Qərb dünyasında baş verən sosial-mədəni inteqrasiya ilə yanaşı dezinteqrasiya meyilləri də mövcuddur. Millətçiliyin, milli dövlət ideyasının, sosial dövlət-vətəndaş cəmiyyəti konsepsiyası ilə ziddiyyətə girməsi prosesi də getmişdir. Vahid konstitusiya və inteqrasiya modelinin tənqidi gedişində, birliyə mane olan prinsiplər və meyarlar sistemi problemin yalnız prosedur və prosessual icra məsələsində deyil, hər şeydən əvvəl mədəni, sosial və tarixi amillərə dayaqlandığı məlum oldu.
Fəlsəfə elmləri doktoru R.Aslanova göstərir ki, başlanmaqda olan dezinteqrasiya proseslərinin səbəbləri kimi müşüm parametrlər aşkara çıxarıldı:
- Hər şeydən əvvəl, Avropa identikliyinə əngəl olan mühüm maneənin, mədəni-milli müxtəliflik və özünəməxsusluğunun gələcəyindən doğan narahatlıq bəlli oldu, (multikulturalizm problemi);
- Avropa indentikliyi və suverenliyi ilə milli suverenliyin hüquqi, siyasi nisbətinin müəyyən olmadığı ortaya çıxdı;
sosial dövlət və insan hüquqları ideologiyasının prioritet hesab edilməsinə rəğmən, inteqrasiyaya mane olan destruktiv faktorlardan (mədəni identikliyin itməsi, marginallaşma, immiqrasiya, ucuz işçi qüvvəsinin rəqabəti və s.) səmərəli müdafiənin hüquqi mexanizmlərinin olmaması arasında ziddiyyət kəskin şəkildə durur:
- Avropa sərt seçim qarşısında qalmışdır: sosial dövlətin, iqtisadi üstünlüyün saxlanılması, insan hüquqları ideyasına sadiq qalmağı, yoxsa ziddiyyətlərin həlli mexanizmləri tanınana qədər, ikili standartlar xeyirinə onlardan imtina etməli:
- Avropa məkanı xarici aləmlə qapalı olmalı, yoxsa sosial-mədəni inteqrasiyanın çevik, işlək mexanizmilərini, sivil formalarını yaratmalıdır;
- gələcək inteqrasiyanın inkişaf strategiyası demokratik institutların dondurulması, yoxsa mövcud sosial gərginliyin artırılması fonunda onların dəstəklənməsi önəmlidir:
- inteqrasiya yönündə ciddi əngəllərdən biri də müasir Avropada (həm də bütün dünyada klassik parlamentarizm institutlarının kütləvi cəmiyyət şəraitində effektiv işlənməsi imkanlarının maneələrlə üzləşməsidir. Mədəni səviyyənin və təhsilin keyfiyyətinin arzuolunan şəkildə formalaşmaması bir tərəfdən ictimai şüurun manipulayasiyası vasitələrinin çoxalması isə digər tərəfdən, siyasi elitaların strateji qərarlar qəbul etməsinə mane olur, parlamentarizmin zəifləməsinə səbəb olur. Bütün bu və digər çoxsaylı amillər Avropa inteqrasiya modelində böhran doğuran səbəbləri, onun strateji istiqamətlərin yenidən nəzərdən keçirməyə, müxtəlif parametrlər, yenidən keçirməyə, müxtəlif parametrlər arasında səmərəli konsensusa nail olmağa sövq etmişdir.
Bu gün 500 milyondan çox əhalini birlaşdirən Avropa məkanı "dünənə qədər" bir-birini vətəndaş müharibəsində qana qərq edən dünya müharibələrinə meydan olmuşdur. Birlikdə yaşamaq və inkişaf etməyin yolunu ilk əvvəl iqtisadi təməllər üzərində qurulmasında görmək təbii və məntiqi bir qərar olmuşdur. Gələcək münaqişələrə son qoymaq arzusu ilə siyasi və hərbi məkanların inteqrasyiası həyata keçirilmişdir. Lakin yarım əsrdən çox müddət ərzində bunların kifayət olmadığı, inteqrasiyanın səmərəli və universal sayıla bilən modelində daha bir istiqamətdə yaxınlaşmasının zəruriliyi dərk olunmuşdur.
2004-cü il noyabrın 17-19-da Avropanın siyasi, iqtisadi, mədəni həyatının, vətədaş cəmiyyətinin nümayəndələri, dövlət rəsmiləri "Avropa üçün ruh" adlı üçgünllük konfransda toplanmışdır. Hər iki ildən bir daimi keçirilməsi nəzərdə tutulan konfransa "mədəni inteqrasiya" faktorunun Avropa və dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi vacibliyindən çıxış edir.
Konfransın ümumi məqsədi bu məkanda inteqrasiyanın mükəmməl modelinin formalaşması üçün mədəniyyətin hərəkətverici qüvvə statusundan istifadə etməkdədir. Konfransın və "Avropa üçün ruh" layihəsinin təşəbbüskarları hesab edirlər ki, Avropanın gələcəkdə rəqabətə davamlılığı və təhlükəsizlik meyarının təmin olunması, sarsılmaz inteqrasiya modelinə keçid alınması üçün yeganə yoldur.
"Avropa üçün ruh" mədəni inteqrasiya layihəsinin yaranması gərgin axtarışların nəticəsi olmuşdur. Avropa konstitusiyası ilə bağlı referendumun uğursuzluğundan sonra vətəndaş cəmiyyəti qurumlarından, siyasətçi, iqtisadçı, sənət adamları və intellektual təbəqənin 300-dən çox nümayəndəsinin apardığı gərgin müzakirə, fikir mübadiləsi nəticəsində bu möhtəşəm layihə ərsəyə gəlmişdir. Ən vacib odur ki, "Avropa üçün ruh" layihəsi bu məkanda siyasi münasibətlərə çox mühüm təsir göstərə bilər.
Berlin konfransından sonra daimi "Berlin prosesi" başlanğıcını götürmüşdür. 2006-cı ildə keçirilən II Berlin konfransında "Mədəniyyətin Avropada birlik və rifah üçün intensiv istifadəsi" təşəbbüsü irəli sürülmüş və həyata keçirilməkdədir. Həmçinin, Avropa Komissiyasının prezidenti bu konfransda 2008-ci ilin "Mədəniyyətlərarası dialoq ili" olacağını bəyan etdi: "Avropa xalqları bir-birini və bütün dünyanın mədəniyyətlərini daha yaxından tanımalıdır, mədəni inteqrasiya və dialoqu möhkəmləndirməlidir".
Layihədə irəli sürülən məqsədlər arasında ictimaiyyətlə siyasətçilər arasında "emosional - mənəvi özgələşmənin" aradan qaldırılması kimi məsələ də vurğulanır. Bu məqsədlə dünya və Avropanın intellektual-mədəni elitasının nümayəndələrinin siyası elita ilə ardıcıl debatlarının keçirildiyi forumlar diqqəti cəlb edir. Yerli və regional mədəni tədbirlərin həyata keçirilməsi rolu ilə sosial sabitliyin davamlı şəkil almasına səy göstərilir. "Regional inkişaf üçün mədəniyyət" adlı xüsusi layihə icra olunur. Ən vacibi odur kı, "Mədəni inteqrasiyaya göstərilən kömək - Avropanın gələcəyinə göstərilən köməkdir" devizi çoxşaxəli, üfüqi və şaquli istiqamətlərdə fəaliyyət planının qurulmasına xidmət edir. "Avropa üçün məsuliyyət" daşıdığını göstərir. "Bütün iştirakçılarla bərabər hüquqlar, müxtəlif partnyorlara çeşidli imkanlar" şüarı layihəyə qoşulmaq istəyənlərin inamını artırmaq məqsədi güdür.
"Avropa üçün ruh" layihəsinin nəticələrinin ən böyük təhlili və yekunu, 2008-cı mədəniyyətlərarası dialoq ilində aparılacaqdır. Məhz 2008-ci il Avropanın mədəni inteqrasiyanı reallaşdırmaq arzusunu və qətiyyətini, bu "qlobal dialoqun himayədarı statusunu", gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcəkdir. Avropada mədəni müxtəlifliyin və mənəvi irsin qorunması dialoqun məzmununu təşkil edir. İstər Avropa İttifaqına, Avropa Şurasına üzv olan ölkələr, istərsə də bütün dünya xalqları öz mədəniyyəti və ədəbiyyatlarını bu dialoqda səsilndirməlidirlər. Son nəticədə isə Avropanın mədəniyyətlərarası dialoq məkanı kimi bərqərar olmalıdır. Mədəniyyət kimi təməl varlığın hər hansı vahid ideologiya ilə əvəzolunmaz cəhdləri həmişə puça çıxmışdır. Yalnız sovetlərin deyil, tarix boyu mövcud olan bütün imperiya və diktaturaların aqibəti bunu sübut edir.
Dünyada mədəni inteqrasiyanın reallaşması yolunda maneələr həmişə olduğu kimi bu gün də çoxdur. Lakin mədəniyyət faktorunun iqtisadi və siyasi amillərlə yanaşı, hətta onlardan üstün qüvvə kimi etiraf edilməsi, konkret addımlar atılması çox böyük ümidlər verir. Qərb tədqiqatçısı Temi Braç "Avropa-Roma yolu" əsərində yazır: "Bu gün Avropanın, Avropa mədəniyyətinin daşıyıcısı o kəslər deyil ki, öz sivil mənşələri barədə hamıdan uca bağırışırlar, o kəslər deyil ki, biz asiyalı barbarların qarşısını alan millətik" deyirlər. "Avropa ruhu", yaxud "ruhun Avropası" o yerdədir ki, orada insanların əziz saydığı dəyərlərə hörmət edirlər, əxlaqi-etik normalara riayət edirlər. Avropa ruhu elmi kəşflərin baş verdiyi, məktəb və universitetlərdə ən yaxşı təhsil imkanlarının verildiyi, sülh musiqisinin və sülh himnlərinin yazıldığı məkanlardadır. Bu ruh məkanında sərhədlər yoxdur."
İnteqrasiya modeli baxımından bu, bəşəriyyətin bütün tarixi boyu əldə etdiyi ən böyük nailiyyətdir. Lakin bu nailiyyətin möhkəmləndirilməsində ən ciddi ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər kövrək "Avropa identikliyini, Avropa immunitetini" yoxa çıxara bilər.
XXI əsrin əvvəllərində həm bütün dünyada, həm də Avropada baş verən sistemli transformasiyalar, qloballaşma proseslərinin geniş vüsət alması, inteqrasiya modelində özünəməxsus strategiyanın ayrı-ayrı dövlətlər, bölgələr, mədəni və milli birliklər üçün optimal olan variantın axtarışını sürətləndirdi.
A.Aslanovanın fikrincə, regionda dinamik inkişafın lideri mövqeyini əldə edən dövlətimiz öz avrostatusunu müəyyənləşdirmək istiqamətində çoxşaxəli siyasəti həyata keçirir. Bunların içərisində mədəniyyət siyasəti ən önəmli yer tutur.
Tarix boyu mütərəqqi, dünyəvi dəyərlərə açıq olan Azərbaycan bugünkü qarşılıqlı əməkdaşlığın perspektivlərinə böyük nikbinliklə yanaşır, inteqrasiyaya münasibətlərin xüsusi keyfiyyət mərhələsi kimi önəm verir.
Azərbaycanda nəhəng Avropanın tarix boyu arzuladığı, can atdığı, dərin bəşəri ideallara doğru çox uzun bir yol gəlmişdir. Bu yolda Avropa dövlətlərinin üzləşdiyi faciələr, taleyinə düşən ağrı-acılar, Azərbaycanın da taleyinə nəsib olmuş, zaman keçdikcə həmin tarixi problemlərin bir-birinin ardınca dəf edə bilmişdir. Bunun ən mühüm vasitələrindən biri bəşəri ideyaların, dünya mədəniyyətinin müqəddəs və universal irsi ilə çox yaxından səsləşən, onların daşıyıcısı olan mədəni-tarixi ənənələrimiz, yaşadığımız coğrafi məkanın özünəməxsus missiyası olmuşdur. Faşizm kabusu ilə ölüm-dirim mübarizəsində, ülvi ideyalara səsləyən mütəfəkkir mədəniyyət dühalarımızın sovet represiyası siyasəti nəticəsində məhv edildiyi sürgün və həbslərdə milyonlarla qurbanlar vermişdir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru