bu prosesdə inteqrativ rol oynamış, onların hamısını birləşdirən ünsiyyət vasitəsi rolunu yerinə yetirmişdir. Özünün milli-mənəvi sərvətləri ilə başqalarından fərqlənən yeni bir tarixi birliyə nail olmuşuq.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov "Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi" məqaləsində yazır: "Azərbaycanda dövlətçilik ənənələrinin qədim tarixi vardır. Lakin bu tarix dəfələrlə qırılmış və yenidən bərpa olunmuşdur. Bu gün onun vahid, bütöv proses kimi təsəvvür olunması çox çətindir. Lakin Azərbaycan ərazisindəki qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da və nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti və hətta Azərbaycan Sovet Sosialist Respublikası da milli dövlətçiliyin ayrı-ayrı müstəqil məqamları və təzahürləri olmaqla yanaşı, həm də vahid, böyük bir tarixi prosesin hissələridir. Əlbəttə, təəssüf ki, bu böyük tarixi proses heç də bütöv, kəsilməz bir hadisə deyildir. Lakin ayrı-ayrı tarixi hadisələrin sadəcə toplusu da deyildir. Bu tarixi hadisələr, tarixin müxtəlif dövrlərində yaranmış və müəyyən müddət ərzində fəaliyyət göstərmiş müstəqil dövlət qurumları arasında bilavasitə tarixi varislik olmasa da, mədəni-mənəvi varislik mövcuddur ki, bunlar da dövlətçiliyin nisbi kəsilməz mənzərəsini yaratmağa və dövlətçilik ənənələrinin nə vaxtsa güclənən və nə vaxtsa arxa plana keçən, lakin həmişə real və ya virtual formada yaşamaqda davam edən bütöv proses kimi dəyərləndirilməsinə imkan verir.

Bu gün Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi uğurla davam etdirildiyi bir şəraitdə qarşıda həm də tarixin bərpa olunması, onun bütövlüyünün təmin olunması kimi məsul bir vəzifə də durur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması, dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb, həm də tarixi şüurumuzun bərpa olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tariximizə qatılması sahəsində də məqsədyönlü iş aparır. Onun tərəfindən dəfələrlə nümayiş etdirilən tariximizə xüsusi diqqət və həssas münasibət sadəcə olaraq tarixin bir milli-mənəvi sərvət kimi qorunması təşəbbüsü deyildir. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürüdür.

Heydər Əliyevi dinləyərkən, onun əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır.

Heydər Əliyev nədən başlayıb nəyə doğru getmək lazım olduğunu çox gözəl bilir. Onun yolu təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi və mədəni-mənəvi müstəvidə istiqlal yoludur.

Çağdaş həyat ancaq öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin öz makrostrukturu, yalnız böyük miqyaslarda üzə çıxan qanunauyğunluğu vardır ki, bunlar heç vaxt nəzərdən qaçırılmamalıdır. Vaxtilə baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayaraq, müasir həyatın strukturuna bir rüşeym və bir fon kimi daxil olur və onu istiqamətləndirir. "Tarix heç nəyi silmir", "tariximiz bizim üçün dərs olmalıdır", - deyir Heydər Əliyev. Lakin o, bununla heç də yalnız tarixi öyrənməyi və hafizələrdə yaşatmağı nəzərdə tutmur. O, tarixin, həm də məhz çağdaş proseslərin iştirakçısı kimi nəzərə alınmasını tövsiyə edir, yeni dövrün tarixini yaradarkən də, onu həmişə böyük tarixin kontekstinə uyğunlaşdırmağa çalışır.


Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər