Avrasiyanın, ilk növbədə, coğrafi-məkan aspektlərinin və prinsiplərin əsas götürüldüyü birlik olması fikrində həqiqət olmamış deyil. Özünüz düşünün, Avropa və Asiyanın qovşağındakı məkan olmaq, bölgənin tarixi missiyasının bənzərsizliyi və yeganəliyi məhz buradan irəli gəlir. Bu günə və gələcəyin sabahına aparan yollar burada qovuşur, sözün hərfi mənasında, "bir" olmağa, "bir"ləşməyə, ən azı bir-biri ilə qonşu olmağa məcbur olur. İki məkan, "landşaft ruhu": Asiyanın sonsuz, geniş çöl və düzənliklərinin və Avropanın sıx, dar, nisbətən kiçik coğrafiyasının landşaft ruhu yan-yana mövcud olaraq - sintez, vəhdət məkanı rolunu oynayır. Avrasiyanın bu məkan yaxınlığı, qonşuluğu, öz növbəsində, bu məkanda yaşayan xalqların mədəniyyətlərinin də, başqa sözlə, mədəni məkanların da qonşuluğunu zəruri edir.
R.Aslanovanın fikrincə, Avrasiyanın mədəni matrisası coğrafi, kontinental ərazi, etnoqrafik plastların vəhdətini daşıyır. Özündə həm Avropanın, həm də Asiyanın dəyərlərinin sintezini daşıyan Avrasiya bu mədəni məkanların ahəngini - mədəni kosmosu yaratmalı olur. Göründüyü kimi, Avrasiya mövzusu coğrafi-ərazi kontekstində məkanın spesifikası və tarixi perspektivin tələblərindən irəli gələn problemləri diqqət mərkəzinə qoyur. Yəni, mövcud olduğu min illər ərzində Avrasiyanın nəhəng coğrafi məkanı, burada yaşayan xalqların tarixi-sosial, mədəni-mənəvi, dünyagörüş məkanlarının da özünəməxsusluğunu formalaşdırmışdır. Avrasiyanın tarixi məkanı olmadan burada yaşayan xalqların və ya burada yaşayan xalqlar olmadan Avrasiyanın tarixi yoxdur. Məhz bu qarşılıqlı bağlılıq bütün mövzuların, o cümlədən də, dialoq mövzusunun əsası, predmeti və obyektidir.
"Məkan" anlayışı çoxçalarlı mənaya malikdir. Məkan - insanların ictimai-ərazi birliyinin növü olub, başqalarından, tarixi və təbii şərtlənmiş mövcudluq şərtlərinin (mədəni, iqtisadi, siyasi, sosial münasibətlər və s.) fərqli məcmusu ilə seçilir. Məkanın ən vacib xarakteristikalarından biri onun tarixiliyidir. İstənilən məkan əvvəlki nəsillərin fəaliyyəti ilə sıx varislik təşkil edir. Məhz buna görə də inkişaf prosesi fasiləsiz olaraq məkan və zaman çərçivəsində gedir. Məkan daxilində bir sıra lokal mədəniyyətlər yanaşı mövcud olur. Bununla əlaqədar "mədəni məkan, mənəvi məkan" anlayışları da təşəkkül tapır, öz məzmun və mahiyyətinin başa düşülməsini tələb edir. Lokal mədəniyyətlərin vəhdəti böyük tarixi-coğrafi məkanın mədəniyyətini təşkil edir.
Avrasiyanı mədəni məkan kimi bütövlükdə təhlil etmək müasir zaman və inkişaf yolları baxımından yanaşmanı gündəmə gətirir. Məkan və zaman vəhdəti, qovşaq sivilizasiyalarda daha qabarıq təzahür edir. Sübut etməyə ehtiyac yoxdur ki, coğrafi-ərazi baxımından qovşaqda olmayan, inkişafın magistral meyillərindən bir qədər aralıda olan mədəniyyətlərdə zamanın axarı nisbətən gec duyulur, impulsların gərginliyi o qədər də hiss edilmir. Bundan fərqli olaraq, qovşaq mədəni məkanlar tarixi proseslərin qaynar nöqtələrinə çevrilir, baş verən dəyişikliklərin ritmini, nəfəsini duyur, ona adekvat cavab verməyə zərurəti qarşısında dururlar. Avrasiyanın mədəni polifonizmi və sintetik, ortaq dəyərləri, qovşaq sivilizasiya olması kimi amildən irəli gəlir.
Yaşadığımız mərhələdə, informasiya-telekommunikasiya vasitələrinin "məkan" və "coğrafiya" "sərhədlər" anlayışına tamamilə yeni məzmun verdiyini nəzərə alsaq, məkan və zamanın sıx bağlılığı məsələsi daha da aktuallaşır. İnkişafın diktə etdiyi meyillərə, dünyanın hər bir məkanında, zamanında cavab verilməsi, seçim edilməsi tələb olunur. Burada çox düşünmək olar. Lakin kulturoloji ədəbiyyatdan məlumdur ki, zaman və məkanın qarşılıqlı münasibəti üç səviyyədə reallaşa bilər: inteqrasiya, qarşıdurma-təcridolunma və assimilyasiya (əriyib itmə).
Məkan və zamanda özünüdərk prosesi getmədən, məkanda ölkə və ya dövlət formalaşa bilməz. R.Aslanova yazır: "Avrasiya - özünün spesifik arxetipi və genotipinə malik olan ümumdünya tarixi fenomenidir. Avrasiyaçılığın potensialı da onun ideologema və ya mifologemalar müstəvisində fikir yürütməsi ilə deyil, real, ciddi problemləri qoymaq, onların həlli yollarını müəyyənləşdirmək və həyata keçirməkdədir. Müasir dünyada da zaman amili özünü çox kəskin şəkildə göstərməkdədir. Zamanın paradoksal şəkildə sürətlənməsinə rəğmən baş verən dəyişikliklər də adekvat refleksiya, qərar və seçim edilməsini, yəni onların zamanında edilməsinə tələb edir. Əgər buraya, uzun illər sovet məkanında yaşanılan durğunluq və nisbi-statik inkişaf tərzini və vərdişini də əlavə etsək, dəyişikliklər və onlara münasibət problemi daha aydın təsəvvür edilə bilər.
Avrasiya məkanı tarixən ənənəvi və liberal sivilizasiyalar arasında qərar tutmuşdur, daha dəqiq deyilsə, bu, sivilizasiyaların əsas xüsusiyyətlərini özündə əks etdirir.
Bu amil Avrasiyanın özəl statusunu və keyfiyyətini şərtləndirmişdir. Burada türkdilli, slavyan, uqro-fin və s. xalqları vahid sivil məkan daxilində yaşayır. Bu vahid sistem, bütövlük, tarixi taleyin ümumiliyi, inteqrasiya və dialoq proseslərinin təməli, prinsipi kimi dəyər kəsb edir".
Zaman amilinə müəyyən mifoloji çalarlar xasdır. Başqa sözlə, mədəni, sosial, tarixi, gerçək zaman, bəzi hallarda "mifoloji zaman"la bilərəkdən, yaxud bilməyərəkdən əvəz edilir. "Mifoloji zaman" üçün keçmişin ideallaşdırılması, yaxud utopiya səviyyəsinə keçirilməsi səciyyəvidir. Avrasiya və dünyanın bu günü və gələcəyinə aid olan hər bir mövqe, baxış və ya prinsiplər gerçək, qlobal zaman amilindən çıxış etməklə, klassik və ya müasir Avrasiyaçılığın bəzi istiqamətlərinə xas olan ideoloji-miloloji məzmun, coğrafi fatalizm, "geosiyasi mistika", bolşevizm və s. kimi qeyri-real çalarlardan uzaqda olduğunu bəyan edə bilər.
Müasir zaman müxtəlif mədəniyyətlərin dialoqunu və inteqrasiyanı imperativə çevirmişdir. Bu baxımdan "Dialoq Avrasiya" qurumu bu imperativə adekvat və zamanında göstərilən münasibətin bariz nümunəsidir. Qurum ideoloji-utopik məramlardan uzaqdır. Bu baxımdan, "Avrasiya" probleminə müxtəlif baxış və traktovkaların təhlili söhbətimizin əsas mövzusu olmasa da, onlara münasibətimiz açıq və aydın olmalıdır.
R.Aslanova belə hesab edir ki, avropamərkəzçilik qüsurlu mövqe olduğunu sübut etdiyi üçün, "avrasiya mərkəzçilik" kimi meyillərə uymağın da vaxtı deyildir. Bəzən belə fikirlər, həmçinin, çoxlu suallar eşidirik: Avrasiyanı Qərbə qarşı durmaq, "atlantizmə" qarşı blok yaratmaq birləşdirə bilər", yaxud Avrasiya mədəniyyəti daha qədim, daha üstündür və s". Bunlar qeyri-real, yanlış mövqelərdir. Avrasiyanın keçmişi, həm indisi, həm də gələcəyinə dair səthi təsəvvürlərdən irəli gələn fikirlərdir. Əsas tarixi həqiqət: Avrasiyanın, burada yaşayan xalqların tarix boyu inteqrasiyanın ən müxtəlif növ və formalarına "obyektiv-təbii, açıq olması" unudulur. Hər hansı bir mədəniyyət və ya sivilizasiyanın digərindən üstünlüyündən bəhs edilməsi qeyri-ciddi qeyri-elmi mövqedir. Hər bir mədəniyyət öz-özlüyündə dəyərlidir, sadəcə, bu fərqli, başqa mədəniyyətdir.
Avrasiya məkanında yaşayan xalqların çoxəsrlik milli-mədəni ənənələrinə, dəyərlərə, qarşılıqlı təsir təcrübəsinə dayaqlanan və texnoloji modernləşmə ilə tamamlanan bənzərsiz, fərqli inkişaf yolunun perspektivli sayılması təbiidir. Bu tarixi prosesin çoximkanlılığı və müxtəlifliklərin vəhdəti prinsipi çərçivəsində məqbul hesab edilən elmi qənaətdir.
Dialoqu, sintez və inteqrasiyanı inkişafın əsas yolu və amili kimi görən mütəfəkkir şəxsiyyətlər, dahilər Avropada da, Asiyada da həmişə olmuşdur. Dünyanın, müxtəlif məkanların vəhdəti ilə gözəl və əzəmətli olduğunu, "əzəli xəlq edilmiş harmoniya" fəlsəfəsinin müəllifi V.Leybnis də vurğulamış, xalqlar arasında mədəni-mənəvi dialoq və mübadiləni gücləndirmək üçün "Qərb-Şərq Akademiyaları"nın yaradılmasını təklif etmişdi.
Avropanın müstəsna, "etalon" sivilizasiya modeli olması kimi yanlış meyilə qarşı ilk çıxışlar XIX əsrdən daha qətiyyətlə səslənməyə başladı. Biz tarix qarşısında böyük xidmətlər göstərən bu şəxsiyyətlərin adlarını sadalaya bilməsək də, onların carçıları olduqları ideyanın sonrakı əsrdə də özünü doğrultduğunu, bu gün XXI əsrdə də çox aktual səsləndiyinə diqqəti cəlb etmək istəyirik.
R.Aslanovanın fikrincə, klassik sayılan Avrasiya cərəyanı da məhz tarixin ən mürəkkəb dönəmlərindən birində - XX əsrin əvvəllərində təşəkkül tapdı. Dünyanın ən qanlı müharibə və sarsıntılarının təsadüf etdiyi bu mərhələdə həm coğrafi, həm də siyasi baxımdan Avropa dövlətləri münaqişələrin bütün mənalarda episentrini təşkil edirdi. Bu vəziyyət dünyada - həm Avropada, həm də Asiyada, yaxın perspektivdə formalaşacaq ictimai, tarixi-siyasi nizam mənzərəsinin təməlində dura biləcək konseptual əsasların axtarışlarına təkan verdi. Avropa və Asiyanın yalnız geosiyasi məkan deyil, həm də mədəni-tarixi məkan kimi həm qitədə, həm də bütün dünyada ümumi və fərqli inkişaf qanunauyğunluqlarına malik olduğu qızğın müzakirələrin mövzusuna çevrilmişdi. Klassik Avrasiyaçılığın bəzi nəzəri müddəaları, müasir dövrdə "vahid dünya və müxtəlif xalqlar" nizamının formalaşması işində verdiyi cavablardan daha çox, gündəmə gətirdiyi suallarla diqqəti cəlb edə bilər. Məsələn, bir fikri yada salaq: "Avrasiya məkanı çərçivəsində yaşayan insanlar və xalqlar qarşılıqlı anlaşmanın elə səviyyəsinə, qardaşlıq münasibətlərinin elə formalarına malikdirlər ki, dünyanın başqa yerində buna çətin nail olmaq mümkündür".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru