PDF Oxu

MİA

  • 3 124

5-ci Milli Yaylaq Festivalından FOTOREPORTAJ

image

İyulun 24, 25 və 26-da Göygöl rayonunun əsrarəngiz Xan Yaylağı ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində «V MİLLİ YAYLAQ FESTİVALI» keçirildi.

"Səs" qəzeti xəbər verir ki, Festivalda müxtəlif ölkələrdən olan minlərlə insan iştirak edib. Xan Yurdu adlanan yaylaq ərazisində çox sayda çadırlar qurulmuş, milli oyunlar, sərgilər, əyləncə məkanları təşkil edilmiş, müxtəlif etnik qrupların mədəniyyətinə aid konsert proqramları təşkil olunmuşdu.
Açılış mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə baş konsulu Rəcəb Öztop, TİKA-nın Bakı proqramının koordinatoru Mahmud Ağırman, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, festivalın layihə rəhbəri Müzadil Həsənov və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində əvvəlcə milli musiqilərin sədaları altında qarşılanıb. Daha sonra müxtəlif rəqs nümunələri göstərilib. Festival iştirakçıları yerli etnik musiqi qruplarının ifalarını, kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləyiblər. Daha sonra tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərin qorunması və adət-ənənələrin gənc nəslə aşılanmasıdır:

"Festivalın keçirməkdə bir neçə məqsəd var. Əsaslardan biri milli-mənəvi dəyərlərimi gənc nəsillərə aşılamaqdır. Prezident İlham Əliyev gənclərlə dəfələrlə görüşlərində bu məsələnin əhəmiyyətini vurğulayıb, müxtəlif dövlət qurumlarına bununla bağlı müvafiq tövsiyələr verib. Beşinci dəfə təşkil olunan Milli Yaylaq Festivalında biz doğrudan da milli ab-havanı görürük, hiss edirik. Buna görə ilk növbədə sizlərə təşəkkürümü bildirmək istəyirəm".

Açılış mərasimində çıxış edən Göygöl RİH-in başçısı Vüqar Novruzov artıq ənənə halını almış V Milli Yaylaq Festivalının yerli və xarici qonaqların hər il böyük maraqla gözlədiyi, xalqımızın zəngin mədəni irsini, yaylaq həyatını, qədim elat ənənələrini və milli-mənəvi dəyərlərini yaşadan ənənəvi mədəniyyət bayramına çevrildiyini, həmçinin özündə Türk dünyasını birləşdirən, regionların turizm potensialının inkişaf etdirilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib bir hissəsi olduğunu qeyd edib. Həmçinin bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi dəyərlərin və tarixi-mədəni irsin qorunmasına yönəlmiş dövlət siyasətinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, eyni zamanda I vitse-prezident hörmətli Mehriban xanımın milli-mədəni irsimizin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri Festivalın təşkilində əməyi olan bütün tərəfdaş qurumlara minnətdarlığını bildirərək, layihənin Göygölün turizm potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov isə vurğulayıb ki, festival ilbəil miqyasını genişləndirərək təkcə yerli qonaqların deyil, xarici turistlərin də böyük maraq göstərdiyi beynəlxalq platformaya çevrilib. O, etnoqəsəbədə yaradılan şəraitdən söz açaraq tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.

Natiqlər festivalın əhəmiyyətindən bəhs edərək bu cür tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd ediblər. Rəsmi çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin xarici dövlətlərdən çoxsaylı qonaqlar qatılıb.

Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları, teatr tamaşaları, yorğa atlarının sərgisi, kəndirbazların və alov püskürənlərin maraqlı nümayişləri, milli mətbəx nümunələrinin təqdim olunduğu “Yaylaq süfrəsi” və digər tematik məkanlar təşkil olunub.

Ziyarətçilər milli mədəniyyətimizi, qədim el sənətlərini, ənənəvi kənd həyatını və Azərbaycan mətbəxinin zəngin nümunələrini yaxından tanımaq imkanı əldə ediblər. Milli idman növləri və etnospor üzrə təşkil olunan proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V Milli Yaylaq Festivalı «Cavad xan» Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, TİKA və Dünya Etnosport Birliyinin əsaslı dəstəyi, Göygöl rayon İcra Hakimiyyəti, Yunus Emre İnstitutu, Türk Mədəniyyəti və İrsi Fondunun, Dünya Etnoidman Konfederasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə, Bank Respublika və «Azersun Holding»-in rəsmi sponsorluğu ilə keçirilib.

Elçin Bayramlı

Bakı-Göygöl-Bakı

Fotolar müəllifindir

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər