Ürək, sümük və beyin sağlamlığı üçün bir çox həkim tərəfindən tövsiyə edilən balıq yağı əlavələri aparılan bir araşdırma ilə yenidən müzakirə mövzusuna çevrildi. Alzeymer riski olan yaşlı insanları araşdıran araşdırma, omeqa-3 əlavələrinin beyinə təsir göstərdiyini sübut edib, lakin yaddaş testlərində və ya beyin kiçilməsinin qarşısını almaqda əhəmiyyətli bir faydası yoxmuş. ABŞ-də, Cənubi Karolina Tibb Universitetində aparılan araşdırmaya universitetin nevroloqları rəhbərlik edib və nəticələr elmi jurnal "Cell Reports"da dərc olunub.
Bütün dünyada balıq yağı kapsulaları uzun müddətdir "beyni qoruyan" əlavələr arasında lider hesab olunur. Xüsusilə Omeqa-3 yağ turşuları yaddaş, ürək sağlamlığı və sağlam yaşlanma ilə əlaqəli olduqları üçün milyonlarla insan tərəfindən müntəzəm olaraq istifadə olunur. Lakin yeni bir araşdırma bunun belə olmaya biləcəyini ortaya qoydu. Tədqiqatçılar balıq yağı əlavələrinin Alzeymerə qarşı qoruyucu gücünün olmadığını bildirirlər.
Tədqiqatın ən diqqətəlayiq tərəfi, omeqa-3-ün beyinə təsir göstərdiyi məlum olsa da, idrak fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verməməsini sübut etməsi idi. Məsələ burasındadır ki, bu qida əlavəsi beyinə nüfuz etsə belə, gözlənilən qoruyucu təsir müşahidə olunmur. Tədqiqat 55-80 yaş arasında olan 365 insan üzərində aparılıb. İştirakçılar ümumiyyətlə az balıq yeyən və Alzeymer xəstəliyinə tutulma riski altında olan şəxslərdən seçilib.
İştirakçıların təxminən yarısında APOE4 adlı genetik risk faktoru var idi. Bu gen Alzeymer xəstəliyi üçün ən güclü məlum genetik risk faktorlarından biri hesab olunur. Lakin, bu genin olması mütləq bir insanın Alzeymer xəstəliyinə tutulacağı anlamına gəlmir. İştirakçılar iki qrupa bölünüblər. Bir qrupa gündəlik 2000 mq DHA ehtiva edən balıq yağı əlavəsi verilib. DHA beyin hüceyrələri və sinir əlaqələri üçün xüsusilə vacib hesab edilən omeqa-3 yağ turşusudur. Digər qrupa isə qeyri-aktiv plasebo həbi verilib.
Tədqiqatçılar həmçinin əlavənin beyinə nüfuz edib-etməyini yoxlayıblar. Altı aydan sonra aparılan müayinələr göstərib ki, beyin ətrafındakı mayedə DHA səviyyəsi təxminən 17 faiz artıb. Bu kəşf əhəmiyyətli idi, çünki əvvəlki bəzi tədqiqatlar omeqa-3 əlavələrinin beyinə kifayət qədər təsir göstərib-göstərmədiyini müzakirə edirdi. Lakin bu tədqiqat DHA-nın hədəf bölgəsinə çatdığını göstərdi.
Lakin, iki ilin sonunda aparılan yaddaş və idrak performansı testləri və beyinin diaqnostik müayinələri gözlənilən nəticələri vermədi. Balıq yağı qəbul edən qrupla plasebo qəbul edən qrup arasında heç bir əhəmiyyətli idrak fərqi yox idi. Tədqiqatda iştirakçılar iki ilin sonunda yaddaş və düşünmə bacarıqlarını ölçən müxtəlif testlərdən keçiblər. Nəticələr göstərib ki, balıq yağı əlavələri qəbul edənlər plasebo qəbul edənlərdən daha yaxşı nəticə göstərməyiblər.
Bu kəşf xüsusilə "əgər balıq yağı qəbul etsəm, yaddaşımı qoruyacağam" fikri baxımından vacibdir. Çünki tədqiqat yüksək dozada DHA əlavəsinin risk qrupundakı yaşlı insanlarda yaddaş itkisinin qarşısını aldığını göstərmədi. Mütəxəssislərin fikrincə, omeqa-3 yağ turşuları hələ də beyin hüceyrələri üçün vacibdir. Lakin bu, kapsul şəklində balıq yağının təkbaşına Alzeymer xəstəliyinə qarşı təsirli bir profilaktik tədbir olduğu anlamına gəlmir.
Tədqiqat zamanı həm də yaddaşla sıx əlaqəli olan hipokampus bölgəsindəki dəyişikliklər xüsusi olaraq izlənilib. Hippokampus, Alzeymer və yaşla əlaqəli idrak geriləməsi ilə bağlı tədqiqatlarda ən çox öyrənilən beyin bölgələrindən biridir. Bu bölgədə kiçilmə yaddaş problemləri ilə əlaqələndirilə bilər.
Lakin, balıq yağı əlavəsinin hipokampus kiçilməsini əhəmiyyətli dərəcədə yavaşlatdığına dair heç bir güclü dəlil yox idi. Bu, balıq yağının beyin həcmini qoruduğu iddialarının əsilsiz olduğunu sübut edir. Bu nəticələr omeqa-3 yağ turşularının lazımsız olduğu anlamına gəlmir. Omeqa-3 bədənin öz-özünə istehsal edə bilmədiyi vacib yağ turşuları arasındadır. Buna görə də, onu pəhriz vasitəsilə əldə etmək lazımdır. DHA və EPA kimi Omeqa-3 növləri xüsusilə yağlı balıqlarda olur. Qızılbalıq, sardinya, skumbriya və kilkə balığı omeqa-3-ün ən zəngin mənbələri arasındadır. Tədqiqatçılar bu yağı kapsul formasında deyil, birbaşa balıqdan qəbul etməyin doğru olduğunu deyirlər.
Sözügedən tədqiqatın ən vacib nəticələrindən biri də odur ki, bu günədək Omeqa-3 kapsulları insan üçün əhəmiyyətli hesab edilirdi, bu araşdırma göstərdi ki, süni şəkildə qəbul edilən balıq yağı əlavəsi insan orqanizmi üçün fövqaladə faydalı deyil. Balıq yağı kapsullarının qəbulu birbaşa mənbədən alınan yağı kompensasiya etmir.
Alzeymer və demensiya riskini azaltmaqda ən güclü amillər tək Omeqa-3 deyil, bu, həyat tərzi və ümumi sağlamlıq sistemi ilə əlaqədardır. Mütəmadi fiziki fəaliyyət, keyfiyyətli yuxu, balanslı qidalanma və ürək-damar sağlamlığının qorunması da sistemə daxildir. Yüksək qan təzyiqi, eşitmə itkisi, sosial təcrid, hərəkətsizlik, diabet, siqaret çəkmə, piylənmə və depressiya kimi amillər demensiya riski ilə əlaqələndirilir. Buna görə də, beyin sağlamlığının qorunması yalnız yaddaş məşqləri və ya balıq yağı kapsulları kimi əlavələrlə məhdudlaşmamalıdır.
Mütəxəssislərin fikrincə, bədənin ümumi sağlamlığı pisləşdikdə bundan beyin də zərər görür. Ürək, qan damarları, yuxu, maddələr mübadiləsi və zehni sağlamlıq bütövlükdə nəzarətdə saxlanmalıdır. Balıq yağı əlavələri əksər insanlar üçün aşağı dozalarda təhlükəsiz hesab edilsə də, hər kəs üçün zərərsiz deyil. Qan durulaşdırıcı dərman qəbul edənlər, qanaxma problemi olanlar və ya əməliyyatdan əvvəlki dövrdə olanlar bu əlavələrdən istifadə etməzdən əvvəl həkimə müraciət etməlidirlər, əks halda nəticəsi ölümcül ola bilər.
Yüksək dozada balıq yağı bəzi insanlarda ürəkbulanma, reflüks, ishal, ağızda balıq dadı, pis nəfəs və ya dəri səpgisi kimi əlavə təsirlərə səbəb ola bilər. İstifadə olunan məhsulun keyfiyyəti və dozası da vacibdir. Balıq və ya dəniz məhsulları allergiyası olanlar da ehtiyatlı olmalıdırlar.
Bu cür əlavələrin ən böyük problemi, insana doğru qidalanma vərdişlərini unutdurmasıdır. Bir kapsul qəbul edib zərərli qida və həyat sistemi ilə yaşamaq olduqca səhv addımdır. Buna görə də, balıq yağı istifadə etmək qərarı insanın pəhrizi, sağlamlıq vəziyyəti, qəbul etdiyi digər dərmanlar və risk profili ilə birlikdə qiymətləndirilməlidir.
Tədqiqatçıların gəldiyi nəticələrdən biri Omeqa-3-ün tək kapsul kimi deyil, pəhrizin bir hissəsi kimi daha mənalı ola biləcəyidir. Unutmayın ki, balıq yediyiniz zaman yalnız Omeqa-3 deyil, həm də protein, D vitamini, selen və digər qida maddələri əldə edirsiniz. Omeqa-3 kapsullarında isə bunlar yoxdur. Bir sözlə, balıq yağı kapsulları bəzi insanlar üçün qida əlavəsi ola bilər. Lakin o, Alzeymer xəstəliyinə qarşı mütləq qoruma təmin edən "möcüzəvi həb" kimi qəbul edilməməlidir. Beyin sağlamlığına tək bir kapsul ilə deyil, ömür boyu davam edən qidalanma, idman, həyat tərzi kimi vərdişlərlə nail olunur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb