PDF Oxu

MİA

  • 6 149

Ulu Öndər Heydər Əliyevin sovet dövrü fəaliyyəti Onu kommunist liderdən milli liderə yüksəltmişdir

Ulu Öndər Heydər Əliyevin sovet dövrü fəaliyyəti Onu kommunist liderdən milli liderə yüksəltmişdir

Ulu Öndər Heydər Əliyev sovet rejimi şəraitində belə milli lider səviyyəsinə yüksəlib. Professor Musa Qasımlı göstərir ki, Heydər Əliyev və Onun fəaliyyəti dövrü Azərbaycan xalqının inkaredilməz gerçək tarixidir. Bu şəxsiyyətin və dövrün tarixinin inkar edilməsi cəhdi qeyri-etik, qeyri-elmi, tarixə primitiv münasibətin təzahürüdür və uğursuzluğa məhkumdur. Ulu Öndər Heydər Əliyev düşüncələri, biliyi, uzaqgörənliyi, dünyagörüşü, fəaliyyətilə xalqından xeyli irəli gedərək, bütün varlığıyla tamamən ona mənsub olmuş və yerinə yetirdiyi tarixi missiya ilə millətin atasına çevrilmişdi. Bütövlükdə, ölkə daxilində və xaricdə Azərbaycan xalqının biliyinə, bacarığına qiymət verənlər, ilk növbədə, Heydər Əliyevi gözləri önünə gətirir və meyar kimi onu götürürdülər.

Buna görə də, Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca Heydər Əliyev də yaşayacaq, tarixi tədqiqatların obyekti olaraq qalacaq, ona həsr olunmuş yüzlərlə dəyərli əsərlər nəşr ediləcəkdir. Bu əsərlərdə Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadim olaraq başlıca yer tutacaq. Heç əbəs deyil ki, Heydər Əliyev sonralar deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişdirə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarmdan istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Əlbəttə, bütün sovet hakimiyyəti illərində yeridilən siyasətin başdan-başa yaramadığını və yanlış olduğunu söyləmək doğru olmazdı. Heydər Əliyev özü söhbətlərinin birində deyirdi: "...Heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təəssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir ... Tarixin hər bir dövrünü olduğu kimi yazmaq lazımdır". Məlumdur ki, sovet dövründə Heydər Əliyev yalnız kommunist lider və ictimai xadim olaraq təqdim olunub. Onun milli ruhu, millətin gələcək müstəqilliyi, Azərbaycan xalqının milli-mədəni intibahı naminə gördüyü işlər barədə hələ az yazılıb. İndi isə heç vaxt bilinməyən bir sıra həqiqətlərin öz yerini tutması vaxtıdır.

İlk mənbələrin öyrənilməsi göstərir ki, 1969-cu ilin iyulundan 1982-ci ilin dekabrınadək Heydər Əliyevin Sədrliyi altında keçirilən Azərbaycan KP MK bürosunun demək olar ki, bütün iclaslarında xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəviyyatı ilə bağlı məsələlər dərindən müzakirə olunub və milli tərəqqiyə yönələn mühüm qərarlar qəbul edilib. Qeyd etmək lazımdır ki, bu illərdə Azərbaycan KP MK birosunun iclaslarında milli-mədəni inkişaf, milli tarixlə bağlı məsələlər gündəliyin əsasən 11-ci maddəsi kimi müzakirə edilib. Bunun nə üçün belə edildiyi barədə, əlbəttə, qəti fikir söyləmək mümkün deyil. Çünki mənbələrdə bu barədə heç bir şey yazılmayıb. Amma həmin rəqəmə rast gələndə Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Parisdə 1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyinin de-fakto tanınması xatırlanır. Büro iclaslanın gündəliyində yer tutan 11-ci məsələ bəlkə həmin 11 yanvarla bağlı olub?

Hakimiyyəti illərində Heydər Əliyev Azərbaycanı və xalqını Cənubi Qafqaz respublikaları və xalqları arasında liderə çevirdi. Region problemlərinin həllində sovet rəhbərliyi onun tövsiyələrini nəzərə alırdı.

T.Svyatoçovski Azərbaycanın dövlətçilik tarixinin 60-cı illərinin sonlarını "Əliyev dövrünün başlanması" dövrü kimi səciyyələndirərək göstərir ki, bir qayda olaraq, respublikaya rəhbər partiya kadrların təyin olunması məsələlərində geri çəkilmək istəməyən Brejnev rejimi, nəhayət, Zaqafqaziyaya qəti müdaxilənin zəruri olduğunu başa düşdü. Moskvanın nəzərində, Zaqafqaziyada onsuz da ağır olan mövcud vəziyyət vəzifədən öz xeyrinə istifadə etmək və gizli iqtisadiyyatla saysız-hesabsız əlaqələri olan geniş yayılmış korrupsiya ucbatından daha da ağırlaşdı. 1960-cı illərin sonunda mərkəz kənardan təsir göstərməklə bütün Zaqafqaziya respublikalarına yeni partiya liderlərini irəli çəkməyi qərara aldı. Eduard Şevardnadze Gürcüstana, Karen Demirçiyan Ermənistana, Naxçıvandan çıxmış peşəkar DTK zabiti Heydər Əliyev isə Azərbaycana uyğun bilindi. Tarixçi ali təhsili almış Heydər Əliyev 1969-cu ilin iyulunda AKP-nin birinci katibi kimi Vəli Axundovun yerinə gəldi. XX əsr Azərbaycanının güclü şəxsiyyətləri arasında Heydər Əliyevin təsiri öz sələfləri ilə müqayisədə uzun müddət davam etdi.

Gözlənildiyi kimi, Heydər Əliyev öz hakimiyyətinə yüksək vəzifəli məmurları təmizləməklə başladı. Heydər Əliyevin rəhbərlik etdiyi birinci beş il ərzində nomenklaturanın 80 faizi - hökumət nazirləri, AKP Siyasi Bürosunun üzvləri, Mərkəzi Komitə katibləri, Mərkəzi Komitə şöbələrinin müdirləri, rayon partiya komitələrinin katibləri və istehsalat rəhbərlərindən ibarət hakimiyyət elitası yeniləri ilə əvəz edildi. Bir-biri ilə əlbir olanlar şəbəkəsinin təkrar yaranmasının qarşısını almaq məqsədilə, vaxtaşırı kadr dəyişikliyi qayda halını aldı. Heydər Əliyevin yeritdiyi siyasi xətt "qətiliklə ictimai tənqidin çulğalaşması, mənəviyyatın tapdanmasına aparan səhv addımların ciddiyyətlə təqib olunması və intizama çağırış" kimi təsvir olunurdu. Həmin bu siyasi xətti Brejnev rejimindən sonra gələn keçid dövründə Andropov qəbul edəcəkdi". Azərbaycanın partiya rəhbəri, görünür, sübut etmək istəyirdi ki, iqtisadiyyatdakı ziddiyyətli şəraitə və struktur zəifliyinə baxmayaraq, məqsədəyönlü kadr siyasəti, nizam-intizam və qanunçuluğu gözləməklə mühüm nailiyyətə nəinki nail olmaq mümkün idi, faktiki olaraq mövcud vəziyyəti düzəltmək olardı.

1974-cü ildə Azərbaycan ittifaq respublikaları arasında sənaye sahəsində məhsuldarlıq və milli gəlirin artımına görə 4-cü yeri, ümumsənaye məhsuldarlığına görə isə 6-cı yeri tuturdu.

Heydər Əliyev mühüm əhəmiyyətli boş vəzifə yerlərini doldurmaq üçün slavyan mənşəli namizədlərdən istifadə edilməsinə heç bir meyil göstərmirdi və bir qayda olaraq, rus milliyyətindən olan ikinci katib Moskva tərəfindən təyin edilirdi. O biri tərfdən, şəxsi iddiası bütün ittifaq səviyyəsində daha yüksək postlar tutmağa yönələn Heydər Əliyev millətçilik əhval-ruhiyyəsi ilə bağlı məsələlərdə ehtiyatla hərəkət edirdi. O, bir tərəfdən Stalin siyasətinin qurbanı olmuş ədib Hüseyn Cavidin cənazəsinin qalıqlarını Azərbaycana gətirilməsi kimi rəmzi xarakterli hərəkətlərə himayəçilik edirdisə, digər tərəfdən də, öz nitqlərində sblijeniye (yaxınlaşma) əhval-ruhiyyəsinin möhkəmləndirilməsinə səsləyirdi.

Təzadlı olsa da, nə yerli hakimiyyət elitasının möhkəmlənməsi, nə də rus əhalisinin kütləvi şəkildə ölkədən getməsi rus dili və mədəniyyətinin göstərdiyi təsirdən qorunmaq üçün heç bir yardımçı rol oynaya bilmədi.

1960 və 1970-ci illər Azərbaycanın mədəni mənzərəsini əmələ gətirən üç mövcud cərəyanın qarşılıqlı əlaqəsini qabarıq şəkildə nümayiş etdirdi. Bu cərəyanlardan biri urbanizasiyanın, xüsusilə, Bakı əhalisinin sürətli inkişafında, ikinci cərəyan isə yavaş-yavaş dirçələn ziyalı təbəqəsi üçün ehtiyat qüvvələrin hazırlanması istiqamətində əhali arasında ali təhsilli kadrların sayının 150 min nefərə çatmasında özünü göstərdi. Hökumət qulluqçularının nisbəti isə 20,1 faizi təşkil edirdi. Hər iki istiqamətdəki inkişaf ikidilliliyin güclənməsi ilə bir araya düşdü ki, bu da 3-cü cərəyanın mahiyyətini təşkil edirdi. Birbaşa assimilyasiyanın- azərbaycanlıların rus dilini özlərinin birinci dili kimi qəbul etmələrinin statistik nöqteyi-nəzərdən əhəmiyyəti böyük deyildi. Həm öz ana dilində, həm də başqa bir dildə, bir qayda olaraq, rus dilində sərbəst danışanların sayı 1970-1979-cu illərdə ikiqat artaraq təqribən 30 faiz oldu. Bununla belə, həmin statistika dillərdən hansına şifahi dil, hansına ədəbi dil kimi üstünlük verilməsi sualına cavab vermirdi. Həqiqətən, ikidillilik yaxşı təhsil görmüş şəhər əhalisinin, say etibarilə qeyri-müəyyən də olsa, geniş bir qrupuna aid edilirdi. Həmin qrupda Azərbaycan dilini özünün əsas dili elan edənlərin xeyli hissəsi bu dildən, əsasən, danışıq dili kimi istifadə edirdi. Bu baxımdan, assimilyasiya dərəcəsindəki böyük fərqlər nəzərə alınmaqla, dillə bağlı cərəyan İran Azərbaycanındakı vəziyyəti xatırladırdı. Bakı ziyalılarının daha gənc nəsilə mənsub olanların əksəriyyəti üçün rus dilində yazmaq Azərbaycan dilində olduğundan daha rahat idi. Həm də onlar belə hesab edirdilər ki, Azərbaycan dili dərin düşüncələri ifadə etmək üçün yaramır. "Gəlin açıq danışaq."- deyə daxili narahatçılıq hissi keçirən Bəxtiyar Vahabzadə yazırdı.

Rus məktəblərində oxuyan azərbaycanlılar çox vaxt öz fikirlərini ana dilində ifadə edə bilmirlər... Azərbaycan məktəblərində isə rus dilinin tədrisi 1-ci sinifdən, daha doğrusu, uşaqlar öz doğma dilini mükəmməl öyrənməmiş, onun özünəməxsus təbiətini və gözəlliyini duymamış başlayır.

Digər tərəfdən, ikidilliliyi müdafiə edərək, elə həmin müəllif göstərir ki, kənddən olan azərbaycanlı çağırışçılar rus dilini yaxşı bilmədiklərindən hərbi xidmətdə diskriminasiyaya məruz qalırdılar.

Heydər Əliyevin ciddiyyətlə tətbiq etdiyi bütün tədbirlərə baxmayaraq, 1970-ci illərdə Sovet Azərbaycanında struktur böhran ünsürləri hələ də qalmaqda idi: sanki neft ehtiyatlarının tükənməsinin qarşısını alacaq heç bir çarə tapılmırdı, ecləcə də, əhali sıxlığının, xüsusilə, işsizliyin yaratdığı problemlərdən xilas yolu yox idi. Yaşayış səviyyəsi aşağı, ev təminatı və tibbi xidmət yarıtmaz vəziyyətdə idi. Əhali arasında hakim millət tərəfindən aparılan mədəni yadlaşma siyasəti davam edirdi və icmalararası gərginlik güclənməkdə idi.

Bununla belə, get-gedə daha çox durğunluq kimi başa düşülən stabillik bütün SSRİ-də adi həyat qayəsi kimi qaldı və baş verə biləcək naməlum nəticələrin qorxusundan riskə getməmək meyili hesabına gücləndi. Bu vəziyyət Brejnevdən sonra gələn Yuri Andropov və Konstantin Çernenkonun hakimiyyət başında olduğu illərdə geniş şəkildə davam etdirildi. Mövcud vəziyyətlə bağlı ilk etiraz səsləri sovet sistemi daxilindəki ziddiyyətlərlə əlaqədar deyil. Arazın o tayında inqilabın doğurduğu əks-səda ilə bağlı eşidildi.

Bütün bu problemləri öz qətiyyətilə, prinsipiallığı ilə həll edən Ulu Öndər kommunist liderdən milli liderə yüksələn yeganə dahi sovet rəhbərlərindən biri oldu.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər