"İslam dini dostluq dinidir" – Prezident İlham Əliyev
Din Yaradanın insanlara məsləhət gördüyü yaşam tərzi və mənəvi qaydalar toplusudur. Tanrı insanların bu qaydalara əməl edərək maddi və ruhi dünyada həqiqi səadətə yetişməsini istəyir. Din insanları qardaşlığa, səmimiyyətə və birləşməyə çağırır. Çox təəssüf ki, əksər dövrlərdə və bir çox ölkələrdə dindən siyasi məqsədlərlə istifadə cəhdləri olub və bu da son nəticədə özü ilə çoxsaylı problemlər gətirib. Bir sıra ölkələr isə artıq bu acı tarixi təcrübənin təkrarlanmaması üçün dinin siyasiləşməməsi, onun öz həqiqi missiyasını yerinə yetirməsi üçün xüsusi yanaşma ortaya qoyurlar. Azərbaycan da belə ölkələrdəndir.
Hazırda dünyada 8 milyard insan yaşayır ki, bunun da təxminən 1,5 milyard nəfərini müsəlmanlar təşkil edir. Dünyada 50-dən artıq müsəlman ölkəsi var ki, Azərbaycan bu sıraya daxildir. Azərbaycan dindarlarının əksəriyyəti müsəlmanlardır. Xalqımız ta qədimlərdən Yaradana sadiq, dini qayda və ayinlərə bağlı olub, hər zaman mənəvi dəyərlərə hörmət bəsləyib. Sovet dövründə dini qaydalara əməl etməklə bağlı məhdudiyyətlərə baxmayaraq, xalqımız öz dini-mənəvi dəyərlərini qoruyub saxlayıb.
Artıq 35 ildir ki, Azərbaycan özünün müstəqilliyini bərpa edib. Tarix üçün çox kiçik olan bu müddətdə ölkəmiz keçmiş SSRİ-yə daxil olan respublikalarla müqayisədə iqtisadi və siyasi cəhətdən müqayisə olunmaz dərəcədə yüksək sürətlə inkişaf edib. Azərbaycan artıq müasir dünyanın, bütün mütərəqqi beynəlxalq təşkilatların həqiqi üzvüdür. Ölkəmizdə bütün dini icmalar azad şəkildə fəaliyyət göstərir. Söz azadlığı, mənəvi dəyərlərin qorunması təmin edilib. Son vaxtları dini mövzularda yazanlarımızın sayı da çoxalıb. Dini inancı və yazdığı yazılara görə insanlar heç bir təzyiqlərə məruz qalmırlar. İnsanlarımız öz inandığı dinə rahat şəkildə xidmət edir və məbədlərə gedirlər. Ölkədə bir çox köhnə məscidlər, kilsələr, sinaqoqlar, məbədlər bərpa olunub. Xeyli sayda yeniləri tikilib. Ziyarətgahlar abadlaşdırılaraq dindarların ixtiyarına verilib.
Müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli müdrik siyasətçi, ulu öndərimiz Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. İndi Azərbaycanda çox az yaşayış məntəqəsi tapılar ki, orada hansısa bir məbəd olmasın. Ölkədə bütün dini icmalar sərbəst və azad fəaliyyət göstərir.
Əlbəttə, bütün sahələrdə olduğu kimi, dini sahədə də müəyyən problemlər mövcuddur. Lakin insanlarımız dini qaydalar və müasir həyatın tələblərini uyğunlaşdıraraq öz həyatlarını düzgün yaşamağa çalışırlar.
Lakin dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yarana bilər. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb ola bilər. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.
Azərbaycanda mövcud olan dini təriqətlərin sərbəst fəaliyyət göstərməsindən sui-istifadə etmə halları var. Azərbaycana qarşı düşmən mövqedə olan xarici ölkələrin xüsusi xidmət orqanları, bəzi terror təşkilatları öz çirkin niyyətlərini həyata keçirmək üçün dini təriqətlərdən istifadə etməyə çalışırlar. Lakin təhlükəsizlik orqanlarımız bu cəhdlərin qarşısını alır və ölkədə ictimai sabitliyi və təhlükəsizliyi təmin edirlər.

İslam dininin təbliği və dini ayinlərin həyata keçirilməsi ilə məşğul olan ruhanilərin- din xadimlərinin savadlılığı artdıqca islam dininin düzgün təbliğ olunması, insanların dini inanclarının mövhumatla əvəz olunmaması üçün yaxşı bir baza meydana gəlir. Dini icmalarda yüksək təhsilli ruhanilərin yetişməsi və ictimai tədbirlərdə, məclislərdə dini qaydalar haqda insanlara düzgün məlumat verilməsi cəmiyyətdə dinin əsl mahiyyəti haqda daha doğru məlumatların formalaşmasına gətirib çıxarır.
Təhsil müəssisələrində müxtəlif dinlərin yaranma tarixi və təşəkkül tapması bu dinlərdə insani əxlaqi dəyərlər haqqında məlumatların verilməsi nəticəsində gənclərin dini baxışları düzgün əsasda formalaşır.
Azərbaycanda dini təhsilə də böyük önəm verilir. Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər. Bütün bunlar qəti fikir söyləməyə əsas verir ki, Azərbaycanda savadlı ilahiyyatçılar yetişməkdədir.
21 iyun 2001-ci il tarixdə Prezident Heydər Əliyevin 512 nömrəli fərmanı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Keçən 25 illik bir dövrdə bu komitə bu sahədə sağlam mühitin formalaşması üçün çox böyük işlər görüb. Azərbaycan dövləti dini icmalara xüsusi qayğı göstərir, onlara rahat fəaliyyət üçün hər cür imkanlar yaradır. Minlərlə dini məbəd dövlət hesabına tikilib və ya təmir olunub. Din xadimləri dövlətdən hər cür dəstək görürlər. Mütamadi olaraq dini konfessiyalar arasında görüşlər, konfranslar, müxtəlif tədbirlər keçirilir ki, bu da ölkədə dini tolerantlığı möhkəmləndirir. Ökədə dini konfessiyalar arasında sağlam münasibət və dini tolerantlıq hökm sürür. Dinlər arasında sülh və əmin-amanlıq mövcuddur. Lakin unutmamalıyıq ki, Azərbaycanda bu münasibətlərin qorunub saxlanması təkcə bir dövlət komitəsinin yox, hər bir vətəndaşın borcudur.
Din təkcə mənəvi həyat tərzi deyil, həm də fiziki cəhətdən sağlam cəmiyyətin formalaşmasına xidmət edən bir faktordur. Müasir dövrün ən böyük bəlalarından biri olan narkomaniya və mənəvi düşkünlüyü aradan qaldırmaq üçün dini təbliğ edən insanlar mənəvi və əxlaqi dəyərlərdən geniş söhbət açmalı, insanları maarifləndirməlidirlər. Bu məqsədlə, əsasən, gənclər arasında düzgün dini təbliğata, araşdırma və tövsiyəyələrə daha çox ehtiyac duyulur. Getdikcə bu sahədə daha sağlam mühit formalaşır.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və digər aidiyyatı dövlət orqanları əlaqəli fəaliyyət göstərməklə, zərərli təriqətlərin fəaliyyətinin yoxlanılmasını, həmçinin zərərli ədəbiyyatların vaxtında aşkar edilməsi, Dövlət Komitəsinin rəhbərliyi altında dini fəaliyyətlə məşğul olan ruhanilərin hazırlıq səviyyəsinin (təhsil, savad, bilik və bacarığın) yoxlanması və fəaliyyətin daimi nəzarətdə saxlanmasını təmin edir. Bu zaman dini fəaliyyətlə məşğul olan ruhanilərin də sosial məsuliyyəti də vacib əhəmiyyət qazanır. Onların əsas fəaliyyət sferası səmimiyyətə və düzgünlüyə kökləməkdir və son vaxtlar bu işin öhdəsindən daha yaxşı gəlirlər.

Dövlət və cəmiyyət arasında səmimi münasibətlərin davamlı olması üçün din faktorundan düzgün istifadə edilməlidir. Bunun ən yaxşı nümunəsini isə Azərbaycan dövləti və cəmiyyəti arasında olan münasibətlərdə görmək olar.
Dövlətimizin başçısı, Prezident İlham Əliyev də bununla bağlı ən yüksək səviyyədə siyasi iradə ortaya qoyub və bu istiqamətdə çox böyük işlər həyata keçirib. Məhz bu səbəbdən Azərbaycan İslam dünyasında, müsəlman ölkələri araında çox böyük nüfuza malikdir. Həm də təkcə islam dünyasında yox, bütün dünyada ölkəmiz dini tolerantlığın ən yüksək səviyyədə olduğu azsaylı ölkələrdən biri kimi tanınır.
"İslam dini dostluq dinidir" deyən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətini də bu prinsip üzərində qurub, bütün ölkələrlə sağlam dostluq münasibətləri əsasında. Məhz bu səbəbdən dövlət başçımız nüfuzlu mükafatlara layiq görülür. Elə bu yaxınlarda Azərbaycan Prezidentinə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu. Bu, bir daha Azərbaycan dövlətinin və onun rəhbəri İlham Əliyevin bu sahədəki siyasətinə verilən beynəlxalq səviyyəli növbəti qiymət idi.
Azərbaycan liderinin xalqımızın, ölkəmizin inkişaf mərhələsi haqda bu sözləri isə dövlətin bu sahədəki mənəvi konsepsiyasını özündə ehtiva edir- “Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli-mənəvi dəyərləri əsasında inkişaf edəcəkdir”.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb