Siyasət

  • 4 623

Azərbaycan-Türkiyə: Zirvədən zirvələrə TƏHLİL

image

Çoxəsrlik tarixə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün ən böyük inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hazırda hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Eyni zamanda Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bu barədə demişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Dövlətimizin başçısının təşəbbüsü ilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Fövqəladə Zirvə görüşü reallaşdı. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar cənab İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirmişdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edimiş, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanmışdır.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlamış, Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd etmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev zəlzələ ilə bağlı bir daha başsağlığını çatdırmış və fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirmişdir.

Qeyd edək ki, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.

Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyada Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə super güc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Baş verən son zəlzələlərin aradan qaldırılması işləri zamanı dünyanın, demək olar ki, bütün ölkələrindən Türkiyəyə dəstəyin göstərilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin və etimadın əyani təzahürü idi.

Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə bağlı reallıqları bu sözlərlə ifadə edib: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.

Hər an Türkiyə ilə

Fevralin 6-da Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığ bölgələrində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələ miqyasına, dağıntılara və insan itkisinə görə əsrin fəlakəti kimi xarakterizə edildi. Bütün dünyanı heyrətə gətirən bu müdhiş hadisə baş verən gündən bəri Azərbaycan hər an Türkiyənin yanındadır. Bu, bir qonşuluq münasibəti, dostluq deyil. Bu, qardaşlığın göstəricisidir. Bu, bir ürəkdə minlərlə döyüntünün göstəricisidir.

Zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).

Qardaş Türkiyədə baş verən təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycanın dövlət qurumları səfərbər olaraq köməyə tələsdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edib. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına veriblər. Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.

Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib. Havaların soyuq keçməsi evləri zəlzələ nəticəsində dağılan insanları daha ağır vəziyyətə saldığından bu problemləri aradan qaldırmaq məqsədilə dövlət qurumları tərəfindən zəlzələ bölgəsinə 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.

Ümumilikdə dövlət qurumları tərəfindən zəlzələ bölgəsində zərər çəkənlərə 44 milyon 82 min 967 manat (25 milyon 931 min 157 ABŞ dolları) məbləğində humanitar yardım göstərilib. Humanitar yardımların Türkiyəyə çatdırılması üçün 16 təyyarədən, 459 TIR, 25 vaqondan istifadə olunub.

Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilat oldu

Humanist və humanitar addımları ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Heydər Əliyev Fondu Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır.

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.

İki dövlətin bir millətinin həmrəyliyi

Azərbaycanlılar İkinci Vətən Müharibəsində türk qardaşlarımızın dəstəyini gördü, hər an bizimlə həmrəy olduqlarını müşahidə etdi. Türkiyənin müxtəlif bölgələrində Azərbaycan bayraqlarının qaldırılması, insanların küçələrdə Azərbaycana dəstək mitinqlərinə qatılması bir daha sübut etdi ki, biz iki dövlətdə yaşayan bir millətin nümayəndələriyik. Bütün bunlar eyni zamanda iki dövlət rəhbərinin qarşılıqlı münasibətlərinin, regionda sülhün bərqərar olmasına istəklərinin nümayişi idi.

Necə ki, 44 günlük müharibə zamanı türk qardaşlarımızın dəstəyini gördük, bununla qürur duyduq, biz də fevralın 6-da Türkiyədə baş verən zəlzələni böyük ürək yanğısı ilə qarşıladıq. Orada dağıntılar altında qalan, evini, həyatını itirən hər kəs üçün narahatlıq keçirdik.

Türkiyənin Azərbaycandakı səfirliyinin yardım barəsində müraciətindən az sonra Azərbaycan xalqı türk qardaşlarına isti paltar, ərzaq toplamağa və maliyyə vəsaitləri köçürməyə başladılar. Bakıda və regionlarda təşkil olunan yardım toplama məntəqələrinə minlərlə insan üz tutaraq isti paltar və ərzaq gətirdilər. Gecə səhərədək davam edən bu yardım kampaniyaları onun göstəricisi idi ki, türk qardaşlarımız narahat ikən, yardıma ehtiyacı olduğu halda bizim gözümüzə yuxu getməz. Çünki iki dövlətin bir millətinin kədəri bir-birinin kədəri, sevinci sevincidir. Ümidvarıq ki, böyük Türkiyə zəlzələnin nəticələrini qısa zamanda aradan qaldıracaq, 11 füsunkar şəhər yenə əvvəlki görkəminə qayıdacaqdır. Bu dəhşətli hadisə, əsrin fəlakəti heç vaxt unudulmayacaq. İtkilərin hər biri qəlbimizdə yaşayacaq. Ancaq nə etməli ki, həyat davam edir. Qoy həyatın davamında bu fəlakət Türkiyə üçün son olsun.

Bu təbii fəlakət saysız-hesabsız sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya göstərdi. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Fövqəladə Zirvə görüşü isə Azərbaycan-Türkiyə manasibətlərinin yeni mərhələdə inkişafını bir daha dünyaya nümayiş etdirən tədbir kimi tarixin yaddaşına həkk olunacaq.

Mətanət Məmmədova

Digər xəbərlər