PDF Oxu

MİA

  • 7 476

XX əsrin əvvəllərində Azərbaycan-Rusiya mədəni əlaqələri

XX əsrin əvvəllərində Azərbaycan-Rusiya mədəni əlaqələri

Ötən əsrin əvvəllərində beynəlxalq ədəbi əlaqələrin vüsətində dinamika hiss olunurdu. Yeni - mübariz ruhda yetişən şair və yazıçılar, dramaturqlar rus, Avropa maarifçilərinin mütərəqqi ənənələrini əxz edərək Azərbaycan ədəbiyyatına yeniliklər bəxş etmiş, bədii tərcümə sahəsində xeyli maraqlı işlər həyata keçirmişdilər. Dövrün görkəmli bədii söz sənətkarlarından M.Ə.Sabir. N.Nərimanov, M.S.Ordubadi, Əli Nəzmi, N.Vəzirov, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, S.Hüseyn və başqalarının əsərlərində bu mədəni iqtibası qabarıq şəkildə hiss etmək mümkündür. Məsələn, tədqiqatçılar Sabir satirasının Saltıkov-Şedrin, Nekrasov, Heyne satirası ilə hardasa vəhdət təşkil etdiyini qeyd edirlər ki, bu da mədəni əlaqələrin təzahür forması kimi qiymətləndirilir. Y.V.Çəmənzəminli beynəlxalq mədəni əlaqələrin üstünlüyünə aşağıdakı şəkildə qiymət verərək yazırdı: "Avropa mədəniyyəti yer üzünə yayıldıqca millətlər arasında sırf bir mədəni yavuqluq ehtiyacı duyuldu. Bu yavuqluq insanların bir-birindən asılı olduğuna qarşı ehtiyac və qarşı fayda məsələsini doğurdu".

Beynəlxalq mədəni əlaqələrin faydasını dərindən anlayan XX əsrin mütərəqqi düşüncəli ziyalıları Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq sahəsində geniş təbliğat işləri həyata keçirirdilər. Bu işdə M.A.Şahtaxtinski, C.Hacıbəyov və Ə.Topçubaşovun xidmətləri qeyd edilməlidir. Bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinin təşəkkülündə xidməti olan insanlardır. Təhsilini Fransada alan Şahtaxtinski, C.Hacıbəyov Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablarını məhz fransız dilində çap etdirmişlər. 1911-ci ildə "Kaspi" qəzetində "Azərbaycan günləri" adlı məqaləsini dərc etdirən C.Hacıbəyov sonradan onu ayrıca kitab şəklində fransız dilində Parisdə nəşr etdirdi.

XX əsrin birinci onilliyində yetişmiş Avropa düşüncəli Azərbaycan ziyalıları milli mədəniyyətin zənginləşməsinin xalqların bir-birilə mədəni əlaqələri nəticəsində mümkünlüyünü iddia etsələr də, hədsiz meyllilik, yaxud təqlid hallarına da etiraz edirdilər ki, bu da məntiqi cəhətdən məsələyə obyektiv yanaşma idi. Lakin tarixi faktlardan məlum olur ki, məhz bu dövrdə - "ruslaşdırma" siyasətinin tüğyan etdiyi tarixi şəraitdə mütərəqqi düşüncə sahibləri Azərbaycan xalqının dünyəvi mədəniyytlə tanışlığı naminə bədii tərcüməyə geniş yer vermişlər. Ötən əsrin əvvəllərində artıq bir çox görkəmli ədiblərin Azərbaycan ədəbiyyatını mütaliə etmək imkanları var idi. Bu işdə adları yuxarıda qeyd olunan ziyalılardan əlavə, A.Səhhət, F.Köçərli, M.Rəsulzadə, Q.Rəşad, B.Talıblı, A.Şaiq, R.Əfəndiyev, Ə.Haqverdiyev, H.İ.Qasımov, C.Mənsur, M.Camalov, H.Bünyadzadə və digərlərinin rolu böyük idi. Ötən əsrin əvvəllərində Haşım bəy Vəzirov tərəfindən Şekspirin "Otello" faciəsi, M.B.Hacınski tərəfindən Şillerin "Qaçaqlar" pyesi, Heynenin əsərləri tərcümə edilmiş, Puşkin, Lermontov və Krılovun şeirləri, görkəmli əsərləri azərbaycanlı ziyalılar tərəfindən tərcümə edilərək Azərbaycan oxucusuna təqdim edilmişdir. Bu faktlar Azərbaycan mədəniyyətində mütərəqqi hadisələrdən biri kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, bədii tərcümə sahəsindəki fəaliyyət ikitərəfli idi. Belə ki, beynəlxalq aləmdə də Azərbaycan ədəbiyyatına diqqət və maraq durmadan artırdı ki, bu da istər klassik, istərsə də müasir ədəbi nümunələrin əcnəbi dillərə tərcüməsi və təbliğində mühüm hadisə idi. Bu sahədə L.Buva, A.Sereteli və digərlərinin adlarını çəkmək olar.

XX əsrin əvvəllərində beynəlxalq mədəni əlaqələrin inkişafında incəsənətlə mübadilə aparıcı yerlərdən birini tuturdu. Musiqi sahəsində bəzi əlamətdar hadisələr baş verməkdə idi: ilk azərbaycanlı qadının - Ş.Məmmədovanın dünyanın opera mərkəzlərindən biri olan Milanda, Fatma Muradovanın Rusiyada təhsil alması inkişafdan xəbər verirdi. Musiqi sahəsində beynəlxalq əlaqələrin formalaşması prosesində istedadlı musiqiçi Məşədi Cəmil Əmirovun 1911-ci ildə İstanbula gedərək, musiqi savadına yiyələnməsi, Avropa musiqisi ilə tanışlığı xüsusi əhəmiyyət kəsb edirdi. O, burada eyni vaxtda Azərbaycan xalq musiqisini təbliğ edir, muğamı ilk dəfə nota köçürərək nəşr etdirmişdir. Azərbaycanda musiqi sahəsində təhsil ocaqlarının yaranması işində rusiyalı həmkarların səyləri (bu haqda yuxarıda qeyd olunub) nəticəsiz qalmırdı. Belə ki, 1910-cu ildə A.N.Yermolayevanın təşəbbüsü ilə nəzdində musiqi sinifləri olan Rusiya imperator musiqi cəmiyyətinin Bakı şöbəsi yaradıldı. Bakıdakı simfonik orkestrdə çalışmaq üçün M.Q.Çernyakovski (1903-1906-cı illər ərəfəsində), A.V.Pavlov-Arbenin (1906, 1907, 1913) kimi tanınmış dirijorlar dəvət olundu.

Bundan başqa, ikitərəfli musiqi əməkdaşlığı musiqi kollektivlərinin qastrollarında öz təzahürünü tapdı. Xüsusilə, xalq musiqisi ustalarının xarici ölkə səfərləri mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli şəkildə xidmət göstərirdi. Qarabağ sazəndələrinin təkcə Qafqaza deyil, Orta Asiya, İran və Türkiyəyə də səfərləri uğurla nəticələnirdi. H.Sarabski İrandakı qastrol səfərlərində Ü.Hacıbəyov operalarını təqdim etmişdi. Türkiyə müğənnilərindən Nübar Əfəndi, Mələk xanım isə 1910-cu ildə Bakıda konsert proqramı ilə çıxış etmişdilər.

XX əsrin əvvəllərində klassik rus musiqiçilərindən F.Şalyapin (1910-1915-ci illər ərəfəsində), L.V.Sabinov (1912-1914), S.V.Raxmaninov (1911-1915) və digərlərinin qastrolları Bakıda uğurla keçmişdi. Bu musqiçilər dünya şöhrətli klassiklərin - Qlinka, Çaykovski, Motsart, Bethoven, Yaqner, Rimski-Korsakovun simfonik əsərlərinin ifası ilə azərbaycanlıları zəngin Avropa musiqisi ilə tanış edirdilər. Bu kimi qastrol konsertləri həmin dövrdə tez-tez təşkil olunurdu.

Musiqi sahəsində mədəni əlaqələr tarixində Ü.Hacıbəyovun Moskva və Peterburq Konservatoriyalarında təhsil alarkən görkəmli rus bəstəkarları Rimski-Korsakov və Qlazunovla olan tanışlığının müsbət rolunu qeyd etmək vacibdir. Bəstəkarın bir-birinin ardınca "O olmasın, bu olsun", "Arşın mal alan" kimi operettaları yazması belə yaradıcılıq mübadilələrinin nəticəsi idi. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, Ü.Hacıbəyovun bütün əsərləri kimi bu iki əsəri də beynəlxalq mədəni əlaqələrin inkişafı aspektindən əhəmiyyətli əsərlər hesab olunur. Hələ 1914-cü ildə Tiflis artistlərinin ifasında "O olmasın, bu olsun" tamaşasından başlayan mədəni əlaqələrin sorağı Orta Asiya və Fransadan gəlməyə başladı.

XX əsrin əvvəllərində beynəlxalq-mədəni əlaqələrin gözəl nəticələrindən biri kimi Azərbaycanda kino sənəti təşəkkül tapdı. İbrahim Musabəyovun "Neft və milyonlar səltənətində" romanı üzrə A.D.Panova - Potomkinanın ssenarisi əsasında B.N.Svetlovun rejissorluğu ilə ilk kinolent yarandı. Filmdə rus aktyorları ilə yanaşı, H.Ərəblinski də iştirak edirdi. Mədəni əlaqələrin səmərəli nəticələri təsviri sənət sahəsində də öz təzahürünü tapırdı. Ə.Əzimzadə və B.Kəngərli kimi realist rəssamların yetişməsində görkəmli rus rəssamı Maslovun rolu olmuşdu. Ümumiyyətlə, müxtəlif illərdə Azərbaycanda çalışmış O.Şemerlinq, M.Gerasimov, A.Kasatkin və Y.Somorodov kimi rəssamlar milli rəssamlıq məktəbinin formalaşmasında böyük rol oynamışlar.

Azərbaycanda beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında XX əsrin I yarısının Cümhuriyyət dövrünün (1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinədək) özünəməxsus yeri vardı. Belə ki, müstəqil Cümhuriyyətin xarici və mədəni siyasət məsələləri içərisində beynəlxalq mədəni əlaqələri dövlət səviyyəsində müəyyənləşdirilirdi. Müstəqil dövlət kimi Azərbaycan Demokratik Cümhuriyyəti qonşu və dünya ölkələri ilə mədəni əməkdaşlığa üstünlük verir, xüsusilə, milli mədəniyyətin zənginləşməsi naminə müasir mədəni nailiyyətlərə can atırdı.

Türkiyə ilə mədəni əlaqələrin dirçəldilməsi məsələsi ayrıca bir mövzu kimi həmişə gündəmdə olmaqla, bu ölkələrə qastrolların təşkili, oradan pedaqoji və digər sahələr üzrə mütəxəssislərin dəvət olunmasına mühüm yer verilirdi. 1918-ci ilin oktyabrında azərbaycanlı artistlərin Türkiyəyə qastrolu üç aydan çox bir müddəti əhatə etdi. Türkiyə jurnallarının birində belə yazılmışdı: "Bu qastrollar bizim üçün Azərbaycanın teatrı və onun həyatının digər tərəfləri barəsində məlumatlar almaq üçün gözəl vasitədir".

Türkiyə ilə mədəni əlaqələrin məqsədyönlü təşkilində "Türk ocağı" cəmiyyətinin (1918-ci il, oktyabr, Bakı) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu cəmiyyətin əsas məqsədi azəri və osmanlı türkləri, eyni zamanda, keçmiş Rusiya imperiyası ərazisində yaşayan xalqlar arasında mədəni əlaqələrin yaxşılaşdırılmasından ibarət idi. Bu məqsədi gerçəkləşdirmək üçün cəmiyyət "Türk gecələri" adlı musiqi proqramlarını təşkil edirdi ki, burada başlıca olaraq türk xalqlarının incəsənətinə üstünlük verilirdi. Tatar, osmanlı türkləri və digər türk soylu millətlərin nümayəndələrinin iştirak etdiyi bu tədbirlərdə türk xalqlarının həyatından bəhs edən tamaşalar, "Türk ocağı", "Türkmən çadrası", "Atəşgah", "Şərq salonları" adlı sərgilər təşkil olunurdu. Azərbaycanın beynəlxalq səviyyədə təbliği məqsədilə fransız dilində kitabların nəşrinə üstünlük verilirdi. Adilxan Ziyadxanlının "Azərbaycan" kitabı, Əkbərağa Şeyxülislamovun "Qafqaz Azərbaycan Cümhuriyyəti" broşuraları belələrindən idi.

ADC-nin məqsəd və prinsiplərindən, mədəniyyət və xarici siyasətin prioritetlərindən irəli gələn göstəricilərdən çıxış edərək demək olar ki, Azərbaycanda digər xarici dövlətlərin, xüsusilə, türk xalqları ilə mədəni əlaqələrin yaranması və güclənməsinə diqqət verilirdi. Lakin qeyd etməliyik ki, Azərbaycanda beynəlxalq - mədəni əlaqələrin sistemli və ardıcıl qurulması, bu işə dövlət və hökumət rəsmilərinin diqqəti ölkədə sovet hakimiyyətinin qurulmasından başlayır. 1920-ci il aprelin 28-də Azərbaycanda yeni quruluşun - sovet hakimiyyətinin bərqərar olması, onun tarixində yeni mədəni asılılığın əsasını qoydu. Azərbaycanda dövlətçiliyin, hökumətin bütün atributları əsaslı şəkildə dəyişdi və ən əsas amil - Azərbaycanın müstəqilliyi, suverenliyi əldən getdi. Bu, Azərbaycanın yeni tarixi şəraitdə beynəlxalq mədəni əlaqələrinin inkişaf dinamikasına təsir göstərdi. Beynəlxalq mədəni əlaqələrə artıq dövlət səviyyəsində yanaşılaraq, bu məsələ dövlətin istər xarici, istərsə də mədəniyyət siyasətinin başlıca istiqamətlərindən birinə çevirdi.

XX əsrin ikinci onilliyində millətləri və xalqları birləşdirən yeni bir dövlətin - SSRİ-nin yaranması artıq böyük bir ölkənin beynəlxalq mədəni əlaqələri sistemində fəaliyyəti demək idi. Çünki müxtəlif millət və xalqlardan ibarət olan bu dövlətin gücünü, qüdrətini artırmağın bir yolu da xalqlar arasında mədəni əlaqələrin yaradılması və inkişaf etdirilməsi idi. Əsas məqsəd xalqlar arasındakı mədəni əlaqələrin inkişafını yüksək səviyyəyə çatdırmaqdan ibarət idi. Onlar arasında köklü fərqlər əriyib getməli, nəticədə yekcins bir "sovet xalqı" və "sovet mədəniyyəti" yaradılmalı idi.

Beynəlxalq mədəni əlaqələr sistemində digər bir pritoritet xarici ölkələrlə mədəniyyətin bütün sahələri üzrə mübadilələrin və əməkdaşlığın genişləndirilməsi idi. Bu məqamlar özlüyündə Azərbaycan və eləcə də digər mədəniyyətlər üçün çox mütərəqqi və əlamətdar hadisələr olsa da, Azərbaycan SSR istər sovet respublikaları, istərsə də xarici ölkələrlə mədəni əlaqələr yaratmaq və müstəqillik nümayiş etdirməkdən məhrum idi. Yalnız mərkəzləşdirilmiş totalitar dövlətçilik rejiminin prinisiplərinə müvafiq olaraq 70 il ərzində Azərbaycan xarici dövlətlərlə, eləcə də sovet xalqları ilə mədəni əlaqələr yaratmaq imkanı əldə etdi. Lakin bütün bu çatışmazlıqlara, nöqsanlara və mədəni əlaqələrin səviyyəsinə baxmayaraq Azərbaycan mədəniyyəti, eyni zamanda, digər mədəniyyət və sivilizasiyalara inteqrasiya edirdi. Sovet hakimiyyətinin ilk aylarında - 1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının qurultayı keçirildi. Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkə nümayəndələrinin iştirak etdiyi bu qurultayda müzakirə edilən məsələlərin kontekstində Şərq xalqları çərçivəsində, eləcə də digər ölkələrlə mədəni inteqrasiya şəraitində təbliğat və təşviqat, maarifləndirmə, qadın azadlığı məsələlərinin müzakirəsi öz təzahürünü tapdı. Qurultayda qəbul edilən "Bütün ölkələrin proletarları, birləşin!" şüarı beynəlxalq imperializmə qarşı çağırış xarakteri daşısa da, bu, eyni zamanda, ölkələrarası mədəni əlaqələr üçün təminat rolunu oynadı.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər