PDF Oxu

MİA

  • 34 713

Dövlət - tarixi inkişafın məhsulu kimi

image

Cəmiyyətin siyasi sistemində dövlət və dövlətçilik əsas yer tutur. Dövlət və dövlətçilik mürəkkəb fenomen olduğundan, siyasi-fəlsəfi nəzəriyyələrdə dövlətin mahiyyəti və tarixi formaları haqqında yekdil konsepsiya mövcud deyildir. Dövlətlərin yaranması prosesi hələ də davam etməkdədir. XX əsrin sonlarında postsovet məkanında milli suveren, müstəqil dövlətlər sırasında Azərbaycan Respublikası da öz müstəqilliyini bərpa etdi.

Ulu Öndər Heydər Əliyev "Dünya azərbaycanlılarına müraciəti"ndə demişdir: "XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmış Azərbaycan xalqı əsrin sonunda müstəqilliyini bərpa edərək, öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Bu gün müstəqil Azərbaycan dünya birliyinin, beynəlxalq və regional təşkilatların tamhüquqlu üzvü və təmsilçisidir. Ölkəmizdə hüquqi dövlət, demokratik və azad vətəndaş cəmiyyəti qurulmuşdur. Respublikamız ictimai-siyasi birliyin, vətəndaş həmrəyliyinin və sabit iqtisadi tərəqqinin təmin edilməsində bir çox başqa ölkələrə nümunə ola biləcək nailiyyətlər qazanmışdır.

Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının həmrəyliyinin əsası və güclü dayağıdır. Bu həmrəyliyin qayəsini təşkil edən azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları məhz müstəqil dövlətimizin yaranması ilə inkişaf etmiş, şüurlarda özünə möhkəm yer tutmuş, soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir.

Azərbaycan Respublikası indi dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının əsas daşıyıcısıdır, müxtəlif vaxtlarda tarixi vətənimizdən uzaq düşmüş soydaşlarımızın milli şüurunun güclənməsinin başlıca mənbəyidir. Dövlətimiz bu gün xaricdə yaşayan azərbaycanlıların insan və vətəndaş hüquqlarının müdafiəçisi və qarantı rolunda çıxış edir".

Professor H.Şirəliyev və F.Abbasov "Politologiya" əsərində göstərirlər ki, dövlət məsələsində hamı tərəfindən qəbul olunmuş cəhət bundan ibarətdir ki, o, əbədi mövcud olmamış, yalnız tarixi inkişafın gedişində meydana gəlmişdir. Buradan çıxış edərək, lap qədim dövrlərdən başlayaraq, siyasi konsepsiyaların cavab verməyə çalışdığı ilk sual dövlətin nə zaman və necə meydana gəlməsi olmuşdur.

Qeyd etmək lazımdır ki, "dövlət" anlayışının özü siyasi nəzəriyyələrdə və adi şüurda hazırkı mənasına daha yaxın bir mənada XVII əsrdən möhkəmlənməyə başlamışdır.

Əlbəttə, dövlətin mövcud olması çox qədimdən insanlara bəlli olmuş və onlar onu müxtəlif anlayışlarla (polis, imperiya, krallıq, knyazlıq və s.) ifadə etmişlər. Qədim yunanlar üçün bütün ictimai həyat siyasi həyat, yaxud polis həyatı idi. Bununla belə, bizim hazırda anladığımız mənada, dövlət və onu ifadə edən anlayışlar orada yox idi. Platon "Dövlət" əsərində dövlətin yaranmasını ictimai əmək bölgüsünün inkişafı və müxtəlif əhali qruplarının: sənətkarların və əkinçilərin, döyüşçülərin və dövləti idarə edənlərin (filosofların) meydana gəlməsi ilə bağlayırdı.

Xristian və islam dinləri dövləti ilahi iradənin təcəssümü və təzahürü hesab edirlər. Fransız maarifçiləri və yeni dövr materialistlərinin inamına görə dövlət nə vaxtsa və kimlərinsə tərəfindən imzalanmış "ictimai müqavilənin" məhsuludur.

Azərbaycan xalqının siyasi fikir tarixində dövlət nəzəriyyəsinin banilərindən biri olan N.Tusi Avropa maarifçilərindən hələ xeyli əvvəl belə bir qənaətə gəlmişdi ki, dövlət insanların könüllü ittifaqı əsasında yaranmışdır və ona görə də onların birliyindən, siyasi cəmiyyətdən başqa bir şey deyildir.

Hegel dövləti zəkanın inikası və gerçəklikdə əxlaqi ideyanın təcəssümü hesab edirdi. Marksizmin banilərindən olan F.Engels özünün "Ailənin, xüsusi mülkiyyətin, dövlətin mənşəyi" əsərində dövləti "cəmiyyətin məhsulu" kimi səciyyələndirərək yazır: "Beləliklə, dövlət heç də cəmiyyətə kənardan qəbul etdirilmiş bir qüvvə deyildir. Həmçinin, dövlət heç də Hegelin iddia etdiyi "mənəvi ideyanın gerçəkliyi", "zəkanın surəti və gerçəkliyi" deyildir. Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur; dövlət bunun etiraf edilməsidir ki, həmin cəmiyyət öz-özü ilə həll edilməz ziddiyyət içərisində dolaşıb qalmış, elə barışmaz əksliklərə parçalanmışdır ki, bunlardan xilas olmaqda acizdir. Bu əksliklərin, bir-birinə zidd iqtisadi mənafeyi olan siniflərin bir-birini və cəmiyyəti səmərəsiz mübarizədə yeyib udmaması üçün, görünür, cəmiyyətdən yüksəkdə duran bir qüvvə, toqquşmanı zəiflədən, onu "qayda" çərçivəsində saxlayan bir qüvvə zəruri oldu. Cəmiyyətdən doğmuş olan, lakin özünü ondan yüksəkdə tutan, özünü getdikcə daha artıq dərəcədə ondan ayıran bu qüvvə məhz dövlətdir".

Siyasi nəzəriyyəçilərin fikrincə, F.Engels adıçəkilən əsərin girişində ictimai istehsalın iki növündən bəhs edir. 1) həyatın özünün istehsalı; 2) istehsal vasitələrinin istehsalı. O yazırdı ki, ictimai qaydalar istehsalın hər iki növü ilə şərtlənir. Bununla belə, əvvəla Engelsin özü bu məsələdə, necə deyərlər, "dərinə getmir", kitabın əsas mətnində, xüsusilə, dövlətin yaranmasından söhbət gedərkən, həmin cəhəti arxa plana keçirir və sanki "unudur". Digər tərəfdən, sonralar Stalin belə hesab edirdi ki, həmin məsələdə Engels Maltusa güzəştə getmişdir. Bunu əsas tutan sovet alimləri isə, öz növbəsində, ümumiyyətlə, həmin məsələnin üzərindən sükutla keçmiş və bu zaman dünya elminin nailiyyətlərinin fərqinə varmamışlar. (Nəticədə, bizim etnoqrafiya elmimiz L.Morqanın "Qədim cəmiyyət" əsərindən irəli gedə bilməmişdir).

XX əsrin əvvəllərində Qərbdə artıq gözəl bilirdilər ki, marksizmin həmin sxemi heç də dünyanın bütün regionları üçün özünü doğrultmur. Fransız sosioloqları və etnoqrafları M.Moss (1872-1950) və K.Levi-Stross (1908) struktur təhlil əsasında cəmiyyətin inkişafına təsir edən total amilləri üzə çıxartdılar. Afrikanın geridə qalmış bir sıra qəbilələrində apardıqları müşahidələr əsasında onlar sübut etdilər ki, həmin regionda dövlətin əmələ gəlməsi prosesi tamamilə fərqli olmuşdur. Onlar müəyyən etdilər ki, həmin qəbilələrdə nə xüsusi mülkiyyət, nə də siniflər olmadığı halda, dövlətə oxşayan xüsusi bir təsisat artıq formalaşmışdır. Onlar belə bir qənaətə gəldilər ki, geridə qalmış qəbilələrdə dövlətin meydana gəlməsi ictimai istehsalın bir növü olan həyatın özünün istehsalı gedişində baş verən əsaslı dəyişikliklərlə əlaqədar olmuşdur.

Müasir politologiyada dövlətin mənşəyi ilə bağlı daha bir nöqteyi-nəzər də mövcuddur. Onun tərəfdarları dövlətin yaranmasında ictimai əmək bölgüsünün müəyyənedici rolunu əsas kimi götürürlər. Onların fikrincə, dünyanın bəzi regionlarında (xüsusilə, Qədim Şərqdə) ictimai əmək bölgüsünün gedişində idarəetmə fuiksiyaları tədricən spesifik, imtiyazlı məşğələ növü kimi ayrılmışdır. Nəticədə, icmanın əvvəllər ictimai cəhətdən bərabərhüquqlu üzvlərinin fövqündə duran adamlar qrupundan ibarət kütləvi hakimiyyət yaranır. Həmin qrup qəbilə aristokratiyasından və rəhbərin ətrafında toplaşan adamlardan ibarət idi. İdarəetmə ilə məşğul olan həmin adamların getdikcə artan müstəqilliyi, hələ dövlət strukturları yaranmazdan xeyli əvvəl icma üzvlərindən onların ayrılmasına və müstəqilləşməsinə gətirib çıxarmışdır. İstehsal vasitələrinin mənimsənilməsi və xüsusi mülkiyyət salınması isə bundan çox sonra baş vermişdir.

Dövlətə tarixi inkişafın məhsulu kimi baxan polyak alimi Yeji Vyatr onun yaranması prosesinin aşağıdakı modifikasiyalarda baş verdiyini göstərir:

1. Klassik yol - icmanın öz xarakterinə görə sosial, sinfi dəyişiklikləri, xaricdən heç bir təsir olmadan daxili ziddiyyətlərin kəskinləşməsi (antik yunan dövləti bu yolla yaranmışdır);

2. Dövlət quruluşunun təşəkkül tapmasının mövcud olan əsaslarına artıq mütəşəkkil dövlət quruluşu olan xalqın hücum etməsi də əlavə olunur (məsələn, bolqarların Balkan slavyan torpaqlarına basqın etməsi və Bolqar dövlətinin yaranması; XIII əsrdə səlibçilərin Pribaltikaya hücumu və feodal Livoniyası dövlətinin yaranması);

3. Daxili müqəddəm şərtlərin artıq yetişdiyi bir vaxtda, dövlətin yaranmasını sürətləndirən real hücum təhlükəsi (Bizansın hücum təhlükəsi qarşısında Kiyev Rus dövlətinin yaranması);

4. Dövlət quruluşu olan cəmiyyətlərlə, dövlət ideyası ilə ünsiyyət saxlamaq, qonşu dövlətlərin təcrübəsi (Qərbi Avropa regionuna Romanın təsiri buna gözəl misaldır).

Sonrakı taleyindən və cəmiyyətdə oynadığı rolundan asılı olmayaraq, hər halda, dövlətin yaranması böyük bir kompromis oldu. H.Şirəliyev və F.Abbasov dövlətin inkişaf mərhələləri haqqında yazırlar: "Bizim ənənəvi biliklərimizlə müqayisədə, dövlət nəzəriyyəsinin maraqlı problemlərindən biri onun inkişaf mərhələlərinin müəyyən edilməsidir. Məlumdur ki, bu məsələni marksizm ictimai-iqtisadi formasiyalar haqqında təlimə əsasən izah edir və buna uyğun olaraq, quldar, burjua və sosialist dövlət tiplərini bir-birindən fərqləndirirdi. Bunu əsas tutan sovet elmi dövlətin tarixi tipləri haqqında marksizm-leninizm təlimini onilliklər ərzində dünyanın ayrı-ayrı ölkələrinin nümunəsində şərh etməklə məşğul olmuşdur. Şübhəsiz, bu zaman, müəyyən çətinliklər və anlaşılmazlıqlar ortaya çıxırdı. Belə ki, məsələn, həmin sxem Asiyanın ölkələrinə tətbiq edildikdə, çox zaman ziddiyyət yaranırdı. Belə ki, Asiya istehsal üsulunun və ictimai əmək bölgüsünün əsasında meydana gəlmiş dövlətlərin fəaliyyət göstərdiyi Asiya ölkələrində, tutaq ki, quldarlıq quruluşunun əlamətləri axtarıldıqda, həmin müddəa özünü doğrultmurdu. Buna baxmayaraq, marksizm-leninizmin həmin müddəası bütün dünya ölkələri üçün yeganə düzgün metodoloji müddəa kimi izah olunurdu.

Tarix artıq çoxdan sübut etmişdir ki, dövlətin inkişaf mərhələlərini ictimai-iqtisadi formasiyalara əsasən təsnif etmək elmi cəhətdən düzgün hesab oluna bilməz. Almaniyanın Münhen şəhərinin "Piper" nəşriyyatında 1989-cu ildə çapdan çıxmış "Siyasi lüğət"də müasir konstitusiyalı dövlətin inkişaf mərhələlərinə həsr olunmuş icmal-cədvəli oxucuların nəzərinə çatdırırıq.

İcmal-cədvəldən göründüyü kimi, müasir konstitusiyalı dövlət vətəndaş müharibələrinin iştirakçıları olan konfessional partiyaların qarşısının alınması və tərksilah edilməsi, "qanuniləşdirilmiş fiziki zor" vasitələrini (M.Veber) inhisara almaq və onları dövlətin əlində cəmləşdirmək yolu ilə suveren dövlət quruluşunun yaradılması ilə eyni vaxtda meydana gəlmişdir. Bu birinci mərhələdə dövlət məhz dövlət kimi təşəkkül tapır.

Müasir konstitusiyalı dövlətin inkişaf mərhələləri aşağıdakılardır:

1. "Sülh": dövlət suverenliyi, fiziki zorun qanuni vasitələrinin dövlət tərəfindən inhisara alınması.

2. "Azadlıq": konstitusiyalı dövlət, insan hüquqları və özgəninkiləşdirilməmiş əsas hüquqlar, hakimiyyətin bölünməsi, parlament əksəriyyəti prinsipi.

3. "Bərabərlik": hüquqi dövlət, siyasi demokratiya, ümumi və bərabər seçki hüququ, parlament nümayəndəliyi, xalq suverenliyi, partiyaların əməkdaşlığı.

4. "Qardaşlıq", "Ətraf mühit" ekoloji etibarlılıq: sosial dövlət, müasir ümumi rifah dövləti konstitusiya hüquqları kimi heyvanat aləminin, məskunluq və həyat mühitinin müdafiəsi, etika üzrə komissiyalar, texniki akademiyaların təsis edilməsi.


Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər