İlkin mənbə və ədəbiyyatın təhlili göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirərək "Böyük Ermənistan" yaratmaqdan ibarət olmuşdur.
Strateji baxımdan böyük əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsində erməni əhalisinin xeyli dərəcədə çoxalması XIX əsrin əvvəllərində, xüsusilə, Azərbaycan torpaqlarının bölüşdürülməsi haqqında Rusiya və İran arasında bağlanan 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra baş vermişdir. Çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda müstəmləkəçilik siyasətinin yeni mərhələsi məhz XIX əsrin 20-ci illərinin sonundan etibarən başlamışdır. Rus çarizmi Azərbaycanın Qarabağ bölgəsində xristianların sayını artırmaqla öz nüfuzunun bu regionda möhkəmlənməsi və müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün real zəmin yaradırdı.
Rusiyanın Qafqazı işğal etməsini N.N.Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsi haqqında yazırdı ki, "Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, özgə xalqların köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi."
1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin gedişində, həm də bütün XIX əsr boyunca ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən, Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə rəsmən 124 min, qeyri- rəsmi olaraq isə xeyli çox - 200 min nəfər erməni köçürülmüşdür.
XIX əsrin sonu - XX əsrin əvvəllərində də ermənilərin Cənubi Qafqaza köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə Cənubi Qafqaza 400 min nəfər erməni köçürülmüşdür. N.N.Şavrov bu barədə yazır: "1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyillər. Onları buraya biz köçürmüşük".
Nəticədə, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi Qarabağın dağlıq hissəsində demoqrafik vəziyyətə, regionda baş verən hadisələrə ciddi təsir göstərmiş va onların gələcək ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.
Amerikalı alim Castin Makkartinin fikrincə, 1828-ci ildən 1920-ci ilə qədər çar Rusiyası tərəfindən 100 minlərlə erməni Cənubi Qafqazda yerləşdirilmişdir. Təkcə I Dünya müharibəsi dövründə ruslar Şərqi Anadoludan 400 minə qədər erməni köçürmüşdülər. 1828-ci ildən 1920-ci ilə qədər olan dövrdə təkcə Azərbaycanın ərazisində 520 min. erməni yerləşdirilmişdir.
Rusiya çarı I Nikolayın 21 mart 1828-ci il tarixli əmri ilə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv edilmiş və bu ərazidə rusiyalı məmurlar tərəfindən idarə olunan "Erməni vilayəti" adlı yeni bir qurum yaradılmış və 1849-cu ildə bu vilayət İrəvan quberniyası adlandırılmışdır. Ermənilərin Qarabağda yerləşməsində və bu ərazidə geniş fəaliyyət imkanları əldə etməsində dinin də rolu olmuşdur. Məlumdur ki, Qarabağın ərazisində vaxtilə Albaniya dövləti olmuş və bu dövlətdə hakim din xristian dini olmuşdur. 1836-cı ildə ermənilər Qarabağda alban xristianlığının ləğv edilməsi və alban kilsələrinin ermənilərə verilməsi haqqında qərarı Rusiya hökumətindən ala bildilər. Həmin dövrdən başlayaraq nəinki alban kilsələri, hətta yerli albalar da erməniləşdirildi.
Cənubi Qafqazda ermənilərin ərazi iddialarının ideoloji əsasları millətçi erməni partiyalarının yaradılması ilə bağlı idi. 1885- ci ildə Fransada "Armenakan", 1887-ci ildə Cenevrədə "Qnçak" və 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyün" partiyaları yaradıldı. Bu partiyalar İrandan və Türkiyədən köçürülmüş ermənilərin yerləşdiyi əraziləri hərbi əməliyyatlar və terror aktlarının köməyi ilə birləşdirmək məsələsini qarşılarına qoymuşdular.
"Böyük Ermənistan" yaratmaq xülyasından yararlanan erməni millətçiləri və qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onlar Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər.
Birinci Dünya müharibəsi, eyni zamanda, Rusiyada baş vermiş 1917-ci il fevral burjua və oktyabr bolşevik inqilablarından məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Sovet Rusiyasının hərbi yardımı ilə Bakıda soyqırımı törədərək, 15 min nəfər azərbaycanlını qətlə yetirdilər. Həmin ilin aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 min nəfərdən artıq dinc sakini ən vəhşi üsullarla qətlə yetirmişdilər.
1918-ci ildə Azərbaycan və Ermənistan respublikaları öz müstəqilliklərini elan etdikdən dərhal sonra Ermənistanın millətçi dairələrinin təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilər Azərbaycan hakimiyyətini tanımaqdan imtina etdilər. Ərazi bütövlüyünü qoruyub saxlamağı və vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə (1918-1920) Ermənistan tərəfindən Qarabağın dağlıq hissəsini diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Hər üç Cənubi Qafqaz respublikasının müstəqilliyinin itirilməsi və Sovet Rusiyası tərəfindən sosialist respublikaları elan edilməsi ərazi sərhəd məsələlərinin qoyuluşunun özünü də mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması da Qarabağ məsələsini gündəlikdən çıxarmadı. Çünki Sovet Rusiyası diplomatiyasının dərinliklərində çarizmin xarici siyasətinə dönüş meyilləri açıq-aşkar hiss edilirdi.
Çar Rusiyası dağıldıqdan sonra 1918-ci ildə müstəqil Azərbaycanla yanaşı, Azərbaycanın tarixi torpaqlarında müstəqil Ermənistan Respublikası da yarandı. Qeyd edək ki, bu dövrdə erməni daşnaklarının Zəngəzurda, Naxçıvanda, Qarabağda, elə Bakının özündə törətdikləri qətllər, talanlar gənc Azərbaycan dövləti üçün böyük problemə çevrilmişdi. Şaumyanın rəhbərlik etdiyi daşnaklar 1918-ci ilin 1 mart -30 aprel tarixlərində Bakıda 10 mindən çox adamın ölümünə səbəb olan "mart qırğını"nı törətdilər. 1918-ci ilin iyunundan başlayaraq 1919-cu ilin noyabrına qədər ermənilər tərəfindən Zəngəzurda, Qarabağda, Naxçıvanda yüzlərlə Azərbaycan kəndləri viranə qoyulmuş, minlərlə günahsız insanlar qətlə yetirilmiş, öz yurd-yuvalarından didərgin salınmışdı. Məqsəd daşnak partiyasının "Böyük Ermənistan" yaratmaq ideyasını həyata keçirmək idi. "Böyük Ermənistan" yaratmaq ideyası Ermənistan Respublikasının rəsmi dövlət siyasətinə çevrilmişdi. 1918-ci ildə İstanbul konfransına ermənilər özlərinin hazırladıqları statistik materiallar, xəritələr və layihələrlə getmişdilər. Erməni layihəsinə Sürməli, Naxçıvan, Axalkələk, Eçmiədzin, İrəvan, Qazax, Qarabağ, Zəngəzur, Ordubad və Borçalı mahalları daxil idi. Ermənilər bu sənədləri Paris Sülh Konfransına da təqdim etmişdilər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdilər. Buna cavab olaraq Rusiya Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu özünün 5 iyul 1921-ci il tarixli toplantısında Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması haqqında qərar qəbul etdi. 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Dekret qəbul etdi. DQMV-nin ərazisi 4.388 kv.km. idi. Vilayətə 5 rayon daxildi - Əskəran, Hadrut, Mardakert, Martuni və Şuşa. Vilayətin mərkəzi Xankəndi (Stepanakert) idi. 1989-cu ilin statistik məlumatlarına görə DQMV-nin əhalisi 187.000 nəfər olmuşdur. bunlardan 137,2 min nəfəri (73,4%) erməni, 47,4 min nəfəri (25,3%) azərbaycanlı, qalanları isə (1,3%) başqa millətlərin nümayəndələri olmuşdur.
A.Qaffarov yazır ki, bolşeviklər Azərbaycan torpaqlarının Ermənistana verilməsinə münasib şərait yaradırdılar. Zəngəzur qəza və sahə inqilab komitələrinin fəal iştirakı ilə Zəngəzur və Qarabağ əhalisi nümayəndələrinin 1920-ci il avqustun 18-də Şuşada keçirilmiş qurultayında Zəngəzur iki hissəyə - Bərgüşad (Aşağı Zəngəzur) və Gorus (Yuxarı Zəngəzur) rayonlarına parçalandı. Yuxarı Zəngəzurun Azərbaycandan ayrılmasının əsası qoyuldu. Sovet Rusiyası Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həllindən Azərbaycanı kənarlaşdırır, onu təmsil etməyi öz üzərinə götürür. Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi layihəsi hazırlanarkən Azərbaycanın hüquqları pozulmuş, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. XI Qırmızı Ordu Ermənistanı tutub sovetləşdirdikdən 3 gün sonra - 1920-ci il dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında Nəriman Nərimanov AK (b) P MK Siyasi və Təşkilat bürolarının bir gün əvvəl keçirilmiş iclasının Q.Orconikidze, Sarkis, Y.Stasova, Q.Katipski və b. təzyiqi ilə qəbui olunmuş qərarı əsasında hazırlanmış bəyanatla çıxış etdi. Bəyanatda deyilirdi: "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır ".
Naxçıvan əhalisi bu qərara tabe olmadı, kəskin etiraz çıxışları baş verdi. Ermənistanın nümayəndələri diyara buraxılmadı. B.Vəlibəyov dekabrın 24-də Yerevana çağırılıb, həm də Ermənistan İnqilab Komitəsi tərəfindən Naxçıvanda Fövqəladə Komissar təyin edildi. Lakin qəzəblənmiş xalq onu Naxçıvana buraxmadı (Gəldiyi vaqonu Şahtaxtı stansiyasında qatardan açdılar). Dekabrın 28-də Ermənistan İnqilab Komitəsi Naxçıvanı Müstəqil Sovet Respublikası kimi tanıdı. 1923-ci ilin əvvəllərində burada RSFSR, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə əhalinin rəy sorğusu (referendum) keçirildi. Naxçıvan camaatının böyük əksəriyyəti (90 faizi) Azəraycan tərkibində qalmaq arzusunu bildirdi. 1921-ci ilin yanvarında Naxçıvan İnqilab Komitəsi əvəzinə Naxçıvan Ölkə İnqilab Komitəsi təşkil olundu. Naxçıvanın statusu 1921-ci il martın 16-da Moskvada RSFSR və Türkiyə arasında imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər razılaşdılar ki, Naxçıvan ərazisi Azərbaycanın tərkibində qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. Müqavilədə (III bənd) göstərildi ki, bu torpağı üçüncü dövlətə güzəştə getmək olmaz, əks təqdirdə, onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt edilə bilər. Aprel ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan Ölkə İnqilab Komitəsi 1921-ci il sentyabrın 10-da səlahiyyətlərini Naxçıvan MİK və XKS-yə verdi. 1921-ci il oktyabrın 13-də Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o biri tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları birlikdə (Moskva onların hər birinin ayrı-ayrılıqda müqavilə bağlamasına icazə vermirdi) dostluq haqqında müqavilə imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunurdu ki, Naxçıvan vilayəti Azərbaycanın himayəsı altında muxtar ərazi təşkil edir. Xəritə çəkildi və orada Naxçıvanın ərazisi dəqiq göstərildi.
1921-ci ilin ikinci yarısında Yuxarı Zəngəzur - Gorus Ermənistanın əlinə keçdi. Azərbaycanlılar buradan sıxışdırıldılar, öz doğma torpaqlarından didərgin düşdülər. Ermənistan Aşağı Zəngəzuru - Bərgüşadı da ələ keçirməyə çalışırdı. Hacısanlıda Sultan bəyin dəstələri Sovet Ordusu tərəfindən 1921-ci ilin iyununda tərksilah edildikdən sonra buna daha münasib şərait yaranmışdı. Qubadlı qəzasına Ermənistanın səlahiyyətli nümayəndə təyin etdiyi Ocaqqulu Musayev özünü yerli silahlı dəstələrin baş komandanı elan etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi.
1921-ci ildə daşnaklar Ermənistanda qiyam qaldıranda Yapon adlı qiyamçının silahlı quldur dəstələri Noraşen dəmiryol stansiyasını tutmaq üçün hücum edib Sədərək, Yaycı, Cəfərli və Arpa kəndlərini ələ keçirmişdi. Erməni quldurları dinc əhaliyə yenə olmazın zülm edirdilər. Düşmənə qarşı Abasqulu bəy Şadlinskinin rəhbərliyi ilə "Qırmızı Tabor" qəhrəmanlıqla vuruşdu. Danzik ətrafında döyüşdə daşnak quldur dəstələri darmadağın edildi.
Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvanın təzyiqi ilə Azərbaycandan ayırıb, Rusiyaya vermək planları hazırlandı. Lakin bu hiylə baş tutmadı.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru