MİA

  • 2 264

Turizm mövsümü başlayıb: Xarici və yerli turistləri cəlb etmək üçün nə çatışmır? - ANALİZ

image

Turizm sahəsində inqilabi dəyişiklilklər edilsə, ölkəmiz bu sektordan böyük gəlirlər əldə edə bilər

Azərbaycanın təbii-coğrafi şəraiti turizmin inkişafı üçün böyük perspektivlər açır. Son illərdə bu sahəninn inkişafı üçün dövlət səviyyəsində mühüm işlər həyata keçirilib. Lakin qonşu ölkələrlə müqayisədə Azərbaycan turist cəlbində arzulunan səviyyəyə çata bilmir. Buna səbəb müvafiq imkanların olmaması deyil, sədəcə qiymətlərin yüksək olması ilə bağlıdır. Nəticədə həm yerli turistlər, həm də potensial xarici turistlər qonşu ölkələrin ucuz və daha üstün xidmət göstərən turist mərkəzlərinə üz tuturlar. Bu yazıda yaranmış vəziyyətin səbəbləri, nəticəsi və çıxış yollarını araşdıracağıq.

Turizm statistikası nə deyir?

2021-ci ildə Azərbaycana 167 ölkədən 792 min turist gəlib. Ötən il turistlərin sayı əvvəlki il ilə müqayisədə cüzi olsa da (0.5 %) azalıb. Azərbaycana gələnlər arasında Rusiya yenə də öndədir. Gələnləri 33 faizi şimal qonşumuzun payına düşüb. Türkiyədən gələnlər 25 faiz, İran turistləri isə 16 faiz təşkil edib. 2021-ci ildə Gürcüstandan Azərbaycana gələnlərin sayı kəskin azalıb. Belə ki, ümumi turistlərin cəmi 8 faizi bu qonşumuzun payına düşüb. Bu isə əvvəlki il ilə müqayisədə 66 faiz azalma deməkdir. Azalmanın əsas səbəbi pandemiya səbəbindən quru sərhdələrin bağlı qalması ilə əlaqədardır. Səudiyyə Ərəbistanından olan turistlərin sayında da 26 faiz azalma qeydə alınıb. Əksinə, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə artıb.

2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.

Yenə də xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəmizə gələnlərin sayından çox olub. Belə ki, ötən il 975 minə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib. Bu, o deməkdir ki, xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından 182 min nəfər çox olub. Ötən il İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz azalmış, Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə artmışdır.

2021-ci ilin yekunları göstərir ki, pandemiya ötən il də turizm sektorunun inkişafına maneə olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, quru sərhədlərinin tam açıqlması, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər.

Qonşu ölkələr ucuz və yaxşı xidmətlə turistləri cəlb edir

Bu gün Azərbaycanda yerli turistlər daha çox qonşu ölkələrə üz tuturlar. Səbəb kimi hamı birağızdan qiymət amilini önə çəkir. Yerli turizm mərkəzlərində 1 həftəlik putyovkanın qiymətinə Rusiya, Türkiyə, Gürcüstanın nüfuzlu turizm mərkəzlərində azı 2 həftə dincəlmək olar. Nəzərə almaq lazımdır ki, xarici turist mərkzinə putyovkanın qiymətinə gediş-gəliş haqqı da daxildir, o zaman aydın olar ki, Azərbaycanda qiymətlər azı 3 dəfə bahadır.

Məsələn, Türkiyənin ən məşhur turist mərkəzlərindən sayılan Antalyada 1 nəfərlik 1 həftəlik istirahətin qiyməti 400 manatdan başlayır. Şimali Kiprdə isə bu qiymət 300 manatdan başlayır. Bura gəliş-gediş haqqı, qarşılanma-yolasalınma xidməti, səyahət sığortası və gün ərzində 5 dəfə yemək (demək olar limitsiz) daxildir.

Gürcüstan son illərdə minimal qiymətlər və keyfiyyətli xidmətlə qonşu ölkələrin turustlərini cəlb edib. Tbilisidə 3 ulduzlu oteldə qalmaq 1 gün üçün 30 manatdır. Qara dəniz sahilində yerləşən Batumi şəhərində 1 həftəlik istirahət də 250-300 manat arasında dəyişir. Bu qiymətə yemək, idman, ekskursiya və bir çox əyləncələr daxildir.

Rusiyanın turist mərkəzləri də dolub-daşır. Bu ölkə dünyada müalicəvi turzim ölkəsi kimi tanınıb. Soçi, Kislovodsk, Yessentuki, Narzan, Mineralnıe Vodi və s. mərkəzlərdə 14 günlük müalicəvi istirahətin qiyməti 500 manat civarındadır. Buraya yemək, müxtəlif terapiyalar, idman meydançaları, müxtəlif vannaların (günəş, palçıq, bitki dəmləmələri və s) qəbulu, ekskursiyalar daxildir. Bunu böldükdə həftəyə 250 manat edir ki, bu da müalicəni də nəzərə alsaq Azərbaycanla müqayisədə həddən artıq ucuz qiymətdir.

Yerli turizm mərkəzlərinin qiymətləri “əl yandırır”

Azərbaycanda 3 ulduzlu istirahət mərkəzlərində bir həftəlik istirahətin qiyməti 500 manatdan bahadır. Buraya da, yemək, yol, sığorta xərcləri daxil deyil. Bəzilərində yalnız səhər yeməyi bura daxil edilir. Nəzərə almaq lazımdır ki, turizm bölgələrində ərzaq və sair gündəlik tələbat malları minimum 2 dəfə baha qiymətə satılır.

Qəbələ, İsmayıllı, Lənkəran, Şəki, Xaçmaz, Qusar və sair bölgələrdə 3 ulduzlu otelin gündəlik qiyməti ən ucuz halda 50-100 manat arasında dəyişir. 4-5 ulduzlu otellərdə isə 150-500 manatdan söhbət gedir.

Göründüyü kimi, Azərbaycandakı istirahət mərkəzlərində qiymətlər əhalinin gəlirlərinə adekvat deyil. Məsələn, ayda 300 manat maaş alan vətəndaşın məzuniyyət maaşı ən yaxşı halda 500 manat ola bilir ki, bu məbləğə heç bir normal turizm mərkəzində 1 həftə istirahət etmək mümkün deyil.

Bu gün Azərbaycanın turizm mərkəzlərində qanuni və normal məzuniyyət müddətində (21 gün) istirahət etmək üçün 1 nəfər üçün ən azı 2 min manat pul lazımdır. Bu isə maaşı 300-500 manat olan ölkə vətəndaşının yarım illik gəliri deməkdir.

Nəhayət 3-4 nəfərlik ailənin 1 həftəlik istirahəti üçün 2000-3000 manat tələb olunur ki, bu da ölkə əhalinin azı 90 faizindən çoxu üçün praktiki olaraq əlçatan deyil.

Qiymətlərin enməsi üçün nə tələb olunur?

Ekspertlər hesab edir ki, qiymətin ucuzlaşması üçün, turizm bazarında azad rəqabət təmin olunsa vəziyyət yaxşılaşar. İlk növbədə, turist müəssisələrinin sayı çoxaldılmalı və rəqabət mühiti yaradılmalıdır. Dünyada turizm kampaniyaları elan edilir. Bizdə isə qiymətlərdə endirimə getməmək ona gətirib çıxarır ki, turistlərin sayı kəskin şəkildə azalır. Rayonlarda turizm istirahət mərkəzlərində qiymətlər heç də xidmətin səviyyəsinə cavab vermir. Xidmət məsələsində isə çox böyük problemlər var. Mövcud vəziyyət isə, ölkəyə gələn turistlərin sayının azalmasına gətirib çıxarır və respublikaya daxil olan vəsaitlərin həcmini azaldır. Ona görə də, bu sahədə ciddi dönüş yaradılmalıdır.

Ölkəmizdə turizm qiymətlərinin ən azı qonşu ölkələrdəki səviyyəyə düşməsi üçün bu sektorda çalışan sahibkarlara yaradılan süni əngəllər aradan qaldırılmalı, onlara dövlət səviyyəsində güzəştlər edilməlidir. Bu sektora güzəştlərin edilməsi vacibdir. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən 18 faiz həcmində əlavə dəyər vergisinin tutulması onların xərcini daha da artırır. Bu vergi növündə güzəştlərin tətbiqi məqbul olardı.

Turizm sektorunun inkişafı üçün əsas şərtlər nədir?

Mütəxəssislərin fikrincə, turizmin inkişafı üçün 3 şərtin olması vacibdir;

1. Zəruri infratruktur və cəlbedici məkanların olması. (Azərbacanda maraqlı, ekzotik yerlər var. İnfratrukturun yaxşılaşdırılması məsələləri də getdikcə həllini tapır.)

2. Yüksək xidmət

3. Münasib (ucuz) qiymət.

Məhz sonuncu 2 şərt turistlərin cəlb edilməsində xüsusi rol oynayır.

Qonşu ölkələrin bizdən dəfələrlə aşağı qiymətə və yüksək xidmətlə turistləri cəlb etdiyi bir şəraitdə biz necə turist cəlb edə bilərik məsələsinə gəldikdə, deyək ki, xarici turistlər üçün Azərbaycanda qiymətlər münasib edilsə belə, xidmətin aşağı olması buna mənfi təsir göstərər. Təsəvvür edin, hər il 40 milyon nəfər Rusiya turisti xarici ölkələrdə istirahət üçün 40 milyard dollara yaxın vəsait xərcləyir. Rusların az bir hissəsini cəlb edə bilsək, xeyli qazancımız olar. Məsələn, bu 40 milyon nəfərin cəmi 1 milyonunu cəlb edə bilsək, bu 1 milyard dollar vəsait edir.

İranlılar üçün də Azərbaycan cəlbedicidir. Onları narahat edən yalnız bizdəki baha qiymətlərdir. Əgər qiymətlərdə ucuzluq olsa, azı 1-2 milyon iranlı turisti cəlb etmək asan olar.

Problemlərin biri də budur ki, əksər ölkələrdən fərlqi olaraq, bizdə əsasən bahalı turizm müəssisələri, 4-5 uludzlu otellər tikilir. Hətta turizmdə məşhur olmayan regionlarda belə bahalı otellər və turizm obyektləri tikilir. Bundansa, ucuz mehmanxanalar tikilməlidir ki insanların cibinə uyğun olsun. Unutmaq olmaz ki, turistlərin böyük hissəsi heç də milyonçu deyil, orta statistik vətəndaşlardır ki, onlara 5 ulduzlu otel vacib deyil.

Azərbaycanda ekoturizmin, qış turizminin və kənd turizminin də inkişafı üçün böyük potensial var. Bu sahədə düngün yanaşma olsa, milyonlarla xarici turist əclb edə bilərik, üstəlik yüz minlərlə yerli turist də öz ölkəmizdə istirahət edər. Nəticədə ölkəmiz bu sektordan milyardlarla vəsait əldə edə bilər. Yüz minlərlə yeni iş yerləri yaranar, iqtisadi aktivlik artar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər