PDF Oxu

MİA

  • 1 869

Azərbaycan-GUAM əməkdaşlığının perspektivi

Azərbaycan-GUAM əməkdaşlığının perspektivi

Bu gün GUAM-ın fəaliyyətində də digər subregional birliklərin hamısına məxsus olan passivlik, qəbul olunmuş qərarların icrasının gecikdirilməsi kimi mənfi meyillər müşahidə olunur. Hətta bu fəaliyyət ona gətirib çıxarmışdır ki, 2002-ci ildə Özbəkistan təşkilatı tərk edəcəyini bəyan etmiş, 2005-ci ildə isə guya GUAM-ın siyasi-təhlükəsizlik məsələləri ilə məşğul olmağa başladığını əsas gətirərək onu tərk etmişdir.

GUAM-ın son zirvə görüşü 2005-ci il aprelin 22-də Moldova Respublikasının paytaxtı Kişineu şəhərində keçirilmişdir. Görüşdə quruma üzv olan dövlətlərin rəhbərləri - Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna prezidenti Vladimir Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Moldova prezidenti Vladimir Voronin, həmçinin, müşahidəçi qismində Rumıniya prezidenti Trayan Besesku, Litva prezidenti Valdas Adamkus, ABŞ Dövlət Departamentinin Avrasiya üzrə böyük məsləhətçisi Stiven Mən, ATƏT-in baş katibi Yan Kubiş iştirak etmişlər.

Dövlət başçılarının zirvə toplantısında regional problemlər, demokratik proseslərin inkişafı, Avropaya inteqrasiyanın sürətləndirilməsi, terrorizm və təcavüzkar separatizmlə mübarizə, regional təhlükəsizlik, Avropa təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, quruma üzv olan dövlətlər arasında əlaqələrin gücləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Zirvə görüşü çərçivəsində müxtəlif qurumların və nazirliklərin əməkdaşlığına dair "GUAM ölkələri arasında", "GUAM-ın üzvü olan ölkələrin səhiyyə nazirlikləri arasında əməkdaşlıq haqqında" sazişlər imzalanmışdır. GUAM-ın üzvü olan dövlətlər arasında əməkdaşlıq ruhunu ifadə edən, habelə əməkdaşlığın meyar və prinsiplərinin dəqiq göstərildiyi "Demokratiya, sabitlik və inkişaf naminə" Kişineu Bəyannaməsi qəbul edilmişdir.

AR Prezident Administrasiyasının şöbə müdiri, professor Ə.Həsənov yazır ki, GUAM ölkələrinin prezidentləri çıxışlarında və bəyanatlarında ölkələrinin demokratiya, qanunun aliliyi və insan hüquq azadlıqlarına hörmət prinsiplərinə sadiqliyini və öz xalqlarının firavanlığı naminə GUAM dövlətləri arasında əlaqələrin, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərdiklərini bildirmişlər. Dövlət başçıları beynəlxalq terrorizm və ekstremizmlə, onlarla bağlı mənfi hallarla - narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, qeyri-leqal miqrasiya, qanunsuz silah alveri, çirkli pulların yuyulması və korrupsiya ilə mübarizədə dövlətlərin əməkdaşlığını daha da möhkəmləndirməyin zəruriliyini təsdiqləmişlər. Prezidentlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üzrə birgə səylər haqqında bəyannamənin müddəalarının, habelə terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlər ilə mübarizə sahəsində GUAM dövlətlərinin hökumətləri arasında əməkdaşlıq haqqında sazişin icrası naminə səyləri daha da gücləndirməyin və genişləndirməyin tərəfdarı olduqlarını bildirmişlər. Onlar həmçinin separatizmin və dezinteqrasiyanın perspektivsizliyini və zərərliliyini, güc işlədilməsinin, etnik təmizləmələrin və ərazi işğallarının yolverilməzliyini bəyan etmiş, Dnestryanı bölgə, Dağlıq Qarabağ, Abxaziya problemlərinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Bəyanatda nəzarət edilməyən ərazilərin mənsub olduqları dövlətlərə qaytarılması, müxtəlif etnik qrupların, dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədlərinin hüdudları daxilində birgə dinc yaşaması, bu işdə GUAM ölkələrinin və beynəlxalq birliyin birgə səylərinin gücləndirilməsi istiqamətində hər bir dövlətin ciddi iş aparmasının vacibliyini vurğulamışlar.

Sammitdə "dondurulmuş" münaqişələrin həllinə yönəldilən sülh təşəbbüsləri və prinsiplərini dəstəkləyən prezidentlər, zirvə görüşünün regionun dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə kömək edəcəyini bildirmiş, regional əməkdaşlıq çərçivəsində gələcəkdə iqtisadi layihələrin həyata keçirilməsinə tərəfdar olduqlarını açıqlamışlar. Hazırda üzv dövlətlər təşkilatın əhəmiyyətindən, onun görə biləcəyi və planlaşdırdığı inteqrasiya proseslərindən geniş bəhs etsələr də, GUAM çərçivəsində də praktiki sahədə ciddi işin görüldüyü müşahidə olunmur.

Azərbaycan tədqiqatçısı Oqtay Sadıqzadə yazır ki, Qərb marşrutu ilə məhsuldar, uzunmüddətli iqtisadi kooperasiya üçün əlverişli şərait yaratmağı öz qarşılarına əsas vəzifələrdən biri kimi qoymuşdur. Onlar ilk əvvəlcə, bir sıra ikitərəfli, çoxtərəfli dövlətlərarası sazişlər bağlamış dövlətlərin öz aralarındakı nəqliyyat, rabitə, energetika maşınqayırma, kənd təsərrüfatı, humanitar əməkdaşlıq, turizm, mədəniyyət və s. sahələrdəki təmaslarını tənzimləmiş, vahid standartlara uyğunlaşdırmışlar.

GUAM daxilində başlıca əməkdaşlıq istiqamətləri kimi dövlətlərin sabitliyi və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı və intensivləşdirilməsi istiqamətində çıxış edir. Tərəflər əmindirlər ki, ölkələr arasında dostluq münasibətlərinin inkişafı və dərinləşdirilməsi bir-birinin suverenliyinə hörmət, bərabərlik və qarşılıqlı mənfəət əsasında qurularaq əməkdaşlığın daha yüksək səviyyəsinə çatmaq yolunda ölkələrin dövlət və ümumxalq maraqlarına tam şəkildə cavab verir.

Nəqliyyat dəhlizinin yaradılması və işləməsinin təmin olunması GUAM dövlətləri fəaliyyətinin mühüm sahələrindəndir. Bununla əlaqədar olaraq neftin nəql edilməsi haqqında Azərbaycan-Gürcüstan razılaşmasına Ukrayna və Moldovanın da qoşulması Azərbaycan və Ukrayna arasında bağlanan 22 hökumətlərarası razılaşma ilə zənginləşdirilmiş və GUAM daxilində ölkələrarası əlaqələri möhkəmləndirən növbəti stimula çevrilmişdir. Nəzərdə tutulur ki, Azərbaycan nefti kəmərləri və ya dəmir yolu vasitəsilə Gürcüstanın Poti və ya Supsa limanlarına çatdırılacaq, oradan isə Odessanın "Yujnı" limanında yaradılan Odessa-Lvov və "Drujba" kəmərləri vasitəsilə Avropa ölkələrinə nəql ediləcəkdir. Layihə Rumıniya dövləti tərəfindən də bu ölkənin inkişaf etmiş neft kəmərləri sisteminə malik olması səbəbindən dəstək almışdır. Bir sıra mütəxəssislərin fikrincə, Bakı-Supsa-Konstansa-Triest marşrutu da gələcəkdə real və Bakı-Tbilisi-Ceyhan marşrutuna rəqabət təşkil etmək iqtidarında olan variantlardan biri kimi nəzərdən keçirilə bilər.

24 aprel 1999-cu ildə Vaşinqtonda NATO üzvlərinin və üzvlüyə namizəd dövlətlərin yubiley sammitində GUAM dövlətlərinin sırasına Özbəkistan da daxil oldu və qurum GUÖAM adlandırıldı. Vaşinqtonda GUÖAM ölkələrinin dövlət başçılarının birgə bəyanatı yeni təşkilatın prinsiplərini və əsas istiqamətlərini müəyyən etdi: beynəlxalq münaqişələrin həllində fəal iştirak etmək; NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında təmsil olunmaq; beynəlxalq təşkilatlar və forumlar çərçivəsində çoxtərəfli əməkdaşlıq; separatizm, dini ekstremizm və terrorizmlə mübarizə; Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı istiqamətində əməkdaşlıq. GUÖAM sırf koordinasiya orqanı kimi, təbii ki, Müstəqil Dövlətlər Birliyinə qarşı yox, ona paralel olaraq fəaliyyət göstərən bir dövlətlərarası təsisat şəklində çıxış edir. Alyansın formalaşdırılması templəri Ukraynanın, Özbəkistanın, Gürcüstanın, Azərbaycanın və Moldovanın iqtisadi və siyasi maraqlarına cavab verir. Bu zaman Ukrayna Mərkəzi Avropa təşəbbüs ölkələrinə daxil olan yeganə GUÖAM dövləti olduğuna görə onun üzərinə böyük bir geosiyasi məkanda möhtəşəm Avrasiya körpüsü rolunu ifa etmək kimi şərəfli vəzifə düşür.

O.Sadıqzadənin fikrincə, GUÖAM - postsovet məkanının ziddiyyətləri olmayan və iqtisadi-siyasi oriyentasiyaları üst-üstə düşən bərabərhüquqlu dövlətlər qrupudur. Quruma daxil olan ölkələr kooperasiyanın bərabərhüquqlu və qarşılıqlı-faydalı ideyaların yaradılması təşəbbüsünü dəstəkləyir, Moskvanın siyasi elitasının postsovet məkanındakı ənənəvi üstünlüyünü aradan qaldırır, yeni, daha səmərəli dövlətlərarası əməkdaşlıq yollarını arayırlar.

GUÖAM-da Özbəkistanın bir sıra siyasi motivlərlə əlaqələndirildikdən sonra qurumun tərkibində fəaliyyətini dondurması vəziyyəti hissediləcək dərəcədə dəyişdirə bilmədi. GUÖAM ölkələri Ukraynanın təklifi ilə məşvərət mexanizminin işləməsi məqsədilə aşağıdakılar haqqında razılaşma əldə etdilər:

* GUÖAM dövlət başçılarının ildə bir dəfədən az olmayaraq görüşmələri;

* BMT, ATƏT, MDB və s. xətlərlə sammitlərin keçirildiyi dövrlərdə görüşlər;

* xarici işlər nazirlərinin, müdafiə və energetika nazirlərinin ildə iki dəfədən az olmayaraq keçirilən görüşləri;

* xarici işlər nazirliklərinin xətti ilə ekspert qruplarının iki ayda bir dəfədən az olmayaraq keçirdikləri görüşlər;

* GUÖAM dövlətlərinin üzvü olduqları mövcud beynəlxalq təşkilatların çərçivəsində səfirlər və ekspertlər səviyyələrində nizami qaydada keçirdikləri məsləhətləşmələr.

GUÖAM çərçivəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. İrimiqyaslı layihələrin realizə edilməsi təhlükəsizliyin subregional strukturlarının yaradılmasını tələb edir. Belə bir sistem bu sahədə GUÖAM dövlətlərinin maraqlarının maksimum şəkildə mühafizəsi məqsədilə ümumi platforma sayılmalı, Rusiyanın subregiondakı bir çox maraqlarına alternativ xarakter, iqtisadi-siyasi və hərbi-siyasi ballast funksiyası daşımalıdır. MDB ölkələrinin rəhbərlərinin Kişinyovda keçirilən sammitdəki GUÖAM dövlətləri başçılarının rəsmi Moskvanı birmənalı olaraq tənqid etdikləri görüşü dönüş nöqtəsinə çevrildi. Keçmiş sovet imperiyasının qayəsi olan "Parçala və hökm sür" şüarı altında regionlarda yürüdülən ikili standartlar siyasəti kəskin tənqidə məruz qaldı. Münaqişələr zonasında özünün hərbi-siyasi mövcudluğunu saxlayan Rusiya bu gün, həm də bu ölkələrin enerji resursları bazarlarında da öz mövqelərini qoruyub saxlamaq istəyir, lakin tədricən Qərbin siyasi, geosiyasi və ideoloji ekspansiyası qarşısında öz çətinliklərini dərk edir. Belə bir faktı qeyd etmək yerinə düşərdi ki, GUÖAM dövlətlərinin hər biri bu və ya digər formada separatizmlə üzləşmiş, bu separatçı əhval-ruhiyyə isə adətən xarici qüvvələrin təsiri altında "ətə-qana" gəlmişdir. Bu istiqamətdə də GUÖAM-ın yaradılması birgə səylərlə (məsələn, GUÖAM dövlətlərinin "mavi dəbilqəlilər" və s.) münaqişə zonalarının lokallaşdırılması yönümündə pozitiv nəticələr verə bilər.

GUÖAM dövlətlərini birləşdirən iqtisadi aspektlərə bir daha diqqət yetirək. Bu münasibətlər quruma daxil olan bütün ölkələr üçün prioritet xarakter daşıyır. Bu blokda təmsil olunan dövlətlər böyük təbii, insani və maliyyə ehtiyatlarına malikdir. Ukraynanın daş-kömür və uran resursları, Azərbaycanın neft-qazı, Gürcüstanın əlverişli geostrateji mövqeyi, Moldovanın isə Orta-Şərqi Avropaya açılan bazarlarına görə təşkilat beynəlxalq nöqteyi-nəzərdən də cəlbedicidir, GUÖAM ölkələri MDB-yə qarşı çıxmadan keçmiş SSRİ məkanında keyfiyyətcə yeni bir iqtisadi güc mərkəzinə çevrilməkdədir. Xüsusilə, Azərbaycan və Ukrayna arasında iqtisadi, siyasi, tarixi və mədəni əlaqələr oxşar geosiyasi şəraitlə qeyd-şərtlənərək hərbi-siyasi alyansa da transformasiya edilə bilər. Bunlar - ticarət-iqtisadi əlaqələrdə kifayət qədər sanballı normativ-hüquqi bazanın yaradılması, 10 illik iqtisadi əməkdaşlıq haqqında saziş və ikitərəfli Gömrük Birliyi (11 mart 1997-ci il) timsalında öz bariz ifadəsini tapmışdır. TRASEKA nəqliyyat dəhlizi 30-dan çox dövləti əhatə etdiyinə görə inteqrasiya proseslərinə güclü təkan verir, beləliklə, bu layihə yalnız Xəzəryanı dövlətlər üçün yox, habelə, Bolqarıstan, Rumıniya, Moldova, Türkiyə və Ukrayna üçün də iqtisadi inkişaf istiqamətlərində böyük perspektivlərə malikdir, proqram xarakteri daşımağa başlayır. GUÖAM, MDB kimi ətalətli bir qurumdan fərqli olaraq Mərkəzi Asiyadan Balkanlara qədər tarixi missiyasını icra edən dövlətlərarası-transbeynəlxalq təşkilata çevrilir.

Vaşinqton sammitində GUÖAM dövlət başçıları xüsusilə qeyd etdilər ki, bu quruma daxil olan ölkələrin əməkdaşlığı digər hər hansı bir dövlətə və ya dövlətlər qrupuna qarşı çevrilməyib. İştirakçı dövlətlər münaqişə zonalarına silah satılmasına, kütləvi silahların yayılması və istismari təhlükəsinə qarşı çıxmaqla özlərinin sülhməramlı xarici siyasət kurslarını bir daha vurğuladılar və bəyan etdilər. GUÖAM-ın məxsusiliyi onun bu və ya digər üzvünün diktata meyilli olmamasıdır. Bu təşkilat - maraqlar sferasında bölgü aparmayan, regionda siyasi ağalığa can atmayan sivil dövlətlərin könüllü birləşmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu ittifaqıdır. GUÖAM XXI əsrə atılan körpü kimi Azərbaycanımızı Qərb sivilizasiyası ilə birləşdirən bir amil olaraq dövlətimizin milli, ümumxalq və ümumdövlət maraqlarına tam şəkildə cavab verir, dövlətçiliyimiz üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli bir amil timsalında fəal iştirak edir. Şübhəsiz ki, GUÖAM-a daxil olan ölkələr arasında Azərbaycan magistral funksiya daşıyır, ölkəmizin Trans-Atlantika məkanına inteqrasiyası GUÖAM-ın tarixi əhəmiyyətini daha da artırır. Bu fikri, özünün 15 dekabr 2001-ci il tarixində Bakı rəsmi səfəri zamanı ABŞ-ın müdafiə naziri D.Ramsfeld də vurğulayaraq yurdumuzun gələcəkdə Qərb sivilizasiyasının ayrılmaz tərkib hissəsi olacağı barədə əminliklə deyilmiş sözləri də sübuta yetirir, atılan bir sıra cəsarətli addımlar Azərbaycanın sivil imicini xarici siyasətdə nümayiş etdirməyə əlverişli tarixi və geosiyasi imkanlar yaradır. Azərbaycanın XXI əsrdə məhz bu cür yaşayıb-yaratmaq hüququ və imkanları vardır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər