1988-ci ildən başlayaraq, Ermənistan tərəfindən Azərbaycanın aşağıdakı əraziləri işğal edilmişdir:
1. Azərbaycanın Dağlıq Qarabağ regionu - ərazisi 4.388 kv.km, əhalisi 52.000 (azərbaycanlı) nəfər. 244 yaşayış məntəqəsindən 241-i zəbt olunmuşdur. Qaçqınların sayı 52.000 nəfərdir;
2. Laçın rayonu - ərazisi 1.835 kv.km. əhalisi 59.500 nəfər. 123 yaşayış məntəqəsinin hamısı işğal olunmuşdur, Qaçqınların sayı - 59.500 nəfərdir;
3. Kəlbəcər rayonu -ərazisi 1.936 kv.km, əhalisi 62.000 nəfər, 127 yaşayış məntəqəsinin hamısı işğal olunmuşdur. Qaçqınların sayı - 62.000 nəfərdir;
4. Ağdam rayonu - ərazisi 1.093 kv.km, əhalisi 158.000 nəfər, 120 yaşayış məntəqəsindən 96-sı zəbt edilmişdir. Qaçqınların sayı 123.000 nəfərdir;
5. Füzuli rayonu - ərazisi 1.386 kv.km, əhalisi 100.000 nəfər. 77 yaşayış məntəqəsinin hamısı işğal olunmuşdur. Qaçqınların sayı 100.000 nəfərdir;
6. Cəbrayıl rayonu - ərazisi 1.050 kv.km, əhalisi 51.600 nəfər, 97 yaşayış məntəqəsinin hamısı işğal olunmuşdur. Qaçqınların sayı 51.600 nəfərdir;
7. Qubadlı rayonu - ərazisi 802 kv.km, əhalisi 30.300 nəfər, 95 yaşayış məntəqəsinin hamısı zəbt olunmuşdur. Qaçqınların sayı 30.300 nəfərdir.
8. Zəngilan rayonu - ərazisi 707 kv.km, əhalisi 33.900 nəfər, 83 yaşayış məntəqəsinin hamısı işğal olunmuşdur. Qaçqınların sayı 33.900 nəfərdir;
9. Qazax rayonu - ərazisi 699 kv.km, əhalisi 78.800 nəfər, 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal olunmuşdur. Qaçqınların sayı 6.500 nəfərdir;
10. Naxçıvan Muxtar Respublikası - ərazisi 5.368 kv.km, əhalisi 328.900 nəfər, 221 yaşayış məntəqəsindən 1-i və Sədərək rayonunun ərazisinin bir hissəsi (0,5%) zəbt olunmuşdur. Qaçqınların sayı 347 nəfərdir.
Beləliklə, Ermənistanm hərbi təcavüzünə yekun vursaq, Azərbaycanın 17.000 kv.km ərazisinin (Azərbaycan ərazisinin təxminən 20%-i) işğal olunduğunun, 30.000 mindən artıq azərbaycanlının öldürüldüyünün və 200.000- dən çox yaralandığını, 1 milyondan çox qaçqın ordusunun yarandığının şahidi olarıq. İndi dünyanın elə bir məmləkəti yoxdur ki, qaçqınlarının sayının ölkə əhalisinə nisbəti Azərbaycanda olduğu qədər olsun.
1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi elan olundu. Atəşkəsin elan olunması münaqişənin həlli demək deyildi, sadəcə olaraq, tərəflər hərbi əməliyyatları dayandırmaqla beynəlxalq təşkilatlara, xüsusilə də, münaqişə ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişənin tənzimlənməsi ilə bağlı operativ işləməsinə şərait yaratmış oldular. Münaqişənin danışıqlar yolu ilə nizamlanması təşəbbüsünə başladığı andan keçən dövrdə Ermənistanın təcavüzkar əməllərindən əl çəkməməsinə baxmayaraq ATƏT danışıqlar prosesini gücləndirməyə səy göstərirdi. 1994-cü ilin 6 dekabr tarixində keçirilən ATƏT-in Budapeşt sammitinə əsasən Minsk konfransı həmsədrlərinin institutu (əvvəlcə Rusiya və Finlandiya, 1997-ci ildən isə Fransa, Rusiya və ABŞ) yaradıldı. Onların öhdəsinə düşən vəzifə silahlı münaqişənin sona yetməsi ilə bağlı siyasi razılaşmanın imzalanması üçün operativ olaraq danışıqlar aparılmasından və sonrakı mərhələdə Minsk konfransının çağırılması üçün şərait yaradılmasından ibarət idi. Beləliklə, Budapeşt sammitinin işi zamanı münaqişənin tənzimlənməsi prosesinin iki mərhələdə strukturunun müəyyən edilməsi başa çatdı:
1. Razılaşmaların həyata keçirilməsi yolu ilə silahlı münaqişənin nəticələrinin aradan qaldırılması. Bu, o deməkdir ki, zəbt olunmuş bütün
ərazilər boşaldılır və köçkünlərin öz daimi torpaqlarına qayıtması təmin olunur.
2. Minsk konfransının işi nəticəsində münaqişənin tam əhatəli sülh yolu ilə tənzimlənməsi razılığı əldə olunur.
Budapeşt sammitindən sonra münaqişə tərəfləri ilə danışıqların 17 raundu və çoxsaylı məsləhətləşmələr aparıldı. Bu müddət ərzində sazişin mətninin 75%-i hazırlanmışdı. Lakin Şuşa və Laçın rayonları daxil olmaqla bütün ərazilərin boşaldılması, münaqişə iştirakçılarının təhlükəsizliyi və Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan ərazisindən çıxarılması kimi prinsipial məsələlər ucbatından razılaşdırıla bilmədi.
1996-cı ilin 2 dekabr tarixində keçirilən Lissabon sammitində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapdı:
- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
- Razılaşmada müəyyən edilmiş öz müqəddəratını təyin etməyə əsaslanan, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə dərəcəsi verən Dağlıq Qarabağın hüquqi statusu;
- Qarşılıqlı öhdəliklər daxil olmaqla tənzimləmə müddəalarına bütün tərəflərin riayət etməsi və Dağlıq Qarabağın, eləcə də, onun bütün əhalisinin təminatlı təhlükəsizliyi.
Bu prinsiplər Ermənistandan başqa ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi. Tədqiqatçı A.Məmmədov yazır ki, 1997-ci ildən başlayaraq bu vaxta qədər ATƏT-in Minsk Qrupu tərəflərə münaqişənin nizamlanması ilə bağlı 3 sənəd təqdim etmişdir. "Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş" adlanan birinci sənəd münaqişə tərəflərinə həmsədrlər tərəfindən 1997-ci il iyun ayının 11-də təqdim edildi. Həmin sənəd daha çox paket həlli kimi tanınır və bir paketdə birləşdirilən iki anlaşmadan ibarətdir. Anlaşmalardan birincisi silahlı münaqişənin dayandırılmasına, ikincisi isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə həsr olunmuşdur.
Paket həlldə Azərbaycanı təmin etməyən və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin diqqətinə çatdırılan bir sıra ciddi məqamlar vardır. Hər şeydən əvvəl sənədin BMT-nin məlum qətnamələrinə əsaslanmaması və hüquqi baxımdan icbari xarakter daşınması narazılıq doğururdu. O biri tərəfdən, işğal olunmuş ərazilərin boşaldılması ilə status məsələsinin qarşılıqlı şəkildə əlaqələndirilməsi əslində münaqişənin həllini uzun bir prosesə çevirirdi. Çünki sənəddə münaqişənin aradan qaldınlmasının dəqiq mexanizmi və konkret zaman çərçivəsi öz əksini tapmamışdı. Bir çox məsələlərin həlli "Daimi qarışıq komissiya"nın öhdəsinə buraxılırdı. Həmin komissiyanın qərarlarının işlənib hazırlanması isə bu sənədin çərçivəsindən kənarda nəzərdə tutulur. Bir sözlə, münaqişə tərəflərinə özündə dəqiq öhdəlikləri ehtiva edən huquqi sənəddən daha çox gələcək danışıqların əsas istiqamət və tezislərini əks etdirən ümumi bəyannamə təqdim olunmuşdu.
Paket təklifindəki Laçın və Şuşa ilə bağlı müddəalar, habelə, gələcəkdə ermənilərin Azərbaycanın keçmiş Şaumyan rayonuna qaytarılmaları ilə bağlı təklif də Azərbaycan tərəfindən birmənalı şəkildə qarşılanmadı. Digər tərəfdən, münaqişə başlayana qədər Dağlıq Qarabağın 56 yaşayış məntəqəsinin yerli əhalisini təşkil etmiş 50 minlik azərbaycanlının gələcək taleyi də Azərbaycan tərəfinin diqqətindən kənarda qala bilməzdi.
Paket təklifinin Dağlıq Qarabağın statusu ilə bağlı olan II hissəsi isə regionun Azərbaycanın tərkibində özünüidarə statusu konsepsiyası ilə bir araya sığışmadığından Azərbaycan tərəfindən etirazla qarşılanmış və həmsədrlərdən bu mühüm məqama aydınlıq gətirmək tələb olunmuşdu. Bütünlüklə həmin dövrdə paket təklifi Azərbaycan tərəfdən yalnız taktiki mülahizələrlə danışıqlar prosesinə başlamaq və Ermənistanın mövqelərini ümumi şəkildə də olsa müəyyənləşdirmək məqsədilə əsas olaraq qəbul edilmişdi.
Lakin sənəd hətta bu şəkildə də ermənilər tərəfindən qəbul olunmadı və bununla da qarşı tərəfin dialoqa hazır olmadığını bir daha göstərdi.
Sənədlər təqdim olunduqdan az sonra həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri onu prinsipial olaraq qəbul etməyəcəklərini bildirdilər. Onlar öz fikirlərini bu sazişin ATƏT-in Lissabon sammitinin prinsiplərı əsasında hazırlanması, həmin prinsiplərin isə sammit zamanı Ermənistan tərəfindən qəbul olunmaması ilə izah etdilər. Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində olması da erməni tərəfini qane etmirdi. Status məsələsinin ATƏT-in Minsk konfransında müzakirə və həll olunacağı barəsində əvvəllər əldə olunmuş razılığa əsaslanaraq onlar ilkin mərhələdə status məsələsinin gündəliyə gətirilməsini yolverilməz saydılar. Bunun da nəticəsində Ermənistan tərəfi Minsk Qrupu həmsədrlərindən münaqişənin iki mərhələdə həlli ilə bağlı variant tələb etməyə başladı. Əslində, təqdim olunan həll variantı Azərbaycan tərəfini də qane etmirdi.
A.Məmmədovun fikrincə, təqdim olunan sənədə Ermənistan tərəfin etirazından sonra Minsk Qrupu həmsədrləri 1997-ci il sentyabrın 19-da "Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş" (Mərhələli həll) layihəsini münaqişə tərəflərinə təqdim etdilər. Həmin sənədin üzərində Minsk Qrupu həmsədrləri tərəfındən əlavə və düzəlişlər aparılmış 2 dekabr tarixli sonuncu variantı mətbuatda çap olundu.
Mərhələli həll planı Azərbaycan Respublikası üçün daha məqbul hesab olundu. Çünki bu plan ardıcıl şəkildə silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasına və sonrakı mərhələdə ATƏT-in Minsk konfransında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəldilmişdi. Azərbaycan bu planı həyata keçirərkən birinci mərhələdə ATƏT-in sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsini, hərbi-texniki xarakterli tədbirlər sistemi əsasında münaqişə zonasında hərbi gərginliyin aradan qaldırılmasını, işğal edilmiş Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Qubadlı rayonlarının azad edilməsini, bu rayonlardan qaçqın düşmüş əhalinin öz yerlərinə qaytarılmasını, münaqişə zonasında bütün əsas kommunikasiyaların fəaliyyətinin normallaşdırılmasını, ikinci mərhələdə isə bir tərəfdən Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini, o biri tərəfdən isə Laçın, Şuşa və keçmiş Şaumyan rayonları ətrafında vəziyyətin nizama salınmasını əsas tuturdu. Həm də bu zaman hər bir punktun həyata keçirilməsinin dəqiq mexanizminin və konkret zaman çərçivəsinin müəyyənləşdirilməsi və bu prinsipləri pozan tərəflərə sanksiyaların tətbiqi nəzərdə tutulurdu. Təbii ki, digər təkliflər kimi, "Mərhələli həll" təklifində də Azərbaycan tərəfini qane etməyən bir sıra müddəalar var idi. Bu, ilk növbədə, Dağlıq Qarabağın azərbaycanlı əhalisi, Laçın dəhlizi və s. bağlı məsələlər idi. Lakin bu çatışmazlıqlara baxmayaraq, Azərbaycan 1997-ci ilin oktyabrında "Mərhələli həll" təklifinin danışıqlara başlamaq üçün əsas kimi qəbul olunmasına öz razılığını bildirdi.
Ermənistanda da hadisələr ilk vaxtlar məqbul ssenari üzrə cərəyan etdi: sentyabrın 26-da Ermənistanın prezidenti L.Ter-Petrosyan mətbuat konfransı keçirərək "Mərhələli həll" variantı ilə bağlı öz ölkəsinin mövqeyini açıqladı. Oktyabrın 10-da isə Azərbaycan və Ermənistan prezidentlərinin Strasburqda keçirilən görüşündə birgə bəyanat qəbul olundu. Həmin bəyanata əsasən tərəflər Minsk Qrupunun formatının saxlanmasına razılıq verdi və həmsədrlərin "Mərhələli həll" təklifini qəbul etdiklərini bildirdilər. Atəşkəs elan olunduqdan sonra ilk dəfə olaraq, münaqişənin aradan qaldırılması ilə bağlı müsbət meyillər yaranmışdı.
Lakin oktyabrın 26-da "DQR" adlanan qondarma qurumun "prezidenti" Qukasyan "Azadlıq" radiosuna müsahibə verərək "Mərhələli həll" təklifinin qəbuledilməz olduğunu bəyan etdi. Onun fikrincə, belə bir həll zamanı regiondakı hərbi-siyasi balans Azərbaycanın xeyrinə dəyişəcək, öz statusuna beynəlxalq və hüquqi zəmanətlər ala bilməmiş Dağlıq Qarabağın təhlükəsizliyi üçün real təhlükə yaranacaq. Azərbaycan bufer zona rolunu oynayan işğal ərazilərdə möhkəmlənərək yenidən hərbi əməliyyatlara başlayacaq və Dağlıq Qarabağın müstəqilliyinə son qoyaraq onu bir qurum kimi ləğv edəcək.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru