Qədim Azərbaycanın öyrənilməsi üçün yazılı mənbələrlə yanaşı, xalq yaradıcılığı, rəvayətlər və dastanlar da mövcuddur. Abdulla Fazili göstərir ki, Hekateyin məlumatlarından parçalar qədim müəlliflərin əsərlərində qalmaqdadır. Skiflərin, kimmerlərin Əhəməni dövlətinin satraplıqlarına olan yürüşləri, müklər, kaspilər, utilər və başqa tayfalar haqqında olan məlumatlara "tarixin atası" Herodotun (e.ə. 484-425) əsərində rast gəlmək olur.
Atropatena haqqında ilk dəfə ətraflı məlumat verən Strabon (e.ə. I eramızın I əsri) olmuşdur. Strabon Atropatenanın sərhədləri, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qonşuları, adət və ənənələri barədə məlumat vermişdir. Şübhəsiz, Strabon Midiya haqqında özündən əvvəl yazanların məlumatlarına da biganə qalmamışdır. Strabon Antoninin Atropatenaya hücumu zamanı onunla bu müharibədə iştirak etmiş dostları Apollonid və Delliyə istinad etmişdir.
İOSİF FLAVİ Roma-Parfiya münasibətlərindən bəhs etdikdə Midiya və Albaniyaya aid məsələlərə də toxunmuşdur. Məşhur Roma tarixçisi Korneli Tatsit (55-117) "Tarix" və başqa əsərlərində Roma-Parfiya münasibətlərindən, Qafqazdan, Albaniya, İberiya və Ermənistan haqqında ətraflı məlumat vermişdir. Tatsitin əsərləri eramızın I əsrində baş vermiş siyasi hadisələri əhatə edir.
Atropatena tarixi haqqında (eramızın I-II əsrləri) məlumat verən görkəmli tarixçilərdən biri də Plutarxdır. Plutarx Antoninin Atropatenaya olan hücumu haqqında ətraflı məlumat verir. Roma sərkədəsi Krassın parfiyanlar tərəfindən məğlubiyyətə uğradılması və s. barədə ətraflı danışır. Onun məlumatına görə, romalılarda olan cəza tədbiri həyata keçirilsə də (hər 10 nəfər əskərdən birinin öldürülməsi), bu tədbir nəticə verməmiş, ağır tələfata məruz qalan Antoni tezliklə və təcili surətdə Atropatena ərazisini tərk etməyə məcbur olmuşdur. Antoni Atropatenaya gəldiyi yolla deyil, başqa dağətəyi yolla geri çəkilmişdir.
Bu taktika romalıları böyük qırğından xilas etmişdir. Plutarx müharibədə iştirak edən şəxslərin adını, ordunun sayını göstərməyi belə unutmamışdır. Plutarx bu məlumatları müharibə iştirakçısı Dalliyə istinad edərək yazmışdır.
Yunan və latın dillərindən vaxtilə rus dilinə tərcümə edilmiş tarixi və coğrafi əsərlərin Atropatena tarixinin öyrənilməsində mühüm rolu vardır. Bu barədə K.F.Qan, V.V.Latışev və P.F.Mişşenkonun tərcümələrinin Q.A.Stratanevskini xüsusilə qeyd etmək lazımdır. Onlar Polibinin, Diodorun, Strabonun, Tatsitin, İosif Flavinin, Ammianın, Ammian Marsellinin və digər antik müəlliflərin əsərlərini rus dilinə tərcümə etmişlər. Öz dəqiqliyi ilə seçilən həmin tərcümələr indi də öz elmi əhəmiyyətini itirməmişdir.
Eramızın III-VII əsrlərinə aid pəhləvi dilində yazılmış əsərlərdə Atropatena tarixinə aid ayrıca məlumatlar çox azdır. Sasani imperiyası haqqında olan materialları araşdırdıqda, orada Atropatenanın inzibati bölgüsü, hüquqi normaları, iqtisadi-sosial tarixinə dair məlumata da təsadüf edilir.
Ümumiyyətlə, yazılı mənbələrdə Atropatena tarixinə aid, demək olar ki, yazılı mənbələrdə çox cüzi məlumat verilmişdir. Bəzi tədiqatçılara görə, hələ Avestadan əvvəl İran ərazisində istər yazılı, istərsə də, şifahi halda xalq rəvayət, nağıl və əfsanələri mövcud olmuşdur. Az da olsa "Avesta"da bəzən qədim adlara rast gəlmək olur ki, bu adlara sonrakı dövrlərdə yaranmış mənbələrdə təsadüf edilmir. Çox güman ki, "Avesta"nın meydana çıxdığı dövrdə istər Azərbaycanda, istərsə də, İranda qədim dövrə aid yazılı mənbələr mövcud olmuşdur. Görünür, o dövrün istər ruhani, istərsə də başqa siniflər arasında geniş yayılmış dastanlar, gözəl və təmtəraqlı cümlələrlə rəvayət halında şifahi formada xalq arasında söylənirmiş.
Azərbaycan-İran tarixinə aid olan dastanların oxşarlığı bu müddəanı sübut etmək üçün ikinci bir dəlil hesab edilə bilər. Əvvəllər, "Avesta" şifahi rəvayətlər şəklində qədim İran ərazisində yaşayan bir sıra tayfalar arasında nəsildən-nəslə keçmişdir. O, həmin tayfaların mifoloji və əxlaqi təsəvvürlərini əks etdirmişdir. "Avesta"da yazılmış rəvayətlər öz tarixi kökü etibarı ilə çox qədimdir. Əkinçiliyə keçidin başa çatdırılması və tayfa quruluşunun dağılmasının başlanması dövrünə aiddir. "Avesta"da əkinçi əməyinin mədh edilməsi də məhz bununla əlaqədardır. Qədim Azərbaycan tarixinin öyrənilməsində zorastizmin dini kitabı olan "Avesta"nın rolunu qeyd etmək lazımdır. Şübhəsiz ki, "Avesta"nın rəngarəngliyi, böyük keyfiyyəti, çoxpilləli olması müxtəlif ərazi və habelə, dövrlər haqqında ilk mənbədir. İ.Purdavudun göstərdiyinə görə, qədim İrandan yazılı şəkildə iki yadigar qalmışdır. Bunlardan biri İran yaylasının cənub-qərb sakinlərinin dilində mixi xətlə daşlar-üzərində, ikincisi isə həmin ərazinin şimal-qərb sakinlərinin dilində yazılmış "Avesta"dır.
Müəllifə görə birinci kitabə (daş yazıları) soldan-sağa, ikinci isə ("Avesta") sağdan sola yazılmışdır. "Avesta"nın ilk tədqiqatçısı Anküstil Düperron 1755-ci ildə Fransadan Hindistana gəlmiş, bu ölkəni 10 ay gəzdikdən sonra Sort şəhərində məskunlaşaraq, 1760-cı ilə qədər bu şəhərdə yaşamışdır. O, sonralar burada "Avesta"nı əldə edərək, fransız dilinə tərcümə etmişdir. Müqəddəs külliyyat olan "Avesta" Azərbaycanın qədim tayfalarından qalmış ən qiymətli yadigardır. "Avesta"dan istifadə etməklə Atropatena tarixinin bir sıra məsələlərini araşdırmaq olar. Öz quruluşuna görə "Avesta" çoxtəbəqəli və müxtəlif mənbələrdən ibarətdir; burada təkrarlanan və eyni zamanda ziddiyyətli fikirlərdən də bəhs edilir. "Avesta"nın istər dil xüsusiyyətləri, istər onun yazı üslubu, ayrı-ayrı fraqmentləri, rəngarəngliyi, onun Azərbaycan ərazisində toplanması xalqımızın qədim abidəsi sayılmasına imkan verir. "Avesta" Azərbaycanda qələmə alınmışdır, ona görə də Azərbaycanın qədim tarixinin araşdırılmasında bu külliyyatın özünəməxsus yeri və mövqeyi vardır.
I Şahpurun əmri ilə "Kəbeye Zərdüşt"də Muğ Kartirin yazdığı kitabə III əsr Sasani imperiyasının inzibati bölgüsü və dövlət idarəetmə sistemində olan mürəkkəb məsələlərin aydınlaşdırılmasında elm aləminə çox məlumat vermişdir. Orada zərdüştilərə məxsus atəşgahlardan, habelə, başqa dini görüşlərlə bağlı olan mübarizədən bəhs edilir. Müasir tədqiqatçıların həmin kitabəyə dair külli miqdarda tədqiqatları vardır. I Şahpurun əmri ilə "Kə'beye Zərdüşt", "Nəqş-e Rüstəm", "Nəqş-e Rəcəb", "Səre Məşhəd" və başqa yerlərdə yazılmış kitabələrin tədqiqi də Atropatena tarixinin öyrənilməsində əhəmiyyətə malikdir.
Atropatena tarixinin öyrənilməsində pəhləvi dilində yazılmış mənbələrin olduqca mühüm əhəmiyyəti vardır. I Ərdəşirin (224-240) tapşırığı ilə onun vəziri Tanser Mazandaran hakimi Cəşnəsəf şaha məktub yazmışdır. Tanserin bu məktubu dövrün iqtisadi-sosial tarixinin öyrənilməsinə dair qiymətli mənbədir. Burada torpaq mülkiyyəti formaları, habelə, silklərdən və vergi növlərindən ətraflı surətdə bəhs edilir. "Tanserin məktubu" VIII əsrdə İbn Müqəffə tərəfindən ərəb dilinə tərcümə edilsə də, təəssüf ki, nə bu tərcümə, nə də onun orijinalı bizə gəlib çatmamışdır. Lakin İbn İsfəndiyar "Tarixi-Təbəristan" əsərini yazan zaman "Tanserin məktubu"nda oranın şahı Cəşnəsəfə yazdığına görə, o, Cəşnəsəfin bir nüsxə ərəb mətnini tapıb fars dilinə tərcümə etmişdir. Bu məktubda dövlətin daxili quruluşu, şahənşahın məbədlər və əhali ilə olan munasibətindən bəhs edilir.
Tanser bu məktubda mövcud vergilərdən, torpaq mülkiyyətindən və ictimai təbəqələrdən ətraflı bəhs edir. Bu məktub bir sıra tarixçilərin nəzər-diqqətini özünə cəlb etmiş, haqqında Avropanın bir sıra tədqiqatçıları tədqiqat işi aparmışlar. Həmin dövrün mənbələrinidən biri də "Karnamak-e Ərdəşir-e Papakən"dir. Tarixi roman formasında yazılmış bu əsərdə sasanilərin hakimiyyət başına gəlməsi və parfiyalıların sonuncu hökmdarı Ərdavanın məğlub edilməsi, habelə, Sasanilər imperiyasının inzibati bölgüsü haqqında məlumat verilir. Əsər, öz növbəsində, dövrün iqtisadi-sosial tarixinin öyrənilməsində mühüm əhəymiyyətə malidir. Pəhləvi dilində yazılmış əsərlərdən biri də "Şatristanha-ye İran" əsəridir. Əsərin VIII əsrdə Bağdadın xəlifəsi əl-Mənsur tərəfindən tərtib edilməsi ilə əlaqədar redaktə edilmiş nüsxəsi bizə gəlib çatmışdır.
Markvartın dediyinə görə, "Şatristanha-ye İran" "Xvatay namaq" ilə əlaqədar əldə edilmişdir. Bu əsər qiymətli əsərdir. Adından da məlum olduğu kimi, İran və Azərbaycan şəhərlərinin tarixinə aid olan bu əsər, demək olar ki, yeganə mənbədir.
Əsərdə Qanzak (Qazaka)-Atropaten dövlətinin paytaxt şəhərindən və habelə, Bağdaddan bəhs edilir. Bu əsər XIX əsrin sonundan tədqiq edilməyə başlanmış, sonralar müxtəlif dillərə tərcümə edilmişdir. Əsərdə ticarət yolları haqqında da, məlumatlara təsadüf edilir.
Pəhləvi dilində yazılmış "Ardavirafnamə", "Şəkand-e kamanik", "Şətrənc" adlı əsərdərin də mühüm elmi əhəmiyyəti Atropatena tarixninin öyrənilməsində I Şahpurun tərəfindən yazdırılmış kitabənin də öyrənilməsi vacibdir. Bu kitabədə bir sıra inzibati və siyasi bölgülərin adı çəkilir. Bundan başqa, Kartir tərəfindən yazılmış "Kəbeye-Zərdüşt", "Sər Məşhəd", "Nəqşe-Rəcəb" və başqa kitabələrin araşdırılması da məqsədəuyğundur.
Atropatenanın tarixi haqqında ərəb və farsdilli mənbələrin də araşdırılması mühüm elmi əhəmiyyətə malikdir. Azərbaycan, eləcə də, Zaqafqaziya ərəblər tərəfindən işğal edildikdən sonra həmin əsərlərin müəllifləri Azərbaycan, Kürcüstan və Ermənistanı hərtərəfli öyrənməyə başlamış və hər üç ölkəni "Ərməniyyə" adı altında tədqiq etmişlər.
Ərəb tarixçilərindən Təbəri (IX-X əsrlər) özünün "Tarixi əbəri" əsərində Sasani dövrünün iqtisadi-siyasi tarixini yazan zaman əsərinin çox mühüm hissəsini Azərbaycana həsr etmişdir. O öz əsərində Azərbaycanın qədim ölkə olmasını göstərmiş, onun iqtisadi-ictimai və siyasi tarixi haqtında qiymətli məlumat vermişdir. "Xudaynamə"yə əsaslanan Təbəri Azərbaycanın mükəmməl siyasi tarixini verə bilmişdir. Lakin onun Azərbaycanın qədim tarixi haqqında olan məlumatı dövrə o qədər də uyğun gəlmir. İstər-istəməz onun fikirlərinin hansı mənbədənsə götürüldüyü nəzər-diqqəti cəlb edir. Görkəmli ərəb coğrafiyaşünası Məsudi (X əsr) "Müruc əl-vəhəb və əl-məadin əl-cövhər" əsərində Azərbaycanın faydalı qazıntılarından, təbii-coğrafi şəraitindən, habelə, siyasi tarixindən ətraflı məlumat vermişdir. Məsudi Qanzak şəhəri ətrafında qiymətli qaş-daş, neft və digər faydalı qazıntıların olduğunu qeyd edir. Məsudinin Qazaka (Şiz) şəhəri, Azərgəşəsp atəşgədəsi və habelə, Zərdüşt haqqında olan məlumatları olduqca qiymətli faktlardır. Ona görə də, təsadüfi deyildir ki, indiyədək tədqiqatçılar Məsudinin əsərlərindən istənilən qədər istifadə edə bilmişlər.
Azərbaycanda yaşayan əhalinin dili, onun şəhərləri və təsərrüfatı haqqında məlumat verən Yaqut Həməvi, İstəxri, İbn Hövqəl, Yəqubi, İbn əl-Əsir, İbn Kəlbi və başqaları Azərbaycanın iqtisadi-siyasi və ictimai həyatı haqqında həqiqətən dəyərli faktlar irəli sürmüşlər. Onlar Azərbaycanın şəhərləri, ticarət yolları, çayları, dağları və yerli əhalisinin mənşəyi, habelə, qədim dili haqqında antik tarixçilərdən daha irəli gedib, qiymətli mülahizələr irəli sürmüşlər.
Məlum olduğu kimi, böyük fars şairi Firdovsinin (X əsr) "Şahnamə" əsəri qədim "Xudaynamə"yə əsasən yazılmışdır. Firdovsinin 60 min beytdən ibarət olan bu əsərində Azərbaycanın qədim tarixi, şəhərləri, siyasi-iqtisadi məsələləri, "Avesta", Zərdüşt, Azərgəşəsp atəşgədəsi haqqında dəyərli məlumat vardır. Poetik təfəkkür məhsulu olsa da, bu əsər başdan-başa tarixi məlumatlarla doludur. Firdovsi "Şahnamə" əsərində sasanilər imperiyasının siyasi vəziyyətini şərh edən zaman müəyyən münasibətlərlə əlaqədar Azərbaycanın da siyasi hadisələrinə toxunmuşdur. Şəhristaninin (XII əsr) əsərində də Atropatena tarixinə aid geniş məlumat vardır. Orada torpaq, mülkiyyət formaları, vergilər, mədəniyyət, ideologiya, Zərdüşt və "Avesta" haqqında ətraflı məlumatlar verilmişdir.
Həmdullah Qəzvini (XIII əsr) orta əsr müəllifi olmasına baxmayaraq, özünün "Nüzhət əl-qülub" əsərində Azərbaycanın əyalət və vilayətləri, iqtisadiyyatı, qədim şəhərləri, qalaları, ticarət yolları və s. haqqında dəyərli məlumat vermişdir. Onun Ruindej, Ərdəbil haqqında olan məlumatı, çox güman ki, Roma və latın tarixçilərinin əsərlərindən iqtibas edilmişdir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində A.Kristensen sasanilər dövrü haqqında, dövrünə görə bütün mənbələri gözdən keçirib, fundamental tədqiqat əsəri yazmışdır. A.Kristensen həmin əsərində Sasanilər imperiyasının kusti olan Atropatena haqqında da bir sıra dəyərli məlumat vermişdir. Lakin o, I Şahpurun "Kəbeye-Zərdüşt" və "Nəqşe-Rüstəm"də olan kitabələrindən lazımi səviyyədə istifadə edə bilməmişdi. II Dünya müharibəsindən sonra tarixi kitabələr dəfələrlə - tədqiqatçılar tərəfindən yenidən araşdırılmış və ilk tədqiqatlarda qaranlıq qalan mətnlər oxunulmuşdur. Şahpur tərəfindən yazdırılmış kitabələr Sprinqli tərəfindən oxunub şərh edilmişdir. İran arxeoloqu Əli Sami sasanilərin mədəniyyəti haqqında əsər yazdıqda, Sprinqlinin tədqiqatından istifadə etmişdir. Rus tarixçisi M.M.Dyakonov "Oçerk istorin drevneqo İrana" adlı əsərində I Şahpurun kitabələrindən istifadə etmişdir. Son vaxtlarda "İranın irsi" adlı əsərin müəllifi R.Frayın göstərdiyinə görə, hələ I Şahpurun dövründə sasanilərin vahid inzibati bölgüləri olmamışdır. V.V.Bartold, K.A.İnostrantsev, A.E.Krımski də sasanilər dövrünün bir sıra məsələləri barədə əsərlər yazmışlar. Görkəmli şərqşünaslardan N.V.Piqulevskaya, İ.H.Əliyev, M.M.Dyakonov, N.M.Dyakonov, V.Q.Lukonin, A.Q.Perixanyan, 3.İ.Yampolski, Ə.S.Sumbatzadə, F.M.Məmmədova, K.H.Əliyev, A.H.Fazili, T.M.Məmmədov, O.Süleymani, S.Qasımova və başqaları Atropatenanın bir sıra problemlərinə dair tədqiqat aparmışlar. Yeri gəlmişkən biz göstərdiyimiz tarixçilərin əsərlərindən istifadə edəcəyik.
Müəllifin 1970 və 1984-cü illərdə "Elm" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında" və "Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında" adlı tədqiqatlarında da Atropatena tarixinin öyrənilməsinə xüsusi diqqət verilmişdir.
1983-cü ildə S.Y.Qasımovanın rus dilində nəşr etdirdiyi "Cənubi Azərbaycan III-VII əsrlərdə" kitabı da tədqiqat prosesində nəzərdən qaçmamışdır. Azərbaycan Respublikası EA-nın müxbir üzvü İ.Əliyevin 1989-cu ildə çap etdirdiyi "Atropatena tarixinin oçerki" (rus dilində) monoqrafiyası Atropatena ərazisində yaşayan etnik qrupların mənşəyinə həsr olunmuşdur.
İ.Əliyev Azərbaycan ərazisində yaranmış Atropaten dövlətinin təşkilindən, onun iqtisadi-siyasi yüksəlişindən, yadelli işğalçılara qarşı apardıqları müharibələrdən və nəhayət, atropatenlilərin dini əqidələrindən bəhs edir.
Vahid Ömərov,
fəlsəfə üzrə, fəlsəfə doktoru