PDF Oxu

MİA

  • 7 363

Albaniya tarixinə dair erməni saxtakarlığı

Albaniya tarixinə dair erməni saxtakarlığı

Ermənilər Albaniyaya aid mənbələri belə saxtalaşdırmağa cəhd etmiş, Albaniyanı "özününküləşdirməyə" çalışmışlar. Azərbaycan tədqiqatçıları Z.Bünyadov, F.Məmmədova ermənilərin bu ifrat saxtakarlığını ifşa etmişlər. İ.A.Orbeli yazır ki, Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq mərasimləri məsələlərində, eləcə də, qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Albaniya maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbiiin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşun monastırı) da adlandırırlar.

Vardan Areveltsi (Şərqli) və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar Qoş barədə əlimizdə olan məlumatların əksəriyyətini Vanakanın yetirməsi, Qoşu özünün "mənəvi babası" adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.

Mxitar Qoş Gəncədən Xaçına köçmüş və Qetik monastırında məskun salmış, 1131-ci il zəlzələsi monastırı dağıdana qədər burada qalmışdır. Sonra Xaçın knyazı Vaxtanqın və onun yaxın adamlarının köməyilə Mxitar Qoş Nor Qetik (Yeni Qetik) monastırını yaratmış və ömrünün sonuna-1213-cü ilə qədər burada yaşamışdır. Müəllifin (Mxitar Qoşun) fikrincə, Dasxuransi-Kalankatlının yazdığı tarixin davamı olan "Alban xronikası" 1130-1162-ci illərdə - Səlcuqların hakimiyyəti dövründə Albaniyada baş vermiş hadisələri əks etdirir. Lakin yazmağa başladığı əsər yarımçıq qalmışdır".

Alban xronikasının 1237 №-li əlyazmasında belə bir sonluq var: "... yadellilərin yox, öz həmvətənlərimizin çiyinlərimizə ağır yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq, - biz alban katolikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik, onların aşağıdakı siyahısını əldə etmiş olardıq".

Alban katolikoslarının bu siyahısı bizim üçün çox qiymətlidir, çünki burada alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriarxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı".

Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiq edir və eləcə də, onun təməlini Yerusəlim şəhərinə bağlayır.

Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən sayılan Mxitar Qoşun "Qanunnamə"sində o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır.

Vaxtilə Z.M.Bünyadov Qoşun bu əsərinin başlığı barədə haqlı olaraq, belə bir düzgün qənaətə gəlir, bu əsər əlyazma halında "Datastanaqirk-Qanunnamə" adı ilə tanınır. Naşirlər onun adına "xayots" (erməni sözünü əlavə edərək, yeni ad yaratmışlar: "Datastanaqirk xayots", yəni "Erməni qanunnaməsi". Buna, habelə, Qoşun öz qanunnaməsini "alban kilsəsinin alicənab başçısı", Albaiiyanın katolikosu III Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də, "Qanunnamə"nin Roma imperiyasının və Albaniyanın kilsə kanonları əsasında yazılmasına istinad edən 3.M.Bünyadov, tamamilə haqlı olaraq, belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun "Qanunnamə" əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı abidəsidir.

3.M.Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib etməyə "çalışan" A.Ş.Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki, Qoşun əlyazması "Mxitar Qoşun qanunnaməsi" kimi tanınır və V.Bastamyans (Qoşu nəşr edən əsərin adındakı "erməni" (xayots) sözünü "mətnə düzgün olmayaraq sonradan əlavə etmişdir." Gəlin "Qanunnamə"nin meydana gəlməsinin ilkin tarixi şərtlərini aşkara çıxarmağa çalışaq və hər şeydən əvvəl qeyd edək ki, tarixi-hüquqi sənəd olan "Qanunnamə" təsadüfi yaranmamışdı, Mxitar Qoş onu, sadəcə olaraq, öz istəyi ilə yazmamışdı-bu, tarixi zərurət idi.

F.Məmmədova yazır ki, məsələ burasındadır ki, hələ Albaniya dövlətinin süqutuna qədər (VIII əsr), alban çarlarının, eləcə də, onları əvəz edən böyük knyazların hakimiyyəti illərində ölkənin ictimai təbəqələrinin sosial və hüquqi münasibətləri alban kilsəsi məclislərinin, kanonik qərar və qanunları ilə (kanonlarla), habelə, ölkə hakimləri-çarlar, böyük knyazlar tərəfindən verilən dünyəvi qərarlarla müəyyən olunurdu.

Bundan sonra, yəni VIII əsrdən XII yüzilliyə qədər Albaniyada dövlət hakimiyyəti olmadığı bir dövrdə ölkənin alban əhalisinin böyük əksəriyyəti islamlaşdırıldı, onun etnik monolitliyi pozuldu, müsəlman hüququndan- şəriətdən istifadə etməyə başlandı.

F.Məmmədova daha sonra qeyd edir ki, S.X.Ovannesyan "Alban tarixi"nə əlavə edilmiş alban katolikosları siyahısının doğruluğuna tam inanmış, bu siyahıdakı ziddiyyətləri tuta bilməmişdir. "Alban tarixi" əlyazmaları siyahılarının birində və ona uyğun olan naşrlərdə Şupxalişay Qriqorisin bilavasitə varisi kimi təqdim olunur, digər siyahılarda və onlarla əlaqədar nəşrlərdə isə Şupxalişay daha beş katolikosla birlikdə Qriqorisdən əvvəl gəlir. Belə hesab edirik ki, katolikosların siyahısına yox, Kalankatlı mətninə inanmaq daha məqsədəuyğun olardı.

Belə ki, III Vaçaqanın müasiri kimi verilmiş Şupxalişay haqqında, III Vaçaqanın özü barədə, habelə, Aluen yığıncağı haqqındakı mətnlər VII əsrin sonlarında və VIII əsrin əvvəllərində yazılmış birinci kitaba daxildir. Lakin Kalankatlının üçüncü kitabının sonundakı alban katolikoslarının siyahısı, şübhəsiz, X əsrə qədərki dövrdə yazılmışdır.

Beləliklə, sonradan əlavələrə məruz qalmış siyahıda, xüsusilə, onun ilk alban katolikoslarına həsr olunmuş hadisələrində xətalar vardır. Fikrimizi aşağıdakı müddəalar da təsdiq edir.

Alban katolikoslarının siyahısına sonradan belə bir qeyd əlavə edilmişdir: "Patriarxların adı haqqında həqiqəti yazmaq lazım idi. Ancaq onların əməllərindən, yaşadıqları dövrdən bəhs edən yadigar, onlardan əvvəlki patriarxların siyahısı, eləcə də, vəsiyyətləri qanundan qorxmayanlar tərəfindən yandırıldığına görə, onların olduğu yerlər haqda məlumat bizə gəlib çatmadığından, biz bu siyahını bacardığımız qədər düzgün tərtib etməyə çalışmışıq ki, həmin məsələlərlə məşğul olmaq istəyənlər ondan istifadə edə bilsinlər. Lakin alban katolikosları siyahısı ilə bağlı qeydlərində İ.Şaxatunyants bunları belə təqdim edir: "...ancaq keçmiş katolikosların əməlləri, yaşadıqları dövr və onların adı haqqında məlumatlar şərəfsizlər tərəfindən yandırıldığından, heç biri bizə məlum deyil, buna görə də biz onu (məlumatları) yarımçıq da olsa, veririk ki, bu məsələlərlə maraqlananlar istifadə edə bilsinlər." Siyahıların belə bir vəziyyətində, şübhəsiz ki, dolaşıqlıqlar var, buna görə də, xronoloji baxımdan özünü doğrultmur. Siyahıların dolğun olmadığını belə bir vəziyyət də sübut edir ki, İ.Şaxatunyantsın verdiyi katolikoslar siyahısı Kalankatlının məlum nəşrlərindəki siyahılardan fərqlənir. Burada Şupxalişaydan əvvəl üç katolikos təqdim edilir: 1) Müqəddəs Yelişe; 2) Qeysəriyyədən gələndə Qriqorini müşayiət etmiş, sonradan isə alban kilsəsinə başçı təyin edilmiş bir müqəddəs sima; 3) Qriqoris. "Müqəddəs sima" ifadəsi sonradan əlavə olunmuşdur. Əlbəttə ki, alban katolikoslarının siyahısı alban kilsəsini avtokefallığı məsələsi ilə əlaqədar sonrakı redaksiyalarda külli miqdarda dəyişikliklərə məruz qalmışdır. Alban redaksiyası alban kilsəsinin müstəqilliyini, onun patriarxlıq təməlini sübut edərək, Şupxalişayı daha beş katolikosla birlikdə Maarifçi Qriqorinin oğlu Qriqorisdən irəli çəkdi, erməni redaksiyası isə alban katolikoslarının əlqoymanı ermənilərdən qəbul etdiklərini və ilk alban katolikosunun da məhz maarifçi Qriqorinin nəvəsi Qriqoris olduğunu sübut etməyə çalışmış, bu məqsədlə də siyahıda Şupxalişayı Qriqorisdən sonraya salmışdır.

F.Məmmədova göstərir ki, artıq qeyd etdiyimiz kimi, V-X əsr alban dilində yazılsa da, bu günümüzə qədim erməni dilində gəlib çatmışdır. 3.M.Bünyadovun tədqiqatları sübut edir ki, ərəb işğalından sonra Albaniyada böyük dəyişikliklər baş vermişdir. Ərəb hakimlərinin intensiv fəaliyyəti nəticəsində aran yerlərdə yaşayan alban əhalisi islamlaşdırılmışdır. O ki qaldı alban əhalisinin digər hissəsinə, onlar ərəb xilafəti və erməni kilsəsinin birgə yürütdükləri qriqorianlaşdırma siyasəti ilə əlaqədar olaraq tədricən qriqorianlaşdırdılar. Bu siyasət onunla nəticələndi ki, ölkənin dağlıq hissəsində yaşayan əhali mədəni-ideoloji cəhətdən erməniləşdirildi. Buna görə də, XII-XIII əsrlərdə alban ədəbiyyatı alban-qriqorian kilsə xadimləri tərəfindən qədim erməni dilində yaradılırdı.

Alban əlifbasının 52, erməni əlifbasının isə 36 hərfdən ibarət olması məlumdur. Tamamilə aydındır ki, bu etnoslar və dillər arasında heç bir əlaqə yoxdur. "Erməni tarixinin atası" Moisey Xorenli alban etnosunu yaxşı tanıyır, onların ermənilərə heç bir dəxli olmadığını bilirdi. O, albanları "yalançı albanlar" adlandırırdı. Favstos Buzandatsi albanları müstəqil xalq sayır, onları ermənilərə qatmır. V kitabın 13-cü fəsli belə adlandırılmışdır: "Albanlar haqqında". Orda oxuyuruq: "Müharibə etmək məqsədilə albanlar ölkəsinə hücum etdi (Muşeq), onları amansızcasına qırıb tökdü. Albanların bir çox vilayətlərini-havarları ələ keçirdi..."

V əsrdə albanların öz yazılarının olması haqqında mə'lumata gəlində deməliyik ki, hələ A.Q.Şanidze, ondan sonra isə K.V Trever haqlı olaraq, belə hesab edirdilər ki, bu haqda ən doğru mənbə "Məktublar kitabı"dır. Bu kitabın rəsmi redaksiyası VIII əsrdə hazırlanmışdır.

"Məktublar kitabı"nda 506-cı il Dvin məclisindən sonra ermənilərin İrandakı pravoslav həmməzhəblərinə köndərdikləri ikinci məktubda deyilir: "Biz bundan qabaq gürcülərlə və albanlarla razılaşaraq, hər ölkənin öz yazısıyla yazmışdıq -yurakançyur aşxarx qrov". A.Ş.Mnatsakanyan belə hesab edir ki, "hər ölkənin öz yazısıyla" ifadəsi məktub göndərən müəlliflərə-ermənilərə, gürcülərə və albanlara aid deyil, məktubların göndərildiyi xalqlara, yəni İranda yaşayan xristian xalqlarına aiddir. A.Ş.Mnatsakanyan güman edir ki, bu məktub Suriya, Nisibin, Xuzistan və Nineviyada yaşayan xristianların dillərinə tərcümə olunmuşdur. O, həmii xristianlar dedikdə suriyalıları, farsları və erməniləri nəzərdə tutur.

Məsələ burasındadır ki, İrandakı xristian əhalisinin yazı dili Suriya-arami dili olmuşdur, buna görə də A.Ş.Mnatsakanyanın izahı hər cür təməldən məhrumdur.

"Məktublar kitabı"nın yalnız və yalnız bir məntiqi, bir mənası vardır ki, bunu da A.Q.Şanidze, K.V.Trever və Z.N.Aleksidze düzgün başa düşməmişlər.

"Alban tarixi"nin müəllifi albanları öz yazısı olan xalqların sırasında təqdim edir. Bu haqda Mingəçevirdə tapılmış alban epiqrafikasını xatırlamaq kifayətdir.

Z.M.Bünyadovun tədqiqatlarında alban xalqı üçün başlanğıcdan doğma dildə yazılmış ədəbiyyatın sonrakı taleyi onların çoxunun müharibə keşməkeşlərində, yürüşlərdən məhv olması və bu məmləkətdəki sonrakı tufanlı hadisələri, eləcə də, həmin ədəbiyyatın nəyə görə yazıldığı dildə bizə gəlib çatmaması haqqında ətraflı və mükəmməl məlumatlar vardır. Onu da xatırladaq ki, albanların bir hissəsinin hələ XIII əsrdə alban yazısından istifadə etdikləri haqqında elə həmin əsrdə yaşamış erməni tarixçisi Etum ("Qayton") da məlumat verir. Bundan başqa, A.D.Anasyanın Matenadaranda tapdığı qədim erməni dilində bir əlyazma da bizə məlumdur. "Müqəddəs və ilahi yeleyin tarixi haqqında" adlanan və alban dilində olan bu əlyazmanı müqəddəs atalar Şərqdə tapmışlar və sonradan erməni dilinə tərcümə etmişlər.

"Coğrafiya" əsərində Asiya 44 ölkəyə ayrılır. Burada Albanya 26-cı nömrə ilə işarə olunmuşdur. Böyük Ermənistan 27-cidir və 15 əyalətdən (nahançdan) ibarətdir. Əyalətlər isə, öz növbəsində, vilayətlərə (havarlara-kantonlara) bölünür. Tədqiqatçıların fikrincə, Ananiya Şiraklı Ermənistanı təsvir edərkən ölkənin Bizans və İran Ermənistanına bölündüyü VII əsrin inzibati bölgüsünü yox, Arşakilər dövründəki bölgünü əsas götürmüş, bununla belə, Ermənistanın parçalanmasından sonra baş vermiş dəyişiklikləri də qeyd etməyi zəruri saymış, alban nahanqları olan Arsax, Uti və Paytakaranı Ermənistandan ayırmış və Albaniyanın tərkibinə qatmışdır.

Bununla belə, S.Yeremyan göstərir ki, Ermənistan hələ Bizans imperatoru Mavriki dövründə, yəni 591-610-cu illərdə 15 nahanqa bölünmüşdü. Həmin dövrdə erməni dövlətinin mövcud olmadığını, 591-ci il müqaviləsinə görə isə Ermənistan ərazisinin Bizans və Sasanilər İranı arasında yenidən bölüşdürüldüyünü də nəzərə alsaq, onda qeyd etməliyik ki, bu bölgü coğrafi inzibati bölgüdür. Vaspurakan, Syunik və Dvin-İrana, qalan vilayətlər isə Bizansa qatılmışdı. Guya Ermənistanın tərkibindən ayrılmış Artsax, Uti və Paytakaran nahanqlarına gəldikdə isə, deməliyik ki, onlar haqqında 591-ci il müqaviləsində heç nə yoxdur.

Qeyd etmək lazımdır ki, üç alban vilayətinin - Arsax, Uti və Paytakaranın Ermənistanın tərkibində olması haqqında Şiraklının məlumatı antik və erkən orta əsrlər Albaniyası və Ermənistanın tarixi gerçəkliklərinə uyğun gəlmir. (Bax: "Albaniyanın tarixi coğrafiyası"na aid fəsil). Bununla belə, Şiraklının verdiyi məlumatlar Albaniyanın tarixi coğrafiyası baxımından, çox qiymətlidir. Əsərin həmin yerində Şiraklı Albaniyanın siyasi-inzibati vahidlərini, onların sərhədlərini, təbii sərvətlərini təsvir edir.

Beləliklə, erməni tarixçiləri bütün tarixi mənbələri saxtalaşdıraraq, ermənilərin qədimliyini sübut etməyə Azərbaycan torpaqlarını "erməniləşdirməyə" cəhd edirlər.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər