Hüquqi dövlətin cövhəri siyasi hakimiyyətdir. Hakimiyyət bəşər cəmiyyəti ilə eyni vaxtda meydana gəlmiş və onunla həmahəng inkişaf etmişdir. Fransız alimi J.Byurdonun fikrincə, bu proses elementar qeyri-siyasi formalardan inkişaf etmiş siyasi formalara doğru getmişdir. Byurdoya görə, hakimiyytəin ilkin forması primitiv cəmiyyətlərə xas olan anonim hakimiyyətdir. O, bütün fərdlər arasında bölüşdürülür və ayrıca bir şəxsin fərdi müdaxiləsinə ehtiyac olmayan səviyyədə qrupun üzvlərinin davranışını müəyyən edən etiqadlar və adətlər məcmusunda üzə çıxırdı. Byurdo onun qeyri-siyasi hakimiyyət adlandırır.
Amerikanın hindu qəbilələrini tədqiq edən Pyer Klastr qeyd edir ki, onları öyrənərkən, o, belə bir hadisənin şahidi olmuşdur ki, başqa bir yerdə hakimiyyət adlandırılan bir şeyə sahib olanlar həmin qəbilələrdə əslində hakimiyyətdən kənardadırlar. Siyasət sahəsi burada heç bir məcburiyyət və cəbr olmayan fəaliyyət sahəsi kimi müəyyən edilir. Bəzi müəlliflər bu fikrin Asiyanın, Afrikanın və Okeaniyanın bir sıra ibtidai cəmiyyətlərinə də aid olduğunu qeyd edirlər.
"Politologiya" kitabında göstərilir ki, inkişafın nisbətən sonrakı mərhələrində sosial həyatın rejimləri güclənir və qərarların operativ surətdə qəbul olunması zərurəti ortaya çıxır. Nəticədə fərdiləşdirilmiş hakimiyyət təşəkkül tapır. Byurdonun fikrincə, bu, hələ legitim hakimiyyət deyildir, çünki rəhbər vəfat etdikdə, varislər arasında hakimiyyət uğrunda mübarizə başlanır. Öz növbəsində, fərdiləşdirilmiş hakimiyyəti dövlət formasında mövcud olan təsisatlandırılmış hakimiyyət əvəz edir. Burada dövlət rəsmi siyasi hakimiyyətdir. Siyasi hakimiyyətin müxtəlif mərkəzləri isə iqtisadi qruplar, əhmkarlar ittifaqları, siyasi partiyalar da hakimiyyət daşıyıcılarıdır.
M.Veber hakimiyətin mənşəyini nisbətən başqa səpgidə şərh edirlər. Onun fikrincə, idarəetmənin tarixi konfiqurasiyası ənənəvi, harizmalı və rasional-leqal hakimiyyətin birləşməsi, dəyişməsi, adaptasiyası, habelə, modifikasiyasının nəticəsidir. O, belə hesab edirdi ki, bu formaların hər birinin yaranması prosesini izləməklə, bütövlükdə hakimiyyətin genezisi haqqında konkret təsəvvür əldə etmək olar. Xalis halda hakimiyyətin bu növünü Veber patriarxal hakimiyyət adlandırır. İlk əvvəllər patriarxallıq eyni bir qəbilə qrupu üzvləri arasında yaranan münasibətlər üçün səciyyəvi idi. Bu münasibətlərin iqtisadi, hakimiyyət və ideya cəhətləri isə ənənələrlə sıx bağlı idi. Ənənəvi hakimiyyətin başlıca xüsusiyyəti onladır ki, burada hökmdar hakimiyyətinin mütləq hədləri ənənələrlə müəyyən olunur, bu isə öz növbəsində, onun özbaşınalığını məhdudlaşdırırdı. Hökmdar yeni ərazilər işğal etdikcə, patriarxallıq öz birmənalılığını itirməyə başlayır. Belə ki, həmin əraziləri idarə etmək lazım gəlir. Bu məqsədlə xüsusi inzibati qrup yaradılır, o yerlərdə hakimiyyəti hökmdarın özü kimi həyata keçirirdi. Bu yolla əmələ gələn idarəetmə formalarını Veber patrimoniallıq və sultanlıq adlandırırdı.
Veberə görə, patrimoniallıq bütün inzibati vəzifələrin saray vəzifələrinin davamı kimi meydana çıxması deməkdir. Hətta hökmdarın ev təsərrüfatı ilə heç bir əlaqəsi olmayan bütün siyasi problemlər də saray vəzifələri ilə əlaqələndirilir: məsələn, suvarilərə rəhbərlik etmək baş mehtərə tapşırılırdı. Saray funksiyalarının siyasi funksiyalarla eyniliyi sultanlığın fərqləndirici əlaməti kimi çıxış edirdi. Buradakı məmurlar əvvəllər hökmdarın şəxsi xidmətçiləri olan şəxslərdir. Sultanlıqda hökmdarın əməlləri heç nə ilə məhdudlaşdırılmırdı. Zaman keçdikcə, patrimonial idarəetmə forması, yeni ərazilərin işğal edilməsi ilə əlaqədar olaraq, ortaya çıxan iqtisadi və siyasi problemlərin həlli üçün lazımi səviyyədə səmərəli olmur. Veber bunun səbəbini yeni tutulmuş ərazilərin əhalisinin hökmdarın şəxsi deyil, məhz siyasi təbəəsi olmasında görür. Siyasi təbəələr, şəxsi təbəələrdən fərqli olaraq, müəyyən ənənəvi hüquqlara (torpaq üzərində mülkiyyət, vərəsilik, nikah bağlamaq, silah daşımaq və s.) malik olurlar. Siyasi təbəələrin vəzifələri onların regionundakı ənənələrlə məhdudlaşır. Bunun əksi olaraq, şəxsi təbəələrin hüquqları tamamilə hökmdarın özbaşınalığından asılıdır.
Veber ənənələrin və şəxsi iradənin münaqişəsini patrimonial hakimiyyətin tədricən dağılması prosesini izah etmək üçün həlledici amil hesab edirdi. Veberə görə, patrimonializm və feodalizm ənənəvi hakimiyyətin idarəetmə üsullarına görə fərqlənən variantlardır. Birinci halda idarəetmə hökmdarın şəxsi xidmətçilərinin, ikinci halda isə yerli əyanların köməyi ilə həyata keçirilir.
Veberin fikrincə, harizmalı hakimiyyətin əsasında bu və ya başqa bir şəxsiyyətə xas olan qeyri-adi keyfiyyətlər, magik bir qüvvə durur. O yazırdı ki, harizma ağalığının ən xalis tipli peyğəmbər, hərbi qəhrəman, böyük demaqoq tərəfindən həyata keçirilir. O, sosial-siyasi böhran şəraitində meydana çıxır, ənənəvi və leqal ağalıq isə nisbətən sabit sosial-siyasi şərait səciyyəvidir. İlk əvvəllər harizma ağalığı magiyaya inam olan yerlərdə mövcud olmuşdur. Tayfa başçıları harizma liderlərinin bütün xassələrini və funksiyalarını öz əllərində cəmləşdirirdilər, onlar ov və müharibə zamanı başçı, dəstəbaşı, baş cadugər, hakim və s. olurdular. Sonradan iqtisadi hakimiyyət və ideoloji funksiyalar ayrı-ayrı fərdlər arasında bölüşdürülmüşdür. Lakin rəhbər funksiyaların hər dəfə sistemləşdirilməsi mütləq sosial təsisatların meydana gəlməsinə və hakimiyyətin şəxsi harizmasının iflas etməsinə gətirib çıxarır.
Harizma ağalığının reallaşması prosesində ən mürəkkəb problemlərdən biri hakimiyyətin nəsildən-nəsilə ötürülməsidir. Buna görə də harizmalı hökmdar, onun şagirdləri və xalq arasınla meydana çıxan böhranı aradan qaldırmaq üçün daim fəaliyyət göstərən siyasi təşkilatlar meydana çıxır. Belə bir böhranın yaranmasının səbəblərini Veber aşağıdakı kimi izah edir: fərdin magik, unikal qüvvəsi olan harizma daima deyildir. Buna baxmayaraq, rəhbərin şagirdləri və ardıcılları, habelə kütlələr bu qüvvəni özləri və öz xəlifələri üçün saxlamaq istəyirlər. Bu arzunun meydana çıxmasının özü artıq harizma ağalığında dönüş nöqtədir. Bundan sonra rəhbərin silahdaşları özlərinə vəzifə tələb edir, imtiyaz istəyirlər. Maddi sərvətlərə və gəlirə sahib olmaq cəhdləri isə həmişə qalmaqda davam edir.
Veberin fikrincə, harizma Qərb ölkələrində ilkin kapital yığımı zamanı-demokratik təsisatların formalaşması prosesində mövcud olmuşdur. İlk öncə şəxssiz harizma qəbiləyə aid edilirdi, çünki belə hesab olunurdu ki, qeyri-adi keyfiyyətlər yalnız qan qohumluğu vasitəsilə keçə bilər. Lakin zaman keçdikcə harizma təsasisatlandırılır: ilahi keyfiyyətlər qan-soy əlaqələri ilə deyil, magik proseduralar yolu ilə ötürülməyə başlanır və biliklər əhəmiyyət kəsb edir. Bu prosesdə təsisatlı harizma ilə soy harizması arasındakı əsas fərq ortaya çıxır: təşkilatın fəaliyyətinə soy harizmasına nisbətən təsisastlı harizmanın daha çox təsir göstərdiyi məlum olur.
Veberin şərhində Avropanın bütün tarixi soy harizması ilə kilsənin simasında təcəssüm tapan təsisatlı harizma arasındakı mübarizə kimi təsvir olunur. Onun fikrincə, bu mübarizənin gedişində hər il tərəf kompromisə getməyə məcbur olmuşdur. Veber ənənəvi və harizmalı ağalığı rasional-leqal hakimiyyəti təhlil etmək üçün bir fon kimi nəzərdən keçirirdi. O, belə hesab edirdi ki, bu cür vəziyyət yalnız Qərb mədəniyyəti üçün səciyyəvidir.
Şübhəsiz hər bir hakimiyyət müəyyən qüvvələr tərəfindən həyata keçirilir. Siyasi hakimiyyətlə bağlı məsələləri hərtərəfli aydınlaşdırmaq üçün həmin qüvvələri üzə çıxarmaq, daha dəqiq desək, hakimiyyət subyektlərini müəyyənləşdirmək lazımdır. Bu yerdə bizim ənənəvi biliklərimizlə (marksizm-leninizm təlimi ilə) Qərb politologiyası arasında mühüm bir ziddiyətin olması ilə qarşılaşırıq. Təbii ki, həmin ziddiyyəti aradan qaldırmadan, yəni əsl həqiqəti üzə çıxarmadan bu sahədə irəliyə getmək mümkün deyildir.
Məlumdur ki, marksizm-leninzm siyasi hakimiyyəti bir sinfin başqa bir sinfi əzməsi üçüq mütəşəkkil gücü hesab edirdi. Bu təlimə görə, siyasi hakimiyyət istehsal vasitələri üzərində xüsusi mülkiyyətin atributudur. Buradan çıxarılan nəticə ondan ibarət idi ki, antoqonist cəmiyyətlərdə siyasi hakimiyyətin subyektiv istehsal vasitələrinin sahibi olan kapitalistlər sinfi, sosializm cəmiyyətində isə xalq kütlələridir.
Müasir politologiya idarəetmədə xalq kütlələrinin iştirak etməsini heç də inkar etmir, əksinə, onu demokratiyanın mühüm əlamət və şərti hesab edir. Ancaq politologiya elmi bununla kifayətlənmir. O, dərhal irəli gedərək, belə bir suala da cavab tapmağa çalışır ki, xalq kütlələri hansı səviyyədə siyasi hakimiyyət subyektiv ola bilərlər?
Burası da aydındır ki, əgər hər hansı bir siyasi rejimlər məhz xalqın adından idarə etdiklərinin və doğrudan da xalq hakimiyyəti olduqlarını iddia etmişlər (Çauşeskuya deyiləndə ki, xalq ona qarşı üsyan qaldırmışdır, o, cavab vermişdir ki, "mənim xalqım" mənə güllə atmaz?!).
Digər tərəfdən, əgər hər hansı bir siyasi hərəkat, yaxud təsisat xalqın adından danışırsa, bu, hələ xalq hakimiyyətinin olması demək deyildir. Hətta siyasi rejim geniş kütlələr tərəfindən müdafiə olunursa da, bu faktın özü xalq hakimiyyətinin olmasına təminat vermir (xalq kütlələri Stalinin yolunda ölümə getməyə hazır idilər, lakin onun rejimi totalitar rejim idi).
Qeyd etmək lazımdır ki, "kütlə" həmişə mücərrəd anlayış olmuşdur. "Mücərrəd kütlə" və hakimiyyətin nisbəti, onların qarşılıqlı münasibətləri bir çox görkəmli politoloqların tədqiqat obyekti olmuşdur. Q.Lebon, F.Nitşe, X.Orteqa-i-Qasseta, X.Arendt və başqaları "mücərrəd kütlə" nümayəndələrinin siyasi davranışını təhlil etməyə çalışmışlar. Müxtəlif tədqiqatlarda kütlə: izdiham; camaat; sinfə və nisbətən homogen qruplara qarşı duran heterogen auditoriya, səriştəsizlik səviyyəsi; sivilzasiyanın azalması; maşın texnikasının məhsulu; özgəninkiləşdirilməyə meyilin hakim olduğu "fövqəlmütəşəkkil" bürokratik cəmiyyət kimi nəzərdən keçirilir.
Bu baxımdan, Xose, Orteqa-i-Qassetin "Kütlələrin üsyanı" (1930-cu il) əsəri diqqəti cəlb edir. O, fərd-şəxsiyyətlə müqayisədə kütləvi insanın dəqiq səciyyəsini verməyə çalışır. Onun fikrincə, kütləvi insan iqtisadi, texniki və sosial inkişafın nəticəsində fiziki əməklə bağlı bir çox çətinliklərdən və məhrumiyyətlərdən azad olan, lakin mədəniyyətin daha dərin təbəqələrini mənimsəyə bilməyən, özündə intizam tərbiyə etməyə qadir olmayan səriştəsiz adamdır. Öz spontan subyektiv arzularını cəmiyyətin mənafeyinə tabe etməyə qabiliyyəti çatmayan kütləvi insan XX əsr cəmiyyətində zor və qüvvəyə pərəstişin yaranmasına səbəb olur. Orteqa bunu kütlələrin üsyanının başlıca məhsulu hesab edirdi. Onun fikrincə, əsl demokratiyanın reallaşdırılması hər bir insanın arzularının başqa insanların arzuları ilə uyğun gəlməsini nəzərdə tutur. Əgər əxlaq normaları öz qüvvəsini itirmişsə, onda bu, mümkün deyildir.
Beləliklə, müasir politologiyada xalq kütlələrinin siyasi hakimiyyət subyekti olması məsələsi mübahisəli olaraq qalır. Qərb politoloqlarının əksəriyyəti isə bu fikirlə ümumiyyətlə razılaşmırlar. 1908-ci ildə R.Mixelsə göndərdiyi məktubunda Veber yazırdı: "Xalqın iradəsi", "həqiqi xalq iradəsi" kimi anlayışlar artıq çoxdan mənim üçün mövcud deyildirlər, onlar uydurmadırlar. Burada vəziyyət ona bənzəyir ki, alıcıdan soruşursan ki, çəkməçi öz texnikasını necə quraşdırsın! Axı, alıcı onu bilir ki, çəkmə hansı yerdə onun ayağını sıxır, amma ayaqqabının necə tikilməsindən o, tamamilə bixəbərdir."
Q.Moska isə daha irəli gedərək, yazırdı ki, hakimiyyət xalq üçün və xalqın adından ola bilər, amma xalq hakimiyyəti ola bilməz! İkinci Dünya müharibəsindən sonra Qərbdə "orta sinif" haqqında nəzəriyyələr meydana gəlməyə başladı. Bu nəzəriyyələrə görə, kütləvi istehsal və istehlak nəticəsində, informasiya vasitələrinin təsiri altında cəmiyyətin iqtisadi-siyasi və sosial yekcinsliyi inkişaf edir. Başqa sözlə desək, sosial konsensus üçün əsas, stabil demokratik siyasi rejimlər üçün təminat olan orta sinif formalaşır. Bununla eyni vaxtda politologiyada qrup nəzəriyyəsi formalaşdı. İnsanın sosiallaşması və kommunikasiyasının bir çox cəhətdən məhz qruplardakı münasibətlərə əsaslandığını əsas tutan bu nəzəriyyə qrupları siyasi hakimiyyətin əsas subyektlərindən biri hesab edir. Siyasi mənafelərlə birləşmiş və hakimiyyətin reallaşması prosesində iştirak etmək iddiasında olan qrup əsas məqsədi öz mənafelərinə uyğun olaraq, hökumət qərarlarının qəbul edilməsinə təsir etmək olan fərdlər birliyidir.
Qruplar assosiayalaşmış ola bilərlər. Onlar yüksək səviyyədə təşkil olunmuş spesifik qruplardır. Onların vəzifəsi parlament üzvləri arasında müəyyən sosial təsisatın xeyrinə təşviqat aparmaqdan ibarətdir. Təsisatlı qruplar kilsə, ordu, şirkətlər, siyasi partiyalar kimi təsisatların yarımqruplarıdır. Onlar müvafiq təsisatların siyasi mənafelərinin qayğısına qalırlar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru