Torpağımızın hər bir qarışının itirilməsi bizim üçün dəhşətlidir, ...düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə nəinki təkcə cəbhədə vəziyyət Azərbaycanın xeyrinə deyildi. Nəinki təkcə hərbi güc balansı Ermənistanın xeyrinə idi, həm də informasiya mübarizəsində və siyasi simpatiyaların yönümündə onlar daha əlverişli vəziyyətdə idi. Belə bir şəraitdə müharibənin davam etdirilməsi uğurlu nəticələrə gətirə bilməzdi. Dahi Öndər Heydər Əliyev vəziyyəti vaxtında düzgün qiymətləndirdi və ilk addım olaraq atəşkəs əldə edildi. Beynəlxalq ictimai rəyi dəyişmək, Dağlıq Qarabağ reallıqlarını dünyaya olduğu kimi çatdırmaq, böyük dövlətlərin mövqeyində haqqa-ədalətə doğru dönüş yaratmaq uğrunda uzun və gərgin mübarizə başlandı.
AMEA-nın müxbir üzvü S.Xəlilov yazır: "Ermənilər təzyiq vasitəsi kimi işğal etdikləri torpaqlara istinad edir və öz torpaqlarımızı özümüzə qaytarmağı kompromis variantı kimi təqdim edirlər. Bizim isə təzyiq üçün beynəlxalq hüquq normalarına, haqqa-ədalətə istinad etməkdən başqa heç bir əlavə vasitəmiz yox idi. Bax, belə bir şəraitdə Heydər Əliyev bütövlükdə regionun geosiyasi xəritəsini yenidən çəkmək və buraya çox güclü iqtisadi amil əlavə etmək uğrunda mübarizəyə başladı. Cənubi Qafqazın "Böyük İpək Yolu"nda çox mühüm strateji məntəqə olmaq imkanı, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq şansı getdikcə real amilə çevrildi. Gürcüstan da bu proseslərə qatıldı. Təkcə Ermənistan təcrid olundu. Bu proseslər öz-özünə baş vermədi. İpə-sapa yatmayan qonşunu öz tərs mövqeyindən döndərmək üçün bəlkə də məqsədyönlü surətdə yaradılmış iqtisadi amil getdikcə daha önəmli rol oynamağa başladı.
Beləliklə, Heydər Əliyevin böyük siyasətdə ən mühüm uğurlarından biri, heç şübhəsiz, regionda iqtisadi maraqların intensivliyini artırmaq və böyük dövlətləri kor-koranə ermənipərəstlikdən uzaqlaşdıraraq, iqtisadi maraqlar müstəvisinə dəvət etməkdən ibarətdir. Əsrin kontraktı da, Böyük İpək Yolunun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz kontraktları da, "Qafqazda təhlükəsizlik paktı" ideyası da məhz bu böyük mərama xidmət edir və yaxşı düşünülmüş vahid strateji planın ayrı-ayrı məqamlarıdır".
Çıxışlarının birində Ulu Öndər demişdir: "Tələblərimiz, istəyimiz ondan ibarətdir ki, bu təcavüzkar hərbi əməliyyatlar dayandırılsın və silahlı birləşmələr işğal edilmiş ərazilərdən çıxarılsın, həmin rayonların sakinlərinə isə öz daimi yaşayış yerlərinə qayıtmağa imkan verilsin. Hərçənd orada artıq çox şey dağıdılmış, talan edilmış, adamlar öz ev-eşiyindən, neçə-neçə nəslin zəhməti ilə yığılmış sərvətdən, var-dövlətdən məhrum olmuşlar. Bu, əslində, Azərbaycanın dinc əhalisinə qarşı vəhşilikdir, lakin buna baxmayaraq, bu gün biz heç də təvazökarlıq və barışmazlıq mövqeyində durmuruq. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan qonşu dövlətlərdir, sülh və barışıq şəraitində yaşamalıdırlar. Biz hesab edirik ki, ömrü boyu bir-biri ilə düşmənçilik, ədavət aparmaq, ömrü boyu müharibə etmək olmaz. Bu yaxın vaxtlaradək mövcud olmuş əlaqələri bərpa etmək lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyü bərpa edilmək şərtilə.
Bildiyimiz kimi, Azərbaycan ötən ilin sentyabrından keçmiş 15 sovet respublikasından 12-nin indiki Müstəqil Dövlətlər Birliyinin tərkibinə daxil olmuşdur. Biz Müstəqil Dövlətlər Birliyinin üzvü kimi, əlbəttə, bu problemin həllində birlik ölkələrinin yaxından iştirakına ümid bəsləyirik. Dekabrın 24-də Aşqabadda birliyin dövlət başçılarının görüşü olmuşdur. Orada mən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar rəsmi bəyanat vermişəm və Müstəqil Dövlətlər Birliyinin üzvləri Azərbaycanla Ermənistanın öz aralarında müharibə vəziyyətində olmasını əsla yolverilməz və qeyri-normal vəziyyət kimi qiymətləndirmişəm. Bir sözlə, biz bu problemin dincliklə həlli yollarını axtarır və dünya birliyinin yaxından köməyinə ümid edirik.
AMEA-nın müxbir üzvü S.Xəlilovun fikrincə, Ulu Öndər Heydər Əliyevin beynəlxalq siyasət müstəvisində atdığı bütün addımlar təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə deyil, həm də ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, onun dönməzliyinin bütün dövrlər üçün təmin olunmasına yönəldilmişdir.
Müstəqillik heç də bəzilərinin başa düşdüyü kimi ancaq siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından ibarət deyil. Bura, həm də iqtisadi müstəqillik, milli maraqlara xidmət edən müstəqillik daxildir. Elə ölkələr vardır ki, hüquqi və siyasi baxımdan suverenliyi təmin olunsa da, real müstəqillikdən uzaqdır. Buna çox misallar gətirmək olar. Amma ən yaxın olan digər MDB ölkələridir, məsələn, Ermənistan. Bir qarış belə torpağını itirməmiş, əksinə, qonşu dövlətin ərazisini də zəbt etmiş Ermənistan, sözün həqiqi mənasında, müstəqillik əldə edə bilməmişdir. Ərazisində başqa bir dövlətin qoşunları yerləşdirilmiş, sərhədləri başqalarının nəzarəti altında olan Ermənistan hələ də Moskvanın siyasi təsirindən xilas ola bilməmişdir və öz milli maraqlarına uyğun addımlar atmaq imkanından məhrumdur. Elə Azərbaycanla müharibə vəziyyəti də onun milli iqtisadi maraqlarına ziddir...
Ermənistan iqtisadi cəhətdən özünü dolandırmaq iqtidarında olmayıb, xarici yardımlardan asılı vəziyyətdədir. Məhz hərbi bazaya və siyasi alətə çevrildiyindən və təhlükəsizliyə təminat verə bilmədiyindən İpək Yolunun bərpası, iri miqyaslı neft-qaz kəmərlərinin çəkilişi və s. bu kimi beynəlxalq miqyaslı layihələrdə də iştirak edə bilmir. Bu baxımdan, sülh Ermənistana bəlkə də bizdən daha çox lazımdır. Lakin təəssüf ki, erməniləri səciyyələndirən bir cəhət də öz xeyrindən daha çox, başqasına ziyan vurmağı üstün tutmaqdır. Öz ziyanlarına tutduqları bu tərs mövqedə onların duruş gətirməsi ən çox xarici köməyin hesabına mümkün olur.
Azərbaycan isə qısa bir zamanda siyasi müstəqilliklə yanaşı, həm də iqtisadi müstəqillik əldə etmişdir. Onun öz iqtisadi maraqlarına uyğun işlənib-hazırlanmış müstəqil siyasi kursu vardır. İstər böyük və ya kiçik, uzaq və ya qonşu dövlətlərlə, istərsə də iqtisadi və mədəni-mənəvi sahələrdəki tərəf-müqabillərlə münasibətdə Azərbaycan, ilk növbədə, öz milli maraqlarından çıxış edir. Həm də bu maraqların rəhbər tutulması elə incə siyasətlə həyata keçirilməlidir ki, böyük dövlətlərin və qonşuların maraqları ilə birbaşa ziddiyyət yaranmasın.
Ulu Öndər Heydər Əliyev bütün çıxışlarında, siyasi fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verən Ulu Öndər özünün qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirir: "Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin - Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik".
Cənubi Qafqazda ən "uzunömürlü" münaqişə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması regionun təhlükəsizliyinin təmin edilməsində başlıca maneədir. Bunu artıq ATƏT də, Avropa Şurası da, Avropa İttifaqı da rəsmi şəkildə bəyan etmişdir. ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) rəsmi şəxsləri də münaqişənin tezliklə aradan qaldırılmasında maraqlı olduqlarını bildiriblər.
Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll, daha sonra isə Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru, region üzrə tanınmış ekspert-mütəxəssis Frederik Starr münaqişənin nizama salınmamasından narahatlıqlarını bildirərək, onun Cənubi Qafqazda inkişafa maneə olduğunu vurğulamışlar.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru