PDF Oxu

MİA

  • 2 355

Böyük siyasətdə və dövlətçilik tariximizdə cəsarətli və praqmatik lider

Böyük siyasətdə və dövlətçilik tariximizdə cəsarətli və praqmatik lider

Ulu Öndər Heydər Əliyevin ləyaqətli siyasi varisi ölkə başçısı Cənab İlham Əliyev artıq böyük siyasətdə qəbul olunmuş liderlərdən biri hesab olunur

Eldar Əliyev yazır: "Atadan oğula bir yol başlayır. Bu, haqq yoludur. Heydər Əliyevdən oğlu İlham Əliyevə başlayan yoldur. O, bu gün nəsil-nəsil daşınan gen yaddaşının təkrarıdır. Xalqın dara düşdüyü çağlarda Tanrı belə qeyri-adi istedad sahiblərini göndərir. Ata ilə oğulu da məhz belə bir vaxtda Tanrı göndərib. Bu, onun dünyagörüşündəki əhatəliliyin böyüklüyündə, Avropa, rus və dünya mədəniyyətinə bələdliliyində, respublikadakı vəziyyətlə bağlı uğurlu fəaliyyətində özünü göstərir. Yaddan çıxarmayaq ki, İlham Əliyev bəşəriyyətin siyasi xadim kimi qəbul və qibtə etdiyi Heydər Əliyevin imtahanlarından uğurla çıxır.

Bu gün Azərbaycanda demokratiya bərqərar olub. Çox yaxşı ki, dünya şöhrətli siyasətçi bütün qapıları xalqın üzünə açıb. İnsanlara azad fikrini demək, sərbəst danışmaq şəraiti yaradıb. Partiyalar müstəqil fəaliyyət göstərir. Ağına-bozuna baxmadan, necə gəldi bəyanatlar verirlər. Ancaq xalq onları dəstəkləmir, çünki dedi-qodu ilə məşğul olanların böyük əksəriyyəti hakimiyyətdə olub və əhalinin başına elə oyunlar açıblar ki, fəsadlarından indi də qurtarmaq olmur. Heydər Əliyev titanik fəaliyyətilə bunlara son qoydu. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlərin həqiqi subyektinə çevrilib".

Dünya birliyinin müxtəlif strukturlarında ölkəmizin on aktual problemləri, Ermənistan tərəfindən təcavüzə məruz qalması, respublikamızın ərazi bütövlüyünün bərpası, bir milyona yaxın qaçqının öz dədə-baba torpağına qaytarılması və onların təhlükəsizlik lominatı kimi məsələlər geniş müzakirə olunur. Hətta həmin ərazilərin azad olunandan sonra bərpa işləri müzakirə obyektinə çevrilir. Dünya birliyi Ermənistanı Azərbaycanın ərazilərini zəbt etməkdə ittiham edir. Şübhəsiz bunların hamısı möhtərəm Prezidentin ardıcıl xarici siyasətinin nəticəsidir. Hal-hazırda bu demokratiya məktəbinin bir çox dəyərləri İlham Əliyevin atdığı müstəqil addımlarda görünür və bu, atanın siyasi fəaliyyətinin örnək olmasıdır.

Xalq ona nəyin və kimin lazım olduğunu hamıdan, qruplardan, tək-tək adamlardan da yaxşı bilir. Soydaşlarımız yaxın tarixdə başına gətirilənləri unutmayıb. Ona görə də respublikanın taleyini səriştəsiz, bacarıqsız insanlara tapşırmaq olmaz. Belə olan vəziyyətdə fəlakətlər baş qaldırır, ayrı-ayrı mafioz qruplar ölkə daxilində çaxnaşmalar yaradır.

E.Əliyev özünün "Qoşa zirvə" əsərində yazır ki, İlham Əliyevin böyük siyasətə doğru cəsarətli addımları cəmiyyətin ictimai-siyasi reallıqları, obyektiv sosial gerçəkliyin doğurduğu zərurətdir. Burada səriştə və qabiliyyət məsələsini genetik hadisə hesab edənlər də var. Bu, məsələnin bir tərəfidir. Şübhəsiz ki, Heydər Əlirza oğlunun tərbiyəsindən keçən şəxs özündə ona məxsus ali keyfiyyətləri daşımalıdır. İlham Əliyev də bu tərbiyə məktəbindən keçib. Ondan həyatı öyrənib. Öyrəndiklərini isə cəmiyyətdə baş verənlərlə müqayisə edib və bir növ, bildiklərini mühitin sınağından çıxarıbdır.

Bu gün bütün Azərbaycan İlham Əliyevlə fəxr edir. Onun simasında XXI əsr diplomatiyasında Azərbaycanı layiqincə təmsil edəcək, onu qarışıq dünyanın ziddiyyətlərindən çıxarıb uğurlu sabaha aparacaq şəxsi görür. İlham Əliyevin bir siyasətçi kimi cəmiyyətdə nüfuzunun səbəblərindən başlıcası - mənəvi və siyasi cəhət, Onun zənginliyi və son illərdəki fəaliyyətilə bağlıdırsa, digər istiqaməti mövcud qüvvələrin siyasi mühitdə fəaliyyətinin qiymətləndirilməsilə bağlıdır.

Ötən illər ərzində dövlət quruculuğu sahəsində əldə olunan böyük uğurlarda İlham Əliyevin də xüsusi zəhməti var. O, atası ilə birgə addımlamış, ən ağır məqamlarda Onun yanında olmuşdur. Milli dövlətimizi sağlam dayaqlar üzərində möhkəmləndirmək işində bir növ atasına yardımçı olmuşdur. Keçid dövrünün mahiyyətindən doğan obyektiv və subyektiv çətinliklər, ölkəmizin müharibə şəraitində yaşaması ata ilə oğulu sarsıtmadı. Əksinə, Onlar Azərbaycanın sabaha gedən yolunda daha qətiyyətli oldular. Xalqın rəğbətindən, Onlara olan sevgidən istifadə edərək ciddi işlərə başladılar. Azərbaycanın müstəqil dövlətçiliyinin sarsılmazlığı, əbədiliyinin təmin olunması sahəsində mühüm irəliləyişlərə nail oldular.

E.Əliyevin fikrincə, İlham Əliyevin qətiyyətli addımı və gördüyü işlər Onun respublikanın sabahı üçün alternativi olmayan siyasətçi reallığını təsdiqləyir. Artıq yaxın keçmişdəki hadisələrin təkrarlanmaması üçün taleyüklü məsələlərdə daha etibarlı, qabiliyyətli vətəndaşlarına arxalanan xalq min bir əziyyətlə qazandıqlarını qoruyub saxlamağa çalışır və bütün bunlar isə ictimai-siyasi mühitdə böyük nüfuz sahibi olan, Azərbaycana fəaliyyəti ilə uğurlar gətirən İlham Əliyevdə duyur. Buna görə də xalq, bütün Azərbaycan İlham Əliyevi müstəqilliyimizin sabahkı yolunda parlaq ulduz sayır, Ona inam göstərir...

E.Əliyev yazır: "İlham Əliyev ağılla qazanılan inci xəzinəsindən bircə parça, bircə dənə kimi təsvir edilməkdədir. Ağılla qazanılan inci xəzinəsi Heydər Əliyevin kəskin, ötkəm, yetkin, əvəzsiz şüurunda, beynindədir. İlham Əliyevin ən güclü ağıla malik olması onun təmkini, səbri, ağır oturub batman gəlmə prinsipinə sadiqliyi ilə də müəyyənləşir. Heydər Əliyevdə olan ətraflı dinləmə, eşitmə, beynində saf-çürük etmə bacarığı, qabiliyyəti İlham Əliyevdə də bütövlüklə təcəssüm olunmuşdur. Bu psixoloji hal da İlham Əliyevin keçdiyi ailə tərbiyəsi məktəbinin intellektual səviyyəsinin yüksəkliyindən örnəklənmişdir, bəhrələnmişdir. Bu səviyyənin yüksəkliyində, sözsüz ki, ananın da qüdrət payı vardır.

Ata yurdunun, ana müqəddəsliyi ilə eyni tutulan Ana Vətənin xoş gələcəyi, qüdrətli olması üçün ömür yaşayan, əməli işlər görən, şəxsiyyətlər sırasında dayanan İlham Əliyevin fəaliyyəti də gələcək nəsillər üçün örnək ola bilən bir ömür yoludur. Bu yol Heydər Əliyevin ömür yolundan ayrılan, Heydər Əliyevin zəkasının qüdrətindən pay alaraq, mayalanaraq, bəhrələnərək İlham Əliyev üçün orijinal karvan yerişli, ağıldan, kamaldan, mərifətdən, ədəb-ərkandan yük tutmuş karvan yoludur.

İstəkli oxuculara belə bir aydınlıq gətirək ki, İlham Əliyev də sələflərinin ağıl, kamal, ədəb-ərkan mayalarından bəhrələnən, həm də Azərbaycan üçün şam ömrü yaşayaraq müqəddəslik zirvəsinə qovuşan Heydər Əliyev kimi dəmir iradəli, qeyrətli bir şəxsiyətin kürəsində də bərkimişdir".

Müəllif qeyd edir ki, istənilən sayda çıxış edənlər görmüşük. Heydər Əliyevlə İlham Əliyev qədər məntiqli, sərbəst, sərrast çıxış edənlər az-az olub. Bir məsələyə də diqqət yetirək ki, İlham Əliyev də Heydər Əliyev kimi sinədəftər olaraq istənilən mövzuda çıxışlar etmək qabiliyyətinə malikdir. Deməli, İlham Əliyevdə mütaliə, qavrama, bəhrələnmə amilləri ön plandadır və kimlərinsə qarşısında çaşmamaq, siyasi əqidəsizliyə yol verməmək üçün O, Heydər Əliyevi özünə ideal kimi qəbul etmişdir. Bu hal bütün sahələri əhatə edir.

İlham Əliyevin keçən parlament seçkiləri ərəfəsində Qaradağ rayonu əhalisi qarşısındakı çıxışını xatırlayanlar olar. Onun burada bir saata yaxın heç bir sənədə baxmadan, düz qamətlə çıxış etməsi bu qeyd etdiyimiz fikirləri bir daha təsdiq etmiş oldu. Dilimizin zəngin söz ehtiyatına bələd olduğunun da əyani şahidi olduq.

Yaxın keçmişin hadisəsidir. Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən İlham Əliyev bütün görüş boyu ancaq ingilis dilində çıxış etdi. Bu da böyük istedad tələb edir. İlham Əliyev buna da qadirdir. Heç bir tərəddüd etmədən qeyd edək ki, İlham Əliyev siyasətdə ingilis dilindən sərbəst istifadə edib dünya siyasətçilərilə danışmaqla bir daha göstərdi ki, O, başqa dildə danışmaqla da sərbəst siyasi gedişlər etmək bacarığına malikdir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər