PDF Oxu

MİA

  • 10 236

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin vəhdəti

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin vəhdəti

"Vətəndaş cəmiyyəti" dedikdə cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti bir növ "dövlətsizləşmiş" cəmiyyət olub dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Qeyri-dövlət münasibətlərinin məcmusu olan bu cəmiyyətdə azad vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür. Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir.

Hələ XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti" anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanmışdır. Yeni dövrdən başlayaraq Qərbdə vətəndaş cəmiyyəti yaranmışdır. Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçmişdir: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşmışdır. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edir. Bu dövrdə suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunur. Beləliklə, demokratik rejimlərin meydana gəlməsinin əsas şərtlərindən biri vətəndaş cəmiyyəti və hüquqi dövlətin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsidir.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığı onların şəxsiyyətin hüququnu müdafiə etməsində də özünü göstərir. Vətəndaş cəmiyyəti insan hüququnu, hüquqi dövlət isə vətəndaş hüququnu təmin etsə də, burada insanın təbii, fərdi və siyasi hüquqları nəzərdə tutulsa da, əslində, burada şəxsiyyətin hüququndan söhbət gedir. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığının mühüm şərti kimi iqtisadi, siyasi, mədəni və mənəvi potensiyasını özünüreallaşdırma hüququna malik şəxsiyyət çıxış edir. Cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsində şəxsiyyətin oynadığı rol haqqında fəlsəfə elmləri doktoru İlham Məmmədzadə özünün "Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında" əsərində belə yazır: "Vətəndaş cəmiyyətini də elə şəxsiyyətin ictimai fəallığı və əlaqələri yaradır, yəni bazar fəallığı - bazar cəmiyyətinin, hüquq çərçivəsində isə siyasi fəallıq hüquqi dövlətin ortaya çıxmasını şərtləndirir". Beləliklə, cəmiyyət və dövləti şəxsiyyətin ictimai-siyasi fəallığı bir-birinə daha sıx bağlayır. Dövlətdən geniş anlayış olan siyasi cəmiyyətə hakimiyyət və hüquq daxildir. Vətəndaş cəmiyyətində isə iqtisadiyyatın liberallaşması siyasi-iqtisadi hakimiyyətin məhdudlaşdırılmasına dövlətin müdaxiləsindən qorunmağa, demokratiyaya əsaslanan siyasi liberalizmə gətirib çıxarır. İqtisadi və siyasi liberalizmin vəhdəti də dövlət cəmiyyətinin qarşılıqlı əlaqəsini gücləndirən amillərdəndir.

Siyasi təsisatlar da hər iki fenomenin birləşdirici vasitəsi kimi çıxış edir. Dövlət və cəmiyyət müxtəlif anlayışlar olsa da, qlobal cəmiyyətin bir-birini tamamlayan iki tərəfidir. Siyasi həyat vətəndaş aləmindən təcrid olunmuş həyat deyildir. Vətəndaş cəmiyyətinin özünün legitimliyi, əsas məsələlərdən biridir. Bu cəmiyyətin özü məhz hüquqi dövlətdəki siyasi qüvvələrin legitimliyinin mənbəyi kimi çıxış edir. Vətəndaş cəmiyyəti siyasi sistemin əsası olduğu kimi hüquqi dövlət də vətəndaş cəmiyyətinin inikasıdır. Bu cəmiyyət inkişaf etdikcə, hüquqi dövlətin demokratikliyi daha da genişlənir.

Hüquqi dövlət qanun vasitəsilə vətəndaş cəmiyyətinin mövcudluğu və fəaliyyəti üçün şərait yaradır. Bu tip dövlətdə demokratiyanın ümumiliyi hakimiyyətin səmərəliliyi, qanundan asılılığı cəmiyyətin hüquqi əsası kimi çıxış etmək imkanı qazanır. O, həm də ümumbəşəri və birləşdirici xarakter kəsb edir. Vətəndaş həmrəyliyinin, milli barışığın, konsensus və kompromisin bərqərar olması, demokratik, sosial-siyasi təsisatların təkmilləşdirilməsi, sağlam rəqabətə əsaslanan liberal iqtisadiyyatın yaradılması, milli xarakter kəsb edən mədəni-mənəvi mühitin yaradılması da cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsində əsas rol oynayır.

Transformasiya prosesi baş verən ölkələrdə, o cümlədən, Azərbaycanda vətəndaş cəmiyyəti hüquqi dövlətlə əlaqəli inkişaf edir. Azərbaycanda bərqərar olan bu təsisatlardakı ümumbəşəri, liberal dəyərlər müsəlman Şərqi üçün də cəlbedicidir və gələcəkdə bu proseslərin Şərqdə baş verməsi zərurətə çevrilə bilər. Ərəb dünyasında avtoritar rejimlərin demokratik meyili rejimlərlə əvəz edilməsi buna əyani sübutdur. Qeyri-dövlət vətəndaş cəmiyyətinin iqtisadi, siyasi, sosial, dini-mədəni sahələri dövlətlə vəhdət təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasında hüquqi dövlət həlledici rol oynayır. Ölkəmizdə milli şüurun qərbləşməsi bu prosesə öz təsirini göstərir. Akademik R.Mehdiyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin bir-birilə bağlı şəkildə tam gerçəkləşməsi üçün aşağıdakı şəraitin mövcudluğunu göstərir: "1. Siyasi (vətəndaş) cəmiyyətinin təkmilləşdirilməsi və ya bütün vətəndaşlara xüsusi mülkiyyətin bölünməsi; 2. Vətəndaş cəmiyyətinin fəaliyyətinin ayrılmaz atributu kimi insan hüquqlarının müdafiəsinin səviyyəsinin yüksəlməsi; 3.Qeyri-siyasi və qeyri-kommersiya fəallığına meyili olan yeni orta sinfin (əqli əməyin yeni şəraitinə uyğunlaşmış yüksək ixtisaslı mütəxəssislər, menecerlər, idarəçilərin) yaranması".

Bu proseslərdə plüralist demokratiya, plüralist tipli şüurun formalaşması, suveren və dövlətçilik şüuru, dövlətçilik ideologiyası və dövlətçilik psixologiyasının müsbət təsiri vardır. Ölkədə aparılan demokratik islahatlar, rəqabətə davamlı iqtisadiyyatın yaradılması və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi hüquqi, demokratik, sosial dövlətin və vətəndaş cəmiyyətinin bir-birilə yaxınlaşmasını şərtləndirən amillərdəndir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqənin təmin edilməsində qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları (bələdiyyələr) da mühüm rol oynayır. Onlarla hüquqi dövlət arasında sivil qaydada münasibətlər yaradılır, qanunvericiliyin təkmilləşdirilməsi və insan haqlarının qorunmasında bu təsisatların mühüm təsiri olur.

Dövlətin hüquqi xarakterinin güclənməsilə aşağıdakı müsbət proseslər baş verir: "Vətəndaş cəmiyyətində hüquqi mədəniyyətin və hüquqi şüurun səviyyəsi yüksəlir. Vətəndaş cəmiyyətinin üzvləri ilə hakimiyyət arasında qarşılıqlı etimad yaranır. Hüquqi dövlətdə qəbul olunmuş qanunlar vətəndaş cəmiyyəti üzvlərinin təbii hüquqlarını pozmur və bu qanunlar hamı tərəfindən qəbul edilir, hamı bu qanunlara tabe olur". Legitim, demokratik dövlət hakimiyyəti insan hüquq və azadlıqlarını təmin edən, vətəndaş cəmiyyətinin fəaliyyətini əhatə dairəsini genişləndirən səmərəli amillərdəndir.

Cəmiyyət qarşısında məsuliyyət daşıyan, ictimai sərvətin qayğısına qalan, korrupsiyaya qarşı amansız mübarizə aparan dövlət hakimiyyəti hüquqi dövləti daha da gücləndirər, onun qabiliyyətini artırır. Azad, demokratik seçkilər yolu ilə formalaşan dövlət hakimiyyəti vətəndaşlar qarşısında hesabat verir və onların mənafelərini, hüquq və azadlıqlarını qoruyur. Aparılan liberal islahatlar liberal-demokratik dəyərləri və azadlığın gerçəkləşməsinə şərait yaradır. Liberalizm cəmiyyəti dövlətlə birləşdirir.

İndustrial cəmiyyətdən postindustrial cəmiyyətə keçən Azərbaycanda vətəndaş cəmiyyətinin milli təsisatları güclü dövlət sayəsində mövcuddur. "Vətəndaş cəmiyyəti" termini universal xarakter kəsb etsə də, Azərbaycanda bu cəmiyyətin də milli-hüquqi dövlətin yaranması da spesifik xüsusiyyətləri ilə fərqlənir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun Qərb modeli formalaşsa da, prosesdə ölkəmizin milli spesifikası da özünü göstərir. Digər bir amil də demokratik təsisatların xarici siyasətə təsiridir. Akademik R.Mehdiyevin bu barədəki mülahizələri diqqətəlayiqdir: "Vətəndaş cəmiyyəti heç bir sərhəd tanımır, buna görə də öz xüsusi təsisatları vasitəsilə dövlətin xarici siyasətinə Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi, mədəni və digər əlaqələrinə müsbət təsir edə bilir".

Məhz bu təsir dövlət və cəmiyyətin bağlılığının daha da möhkəmlənməsinə xidmət edir. Ölkədə cəmiyyətin və dövlətin dirçəldilməsi vətəndaş və siyasi mədəniyyətin yüksəldilməsindən də asılıdır. Azərbaycanda dövlət və cəmiyyətin qarşılıqlı münasibətlərindən danışarkən, iqtisadi və siyasi islahatların aparılmasını, özəlləşdirmə, təsərrüfat, azadlığının təmin edilməsi, aksioner cəmiyyətlərin, kiçik və orta sahibkarlığın inkişafını da unutmaq olmaz. Dövlətlə cəmiyyətin bağlılığı müxtəlif formalarda təzahür edir: vətəndaş cəmiyyəti dövlətə maddi dövlət yardımı tələb edən təşəbbüslərlə müraciət edir. Dövlət vətəndaş təşəbbüslərinə yardım edir bir çox ictimai birliklərin, təşkilat və fondların inkişafı üçün maddi vəsait ayırır.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun vəhdətdə formalaşmasında mühüm xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev demokratik tipli təsisatların yaradılmasını Azərbaycan xalqının həyati prinsipi hesab edirdi: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

Azərbaycanın müstəqil dövlətinin hüquqi, demokratik əsaslarının yaradılmasında, hüquqi dövlətlə vətəndaş cəmiyyəti quruculuğuna doğru qətiyyətli addımlar atılmasında xüsusi rol oynayan Ulu Öndərin layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev bu sahədə yeni, novator, modern addımlar atmaqdadır. Ulu Öndərdən azərbaycançılıq, millilik və demokratizm kimi irsi əxz edən İlham Əliyev inkişaf etmiş, demokratik təsisatların sərbəst fəaliyyət göstərdiyi vətəndaş cəmiyyətinin, qanunun aliliyinə, güclü, demokratik, sosial yönümlü hüquqi dövlətin bərqərar olmasına əzmkarlıqla öz töhfələrini verməkdədir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər