Demokratik dövlətlər nəinki insanları xoşbəxt edir, həm də buna hansı yolla nail olmağı bilir və bunu həyata keçirməyə qadirdir. Buna görə də, dövlətdə hamı qanun qarşısında bərabər hüquqlara malik olmaqla ümummilli mənafeləri rəhbər tutmalı, siyasi, iqtisadi, hüquqi və ictimai normalara tabe olmalı, onlara riayət etməlidir.
A.Fərzəliyevin fikrincə, cəmiyyətlərdə demokratik idarəetmə münasibətlərinin mövcudluğu vətəndaşların iqtisadi, siyasi, sosial və mədəni hüquqlarının müdafiəsində böyük rol oynayır. Dünya praktikası sübut edir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətində qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara hörmət etməklə, vətəndaş birliyi yaranır. Məhz bu baxımdan Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə iqtidarın uğrunda mübarizə apardığı və böyük ölçüdə nail olduğu əsas amillərdən biri cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar çərçivəsində insanların və hakimiyyət orqanlarının fəaliyyətini tənzimləməkdir.
Ümummilli Liderimiz Heydər Əliyevin ideya-siyasi düşüncə sisteminin əsasını təşkil edən azərbaycançılıq, vətənçilik prinsipi dilindən, dinindən, etnik və sosial mənşəyindən asılı olmayaraq, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı isə onların ümumi, bölünməz Vətəni, doğma yurdu hesab edir.
A.Fərzəliyev daha sonra yazır: "Məhz onun həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli əxlaqi mentalitetinin, dilinin, dininin qorunmasını dünyanın harasında yaşamasından asılı olmayaraq, hamı üçün ümumi Vətən hesab olunan və xalqımızın dövlətçilik hisslərini, dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti ilə bağlayır.
Azərbaycan dövləti bizim milli varlığımızın, birliyimizin, dinc və firəvan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir. 2002-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının kcçirilməsi bu prinsipin artıq praktikada uğurla reallaşdığına ən yaxşı sübutdur.
Tarix bizə güclü, demokratik, müstəqil dövlət qurmaq, xalqımıza firəvan, dinc həyat bəxş etmək, planetimizin sivil birgə yaşayış sisteminə qatılmaq üçün geniş imkan yaratmışdır. Bundan istifadə etməmək gələcək nəsillər qarşısında bağışlanmaz səhv olardı. Yeni cəmiyyət quruculuğunda tarixin ibrət dərslərindən nəticə çıxarıb keçmişin obyektiv, yaradıcı-konstruktiv istiqamətdə tənqid və təhlil olunması zəruridir.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi məntiqi sağlam düşüncənin qüdrətinə, cəmiyyətin inkişaf qanunauyğunluqlarını nəzərə alaraq islahatların təkamül yolu ilə aparılmasının düzgün yol olduğuna inanır və "inqilabi dağıntılar" vasitəsi ilə həyata keçirilən hər bir dəyişikliyi rədd edir. Bununla əlaqədar dövlət idarəçiliyində meydana çıxan əsas prinsiplərdən biri özündə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsini və onların yaradıcı təkamül yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin varislik və yaradıcı təkamül prinsipinə əsaslanması həm cəmiyyətin, həm də ictimai şüurun inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin qüdrətli vasitəsinə çevrilir."
Cəmiyyətimizin yeniləşməsi naminə Azərbaycan vətəndaşlarının qarşısında duran ali məqsədlərdən birini sağlam qüvvələr arasında vətəndaş həmrəyliyinə və konsensusa nail olmaq, dövlətçiliyin möhkəmləndirilməsi naminə istənilən qarşıdurmanı rədd edərək şəxsi, qrup maraqlarını aradan qaldırmaq təşkil edir. Ötən illərin siyasi prosesləri bir daha sübut etdi ki, daxili siyasətdə Ümummilli Liderimiz Heydər Əliyevin praktikada reallaşdırdığı əsas prinsiplərindən biri vətəndaş həmrəyliyinə nail olmaq üçün Azərbaycanda fəaliyyət göstərən mütərəqqi və sağlam mövqeyə malik olan ictimai təşkilatlara və partiyalara fəal və konstruktiv əməkdaşlıq etməkdən, milli maraqlarımızın qorunması naminə bütün səviyyələrdə ümumi mənafeləri uyğunlaşdırmaqdan başqa əqidədə olanlarla vicdanlı və açıq dialoqa hazır olmaqdan ibarətdir.
Ə.Fərzəliyevin fikrincə, Ümummilli Liderimiz Heydər Əliyevin milli dəyərlərimizlə bəşəri humanist ideyaların sintezinə söykənən sosial ədalət prinsipi də yeni cəmiyyətin reallıqlarından doğurdu. İnsanlar eyni fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyildirlər. Hüquqi dövlətdə də hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlar qarşısındakı bərabərlikdən məharətlə istifadə edib maddi və mənəvi tələbatını eyni dərəcədə ödəyə bilmir.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Ulu Öndərin dövlətçilik fəaliyyətindən müdriklik fenomeni haqqında yazır: "Müdriklik tam və hissə arasındakı optimal nisbətdən çıxış etmək deməkdir. Heç bir ölkə öz işini beynəlxalq prosesləri nəzərə almadan, ancaq öz daxili inkişaf meyilləri əsasında qura bilməz. Lakin nəyi və nə dərəcədə dünya təcrübəsindən götürmək, nədə və nə dərəcədə milli zəminə əsaslanmaq böyük siyasi fəhm və fəlsəfi təfəkkür tələb edir. Heydər Əliyevin özünün dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ümumbəşəri dəyərlərə söykənərək, demokratik, hüquqi dövlət qurmaq yolunu tutmuşdur. Təbii ki, bu yolu bizdən qabaq keçənlərin təcrübəsi nəzərə alınmalıdır. Lakin başqalarını təqlid etməklə böyük uğur əldə etmək mümkün deyil. Ona görə də Azərbaycan öz müstəqil inkişaf yolunu müəyyənləşdirərkən, demokratiyanın da, dövlət quruculuğunun da, iqtisadi islahatların da məhz özünə uyğun olan modelini işləyib hazırlamalı idi. Xarici ekspertlər bizdən öz stantartlarına uyğun islahatlar tələb etdikdə, demokratiyanın da məhz Qərb modelini təklif etdikdə, Heydər Əliyev böyük təmkin və səbatla onlara yerli şəraitin və milli xüsusiyyətlərin nəzərə alınması zərurətini izah edir. Dönə-dönə başa salır ki, demokratiya kənardan transformasiya yolu ilə deyil, milli-ictimai tərəqqinin, ictimai şüurun inkişafınin qanunauyğun nəticəsi kimi yaranmalı, tədricən, addım-addım irəliləməlidir. Burada biz ya yenə də Moskvadan ikiəlli yapışıb ayrıla bilməyən, ya da kor-koranə Qərbi təqlid etməyə çalışan ölkələrdən fərqli olaraq, Azərbaycanın həqiqətən müstəqil siyasət yeritdiyinin və ümumbəşəri dəyərlərlə milli dəyərlərin sintezinə əsaslanaraq, daha dayanıqlı, stabil cəmiyyət qurmaq əzmi göstərdiyinin şahidi oluruq."
S.Xəlilov daha sonra göstərir ki, müdriklik-tarix və müasirliyin vəhdətindən çıxış etməkdir. Çağdaş həyat ancaq öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin öz makrostrukturu, yalnız böyük miqyaslarda üzə çıxan qanunauyğunluğu vardır ki, bunlar heç vaxt nəzərdən qaçırılmamalıdır. Vaxtilə baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayaraq, müasir həyatın strukturuna bir rüşeym və bir fon kimi daxil olur və onu istiqamətləndirir. "Tarix heç nəyi silmir", "tariximiz bizim üçün dərs olmalıdır", - deyir Heydər Əliyev. Lakin o, bununla heç də yainız tarixi öyrənməyi və hafizələrdə yaşatmağı nəzərdə tutmur. O, tarixin həm də məhz çağdaş proseslərin iştrakçısı kimi nəzərə alınmasını tövsiyə edir, yeni dövrün tarixini yaradarkən də, onu həmişə böyük tarixin kontekstinə uyğunlaşdırmağa çalışır.
Lakin tarixi gündəlik fəaliyyətdə daha yaxşı nəzərə ala bilmək üçün, onu olduğu kimi və dərindən mənimsəmək tələb olunur. Ona görə ki, indi atılan hər hansı addım min illik inkişaf meyillərinə zidd olarsa, uğur gətirə bilməz. Təsadüfi deyildir ki, minilliklərin ayrıcında Heydər Əliyevin Azərbaycan xalqına müraciəti tariximizə müasir səviyyədən, yeni əsrin zirvəsindən salınan bir nəzər olmaqla yanaşı, həm də bu günümüzə tarixi proseslərin qanunauyğun davamı kimi baxış nümunəsidir. Bir sözlə, tarix və müasirliyin vəhdətidir. Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən də məhz bu mövqeni rəhbər tutmuşdur: "Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".
S.Xəlilov yazır: "Müdriklik - əsası qeyri-əsasdan, ali məqsədi cari məqsədlərdən fərqləndirmək qabiliyyətidir. Heydər Əliyevi səciyyələndirən ən mühüm cəhətlərdən biri də məhz hadisələr fonunda mahiyyəti görmək və məhz mahiyyətlər arasındakı münasibətləri diqqət mərkəzində saxlamaqdır. Hadisələr və cari məqsədlər içərisində itib-batan, əsasən şəxsi maraqlar üzərində qurulmuş cari fəaliyyət proqramlarını həyata keçirən yüz minlərlə insanlardan fərqli olaraq, böyük şəxsiyyətlər bütün fəaliyyətlərini son məqsədin əldə olunmasına yönəldilmiş mürəkkəb, çoxpilləli proqramlar əsasında qurular."
Müdriklik - gerçəkliyin arasında əlaqəni görməkdir. Ola bilsin ki, kimsə ictimai-siyasi prosesləri, kimsə iqtisadi problemləri və onların həll yollarını, kimsə mədəniyyət problemlərini və s. çox gözəl bilir. Hərə bir sahənin mütəxəssisidir. Hər bir mütəxəssisə elə gəlir ki, onun öyrəndiyi sahə müstəqildir. Lakin bu nisbi müstəqil sahələr arasında ilk baxışda gözə çarpmayan daxili əlaqələr vardır. Bu əlaqələr nəzərə alınmadıqda cəmiyyətin ümumi ahəngi pozula bilər.
Marksizm iqtisadi münasibətləri ön plana çəkir, bütün digər münasibətləri ondan törəmə hesab edirdi. İndi biz bu təlimdən imtina etmişik. Bəs qurmaq istədiyimiz yeni Azərbaycan cəmiyyətində bu sahələrin daxili əlaqəsi və prioritetliyi necə təsəvvür olunur? Milli-fəlsəfi fikir hələ bu suallara cavab verəcək dərəcədə inkişaf etməmişdir. Dövlət quruculuğu prosesi isə kəsilməz bir prosesdir və dayanıb fəlsəfi fikri gözləyə bilməz. Yaxşı ki, bu məsələdə də Heydər Əliyev dühası köməyimizə gəldi. İctimai-siyasi, iqtisadi və mədəni-mənəvi sahələrdə islahatlar növbəli şəkildə deyil, kompleks şəkildə həyata keçirildi. Hər bir sahədə yeniləşmə başqa sahələrdəki islahatlar üçün zəmin yaratdı və bu daxili əlaqə spiralvari inkişaf prosesi üçün əsas yaratdı.
Ulu Öndərin irsini "dövlət idarəçiliyinin təkrarsız nümunəsi hesab edən professor Seyfəddin Qəndilov yazır: "Hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi formasiyalarda isə məhz tarixi məsuliyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq hüququ qazanırlar.
Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərlərinə götürərək, bütün bir millətin tarixən yaşatdığı azadlıq, müstəqillik ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Belə şəxsiyyətlərdən biri də Ümummilli Liderimiz Heydər Əliyevdir. Məhz buna görə də Heydər Əliyev irsinin öyrəniiməsi bütün zamanlar üçün əhəmiyyətli bir sahədir.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi səmərəli fəaliyyət o qədər zəngin və keşməkəşlidir ki, O, bu gün təkcə Heydərsevərləri deyil, həm də dövlət adamlarını, tədqiqatçıları da daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, Onun bu zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələri var və bunlar öz tədqiqatçılarını gözləyir.
Məqaləni A.Fərzəliyevin sözləri ilə bitirmək istərdik: "Beləliklə, əsrlər, qərinələr keçəcək, dövlət idarəçiliyndə, siyasət fəlsəfəsində tam, bitkin ideyalar sistemi, dünyada baş verən proseslərə mükəmməl, konseptual, ən əsası azərbaycançı bir baxış kimi Ümummilli Liderimiz Heydər Əliyevin parlaq ideyaları əbədi yaşayacaq, ən mürəkkəb məqamlarda Azərbaycan dövlətinin və xalqının istinad və inam yeri olacaqdır."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru