Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşmalar hamıya məlumdur. Bəzi üzdəniraq "alimlər" münaqişəyə məkrlə yanaşır, xristian həmrəyliyi nümayiş etdirərək təhriflərə, yalanlara yol verir, alim etikasına, insan vicdanına yaraşmayan yalanları "həqiqət" kimi ictimaiyyətə sırımaq istəyirlər. Görkəmli Azərbaycan tədqiqatçısı, fəlsəfə elmləri doktoru Z.Quluzadə bu ermənipərəst vicdansız "alimciyin" bütün iftira dolu "ideyalarını" alt-üst etmişdir. Z.Quluzadə öz əsərinə belə ad qoymuşdur: "Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Münaqişələrin Tədqiqi və Nizamlanması üzrə Mərkəzinin baş elmi əməkdaşı, tarix elmləri doktoru V.A.Şnirelmanın "YADDAŞ MÜHARİBƏLƏRİ. CƏNUBİ QAFQAZDA MİFLƏR, İDENTİKLİK VƏ SİYASƏT" kitabında Azərbaycan tarixinin və Azərbaycanın mədəniyyət tarixi konsepsiyaları CƏNUBİ QAFQAZ REGİONUNDA ETNO-SİYASİ MÜNAQİŞƏLƏRDƏ NÖVBƏTİ TƏXRİBAT KİMİ".
Z.Quluzadə yazır: "V.A.Şnirelmanın kitabından çıxan nəticəyə görə, Cənubi Qafqazın tarixi - onun sakini olan xalqların qarşılıqlı nifrətinin aynasıdır. Yalnız ötən əsrin 90-cı illərində tarix elminin siyasiləşdirilməsinə və onun ictimai şüura təsir etməsinə inam əldə etmiş müəllif, bununla belə, görünür, öz kitabını yazarkən Cənubi Qafqaz xalqlarının taleyi üçün məsuliyyəti hiss etməmişdir. Bu, onun tarixi materiala inadlı şəkildə yiyələnməsindən və bu "yiyələnmədən" sonra onu interpretasiya etməsindən xüsusilə aydın görünür."
Z.Quluzadənin gəldiyi nəticəyə görə, Ermənistan-Azərbaycan münaqişəsinin Şnirelmansayağı tədqiqi dairəsi qapandı. Kitabın "Erməni-Azərbaycan münaqişəsi" adlı birinci hissəsini Ermənistan-Azərbaycan reallıqlarının müqayisəli təhlili və azərbaycanlıların ermənilərdən fərqli olaraq, XX əsrə qədər etnoniminin, ədəbi dilinin, dövlətçiliyinin, öz tarix məktəbinin, tarixşünaslıq konsepsiyasının və s. yoxluğunun "sübutu" ilə başlayan müəllif, onu Azərbaycan və erməni siyasətlərinin müasir "reallıqları"nın müqayisəli təhlili ilə bitirir.
Kitabın birinci hissəsinin sonunda V.A.Şnirelman öz niyyətini tam açmışdır - o, Azərbaycan və Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin siyasətini bütünlüklə ittiham etmiş və Dağlıq Qarabağın Ermənistanla birləşməsi yox, "bir xalq - iki dövlət" formulunu dəstəkləyən (seçmə bizimdir - Z.Q.) erməni hökumətinin "müdrik siyasəti"ni vəcdlə təqdir etmişdir. Başqa sözlə, V.A.Şnirelmanın bəyan və təqdir etdiyi "Ermənistanın müdrik siyasəti" - Azərbaycanın ərazi bütövlüyünün inkarıdır.
Yəqin ki, "müdrik erməni hökumətinə", V.A.Şnirelmana və həmin ideyanı dəstəkləyən digər şəxslərə xatırlatmağa dəyər ki, qarabağlılar, yəni hazırda Qarabağda yaşayan ərazi əhalisinin erməni hissəsi və ermənilər - bir xalq deyil. Bu, məlum olduğu kimi, X-XX əsrlər aralığındakı alban və erməni tarixi əsərləri ilə dəfələrlə təsdiqlənmişdir. Hazırkı zəmanəmizdə erməniləşdirilmiş qarabağlılar keçmişdə alban idilər, sonralar və zamanəmizdə erməni və sovet qoşunlarının köməyi ilə Qarabağ ərazisini zorakı yolla Azərbaycan əhalisindən təmizləmiş, erməniləşdirilmiş tarixi albanlardır. Qarabağ erməniləri - Qarabağın nə yeganə və ya nə də Qarabağ xalqıdır, o, Qarabağ xalqınm yalnız bir hissəsidir. Qarabağ xalqı - Qarabağ erməniləri və Qarabağ azərbaycanlılarıdır.
Aydın deyil ki, Rusiya Elmlər Akademiyasının hörmətli institutunun ona münaqişələrin nizamlanması missiyasının etibar etdiyi nüfuzlu etnoloq, yaranmış vəziyyətdə miliyyətcə azərbaycanlı qarabağlıların Qarabağdan zorla qovulmasını "unudaraq", "bir xalq-iki millət" formulu haqqında təqdiredici tərzdə necə yaza bilər?
Bölüm V.A.Şnirelmanın bu sözləri ilə bitir: "Ərazi uğrunda ideoloji mübarizə aparan həmin erməni tarixçiləri və yazıçıları öz adlarından çıxış edirlər və erməni hakimiyyəti tərəfindən rəsmi dəstəyə malik deyillər (seçmə bizimdir-Z.Q.). Beləliklə, erməni hakimiyyəti indiyədək Ermənistanda populyar olan antitürk (seçmə bizimdir-Z.Q.) əhvali-ruhiyyənin kökünü kəsmək üçün müəyyən addımlar atır. Ən azı, erməni hakimiyyəti bu əhval- ruhiyyəni dəstəkləmir." Deyilənlərdən sonra V.A.Şnirelmanın kitabının sifarişli xarakteri haqqında bir daha yazmağa çətin ki, zərurət olsun. Maraqlıdır, kitabın sifarişçiləri sifarişin yerinə yetirilmə səviyyəsindən razıdırlarmı?
Azərbaycanlılara gəlincə, onlar, yəqin ki, razı qalmalıdırlar. Öz kitabının 192-ci səhifəsində V.A.Şnirelman yazırdı ki, "Azərbaycan intellektualları identiklik təməllərini axtarmaqdan üzülüblər". İndi V.A.Şnirelmanın "xeyirxahlığı" sayəsində onlar bundan sonra daha əzab çəkməyəcəklər, çünki artıq bilirlər ki, nə keçmiş, nə də müasir tarixləri var. Hər şey - mifdir.
İstər-istəməz V.A.Şnirelmanın erməni hökumətinin siyasətinin incəlikləri haqqında qeyri-adi məlumatlılığından, həm də "rəsmi şəkildə ərazi uğrunda ideoloji mübarizəni dəstəkləməyən" bu siyasəti dəyərləndirməsinin "obyektivliyi"ndən heyrətə gəlirsən. V.A.Şnirelman əlavə etməyi unudur ki, erməni hökuməti yalnız fəal siyasi mübarizə ilə məhdudlaşır və hərbi əməliyyatlara rəhbərlik etmir.
V.A.Şnirelmanın izahında aydın deyil: "erməni hakimiyyətinin kökünü kəsmək üçün atdığı müəyyən addımlar" antitürk, yaxud anti-Azərbaycan əhval-ruhiyyəsinə qarşıdır. Maraqlıdır, deyilənləri erməni hakimiyyətinin qeyri-erməni tarixçilərinə, o cümlədən, Qarabağın ermənilərə mənsub olması uğrunda ideoloji mübarizə aparan V.A.Şnirelmana münasibətdə təkrarlamaq olarmı? Habelə, nə zaman və kim tərəfindən, hansı dövlətin hakimiyyəti, yaxud elmi strukturları tərəfindən V.A.Şnirelmanın antitürk yox, anti-Azərbaycan təbliğatının kökünün kəsilməsi və ya ən azı, təşviq edilməməsi üçün addımlar atılacaqdır?
Kitabının öncəki fəsillərində erməni-Azərbaycan ehtiraslarını qızışdırılmaqla kifayətlənməyən V.A.Şnirelman, bu fəsildə Rusiyanın cənub torpaqlarına ermənilərin hüququ haqqında danışılan saxta "Tarixi arayış"ın Rusiyada yayılmasını mərhum akademik Z.M.Bünyadov və Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin adları ilə bağlayan çirkin böhtanı təkrarlayır.
V.A.Şnirelman ermənilər tərəfindən türklərin və azərbaycanlıların dəhşətli soyqırımı haqqında danışdığına görə Heydər Əliyevi pantürkizmdə ittiham edir və bir sıra Avropa parlamentlərinin "erməni soyqırımı"nı tanımasını sevinc hssi ilə bildirir.
V.A.Şnirelmana və oxuculara bir daha xatırlatmaq istərdik ki, istənilən xalqın - fərq etməz, türk, erməni, azərbaycanlı və ya yəhudi - soyqırımı, onu hər hansı parlamentin tanıyıb-tanımamasından asılı olmadan, vəhşiliyin ən yüksək təzahürüdür və silinməz ləkə kimi soyqırımı törədən xalqın, həm də maddi və mənəvi yardım naminə bəşəriyyətin bu faciəsini siyasi möhtəkirlik obyektinə çevirən "alimlər"in üzərinə düşür.
Bunu da unutmamaq gərəkdir ki, soyqırımı faciəsi həmişə səbəbə malik olmuşdur və bəzən əməllər əks-əməl doğururdu. Bununla belə, təəssüf ki, bəşəriyyətin bu faciəsinin işıqlandırılmasını və dəyərləndirilməsini, V.A.Şnirelmanın təbirincə desək, "buyruq qulu olan alimlər" hələ tam sönməmış etnik yanğınların alovlandırılması üçün istifadə edirlər."
Heydər Əliyevə V.A.Şnirelmanın xüsusi qərəz bəsləməsinin səbəbi Qarabağ hadisələri zamanı (V.A.Şnirelmanın kitabının böyük hissəsi isə məhz birbaşa və dolayısı ilə Qarabağ hadisələrinə həsr edilmişdir) yaşamış Heydər Əliyevin öz xalqını müdafiə etməsi və fəaliyyətinin bütün dövrlərində, xüsusilə postsovet dövründə Azərbaycan xalqının milli özünüdərkinin artması, öz suveren dövlətini qurması uğrunda mübarizə aparmasıdır. Ümummilli Lider olan Heydər Əliyev millətin öz tarixini və mədəniyyət tarixini dərk etməsinə böyük əhəmiyyət verirdi.V.A.Şnirelman Azərbaycan tarixini yenidən yazmaq, "Albaniyanın azərbaycanlılaşdırılması" ideyasını yalandan məhz Heydər Əliyevin adıyla bağlayır.
Z.Quluzadə sonda yazır: "Mümkündür ki, Ermənistan-Azərbaycan münaqişəsinin interpretasiyası zamanı V.A.Şnirelmanın siyasi və "elmi" mövqelərini onun "Etnogenez və identiklik: müasir Rusiyada milliyyətçi mifologiyalar" məqaləsindəki bu fraqment daha yaxşı aydınlaşdıran: "...bütün digər vətəndaşlar kimi, alimlər cəmiyyətin bir hissəsidir. Buna görə də cəmiyyətdə yayılmış stereotiplər onlara da təsir göstərir və onlar əhatəsində olduqları sosial mühitin kənar təsirindən, o cümlədən elmə aidiyyəti olmayan ideoloji göstərişlərdən heç də azad deyillər".
Maraqlıdır, müəllif, qanlı hərbi münaqişələr regionunda düşünülmüş "yaddaş müharibələri"nin təbliğatı ilə nümunə gətirilmiş mülahizə arasında olan uyğunluq dərəcəsini dərk edirmi?"
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru