Biz ölkələrimizdə yeganə idarəetmə sistemi kimi demokratiyanı qurmağı, birləşdirməyi və möhkəmləndirməyi öz öhdəmizə götürürük. Bu təşəbbüsdə biz aşağıdakıları əldə rəhbər tutacağıq:
İnsan hüququ və əsas azadlıqlar doğuluşdan bütün insanlara məxsusdur, onlar ayrılmazdır və onlara qanunla təminat verilir. Onları müdafiə etmək və onlara kömək etmək hökumətlərin ən birinci vəzifəsidir. Onlara hörmət hədsiz hakimiyyəti olan dövlətə qarşı çox mühüm təminatdır. Onlara əməl etmə və onlan tam həyata keçirmə - azadlığın, ədalətin və sülhün əsasıdır.
Demokratik idarəetmə müntəzəm olaraq azad və ədalətli seçkilərin gedişində ifadə olunan xalq iradəsinə əsaslanır. İnsan şəxsiyyətinə və qanunun aliliyinə hörmət demokratiyanın əsasını təşkil edir. Demokratiya öz fikrini ifadəetmə azadlığının, cəmiyyətdə bütün qruplara dözümlülük göstərilməsinin və hər bir insan üçün imkan bərabərliyinin ən yaxşı təminatıdır.
Nüfuzlu və plüralist xarakterə malik demokratiya seçicilərə hesabat verilməsinə, dövlət hakimiyyəti orqanlarının qanuna və ədalət mühakiməsinin qərəzsiz həyata keçirilməsinə əməl etmək öhdəliyini doğurur. Heç kəs qanundan yuxarıda durmamalıdır.
Biz, hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan aşağıdakı hüquqlara malik olduğunu təsdiq edirik:
- fikir, vicdan, din və əqidə azadlığı;
- öz fikrini ifadə etmə azadlığı;
- assosiasiyalar yaratmaq və dinc yığıncaqlar keçirmək azadlığı;
- yerdəyişmə azadlığı;
heç kəs:
- əsassız həbsə, yaxud həbsdə saxlanmağa məruz qalmayacaq;
- işgəncəyə, yaxud amansız, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara və cəzanın başqa bir növünə məruz qalmayacaq;
hər kəsin, həmçinin aşağıdakı hüquqları var:
- öz hüququnu bilmək və ona uyğun hərəkət etmək;
- azad və ədalətli seçkilərdə iştirak etmək;
- cinayət etməkdə ittiham irəli sürdükdə, ədalətli və açıq məhkəmə araşdırmalarının aparılması;
- təkbaşına, yaxud başqaları ilə mülkiyyət sahibi olmaq və fərdi sahibkarlıqla məşğul olmaq;
- öz iqtisadi, sosial və mədəni hüquqlarından istifadə etmək.
Biz milli azlıqların etnik, mədəni, dil və din özünəməxsusluğunun müdafiə ediləcəyini, milli azlıqlara mənsub şəxslərin bu özünəməxsusluqları heç bir ayrı-seçkiliyə məruz qalmadan və qanun qarşısında tam bərabərlik şəraitində azad surətdə ifadə etmək, qoruyub-saxlamaq və inkişaf etdirmək hüquqlarına malik olduqlarını təsdiq edirik.
Biz hər kəsin hüququnun istənilən pozuntusuna qarşı onun milli, yaxud beynəlxalq hüquqi müdafiəsinin təsirli vasitələrinə yol tapıb onlardan istifadəsini təmin edəcəyik.
Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin 38 iştirakçı dövləti tərəfindən 1991-ci il oktyabrın 3-də qəbul edilmiş Moskva Müşavirəsinin sənədlərində göstərilir ki, iştirakçı dövlətlər fövqəladə vəziyyət şəraitində insan hüquqlarını və əsas azadlıqlarını qorumağı, Kopenhagen Müşavirəsi sənədinin müddəalarını nəzərə almağı və tərəfləri olduqları beynəlxalq konvensiyalara əməl etməyi mühüm sayırlar.
28.7. İştirakçı dövlətlər iştirakçıları olduqları beynəlxalq konvensiyalara uyğun olaraq, öhdəliklərdən istənilən bir geriçəkilmədən imtina etməyə çalışacaqlar; belə geriçəkilmə fövqəladə vəziyyət şəraitində mümkündür. Həmin öhdəliklərdən geriçəkilmə tədbirləri bu sənədlərdə təsbit edilən prosessual tələblərə ciddi şəkildə uyğun görülməlidir. Belə tədbirlər konkret şəraitdə lazım olduğundan artıq kəskinləşəcək, nə də qüvvədə qalacaq; onlar öz xarakterinə görə, müstəsna tədbirlərdir və məhdud şəkildə şərh və tətbiq edilməlidir. Belə tədbirlər yalnız irq, dərinin rəngi, cins, dil, din, sosial mənşə və ya azlıqlara mənsubiyyət əlamətinə görə müəyyənləşən ayrı-seçkiliyə gətirib çıxarmayacaqdır.
37. İştirakçı dövlətlər, milli azlıqların problemlərinə və bu azlıqlara mənsub şəxslərin hüquqlarına aid ATƏM-in bütün sənədlərində, xüsusilə, ATƏM-in İnsan Ölçüsü Konfransına dair Kopenhagen müşavirəsinin sənədində və ATƏM ekspertlərinin milli azlıqlar məsələsinə dair Cenevrə Müşavirəsinin Məruzəsində müddəa və öhdəlikləri təsdiq edirlər, onların tam və tezliklə yerinə yetirilməsinə çağırırlar. Onlar ATƏM-in yeni və geniş mexanizm və proseduralarının tətbiq edilməsinin milli azlıqlara mənsub şəxslərin hüquqlarının gələcək müdafiəsinə və təşviqinə kömək edəcəyini güman edirlər.
38. İştirakçı dövlətlər, bu iştirakçı dövlətlərdə qanuni yaşayan mühacir zəhmətkeşlərin və onların ailələrinin hüquqlarına hörmətlə yanaşmanın təmin edilməsinin, onların milli, mədəni, dini və dil xüsusiyyətlərini azad surətdə ifadə etmək hüququnun xüsusi qeyd edilməsinin zəruriliyini qəbul edirlər. Bu hüquqlar yalnız qanunla müəyyən edilən və beynəlxalq standartlara uyğun gələn məhdudlaşdırmalar ilə həyata keçirilə bilər.
38.1 - Onlar irq, dərinin rəngi və etnik mənşə əlamətlərinə, mühacir zəhmətkeşlər barəsində dözümsüzlüyə və ksenofobiyaya görə bütün ayrı-seçkilik hərəkətlərini mühakimə edirlər. Onlar milli dövlət qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun dözümlülüyü, anlaşmanı, imkanlar bərabərliyini və mühacir zəhmətkeşlərin əsas insan hüquqlarına hörmət edilməsini təşviq etmək üçün təsirli tədbirlər görəcəklər; milli, irqi, etnik və ya dini ayrı-seçkiliyə, düşmənçiliyə və ya nifrətə əsaslanan və zorakılığa təhrikçilik aktlarını yasaq edən tədbirləri, hələlik görməyiblərsə, görəcəklər.
Dəyişikliklər Dövrünün Çağırışı (Çıxarış) Helsinki Zirvə Görüşünün Bəyannaməsi
II Milli Azlıqların İşləri Üzrə ATƏM-in Ali Komissarı:
1) İştirakçı dövlətlər milli azlıqların işləri üzrə Ali Komissar vəzifəsini təsis etmək haqqında qərar qəbul edirlər.
Mandat
2) Ali Komissar KSDL-in nəzdində fəaliyyət göstərəcək və beləliklə də, münaqişələrin qarşısının mümkün qədər ən erkən mərhələdə alınmasına kömək edəcəkdir.
3) Ali Komissar "erkən qabaqlama"nı, müvafiq hallarda isə milli azlıqların problemləri ilə bağlı olan və erkən qabaqlama mərhələsindən, hələlik çıxmayan, ancaq Ali Komissarın mülahizəsinə görə, ATƏM bölgəsində sülhə, sabitliyə, yaxud iştirakçı dövlətlər arasındakı münasibətlərə toxunan potensial münaqişəyə çevrilə bilən və şuranın, yaxud KSDL-in diqqət və təsirlərini tələb edən gərgin vəziyyətlər barəsində "təcili hərəkətlər"i mümkün qədər erkən mərhələdə təmin edəcəkdir.
4) Ali Komissar ATƏM-də qəbul edilmiş prinsip və öhdəliklərinə əsaslanan bu mandat çərçivəsində işi məxfi aparacaq və bilavasitə, belə gərgin vəziyyətlərə cəlb edilmiş bütün tərəflərdən asılı olmayaraq hərəkət edəcəkdir.
(5a) Ali Komissar vətəndaşı olduğu dövlətdə, yaxud daimi yaşadığı ərazidə milli azlıqlarla bağlı yaranan, mənsub olduğu milli azlıqlara toxunan problemlərə, haqqında söhbət gedən dövlət də daxil olmaqla, bilavasitə, əlaqəli bütün tərəflərin yalnız razılığı olduqda baxacaqdır.
(5b) Ali Komissar mütəşəkkil terrorçuluq hərəkətləri ilə bağlı olan vəziyyətlərdə milli azlıqların məsələsinə baxmayacaqdır.
(5c) Ali Komissar həmçinin, bu və ya digər milli azlıqlara mənsub şəxslər barəsində ATƏM üzrə öhdəliklərin pozulmasına baxmayacaqdır.
(6) Bu və ya digər vəziyyət gözdən keçirilərkən onu yoluna qoymaq məqsədilə Ali Komissar demokratik və beynəlxalq vasitələrin mövcudluğunu, eləcə də, əlaqədar tərəflərin onlardan istifadə etməsini tam ölçüdə nəzərə alacaqdır.
(7) milli azlıqlara dair konkret məsələ KSDL-in nəzərinə çatdırıldığı hallarda Ali Komissarın həmin məsələnin baxılmasına qoşulması üçün KSDL-dən müvafiq xahiş ilə mandat tələb olunur.
Erkən qabaqlama
(11) Ali Komissar:
(11a) milli azlıqların məsələləri üzrə məlumatı haqqında aşağıda (Əlavənin (23) - (25) bəndlərinə bax) danışılan qaynaqlardan toplayacaq və alacaq;
(11b) mümkün qədər ən erkən mərhələdə, bilavasitə maraqlı tərəflərin roluna, gərginliyin xarakterinə və onunla bağlı son hadisələrə, həmçinin, mümkün olduqda, ATƏM bölgəsində sülh və sabitlik üçün potensial nəticələrə qiymət verilməsini həyata keçirəcək;
(11c) bu məqsədlə, milli azlıqların durumuna dair qaynaqdan məlumat almaq üçün (17)-ci bəndə və Əlavənin (27) - (30)-cu bəndlərinə uyğun olaraq, iştirakçı dövlətlərdən hər hansı birinə gəlmək və (25)-ci bəndin müddəalarını nəzərə almaqla, bilavasitə maraqlı tərəflərlə şəxsən əlaqəyə girmək imkanına malik olacaqdır.
(12) İştirakçı dövlətə gəldiyi zaman, bilavasitə iştirakçıların özlərindən məlumat alarkən Ali Komissar tərəflərlə müvafiq məsələlər müzakirə edə bilər və zəruri halda isə tərəflərin arasında dialoqa, etimad və əməkdaşlığın möhkəmlənməsinə köməklik göstərə bilər.
Erkən qabaqlamanın təmin edilməsi
(13) Müvafiq tərəflərlə məlumat mübadiləsi və əlaqələr əsasında Ali Komissar potensial münaqişə təhlükəsinin mövcudluğu ((3)-cü bənddə ifadə edildiyi kimi) nəticəsinə gələrsə, o fəaliyyətdə olan Sədr tərəfindən operativ surətdə KSDL-yə verilən erkən qabaqlama ilə çıxış edə bilər.
(14) Fəaliyyətdə olan Sədr bu erkən qabaqlamanı KSDL-in sonrakı görüşünün gündəliyinə daxil edir. Dövlətlərdən hər hansı biri belə qabaqlamanın operativ surətdə məsləhətləşməni tələb etdiyi qərarına gələrsə, o, Şuranın Berlin görüşü nəticələrinin Xülasəsinin 2-ci Əlavəsində ("Fövqəladə mexanizm") ifadə edilən proseduraya müraciət edə bilər.
(15) Ali Komissar erkən qabaqlamaya müraciətinin səbəblərini KSDL-ə izah edir.
Təcili hərəkətlər
(16) Ali Komissar KSDL tərəfindən təsdiq edilən mandata uyğun olaraq mümkün həllərin axtarılması məqsədilə maraqlı tərəflərlə gələcək əlaqələri qurmaq və daha ətraflı məsləhətləşmələr aparmaq üçün ona səlahiyyət verilməsini məsləhət görə bilər. KSDL müvafiq qərar qəbul edə bilər.
(17) Milli azlıqlarla bağlı gərgin vəziyyəti müzakirə etmək məqsədilə iştirakçı dövlətlərdən hər hansı birinə səfərə çıxana qədər Ali Komissar fəaliyyətdə olan Sədr ilə məsləhətləşmə aparır. Fəaliyyətdə olan Sədr müvafiq iştirakçı dövlət (dövlətlər) ilə məxfi qaydada məsləhətləşir, həmçinin daha geniş məsləhətləşmə apara bilər.
(18) Ali Komissar iştirakçı dövlətə səfərdən sonra müəyyən edilən faktlar və həmin konkret məsələlərin həlli üzrə işin gedişi haqqında fəaliyyətdə olan Sədrə çox məxfi hesabat təqdim edir.
(19) Ali Komissar bu və ya digər konkret məsələ üzərində işini bitirdikdən sonra müəyyənləşdirdiyi faktlar, nəticələr və yekunlar haqqında fəaliyyətdə olan Sədrə hesabat verir. Fəaliyyətdə olan Sədr bir ay ərzində müəyyən edilmiş faktlar, nəticələr və yekunlar barəsində müvafiq dövlətlə (dövlətlərlə) məxfi qaydada məsləhətləşmə aparır, eləcə də daha geniş məsləhətləşmə keçirə bilər. Bundan sonra mümkün qeydlərlə birlikdə hesabat KSDL-ə veriləcəkdir.
(20) Ali Komissar vəziyyətin münaqişəyə çevrildiyi nəticəsinə gələrsə və onun səy göstərmə planında imkanının tükəndiyini hesab edərsə, o, bu haqda fəaliyyətdə olan Sədr vasitəsilə KSDL-ə məlumat verir.
(21) KSDL bu və ya digər konkret məsələnin baxılmasına qoşulduqda, Ali Komissar KSDL-ə, yaxud bu sənədin III fəslinin müddəalarına uyğun olaraq KSDL-in həmin gərgin vəziyyət və ya münaqişə ilə bağlı addımlar atmağı təklif edə biləcəyi hər hansı digər idarə və ya təşkilata məlumat, həmçinin sorğu üzrə tövsiyə təqdim edir.
(22) Ali Komissar KSDL tərəfindən müvafiq xahiş olduqda və onun mandatının həyata keçirilməsinin məxfiliyinə dair tələbləri lazımi tərzdə nəzərə almaqla insan ölçüsü məsələsinin yerinə yetirilməsinin müzakirəsinə həsr olunmuş ATƏM-in müşavirələrinə öz fəaliyyəti haqqında məlumat təqdim edəcəkdir.
Əlavə
Milli azlıqlar məsələsinə dair məlumatların qaynaqları
(23) Ali Komissar:
(23a) milli azlıqların durumu və ona aidiyyəti olan tərəflərin rolu haqqında, istənilən qaynaqdan, o cümlədən, (25)-ci bənddə göstərilənlər istisna olmaqla, kütləvi informasiya vasitələrindən və qeyri-hökumət təşkilatlarından məlumat toplaya və ala bilər;
(23b) milli azlıqlar məsələsi ilə bağlı hadisələr haqqında bilavasitə aidiyyəti olan tərəflərdən konkret məruzələr ala bilər. Milli azlıqlar barəsində ATƏM-in öhdəliklərinin pozulması, eləcə də, milli azlıqlar məsələsiylə bağlı digər pozuntular haqqında məruzələr də onların sırasına daxil ola bilər.
Bilavasitə, maraqlı tərəflər
(26) Gərgin vəziyyətə cəlb edilən, Ali Komissara konkret məruzələr təqdim edə bilən və iştirakçı dövlətə səfər zamanı Ali Komissarın şəxsən əlaqəyə girməyə çalışacağı maraqlı tərəflər aşağıdakılardır:
(26a) müvafiq hallarda, milli azlıqların yaşadığı rayonlarda regional və yerli hakimiyyətlər də daxil olmaqla, iştirakçı dövlətlərin hökumətləri.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru