Albaniya iqtisadiyyatı haqqında tarixi mənbələrdə məlumat kasadlığı olduğuna baxmayaraq, Azərbaycan tədqiqatçıları bu barədə xeyli tədqiqat işi aparmışlar. Akademik Z.Bünyadov və professor Y.Yusifovun redaktorduğu ilə çapdan çıxmış "Azərbaycan tarixi"ndə göstərilir ki, Azərbaycanın antik dövrdə ictimai-iqtisadi münasibətləri barədə az-çox dolğun mülahizə yürütmək üçün əldə kifayət qədər nə yazılı, nə də arxeoloji material yoxdur. Adərbayqanın ərazisində sinifli cəmiyyət erkən dövrlərdən (e. ə. III minillikdən) vüsət almış və burada ən qədim dövlətlər meydana gəlmişdi.
Adərbayqan İkiçayarasına yaxın olduğundan, orada mövcud olan quldarlıq ictimai-iqtisadi münasibətləri ölkənin təsərrüfat həyatında özünün müəyyən əksini tapmışdı. Köləlik iqtisadi kateqoriya idi və bütün xalqların tarixində mövcud olmuşdu. Adərbayqanda da təsərrüfatın inkişaf səviyyəsinə uyğun olaraq köləlik və quldarlıq ictimai-iqtisadi münasibətləri, yəqin ki, öz varlığını saxlayırdı. Qullar və quldarlara bölünən belə cəmiyyətdə əhalinin əsas hissəsini məcburi əmək adamları təşkil edirdi. Onlar quldarlıq istehsal üsulunun istismarına məruz qalırdılar, yəni əməyin nəticəsi əvəzsiz mənimsənilirdi.
Azərbaycanın şimal hissəsində e. ə. II-I minilliklərin hüdudundan sinifli cəmiyyət və ona uyğun surətdə mülki bərabərsizlik artıq bərqərar olmuşdu. E. ə. I minilliyin birinci yarısında Azərbaycan Şərqin ən qüdrətli dövləti Əhəmənilərlə ünsiyyətə girmişdi. Aydındır ki, Əhəməni dövlətində mövcud olan quldarlıq ictimai-iqtisadi münasibətləri Albaniyaya da təsir edirdi. Bəzi mülahizələrə görə, Albaniyada feodal ictimai-iqtisadi münasibətləri inkişaf tapmışdı, yəni Albaniya quldarlıq mərhələsini keçərək, birbaşa feodalizmə qədəm qoymuşdu. Çünki Albaniya beynəlxalq ticarət yollarından və Ellin dünyasından kənarda yerləşirdi, həmin səbəbdən də burada iqtisadiyyatın və ictiman münasibətlərin inkişafı ləng gedirdi. Lakin Azərbaycanda aşkar edilmiş arxeoloji materiallar Albaniyanın o dövrün ümumi inkişaf səviyyəsinə uyğun az-çox yüksək iqtisadiyyata malik olduğunu göstərir.
Digər mülahizəyə görə, Albaniyada quldarlıq ictimai münasibətləri mövcud olmuşdur. Bu mülahizə də Albaniyanın Ön Qafqazın digər ölkələrinə nisbətən iqtisadi cəhətdən ləng inkişafı ilə əlaqədar meydana gəlmişdi. Həmin fikri bəzən Strabonun ziddiyyətli məlumatları ilə əsaslandırmağa çalışırdılar. Albaniyanın qonşu ölkələrdən iqtisadi cəhətdən heç də geridə qalmadığını arxeoloji materiallar tam sübut edir.
Strabon Albaniyanın qərbində böyük və sıx məskunlu müqəddəs vilayətin olması barədə məlumat vermişdi. Burada Heliya ("Günəş allahı"), Zevs və Selenaya ("Ay allahı") sitayiş edirdilər. Bu vilayətə başçılıq edən kahin hökmdardan sonra ən nüfuzlu şəxs hesab olunurdu. "Müqəddəs vilayətdə" herodul adlanan adamlar da işləyirdilər. Məlumatdan göründüyü kimi, Albaniyada geniş məbəd torpaqları mövcud olmuş və burada herodulların əməyindən istifadə edilmişdir. Herodullar, demək olar ki, heç bir hüquqa malik deyildilər. Bəzi rəvayətə görə, ruhi xəstəliyə mübtəla olan və meşələri sərgərdan dolaşan herodulu kahinin göstərişi ilə tutub heyvanlarla yanaşı, qurbankəsmə mərasimində öldürürlərmiş.
Herodullar barədə müxtəlif mülahizələr irəli sürülmüşdür. Bir mülahizəyə görə, herodullar məbədə təhkim olunmuş kəndlilər, digər fikrə görə, məbəd təsərrüfatının əsas istehsalçıları imişlər. Başqa mülahizəyə görə, herodullar qullardan ibarət olmuşlar. Əslində, herodul sözü yunanca "müqəddəs qul" deməkdir. Adətən, məbəd təsərrüfatına mənsub olan qullar herodul adlandırılırdı. Ümumiyyətlə, yunanlarda "dul" məfhumu qullara da şamil edilirdi.
Adərbayqanın da ərazisində, yəqin ki, məbəd təsərrüfatı mövcud imiş. Ammian Marsellin Atropatena haqda xəbər verir ki, bu hüdudlarda maqların məhsuldar torpaqları yerləşirdi. Çox güman ki, kahin maqlara məxsus təsərrüfatda da qul əməyi tətbiq olunurdu.
Albaniyanın məbəd təsərrüfatında quldarlıq ictimai-iqtisadi münasibətləri mövcud idi. Deməli, Albaniyada quldarlıq münasibətlərinə əsaslanan hökmdar və fərdi təsərrüfatlar da olmuşdur.
Dağlıq və aran hissələrdən ibarət olan Azərbaycanda əhali, əvvəlki dövrlərdə olduğu kimi, əkinçilik və maldarlıqla məşğul olurdu. Belə təbii şəraitdə yaylaq maldarlığı inkişaf edirdi. Albaniyanın aran və düzən hissəsində əkinçilik süni suvarma şəklində, dağətəyi və dağ rayonlarında isə nisbətən geniş dəmyə əkinçiliyi aparılırdı. Strabonun məlumatına görə, "bütün bu düzənlik öz çayları və başqa sular vasitəsilə Babilistan və Misirdəkindən daha yaxşı suvarılır, çünki həmişə yamyaşıl olan çoxlu gözəl otlaqlara malikdir. Buranın iqlimi də o ölkələrdəkindən daha əlverişlidir". Adərbayqanda da əkinçilik mühüm təsərrüfat sahəsi idi. Ammian Marsellinin məlumatına görə, "bu torpaqların (Atropatenanın) əhalisi üzərinə sıldırım dağ silsilələri dikələn geniş düzənlik sahədə məskundur... Koron yüksək dağ silsiləsi qərb ətəyinin sakinləri bol taxıl sahələri və üzümlüyə malikdirlər. Onların torpağı xeyli məhsuldardır, ərazi çay və təmiz sulu bulaqlarla doludur. Yamyaşıl otlaqlar nəcib atların qidalanma məskənidir".
Azərbaycanda münasib təbii şəraitin, məhsuldar torpaqların, axar çay və bulaq sularının bolluğu əkinçiliyi əhalinin həyatı üçün ən zəruri olan təsərrüfat sahəsinə çevirmişdi. Torpağı cütlə (xış) şumlayırdılar. Bu haqda Strabonun məlumatı qalmışdır. Arxeoloji qazıntılar zamanı oxşar dəmir alət tapılmışdır. Azərbaycanda daş, ağac və metaldan hazırlanmış əmək alətlərindən istifadə edirdilər. Kirkirə, dən sürtgəcləri, həvəngdəstə və s. lap qədimdə olduğu kimi, müasir Azərbaycanda da təsərrüfat alətləri kimi işlədilir.
Azərbaycan torpaqları xeyli məhsuldar və münbit olmuşdur. Strabonun məlumatına görə, albanlar da "bərəkətli torpağa malikdirlər və lap yaxşı yaşaya bilərlər". O, Atropatena barədə də qeyd edir ki, "bu ölkənin bütün vilayətləri məhsuldardır". Bəzi antik məlumatlara görə, guya albanlar məhsuldar torpağın qədrini bilmirdilər, "bir dəfə əkilmiş torpaq bir çox yerlərdə 2, yaxud 3 (dəfə) məhsul verir və birinci dəfə məhsul, hətta birə əlli artırdı". Çox güman ki, albanlar bu məlumatın əksinə olaraq, torpağa yaxşı qulluq edir, nəticədə, antik məlumatçıları təəccübləndirən bol məhsul toplayırmışlar. Strabon nədənsə bunu insan əməyi ilə yox, əlverişli təbii şəraitlə bağlayırdı. Onun digər məlumatına görə, Azərbaycanın Matiana, Sakasena və Araksena vilayətlərində "taxıl küləşdən düşmüş dəndən göyərirdi". Adi təbii hadisələrin qədim Azərbaycan əkinçiliyində daimi hal kimi verilməsi Strabonun bu məlumatlara tənqidi yanaşmamasından irəli gəlmişdi. Qədim Azərbaycan sakinləri əkinçilik mədəniyyətinə yiyələnməklə əkin sahələrindən yüksək məhsul əldə edirdilər. Əhali xırda və böyük suvarma kanalları çəkmişdi.
Qədim Azərbaycanda ən çox becərilən taxıl - arpa, buğda, darı olmuşdu. Taxılı dəmir oraqla biçirdilər. Toplanmış taxıl gəm (vəl) vasitəsilə xırmanda döyülürdü. Arxeoloji qazıntılar zamanı Azərbaycanın ərazisində oraq və kəm aşkar edilmişdir. Taxılı, adətən, enli və dərin qazılmış quyularda saxlayırdılar. Taxıl saxlamaq üçün böyük küplərdən də istifadə olunurdu.
Azərbaycan əhalisinin təsərrüfat həyatında bağçılıq və üzümçülük də mühüm yer tuturdu. Strabonun məlumatına görə, albanlar "üzüm tənəklərini basdırmır, beş ildən bir kəsirlər. İkiillik tənəklər artıq bar verir, lakin köhnələr də o qədər (üzüm) gətirir ki, onun çox hissəsi üzüm tənəyində dərilməmiş qalır". Qaynaqların məlumatına görə, kaspilərin ölkəsində də "üzüm tənəkləri zəngin məhsul verirdi". Üzümçülük qədim Azərbaycanın Sakasena, Araksena və Matiana vilayətlərində də geniş yayılmışdı. Üzümçülüyün Azərbaycanda inkişafı arxeoloji materiallar əsasında e. ə. II minillikdən müşahidə olunur. Qədim sakinlər üzümdən müxtəlif məhsullar (kişmiş, şirə, doşab və s), o cümlədən, yazılı qaynaqlarla və arxeoloji materiallarla təsdiq olunan şərab hazırlayırdılar.
Qədim Azərbaycan sakinləri bağçılıqla da məşğul olurdular. Arxeoloji materiallar göstərir ki, qədim zamanlardan bəri Azərbaycanda nar, badam, əncir, şaftalı, gilas, qoz, fındıq və s. meyvələr yetişdirilirdi. Strabon yazırdı: "Bütün bu ölkə vəhşi bəhərlə və insanın becərdiyi ağaclarla və həmişə yaşıl (bitkilərlə) doludur. Burada zeytun ağacı da bitir". Qaynaqlar Kaspi ölkəsində xeyli əncir ağaclarının becərildiyi barədə də məlumat saxlamışdır. Şübhəsiz ki, qədim Azərbaycanda əhali bağçılıqla yanaşı, bostançılıqla da məşğul olurdu.
Balıqçılıq Xəzər dənizi və çay sahillərində yaşayan əhalinin məşğuliyyəti idi. Balığı, əsasən, torla tuturdular, dağ çaylarında isə ada kəsməklə, yəni çayın çox axar qolunu az axar tərəfə yönəldib suyunu azaldır və balıqları əllə tuturdular. İndiki kimi, dağ çayları qızıl-ala balığı ilə dolu olurdu. Balıqçılıqda qarmaqdan da istifadə edirdilər.
Xəzər dənizi müxtəlif balıq növləri ilə zəngin idi. Burada balıq ovu peşəkar balıqçılar tərəfindən aparılır və ticarət məhsulu kimi satılırdı. Antik müəlliflərdən Elian (II-III əsrlər) yazırdı: "Mən eşitmişəm ki, Kaspi torpağında böyük göl var, orada "şişburun" adlanan böyük balıqlar olur. Onların uzunluğu, hətta səkkiz qulaca çatır. Kaspilər onları tutur, duzlayır, şoraba qoyur, yaxud qurudur, sonra dəvələrə yükləyib, Ekbatanaya aparırlar". Eyni zamanda, Azərbaycanın Xəzər dənizi sahili əhalisi balıq yağından və içalatından məişətdə lazım olan müxtəlif maddələr hazırlayırdılar. Elian məlumat verir ki, "Bu balıqların piyini kəsib, məlhəm və şoraba düzəldir, (onu) satır, çox yağlı, lakin iyli olmayan balıq piyini (bədənlərinə) sürtürlər. Balığın içalatını çıxarırlar, bişirirlər və ondan çox yararlı yapışqan hazırlayırlar. O, hər şeyi çox möhkəm yapışdırır, hər nəyə yapışırsa, qopmur və görkəmi də xeyli şəffafdır. Onunla yapışdırılan hər nə varsa, hətta on gün suda belə saxlanılsa, nə boşalar, nə də qopar. Hətta fil sümüyündən əşyalar düzəldən ustalar ondan istifadə edir və çox gözəl şeylər hazırlayırlar". Göründüyü kimi, qədim Azərbaycan sakinləri nəinki balıqçılıq peşəsini, həm də balıqdan müxtəlif məlhəm və maddələr hazırlanması qaydasını bilirdilər.
F.Məmmədova Albaniyada əkinçilik və maldarlığın inkişaf etdiyini göstərir və qeyd edir ki, təbiət öz səxavətini Albaniyadan əsirgəməmişdi, ona əlverişli iqlim, zəngin meşələr, məhsuldar və yaxşı suvarılan çöllər, dağətəyi ovalıqlar, geniş qış və yay otlaqları, qiymətli faydalı qazıntı mənbələri bəxş etmişdi. Albaniya müxtəlif torpaq-iqlim zonalarına malik idi ki, bunların da hər biri təsərrüfatın müəyyən sahəsini müvəffəqiyyətlə inkişaf etdirməyə imkan verirdi. Yaxşı suvarılan məhsuldar massivlər, eləcə də, süni suvarmaya ehtiyacı olmayan, təbii yağıntı ilə kifayət qədər rütubətləndirilən dəmyə torpaqlar əsas təsərrüfat sahələri sayılan tarlaçılığın, üzümçülüyün və şərabçılığın inkişaf etdirildiyi zonalar idi. Əkinçilik Kür-Araz və Xəzər ovalıqlarında vüsət tapmışdı. Alban torpağı öz münbitliyi və məhsuldarlığı ilə antik dövr müəlliflərini, eləcə də, orta əsr erməni və ərəb tədqiqatçılarını heyrətləndirirdi.
Hələ Strabon qeyd edirdi ki, alban "düzəliklərindəki çaylar və başqa sular bu yerlərin Babilistan və Misir torpaqlarından da yaxşı suvarılmasına imkan verir".
Dağətəyi rayonlardan fərqli olaraq, Kür-Araz və Xəzər ovalıqlarında süni suvarma olmadan əkinçiliyin inkişafı mümkün deyildi. Albaniya mürəkkəb və geniş yayılmış çoxşaxəli süni suvarma sisteminə malik olmuşdur (arxlar, kəhrizlər, kanallar və s). Qazıntı və kəşfiyyat işləri vaxtı Mil düzündə (Govurarx), Muğanda, Xəzər ovalığında və ölkənin müxtəlif yerlərində onların qalıqları üzə çıxarılmışdır.
Arxeologiyanın verdiyi məlumatlara görə, Albaniyada torpaq əkinə dəmir gavahın vasitəsilə hazırlanırdı ki, onun da qalıqları ilkin orta əsrlərdə yaşayış yeri sayılan Mingəçevirdən tapılmışdır. Arxeoloqlar tərəfindən çoxlu miqdarda alətləri - dəmir oraq, dəryaz tiyələri, eləcə də, dərzləri yığıb bağlamaq üçün sümük qarmaqlar, aşkara çıxarılmışdır. Musa Kalankatlı yazır ki, Kürün hər iki sahilində arpa, buğda becərmişlər, burada, həm də təmiz yabanı arpa bitmişdir. Albanlar darı da yetişdirmişlər.
Mingəçevir rayonundakı Sudağılan kəndində, eləcə də, Xınıslı şəhərgahında aparılan qazıntılar vaxtı arpa, darı və buğda qalıqları aşkara çıxarılmışdır. Yazılı mənbələrin və arxeoloji qazıntıların nəticələrinə görə dənli bitkilər təsərrüfat məqsədləri üçün hazırlanmış xüsusi dərin torpaq quyularda - anbarlarda, eləcə də, böyük təsərrüfat küplərində saxlanılırmış. Xırmanlarda dərzlər vəllərlə, taxıldöyən ağaclarla, habelə, qoşqu heyvanlarının köməyilə döyülürdü. Taxılı daş dəyirmanlarda, əl kirkirələrində üyüdürdülər. Külli miqdarda əkinçilik alətlərinin, eləcə də, taxıl anbarlarının aşkara çıxarılması göstərir ki, burada əkinçilik yüksək səviyyədə inkişaf etmişdi. Albaniya üzüm tənəklərini qeyri-adi məhsuldarlığı ilə hər yanda şöhrət qazanmışdı. Strabon Albaniyada üzümçülüyün inkişafını xüsusi qeyd edirdi. Ölkədə bağçılıq da yüksək səviyyədə idi. Burada əncir, nar, albalı, sitrus bitkiləri, zoğal, şabalıd, qoz, zeytun yetişdirilirdi.
Ərəb tarixçiləri və coğrafiyaşünaslarının məlumatlarında Albaniyada yetişdirilən bitkilər arasında zəfəran, tut ağacı və kətan da xatırlanır. Burada bostançılıqla da məşğul olmuş, qarpız, balqabaq becərmişlər. Bununla belə, kənd təsərrüfatında şərabçılığın xüsusi çəkisi daha böyük idi. Bu baxımdan, şərab süzmək üçün istifadə olunan qablar xüsusi maraq doğurur. Bunlar, əsasən, Alazan vadisində, Mil düzündə və Mingəçevirdəki küp qəbirlərində aşkara çıxarılmışdır. Albaniyada başlıca boyaq materialı sayılan boyaqotu da becərilmişdir. "Boyaqotu Aranın hər yerində - Bab-əl-Əbvabdan (Dərbənd) tutmuş Tiflisə qədər bütün torpaqlarda bitir".
Torpaq və iqlim şəraiti ölkədə pambıq istehsalı üçün də əlverişli imkan yaradırdı. Kalankatlının verdiyi məlumata görə, Kür çayı sahillərində bol pambıq yetişdirilirdi.
Mingəçevirdəki sərdabələrdə pambıq toxumları, pambıq sap dolaqları aşkar edilmişdir. Beləliklə, ölkənin əkinçiliklə məşğul olan əhalisi Kür və Araz çayları vadilərində, eləcə də, Kiçik və Böyük Qafqazın ətəklərində cəmlənmişdi. İctimai quruluşu bütün ölkədə aparıcı rol oynayan, iqtisadi cəhətdən inkişaf etmiş vilayətlər burada yerləşirdi. Albaniya əhalisinin həyatında maldarlıq xüsusi yer tuturdu.
Şirəli otlardan ibarət çəmənliklərilə zəngin dağ rayonları, Xəzər və Kür-Araz ovalıqlarının qışda da qar görməyən geniş çölləri köçəri maldarlığın inkişafı üçün geniş imkan yaradırdı. Albaniya öz otlaqları ilə elə şöhrət tapmışdı ki, ermənilər də qışlama dövründə yem ardınca öz sürülərini alban torpaqlarına gətirirdilər. Antik və ilkin orta əsr müəlliflərinin verdikləri məlumatlara görə, burada keçi, qoyun, qaramal, at, donuz və dəvə saxlayırdılar.
İlkin orta əsrlərdə ovçuluğun rolu durmadan azalır. Xırda və iribuynuzlu mal-qara istehsalı artırdı. Təsərrüfatın bu sahəsinin inkişafı haqqında Musa Kalankatlıdan ətraflı məlumat alırıq. O, iri və xırdabuynuzlu heyvanların çoxaldılmasını, atçılığın (o cümlədən, minik atlarının) inkişafını xüsusilə qeyd edir. Müəllif burada yetişdirilən ağ rəngli xüsusi cins atlar barədə də söhbət açır.
Ərəb coğrafiyaşünasları Müqəddəsi, İstəxri, İbn əl-Fəqih, İbn Hövqəl də Albaniyada çoxlu mal-davar, at, qatır olduğunu qeyd edirlər. Görünür, ilkin orta əsrlərdə maldarlıq təsərrüfatında itlər də böyük rol oynamışdır. Arxeoloji qazıntılar vaxtı yaşayış yerlərindən tapılmış köpək sümükləri dediklərimizi sübut edir.
Arxeoloji və etioqrafik materialların öyrənilməsi göstərir ki, ilkin orta əsrlərdə Albaniyada dəvə də saxlayırdılar. Bu heyvanlardan yük daşınması, eləcə də, minik kimi istifadə edirdilər. İlkin orta əsrlər Albaniyasında süd məhsullarının hazırlanması yüksək səviyyədə idi.
Maldarlıq təsərrüfatında saxsı, ağac və dəri nehrələrdən istifadə edirdilər. Arxeoloji və etnoqrafik axtarışlar ölkədə yun və dəri istehsalı, habelə, onlardan müxtəlif şeylər hazırlanmasının geniş yayıldığını göstərir.
Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı III-VIII əsrlərə aid qatlardan qoyunları qırxmaq üçün işlədilən dəmir qayçılar tapılmışdır. Belə qayçılar sərdabalarda aşkara çıxarılmışdır. Maraqlıdır ki, həmin alətlərdən Azərbaycanın maldarlıq təsərrüfatında indi də istifadə edilir. Beləliklə, yuxarıda gətirilən dəlillər göstərir ki, qoyunçuluğun inkişafı ilə əlaqədar Albaniyada yun istehsalı da yüksək səviyyədə idi. Maldarlıqla həm yarımköçəri, həm də oturaq əhali məşğul olurdu. Dağlıq rayonlarda təsərrüfatın digər sahələri geri qaldığına görə, maldarlıq üstünlük təşkil edirdi. Böyük sürü və ilxı sahibləri geniş və yüksək dağ otlaqlarında öz təsərrüfatlarını bəsit metodlarla idarə edirdilər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru