PDF Oxu

MİA

  • 12 747

İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri

image

İnsan hüquqlarının və plüralist demokratiyanın müdafiəsi, Avropa mədəniyyətinə aid xüsusiyyətlərin inkişafı, üzv ölkələrdə siyasi, qanunvericilik və konstitusional islahatların həyata keçirilməsinə kömək göstərilməsi kimi məqsədlərin daşıyıcısına çevrilmiş Avropa Şurasına qanunun aliliyi prinsipini tanıyan, insan hüquq və azadlıqlarının tətbiqinə lazımi şərait yaradan dövlətlər üzv ola bilərlər. Təşkilatın gördüyü mühüm işlərdən biri də Avropa konvensiyalarının qəbul edilməsidir.

Adil Vəliyevin fikrincə, Avropa Şurasına üzv olmaq istəyən dövlətlər Avropa Şurasının olduqca sərt tələblərinə cavab verməlidirlər. Buraya ölkə daxilində insan hüquqlarına riayət edilməsi, müstəqil məhkəmə sisteminin mövcud olması, insan hüquqları üzrə Avropa Konvensiyasına qoşulmaq və başqa şərtlər daxildir.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında Əməkdaşlıq Proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il may ayının 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratmışdır.

Ötən dörd ildə Azərbaycan demokratik Qərbin bir hissəsi kimi, demokratik və hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının adi həyat normasına çevrilməsində çox işlər görmüşdür. Ölkəmizdə çoxpartiyalı plüralist cəmiyyət formalaşmış, azad söz və mətbuat azadlığı gündəlik mühitimizin ayrılmaz hissəsinə çevrilmişdir. 1995-ci il Konstitusiyası ilə təsbit edilmiş hakimiyyətin üç qolunun müstəqil fəaliyyəti daha da möhkəmlənmişdir. Cəmiyyətin bütün sahələrinin fəaliyyətinin hüquqi tənzimlənməsi üçün parlament tərəfindən Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq çoxsaylı qanunlar qəbul edilmiş, bir sıra vacib beynəlxalq Konvensiya və sazişlərə qoşulmuşdur. Bir çox qanunverici aktların beynəlxalq normalara uyğunlaşdırılması üçün gərgin iş aparılmışdır.

A.Vəliyev yazır: "Ölkəmiz açıq cəmiyyət olduğunu siyasi sahə ilə yanaşı, iqtisadi sahədə də sübuta yetirmişdir. Sahibkarlığın inkişafı üçün bütün maneələr aradan götürülmüş, vergi və gömrük normaları xeyli liberallaşmışdır. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün hüquqi təminat sistemi yaradılmışdır.

İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində də çox işlər görülmüşdür. Üzvlüyə qəbuldan ötən iki il ərzində ölkənin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılmış, bu barədə xüsusi olaraq Konstitusiya Qanunu qəbul edilmişdir. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuş, hər bir vətəndaş lazım bildiyi halda Avropa Məhkəməsinə müraciət etmək hüququ əldə etmişdir.

Bir amnistiya qanunu 10 min nəfəri əhatə etmiş, 40-a yaxın əfv fərmanlarına görə isə beş minə qədər məhbus azadlığa buraxılmışdır. Mətbuat isə öz azadlıq göstəricilərinə görə bir çox Avropa ölkələrindən fərqlənmir.

Ölkədə 600-ə qədər qəzet, 100-ə yaxın jurnal, 30-dan çox müstəqil teleradio şirkəti fəaliyyət göstərir. "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən dəyişikliklər onların daha da müstəqil olmasına şərait yaratmışdır. İctimai Televiziya yaradılması üçün bütün lazımi hazırlıq işi görülmüş, Milli Teleradio Şurası yaradılmış, parlamentdə "İctimai televiziya haqqında" Qanun qəbul edilmişdir. Mətbuata dövlət xətti ilə kredit verilməsinə başlanmış, bir sıra qəzet və jurnalların dövlət nəşriyyatına olan borcu əvvəl bir, sonra isə daha üç il müddətinə dondurulmuşdur".

Müəllifin qeyd etdiyi kimi, Azərbaycanın demokratik cəmiyyət quruculuğundakı uğurlarının və istəklərinin məntiqi nəticəsi kimi 2002-ci il avqustun 24-də keçirilən ümumxalq referendumu Konstitusiyada bir sıra dəyişikliklərin edilməsinə gətirib çıxardı. Bu dəyişikliklər Konstitusiyanın qəbul edildiyi dövrdən bəri ölkəmizdə gedən proseslərdə əldə edilən nəticələri özündə əks etdirdi. Dəyişikliyə görə, insanın yaşamaq hüququ daha təminatlı edildi, parlamentin səlahiyyətləri genişləndirildi, vətəndaşlara Konstitusiya Məhkəməsinə müraciət etmək və digər hüquqlar verildi.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında sıx əməkdaşlığın nəticəsi kimi ölkəmiz Avropa Şurası Parlament Assambleyasının 222 (2000) saylı rəyinə müvafiq olaraq təşkilat qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirir:

Bu günədək Azərbaycan Avropa Şurasının bir çox sənədinə (konvensiyalar, onların protokolları və digər sənədlər) qoşulmuş, bu da ölkəmizin Avropa hüquq məkanına inteqrasiyası üçün əsas yaratmışdır.

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya, qısaca olaraq Avropa İnsan Hüquqları Konvensiyası adlanır, 1950-ci il noyabrın 4-də, yəni Avropa Şurası təsis olunduqdan bir il sonra qəbul edilmiş və 1953-cü ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın bugünkü mətni onun 11 saylı Protokolunun qüvvəyə mindiyi gündən - 1998-ci il noyabrın 1-dən qüvvədədir. Hazırda Avropa Şurasının bütün üzv dövlətləri, yəni 46 dövlət bu Konvensiyanın iştirakçısıdır.

Avropa İnsan Hüquqları Konvensiyasının Avropa Şurasının ən mühüm sənədi olduğunu və əslində, Avropa Şurasının bu Konvensiyasız təsəvvür edilmədiyini nəzərə alaraq, təşkilata daxil olan hər bir yeni dövlətin üzərinə bu Konvensiyanı müəyyən müddət ərzində imzalamaq və təsdiq etmək məcburi vəzifə kimi qoyulur.

İnsan hüquqlarının müdafiəsində Avropa sisteminin tədqiqatçısı A.Robertson Konvensiyanın Avropa Şurasının mühüm nailiyyətini özündə əks etdirməklə beynəlxalq hüququn inkişafında mühüm mərhələ olması fikrini əsaslandırmaq üçün onun aşağıdakı xüsusiyyətini qeyd edirdi: "Konvensiyanın müddəalarına müvafiq olaraq iştirakçı dövlətlər onların yurisdiksiyasında olan şəxslərin İnsan Hüquqlarının Ümumi Bəyannaməsində elan edilmiş bir sıra hüquq və azadlıqlarını təmin etməyi öhdəsinə götürür. Həmin Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərinə götürdükləri öhdəliklərə riayət edilməsini təmin etmək üçün Avropa Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi yaradılmışdır. İnsan hüquqlarının pozulmasına görə şikayətlə komissiyaya təkcə dövlətlər müraciət etmir, həm də ayrı-ayrı şəxslər özlərinin hökumətlərindən bu cür şikayətlər vermək hüququna malikdir. Bir şərtlə ki, sonuncular bu yeni proseduru qəbul etmiş olsunlar". AŞPA-nın Azərbaycanla bağlı 222 saylı rəyində dövlətimizin üzərinə qoyulan öhdəliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi Avropa İnsan Hüquqları Konvensiyasını və onun 1, 4, 6 və 7 saylı Protokollarını ratifikasiya etmişdir.

Avropa İnsan Hüquqları Konvensiyası insan hüquqları sahəsində mövcud olan və Azərbaycan Respublikasının iştirak etdiyi bütün digər müqavilələrdən əsas etibarilə onunla fərqlənir ki, bu Konvensiya onda təsbit olunmuş hüquq və azadlıqların təmin edilməsi üçün olduqca səmərəli bir hüquqi mexanizm nəzərdə tutur. Bu, fərdi şikayət mexanizmi və dövlətlərarası şikayət mexanizmidir. Bu mexanizmlərin məğzi ondan ibarətdir ki, Konvensiyada və ya protokollarda əks olunmuş hüquqlardan hər hansı birinin dövlət tərəfindən pozulduğunu güman edən hər bir şəxs, həmin dövlətdə mövcud olan bütün səmərəli hüquq-müdafiə vasitələrindən istifadə etdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda, bir iştirakçı dövlət digər iştirakçı dövlətə qarşı onun, Konvensiyanın və ya Protokolların müddəalarını pozması ilə bağlı Məhkəmə qarşısında şikayət qaldıra bilər və qeyd edilməlidir ki, indiyə qədər xeyli sayda belə şikayətlər olmuşdur.

Avropa dövlətləri kollektiv nəzarət mexanizmi yaratmaqla ümum-Avropa dəyərlərinə, hüququn aliliyinə, ədalət və demokratiyaya söykənən vahid hüquqi məkanda hər bir şəxsin hüquqlarını təmin etməyi öz qarşılarına başlıca vəzifə kimi qoymuşlar.

Adil Vəliyev qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə vəziyyətə gəlincə demək lazımdır ki, Azərbaycan ərazisinin iyirmi faizi erməni silahlı birləşmələrinin işğalı altında qalmaqdadır, bir milyon azərbaycanlı əvvəlki kimi qaçqın və köçkün vəziyyətində əzab çəkməkdədir.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ regionu üzrə həllini tapmamış on yeddi illik münaqişə öz neqativ təsirini təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinə və sabitliyinə göstərir, demokratik inkişafı ləngidir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazisindən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə, 1992-ci ildən başlayaraq ATƏT-in bilavasitə bu münaqişənin həlli naminə fəaliyyət göstərməsinə baxmayaraq, həmin qətnamə və qərarlar hələ ki, yerinə yetirilməyib.

1997-ci il aprel ayının 22-də Strasburqda, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Zaqafqaziya münaqişələrinə dair 1119 (1997) saylı qətnamədə həmin prinsiplər öz ifadəsini tapmışdır.

Daxili qanunvericiliklə bağlı bütün layihələr Avropa Şurası ekspertlərinin, o cümlədən Venesiya Komissiyası mütəxəssislərinin rəy və tövsiyələri nəzərə alınmaqla hazırlanmış və bu əməkdaşlıq davam etdirilməkdədir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər