Bölgədə təhlükəsizlik problemlərinin həllinə mane olan əsas amillərdən biri Rusiyada Vaşinqtona və Qərbə münasibətdə birmənalı və dəqiq kursun mövcud olmaması ilə bağlıdır. Moskvada ABŞ-ı beynəlxalq terrorizm, etnik münaqişə və müasir təhlükələrlə mübarizədə bərabərhüquqlu müttəfiq qismində görənlərlə bərabər, bölgədə hərbi-siyasi cəhətdən möhkəmlənməyə can atan rəqib kimi baxanların sayı daha çoxdur. Bu isə geosiyasi mövqelərin qarşıdurmasını daha da gücləndirir. Özü də artıq burada Rusiya (İran, Ermənistan) - ABŞ (Azərbaycan, Türkiyə, Gürcüstan) bloklaşması da proqnozlaşdırılır. Son illər Ukraynanın regiondakı proseslərə daha fəal müdaxilə etməsi isə Rusiya-İran- Ermənistan blokuna qarşı Qərbin dəstək verdiyi Türkiyə-Ukrayna-Azərbaycan-Gürcüstan blokunun formalaşmasını şərtləndirir. Bu gün Bakı-Tbilisi-Ceyhan layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyini şərtləndirən əsas amillərdən birinə çevrilib. Bununla paralel olaraq, Kiyevin Xəzər neftinin Odessa-Brodı-Qdansk kəməri vasitəsilə də Avropa bazarlarına çıxarılması üçün göstərdiyi səylər, Ukraynanın qlobal enerji layihələrində aparıcı mövqe tutmağa iddialı olduğunu göstərir. Bütün bu layihələrin təhlükəsizliyinin təmin edilməsi regional təhlükəsizliyin ümumi problemlərinin ən həssas məsələsi hesab olunur.
Ümumiyyətlə, ərazisi və əhalisinin sayına görə Avropanın böyük dövlətlərindən biri olan Ukrayna öz təhlükəsizlik siyasətinin prioritetini hələ 1998-ci ildə müəyyənləşdirib. Prezident Leonid Kuçmanın həmin ilin noyabrında təsdiq etdiyi Ukrayna-NATO əməkdaşlığına dair dövlət proqramında rəsmi Kiyev Şimali Atlantika Alyansını "Avropada kollektiv təhlükəsizliyin ən effektli strukturu" adlandırıb. Bu gün Ukraynada birmənalı şəkildə Amerikapərəst hakimiyyətin formalaşdığını nəzərə alsaq, Kiyevin də Cənubi Qafqazdakı siyasətini Qərbin maraqları kontekstindən şərh etmək olar.
Ə.Həsənov yazır ki, hazırda Ukrayna ilə ABŞ-ın əksər məsələlərə yanaşması eynidir. Regionda yeni geosiyasi vəziyyətin formalaşdırılması, Avropa təhlükəsizlik sisteminin bu bölgəyə doğru genişləndirilməsi, Xəzər neftinin nəqli üçün istifadə olunan dəhlizlər və geosiyasi oriyentasiya məsələlərində Ukraynanın mövqeyi Qərblə üst-üstə düşür. Qərb ölkələri Rusiyanı bölgədən təcrid etmək üçün Ukraynaya təsirli vasitə və ciddi amil kimi yanaşır. Bu baxımdan, Ukraynanın Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə müdaxiləsi, həm də Rusiyanın bu regiondakı ənənəvi təsirini zəiflətmək məqsədi güdür.
Öz növbəsində, rəsmi Moskva Kiyevin Rusiyanın enerji daşıyıcılarından asılı olması faktından bu ölkəyə qarşı təzyiq kimi istifadə edir. Bu gün Ukraynanın Qafqazda və bütövlükdə Avrasiyada müstəqil geosiyasi faktor kimi çıxış etməsinə mane olan əsas amil də məhz onun Rusiyadan enerji asılılığı hesab olunur. Buna görə də Ukrayna bu asılılığı aradan qaldırmaq üçün Qafqaz və Mərkəzi Asiyada öz mövqelərini möhkəmləndirməyə çalışır və bu zaman əsas diqqət Azərbaycan, Gürcüstan və Qazaxıstana yönəlir.
Ukraynanın Cənubi Qafqazdakı maraqları, ilk növbədə, enerji-nəqliyyat layihələri ilə bağlıdır. Bu layihələr, artıq qeyd edildiyi kimi, Ukraynanın əsrlər boyu birlikdə olduğu Rusiyadan enerji asılılığına son qoymaq üçün yeganə çıxış yoludur. Ukraynanın Cənubi Qafqazda Rusiyaya qarşı alternativ kimi çıxış etməsi, ilk növbədə, rəsmi Moskvanın bölgədəki münaqişələrə yanaşmasından narazı olan Azərbaycan və Gürcüstan üçün cəlbedici görünür. Ukraynanın regional təhlükəsizlik məsələsinə yanaşması da birmənalı şəkildə bu dövlətlərin maraqlarına uyğundur.
Ə.Həsənovun fikrincə, bu gün Ukrayna Türkiyə, Azərbaycan və Gürcüstanla hərbi və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın formalaşması üçün öz səylərini davam etdirir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmayan bu ölkələrlə, o cümlədən, NATO üzvü olan Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Beləliklə, hələlik, rəsmi Kiyevin Cənubi Qafqazda ciddi geosiyasi oyunçu qismində çıxış etmək imkanı olmasa da, Qərb ölkələrinin verdiyi dəstək onun perspektivləri haqqında optimist fikir söyləməyə əsas yaradır. Baxmayaraq ki, indiyədək region ölkələri tərəfindən Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılmasına dair irəli sürülən təklif və sxemlərin heç birində Ukraynanın iştirakı nəzərdə tutulmayıb. Regionun hər bir ölkəsi Qafqazın təhlükəsizliyi ilə bağlı fərqli təklif və sxemlərlə çıxış edir. Hətta regional proseslərə yanaşmada müəyyən ortaq mövqe nümayiş etdirən İranla Rusiyanın da təklifləri bir-birindən xeyli fərqlənir. Yuxarıda göstərildiyi kimi, Rusiya regional təhlükəsizlik məsələlərinin yalnız KTM çərçivəsində, yaxud 4 Qafqaz dövlətinin iştirakı ilə həllinə tərəfdar olduğunu israrla irəli sürür. Təbii ki, "regiondan kənar qüvvələr"lə bağlı Rusiya ilə eyni mövqe nümayiş etdirən İran bu yanaşma ilə razı deyil.
Yeri gəlmişkən, "regiondan kənar qüvvələr"ə yanaşmadakı eynilik geostrateji maraqlarla yanaşı, həm də tarixi köklərə malikdir. Bugünkü müstəqil Azərbaycan dövləti Rusiya ilə İran arasında əsrlər boyu mövcud olan sərhədləri pozub və onların strateji maraqlarına maneçilik törədib. SSRİ dağılandan sonra artıq Rusiyanın İranla birbaşa quru sərhədi yoxdur və bu, iki ölkənin birgə geosiyasi planlarının reallaşmasını çətinləşdirir. Üstəlik, Qərbin Azərbaycanda möhkəmlənməsi, bu ərazidə İranla Rusiya arasında üçüncü qüvvənin yerləşdirilməsi deməkdir. Bu gün Tehranla Moskvanın regiona kənar qüvvələrin müdaxiləsinə qarşı ciddi müqavimət göstərməsinin kökündə də, əsasən, bu faktor dayanır.
Ümumiyyətlə, İranın bölgədə təhlükəsizlik problemlərinə öz tarixi yanaşması var və bu dövlətin mövqeyində yeni şəraitdə də hər hansı dəyişiklik müşahidə olunmur. İran bölgədə qeyri-sabitliyin yaranmasını, "regiondan kənar" qüvvələrin (ABŞ və Avropa İttifaqı) mövqelərinin möhkəmlənməsinin əsas şərti kimi qəbul edir. Çünki istənilən münaqişə, regiona kənar qüvvələrin müdaxiləsinə yol açır (Balkanlar buna sübutdur). Məhz buna görə, İran dəfələrlə istər Xəzər hövzəsindəki ölkələrə, istərsə də Cənubi Qafqaz respublikalarına bölgədəki təhlükəsizliyin qorunması üçün birgə kompleks tədbirlər təklif edib və "regiondan kənan" qüvvələrin proseslərə müdaxiləsini yolverilməz sayıb.
Ə.Həsənovun fikrincə, İranın bununla bağlı ilk təşəbbüsü Cənubi Qafqazda vahid təhlükəsizlik sisteminin yaradılması ilə bağlı olub. Bunun üçün rəsmi Tehran region ölkələrinə 3+2 formulu (3 Cənubi Qafqaz respublikası + Rusiya və İran) təklif edib. Bu sistem təhlükəsizlik və xarici siyasət sahəsində adıçəkilən ölkələrin səylərini birləşdirməsini, birgə əməkdaşlığını nəzərdə tuturdu. Maraqlıdır ki, 3+2 formulunu təklif etməklə regiondakı əsas geosiyasi oyunçulardan biri olan Türkiyəni bu sistemdən kənarda qoymağı düşünən İran yalnız öz tarixi rəqibini deyil, həm də Ankaranın üzvü olduğu NATO-nu və müttəfiqi olduğu ABŞ-ı proseslərə təsir göstərmək imkanından məhrum etmək niyyətini gizlətmirdi.
Lakin Tehranın bu təklifi region ölkələri tərəfindən birmənalı qarşılanmadı. Məsələn, rəsmi Bakı öz təhlükəsizlik problemlərini ikitərəfli və çoxtərəfli əlaqələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq formasında həll etməyə üstünlük verdiyini bildirdi.
Bundan sonra İran rəhbərliyi regional təhlükəsizlik sisteminə dair yeni formula - 3+3 sxemini irəli sürdü. Burada artıq söhbət 3 Cənubi Qafqaz respublikası+Rusiya, İran, Türkiyə formulundan gedirdi. ABŞ-ın regiona gəlişini əngəlləmək üçün, İran hətta Vaşinqtonun ən güclü müttəfiqi və Tehranın əsrlər boyu regiondakı rəqibi olan Türkiyə ilə də əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi. Rəsmi Tehran bu sistem daxilində 6 dövlətin təhlükəsizlik şuralarının katibləri, parlament sədrləri, həmçinin iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində ayrı-ayrı görüşlərin keçirilməsini və ümumi baxışların formalaşdırılmasını təklif edirdi.
Bu gün Ukrayna regiondakı münaqişə ocaqlarının söndürülməsi üçün ciddi səy göstərir. Bunun üçün rəsmi Kiyev GUAM daxilində müvafiq mexanizm yaradılmasının ardıcıl tərəfdarı kimi çıxış edir. İlk dəfə bu ideyanı da məhz Ukrayna Prezidenti irəli sürmüşdür. Onun fikrincə, yaradılacaq sülhməramlı qüvvələr münaqişəli zonalarda sülh yarada bilər. GUAM-a üzv olan 4 ölkədən 3-ü daxili münaqişələrlə üzləşdiyinə görə, Ukraynanın bu təşəbbüsü Azərbaycan, Gürcüstan və Moldovada aktiv dəstəklənir və rəsmi Kiyevin bölgədə ciddi güc mərkəzinə çevrilmək perspektivini yaradır.
Bu gün Cənubi Qafqazdakı münaqişələr Ukraynanın da geosiyasi planlarına ciddi təhlükədir. Çünki Ukrayna üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri, məhz Azərbaycan və Gürcüstan ərazisindən keçir. Ona görə də Kiyev bu ölkələrin ərazisində hərbi-siyasi sabitliyin bərqərar olmasında maraqlıdır. İndiyədək Kiyevdə ölkənin bu istiqamətdə təşəbbüslərinə dair bir sıra ciddi bəyanatlar səslənib. Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-leytenant Valeri Frolovun ölkəsinin Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu bəyan etməsi də bunun göstəricisidir. Lakin hələlik, Kiyevin bu münaqişələrin həllində vasitəçilik üçün real təsir mexanizmləri yoxdur. Səbəb isə münaqişə ocaqlarında separatçı qüvvələrin bu vasitəçiliyə skeptik yanaşmasıdır. Həm Dnestryanı separatçıları, həm Abxaziya, həm də Ermənistan Kiyevin bu təşəbbüsünü dəstəkləmir. Ukraynanın münaqişələrə yanaşmada dövlətlərin ərazi bütövlüyü prinsipini əsas götürdüyünü nəzərə alsaq, separatçıların ona münasibətini anlamaq çətin deyil. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Kiyevin bu təşəbbüsünü "vaxtından əvvəl verilmiş bəyanat" adlandırıb. Abxaziya "prezidentinin" köməkçisi Astamur Taniyanın isə Kiyevin vasitəçilik təşəbbüsünə reaksiyası belə olub: "Abxaziya Ukraynanın sülhyaratma missiyaya cəlb olunmasının əleyhinədir. Çünki Kiyev bu münaqişələrə qeyri-konstruktiv yanaşır".
İranın regional təhlükəsizlik sisteminə dair daha bir təklifi 2003-cü ilin aprelində gündəmə gətirildi. İranın xarici işlər naziri Kamal Xərrazinin regionun birgə təhlükəsizlik qüvvələinin yaradılması təşəbbüsü yenə bölgə dövlətlərinin dəstəyini qazanmadı.
Ə.Həsənovun qənaətincə, beləliklə, İran regiondakı geostrateji məqsədini gizlətmir:
- Kənar qüvvələrin (ABŞ və Avropa İttifaqı) Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;
- Regional problemləri yalnız bölgədəki dövlətlərin birgə səyi nəticəsində həll etmək;
- Xəzər hövzəsi və Cənubi Qafqaz ölkələrinin birtərəfli addımlarını maksimum neytrallaşdırmaq və proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm tapmaq;
- Qərbyönümlü siyasət yeridən region dövlətləri ilə münasibətləri yüksək səviyyədə quraraq, onlara təsir mexanizmlərini müəyyənləşdirmək;
- Geostrateji maraqları İranla üst-üstə düşən regional ölkələrlə əməkdaşlığı daha da möhkəmləndirmək.
İranın Cənubi Qafqazda yürütdüyü region dövlətləri ilə hərtərəfli əlaqələr yaradaraq, onları təsir altında saxlamaq siyasəti Azərbaycanla münasibətlərinin timsalında açıq-aydın görünür. Son bir neçə il ərzində İranın Dağlıq Qarabağ probleminə yanaşmasında köklü dəyişiklik hiss olunur. İran bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxır, ölkəmizin ərazi bütövlüyünü tanıdığını müxtəlif tribunalardan elan edir, uzun illər mübahisə obyekti olan Təbrizdə konsulluğun açılması məsələsinə razılıq verir və s.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru