PDF Oxu

MİA

  • 117 969

Qədim Azərbaycan Manna dövləti hökmdarlarının adları

image

Yuxarıda adları çəkilən tədqiqatçılar Manna dövlətinin hökmdarları haqqında ətraflı məlumat vermişlər. Azərbaycan tədqiqatçısı Q.Qeybullayev qeyd edir ki, yuxarıda haqqında danışılan toponimlər və şəxs adları Manna ərazisindədir. Lakin o vaxt hələ Manna adı çəkilmədiyinə görə, tədqiqatçılar onları lulubelərə və kutilərə aid edirlər. Aşağıdakı şəxs adları da Manna ərazisindədir və ona görə biz bu adları şərti olaraq mannalara aid edirik.

Ameka (er. əv. 881-880-ci il). iranşünaslar bu adı fars dil qrupuna aid edirlər. Əslində, bu ad türkcə amaq, omaq - "qıvraq", "xoş təbiətli", "cəld", "yaxşı əhval-ruhiyyəli" sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il) Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqa şəxs adları ilə müqayisə olurdu. Türk dillərində m-b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak şəxs adları ilə müqayisə olunur.

Musasin (er. əv. 881-880-ci il). Şumercə mu - "mənim", sa, za - "ürək" və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır. Bu şəxs adı təxminən "Sin (allahı) mənim ürəyimdir" mənasını verir. "Sin" komponenti Şumer-Akkad çarlarından Şusin (er. əv. 2037-2029), İbisin (er. əv. 2028-2004,), Ramsin (er. əv. 1822-1763) və b. çarların adlarında vardır. Bu komponent Elamda Varadsin (er. əv. 1834-1823) və Rimsin (er. əv. 1822-1763) çar adlarında da iştirak edir.

Ümumi fikir belədir ki, Şumerin Suen adlı Ay allahı vardı. Bu Allah adı türk şumerlərdən semit mənşəli akkadlara da keçmişdir. Er. əv. III minillikdə Akkad çarlarının bəzilərinin adlarında "Suen" sözü vardı (Bur-Suen, İbbi-Suen, Narım-Suen və b.). Şumerlərdə Amar Suen çar adı "Suen (allahının) beçəsi, balası" mənasında idi. İ.M.Dyakonova görə, sonralar Suen allahının adı akkadlarda "Sin" formasını kəsb etmişdir. Mannada Musasin, Erisin və Şarein çar adlarında "sin" komponentlərinin mənşəyi belədir. Güman ki, mannalarda da bu allaha sitayiş vardı və ona görə valideyn uşağa ad qoyduqda "Sin" sözündən istifadə edirdi.

Manna və Midiyada şəxs adlarının Şumer dilindən olması diqqətəlayiq məsələdir. Bunun səbəbini aydınlaşdırmaq çətindir: ya qədim mannalar və madaylar (yaxud onların müəyyən hissəsi) mənşəcə sonrakı şumerlərdir, ya da Altay-Türk mənşəli şumercə hesab etdiyimiz sözlər mannaların və madayların da dillərində vardı.

Araştua (er. əv. 881-880-ci il). Q.A.Melikişvili bu adı Qafqaz mənşəli saymış, lakin mənasını açmamışdır. E.A.Qrantovski bu adın, əslində, Arşi-tavah formasında olduğunu söyləmiş, sonralar da Rşa-tavah şəklinə salmış və onun İran dillərində "Ayı, yaxud ayğır gücünə malik olan" mənasını verdiyini yazmışdır.

Əslində isə, ad şumer dilində eriş "bağışladı" "bəxşiş verdi" və Utu (Günəş Allahı) sözlərindən ibarət teofor addır və "Utu allahının (ata-anaya) bəxşişi" mənasındadır.

Kirtiara (er. əv. 881-880-ci il). Q.A.Melikişvili, İ.M.Dyakonov və İ.H.Əliyev bu adı "yerli adlar" sırasına salmışlar. E.A.Qrantovski isə onu qədim hind dilindəki kritua - "yararlı", Avesta dilində kərəta - "qayırma", "düzəltmə" sözləri ilə izah etmiş və adın "fəaliyyət göstərən", "işgüzar" mənasını verdiyini yazmışdır. Lulubelərdə Kiur allahının adından və şumercə di - "tikən", ara - "qul" sözlərindən. Ad "Kiur (allahının) tikən qulu" mənasındadır.

Ata (er. əv. 881-880-ci il). V.İ.Abayev skiflərdə er. əv. IV əsrdə Atey şəxs adını izah edərkən bu adı da paralel gətirmiş və hər ikisini osetin dilində ədə - "ata", "baba" sözü hesab etmişdir. Lakin osetin dilindəki "ədə" sözünün özü türk mənşəlidir. Türkcə ata - "ulu əcdad", "ulu", "müqəddəs sələf" sözündəndir. Hələ şumerlərdə Aldani - "onun atası" (yazılmış sami mənşəli akkad dilindədir), erkən orta əsrlərdə uyğurlarda Atay-Sili xaqan, 776-cı ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının "Müğənna" ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və s. şəxs adları ilə müqayisə olunur. Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş addır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı "ata" sözü də bununla əlaqədardır.

Sabini (er. əv. 881-880-ci il). "Yerli adlar" sırasına aid edildiyinə görə, indiyədək mənası aydınlaşdırılmamışdır. Ehtimal ki, akkadca sabu - "doyunca" "bəs qədəri" və şumercə ni - "verir", "mükafatlandırır", yaxud ni - "mənim" sözlərindən ibarətdir. "(Allah) mükafatlandırır, yaxud "qədəri (allahın)" mənasındadır.

Kakia (er. əv. 859-cu il). Er. əv. 520-ci ilə aid bir mənbədə Midi ada Kaki adlı şəxs qeyd olunur. E.A.Qrantovski bu adları İran mənşəli saymış və əfqan dilindəki kaka, qaqa sözü ilə bağlamışdır, bilməmişdir ki, ümumiyyətlə, İran dillərinin heç birində "qaqa" sözü yoxdur və əfqan dilində də bu söz türk mənşəlidir. Şumercə kiak (a) - "sevimli" sözündən ola bilər. Türkcə qaqa "böyük qardaş" deməkdir və bu söz hunlarda Aq-Kaqa, oğuzlarda Əmir Kakaş adlarında əksini tapmışdır.

Kundaşp (er. əv. 854-cü il). İ.M.Dyakonov bu adda farsca əsb - "at" sözünün əks olunduğunu söyləmişdir. Bu fikri E.A.Qrantovski də bəyənmişdir. Qədim türkcə qun - "knyaz", yaxud gün - "günəş ziyası", daş - "həmrəy", "yoldaş" (qardaş, yoldaş, sirdaş sözlərində olduğu kimi) və - bi, pi - "başçı", "knyaz" "şahzadə" sözlərindəndir. "Oğuznamə"də Gün xan, skiflərdə Qnur (yazılışı yunancadır, qun və türkcə uri - "övlad", "varis", "oğul" sözlərindən), "Kitabi Dədə Qorqud"da Qonur (əslində, Qunur kimi oxunmalıdır) Qoca, oğuzlarda XII əsrdə Gün-Toqdı, qazaxlarda Kun-sulu, başqırdlarda Kunpılu (gün kimi gözəl) qadın adları ilə müqayisə olunur.

Kuştaşpi (er. əv. 742-ci il). Türkcə kuş (quş), daş və "pi" sözlərindəndir. Türklərdə şəxs adlarında "kuş" sözü adətən qartal, alıcı quş, şahin mənalarındadır: Kuş-təqin (Xarəzm hakimi, XIII əsr) və b. Ehtimal ki, Anqa quşu (bu quşun adı klassik ədəbiyyatımızda tez-tez çəkilir) nəzərdə tutulur.

Buriyaş (er. əv. 843-cü il). Mənbədə Yanzi-Buriaş kimi qeyd olunur. Yuxarıda biz kaslarda "hakim" mənasında yanzi sözünün türkcə olduğunu açmışıq. Mənbədə göstərilir ki, Yanzi-Buriaş Şurdir qalasının hakimidir. Bu çarın adı türkcə börü - "canavar", "qurd" və eş - "kimi" sözlərindəndir. Bu adın Buri və aş komponentlərindən ibarət olması onunla təsdiqlənir ki, türk-monqollarda Buri şəxs adı vardı. Məsələn, Çingiz xanın nəvələrindən biri Buri adlanırdı. Albaniyada V əsrdə Pyorik (yazılışı ermənicədir), XII əsrdə oğuzlarda Qok-Bori, XIII əsrdə Xorasanda Burabaş şəxs adları ilə müqayisə olunur (Altayda türklərin bayrağı qızıl qurd başından ibarət idi - Şulusun (er. əv. 828-ci il). Şumercə şuluh - "təmizlənmiş", "saflanmış" (məsələn, şumercə Şuluh-bi-uru "məbəd - şəhərin saflaşmasıdır") və şunu "onların" sözlərindən. Belə olduqda ad "Onların (yəni allahların) "saflamasıdır (təmizləməsidir)" mənasını verir.

Dada (er. əv. 820-ci il). E.A.Qrantovski bu şəxs adını fars dilindəki dadən - "vermiş", "törənmiş" feli ilə bağlayır. Türkcə dədə - "ustad", "ağsaqqal" sözündəndir (məsələn, Dədə Qorqud, Dədə Ələsgər və s). Erkən orta əsrlərdə uyğurlarda Daday, V əsrdə Mərkəzi Asiyada Cucan xaqanı Datan, türk runi yazılarındakı Dad şəxs adları ilə müqayisə olunur. Şah İsmayıl Xətainin köməkçisi, qızılbaş bəylərindən birinin adı Dədə bəy (yaxud Əbdüləli bəy Dədə), XVI əsrdə Şirvan hakimi Arasxanın oğlunun adı Dədə xan idi. Er. əv. VI əsrin 20-ci illərində Midiyada da Dataş şəxs adı məlumdur.

Nikdiar (er. əv. 821-ci il). Manna hökmdarı Şarsinin atasının adı. Şumer allahı Enki adından, şumercə du - "yaxşı" və ara (ərə) - "qul" sözlərindən ibarətdir. "Enki (allahının) yaxşı qulu", ya da şumercə ni (k) "şey", "mülkiyyət", di - "tikmək" və ara - "qul" sözlərindən ibarət teofor ad olub "(Allaha) şey (bina, məbəd) tikən qul" mənasındadır.

Paruşta (er. əv. 820-ci il). İranmənşəli ad sayılır və qədim hind dilində purahsta - "durmaq" sözü ilə əlaqələndirilir. Şumercə par - "işıqlandı", "parıldadı" sözündəndir.

Udaki (er. əv. 828-ci il). Ehtimal ki, ad şumer dilində Utu - "Günəş allahı" və ku - "qismət", "pay" sözlərindən ibarət olmaqla "Utu allahının (verdiyi) pay" mənasındadır. Şumer dilində ku sözü, həm də "mən" mənasında olduğuna görə ad "Mənim Utu (allahım)" kimi də izah oluna bilər. Bəlkə də bu ad şumercə atah-ku - "kömək edən qüvvə" sözündəndir.

Erisin (er. əv. 719-cu il). İ.H.Əliyev bu sözü hürrit mənşəli ad sayır. Şumer dilində ere - "qul" (İ.M.Dyakonova görə, mənşəcə akkad dilinə mənsub bu söz er. əv. 3000-2800-ci illər arasında şumer dilinə keçmişdir) və Sin (Allahın adı) sözlərindən ibarətdir. Ad "Sin (allahının) qulu" mənasındadır. Şumercə Bursin "Sin allahının uşağı" şəxs adı ilə müqayisə edilə bilər. Adı başqa cür də izah etmək olar. Türkcə ər "(monqolca ərə) - "kişi", "igid", "döyüşçü" və oxşarlıq, bənzərlik bildirən sin, şin sözlərindəndir. Uyğur xaqanının xanı Buku-Çin, XIII əsrdə monqollarda Ərkəsin (türkcə ərk - "iradə", "güc", "qüdrət", yaxud ərkə - "mehriban", "riqqətli", "lətif və sin sözlərindən); Türkmənistanda monqol canişini Sankli-Sin adları ilə eynidir. Ad "igid təki", "döyüşçü kimi" mənalarındadır. Y.B.Yusifov eyni sözlərə əsaslanaraq adı "cəsur ər" kimi mənalandırır.

Şarsin (er. əv. 821-ci il). Bizimlə şifahi söhbətində Y.B.Yusifov bu adı "Sarışın", "Sarımtıl adam" kimi izah etmişdir. Lakin bu fikir az inandırıcıdır. Bizcə, bu şəxs adındakı "Şar" komponentinin şumerlərdə Şar allahının (Umma şəhərinin allahı), (bu sözü Şumer dilindəki şar "dairə", "yumru" sözü ilə qarışdırmaq olmaz. Azərbaycan dilindəki şar - "yumru", "dairəvi" sözü ilə şumercə şar sözünün eyni mənalılığı diqqəti cəlb edir), yaxud akkad mənşəli Sar - "çar" sözü ilə müqayisə olunması mümkündür. Bu adın "Şar" sözü Urartunun Sardur şəxs adındakı "Sar" sözü ilə eynidir (Sar və şumercə tur "oğul" sözlərindən). Adın "Sin" komponenti də şumer-akkad mənşəli Sin - "Ay allahı" sözü ola bilər və bütünlükdə Şarsin (yaxud Sarsin) "Sin (allahı) - çardır" mənasını verir.

Telusin (er. əv. 729-cu il). Y.B.Yusifov bu adı Altayda erkən orta əsrlərdə Tele tayfasının adı ilə bağlamış və onu "Tele (tayfasının) adamı", kimi mənalandırmışdır. Bizcə, bu ad qədim türkcə telu - "qoçaq", "cəsur" (azərbaycanca "dəli", məsələn "Kitabi Dədə Qorqud"da Dəli Qarcar) və Sin (allah) sözlərindəndir. Bəlkə də bu adın birinci komponenti türk dillərindəki tuluy - "çalağan quşu", "alıcı quşu" ("Kitabi Dədə Qorqud"da tulu - "qırğı") sözündəndir. VI əsrdə Altayda türk xaqanı İbn Tulu, VII əsrdə türk bolqarların xanı Dulu (Tulu), VII əsrdə Altayda Şibi xaqanın oğlu Tuli, Çingiz xanın oğlu Tuluy adları ilə müqayisə olunur.

Axşeri (er. əv. VII əsr). İranmənşəli ad sayılmış və qədim fars dilindəki hşaya - "hökmranlıq" ("şah" sözü də buradandır) sözü ilə əlaqələndirilmişdir. Türkcə akiş - "bir yerə yığış", "dəstə", "toplantı" və ər - "kişi", "igid", "döyüşçü" sözlərindəndir. Axşeri - "dəstənin əri" yaxud "igid dəstə başçısı" mənasını verir. Bəlkə də şumercə akeş - "onun ucbatından", "onun xatirinə" və ərə - "qul" sözlərindəndir. Teofor adlardan olmaqla "(Allahın) xatirinə qul" mənasındadır.

İranzu (er. əv. 716-cı il). Bu ad iki cür izah oluna bilər: 1) türkcə ər - "kişi", "igid" və kas dilindəki yanzi - "çar", "hakim" sözlərindən; 2) türkcə ərən - "cəsur", "mərd" sözü (ərən "döyüşçü" sözü Şumer dilində də vardı) və şumercə zu - "müdrik" sözlərindən ibarət olmaqla "müdrik ərən" mənasındadır.

Ullusun (İranzunun oğlu). Bu şəxs adında "l" səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs asur dilində qoşalaşmayıbsa, onda "ullu" komponenti qədim türkcə ulla - "hörmət olunan", "hörmətlə yanaşılan", "sayılan" sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə "l" səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) - "məğrur", "vüqarlı", "qüvvətli" və sun - "keşikçi", "nəzarətçi" sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq, VIII əsrdə qırğızlarda Əren-Uluq xaqan, Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur.

Y.B.Yusifov adı türkcə ulu - "böyük, əzəmətli" sözü əsasında "Böyük adam" kimi izah edərək, onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir.

Aza (er. əv. 719-cu il). İ.H.Əliyev bu adı hürrit-mənşəli sayır. E.A.Qrantovskiyə görə, İran dillərində az - "aparmaq" (Azərbaycan dilində "azdırmaq" felində bu söz vardır) sözündəndir. Əslində, sonundan "y" səsinin düşməsilə bu ad türkmənşəli Asay, (türkcə as - "iltifat", "nəvaziş", "ağıl", "zəka", "dərrakə" sözündən və ay şəkilçisindən) adı ilə eynidir. V əsrdə Alban çarı Asay, erkən orta əsrlərdə xakasların xaqanı Ajo uyğur xaqanlarından Aço, oğuzlarda Azak şəxs adları ilə müqayisə olunur.

Larkutla (er. əv. 672). Şumercə la - "çatışmır", ora - "qul" və Utu (Allah adı) sözlərindən ibarət olub "Utu (allahına) qul çatışmır" mənasındadır.

Er. əv. 593-cü ildə Manna Midiya dövlətinə birləşdirilir. Ona görə də sonrakı əsrlərdə mannalıların şəxs adları mənbələrdə Midiya adları kimi gedir.

Yuxarıda gətirdiyimiz faktlara əsasən, biz mannaların hürritdilli, yaxud Qafqazdilli olması fikrini rədd edirik. E.A.Qrantovski yazır ki, "Mannanın mərkəzində əsas rolu görünür, "əski yerli əhali oynayırdı". Göründüyü kimi, bu qədim yerli etnos türkmənşəli idi.


Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər