Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində müstəsna rol oynadı. Fəzail Ağamalının qeyd etdiyi kimi: "Heydər Əliyev müasir, demokratik Azərbaycan dövlətini yaratdı, onu Cənubi Qafqazın ən nüfuzlu, hegemon ölkəsinə çevirdi, Azərbaycanda dövlətçilik təfəkkürünün formalaşmasında, bu ənənəni yaşatmaq üçün münbit şəraitin yaranmasında böyük rol oynadı və xalqımızın əbədi Lideri statusunu qazandı. Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, uzaqgörən siyasətçi, müasir dövlətimizin memarı, vətənpərvər və qayğıkeş insan kimi əbədi həkk olundu".
Fəzail Ağamalı Ulu Öndərin layiqli siyasi varisi İlham Əliyevin hakimiyyəti illərinin səciyyəvi cəhətlərini göstərərək, qeyd edir ki, "İlham Əliyevin hakimiyyətinə alternativ ciddi siyasi müxalifət, yaxud hərbi müxalifət təhlükəsi yoxdur, dövlətçilik maşını sistemli şəkildə oturaqlaşıb və dövlət artıq 1993-cü ilin deyil, müasir dünyanın gerçəklikləri ilə yaşayır. Bu vacib amillərə söykənən İlham Əliyev ölkədaxili proseslərin konstruktiv məcrada inkişafını davam etdirmək, onu sürətləndirmək imkanını qısa zaman kəsiyində təsdiqlədi. O, qısa bir vaxtda nəinki hakim komanda, hətta bütün Azərbaycan üçün birləşdirici faktor kimi qəbul olundu. Prezident seçkisindən sonra bu sahədə buzların əriməsi, radikal müxalifət düşərgəsində olan bir sıra qüvvələrin neytral və loyal müstəviyə transformasiya olunması, müxalifətin ifrat düşmənçiliyə yuvarlanmasına etirazlarının kütləvi xarakter alması dediklərimizi təsdiqləyir. Bu baxımdan, Prezidentin atdığı mütərəqqi addımları - həm seçkidən əvvəl, həm də seçkidən sonra müxalifəti dialoqa səsləməsini də yüksək qiymətləndirmək lazımdır. Dövlət başçısının bu dəvəti Azərbaycan cəmiyyətində sivil siyasi münasibətlərin qorunması və inkişafına xidmət edir. O, daim milli birliyin fəal müdafiəçisi olub və bu istiqamətdə ardıcıl təşəbbüslər və konkret addımlarla çıxış edib. Lakin təəssüflər olsun ki, radikal müxalifət dairələri vətəndaş həmrəyliyinə xidmət edən bu çağırışı dərk etmək qabiliyyətində deyil.
Proseslərin təhlili göstərir ki, Prezident xalqın mütləq qisminin dəstəyini qazanmaqla böyük gücə söykənərək, Dağlıq Qarabağ danışıqlarında uğur qazanmaq üçün milli birliyə nail olmaq, həm də ötən əsrin sonlarından başlayaraq, izlənən sosial-iqtisadi yüksəliş üçün daha güclü zəmin yaratmaq istəyindədir.
İlham Əliyevin Prezidentliyi ölkənin beynəlxalq əlaqələri baxımından da keyfiyyətcə daha effektiv zamana təsadüf edir. İndi Azərbaycan nə beynəlxalq tanınma həsrətində olan, nə ətrafında formalaşdırılmış antitəbliğat maneəsini aşıb keçməyə çalışan, nə də dünyaya çıxış yolları arayan dövlətdir. Azərbaycan son on ildə ciddi əsaslara malik, balanslaşdırılmış xarici siyasət kursu hesabına, üstəlik, məlum 11 sentyabr hadisələrindən sonra formalaşan yeni atmosferli beynəlxalq auranın şərtlərinə uyğun olaraq, strateji əhəmiyyətli bölgədə yerləşən, bəzi müstəqil dövlətlərə xas olan "banan respublikası" ənənələrini inkar edən regional güc mərkəzidir. Azərbaycan artıq daxildə dövlətçiliyimizin inkişafı, sosial rifahın təminatı, xarici siysətdə isə milli maraqların ödənilməsi üçün təsirli vasitəyə malikdir.
Şübhəsiz ki, İlham Əliyevin Prezidentliyinə təsadüf edən ən fundamental amil prezident seçkilərindən sonra köhnə ictimai düşüncə tərzinin tamamilə inkarı və yeni siyasi baxışlar sisteminin formalaşması mərhələsinin başlanmasıdır. Ümumiyyətlə, İlham Əliyevin hakimiyyəti bütövlükdə yenilik məfhumu ilə sıx surətdə bağlıdır. Bunu nəinki Onun seçki təbliğatı, həm də seçkidəki möhtəşəm qələbəsindən sonra yeni ictimai düşüncə sisteminin formalaşması, Azərbaycanın siyasi həyatına müasir oyun qaydaları - praqmatiklik, liberal iqtisadi münasibətlər, açıq vətəndaş cəmiyyəti, sivil siyasi mübarizə, siyasi qüvvələrə rəqiblərini təkcə tənqid etmək deyil, həm də fəaliyyətinə, bacarıq və qabiliyyətinə görə qiymət vermə ənənələrinin yaranması bir daha sübut edir. -__
Əslində, bütün bunlar Azərbaycan siyasəti üçün ənənəvi müxalifətçilik, populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, inqilabçılıq, destruktivtik tendensiyalarının aktuallığını itirməsi demək idi. İlham Əliyevin seçkidə tətbiq etdiyi siyasi texnologiya radikal müxalifətin matəm marşına çevrildi.
M.Musayev göstərir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın yetirməsi - Möhtərəm Prezidentimiz İlham Əliyevin həm ölkə daxilində, həm beynəlxalq miqyasda gördüyü işlər, qazandığı misilsiz nailiyyətlər Onun aparıcı dövlət xadimi kimi parlaq perspektivlərə malik olduğunu sübut edir. Dünya siyasətində artıq inamla tanınmağa başlayan İlham Əliyevə bu gün beynəlxalq aləmdə xüsusi diqqət göstərilir və Ona göstərilən etimadı ləyaqətlə doğrultmağa çalışır. O öz məntiqi fikirləri və ədalətli mövqeyi ilə artıq dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmiş və onun rəğbətini qazanmışdır. Bu isə, Azərbaycanın mövcud problemlərinin tezliklə həllinə real şərait yaradır.
İlham Əliyevin milli dövlətçilik konsepsiyası, hazırkı geosiyasi vəziyyətdə hər hansı etnik zəmində yaranmış münaqişənin və ya ərazi konfliktinin müharibə yolu ilə həllinin mümkün olmadığını göstərir. Onun fikrincə, bu gün Qarabağ problemi məhz Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, beynəlxalq təşkilatların vasitəçiliyi ilə həll olunmalıdır. Bu problemin sülh yolu ilə həlli deməkdir.
Bu gün Azərbaycan dövlətinin xarici siyasətində beynəlxalq hüquq normalarına yüksək səviyyədə bütün diplomatik gedişlərdə riayət edilməsi dövlətimizə qarşı ədalətli mövqenin bərpasına, beynəlxalq aləmdə Azərbaycana olan inamın artmasına, uzunmüddətli faydalı əməkdaşlığa və dövlət maraqlarımızın beynəlxalq səviyyədə təmin edilməsinə yönəlmişdir. Bütün bunlar möhtərəm Prezidentimizin yeritdiyi münaqişənin danışıqlar və sülh yolu ilə həlli prinsipinin, ardıcıl və prinsipial şəkildə həyata keçirilməsinin labüd nəticəsidir.
Fəzail Ağamalının qeyd etdiyi kimi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, demokratik yolla prezident seçilmiş İlham Əliyevin dövlət başçısı olaraq müxalifətçilərin qərəzli davranışlarına, siyasi manipulyasiyalarına, yalan və böhtanlarına, millətə və dövlətə lazım olmayan bu keyfiyyət və əməllərə qəti əhəmiyyət və reaksiya verməməsi də radikal, qərəzli, qeyri-konstruktiv müxalifət partiyalarını Azərbaycan cəmiyyətində tamamilə ifşa və iflas vəziyyətinə, ictimai boykot durumuna saldı, onların cəmiyyət üçün əhəmiyyətsizliyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin yalnız ölkənin və millətin gələcək inkişafı, əhalinin durumunun yaxşılaşması və Dağlıq Qarabağ probleminin həlli ilə, ölkənin iqtisadi yüksəlişilə, inkişafı ilə məşğul olmasının, sahibkarlığın inkişafı üçün tədbirlər həyata keçirməsinin, Azərbaycanın daha da güclü dövlətə çevrilməsi istiqamətində real fəaliyyət göstərməsinin fonunda müxalifət öz pozuculuq, anti-təbliğat, dezinformasiya fəaliyyəti ilə, öz qərəzli və aldadıcı davranış cəhdləri ilə çox cılız, zavallı, çarəsiz, perspektivsiz, dayanıqsız və dağınıq görünür. Əslində, bu görünüş seçkidən sonrakı müxalifətin əsil real görünüşüdür. Yəni radikal müxalifət ölkədə gedən siyasi, iqtisadı, sosial proseslərin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin qarşısında necə varsa, elə də görünür. Odur ki, müxalifət liderlərinin özlərini siyasi reabilitasiya cəhdi nə qədər başadüşüləndirsə, bu cəhdin əbəs, əhəmiyyətsiz olduğu və gözlədikləri nəticələri verməyəcəyi də bir həqiqətdir.
Göründüyü kimi, Azərbaycan üçün yeni dövr - fərqli reallıq, yeni imkanlar zamanı başlayib. Bu mərhələni maksimum itkisiz və qazancla keçmək üçün müasir dünyagörüş, yeni ictimai şüur sisteminə ehtiyac var. Bu sistem quruculuğu yuxarıdan aşağıya prinsipi ilə həyata keçirilməlidir və onu ancaq İlham Əliyev təmin edə bilər.
Qərb də, bu baxımdan, İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir. Aydındır ki, Qərb neftlə zəngin, müttəfiq olduğu ölkəni xaos girdabında yox, sabit və demokratik inkişaf yolunda görmək istəyir. Bu zaman həmin ölkə ilə əlaqələr qurmaq və burada öz biznes maraqlarını təmin etmək daha da asan olur. Bu mənada, müstəqillik qazanmış keçmiş SSRİ respublikaları içərisində özünün seçdiyi inkişaf modelinə görə, Qərbi ən çox cəlb edən müsəlman respublikası məhz Azərbaycandır.
Etiraf edilməlidir ki, Prezident İlham Əliyev ölkədə demokratik təsisatların inkişafı, siyasi qüvvələr arasında qarşılıqlı inam və etimad hissinin bərqərar olması, cəmiyyətdəki siyasi ziddiyyətlərin dinc və sivil yollarla aradan qaldırılması yolunda əzmlə çalışır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, siyasi mənsubiyyətindən və dünyagörüşündən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı onun üçün doğmadır. O, sübut etdi ki, doğrudan da, hər bir azərbaycanlının layiqli Prezidentidir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru