Siyasət

  • 4 948

ADU-da “YENİ Klub” təsis olunub

image

Martın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “YENİ Klub”un təsis toplantısı keçirilib. Azərbaycan Dillər Universitetinin foyesində müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ali təhsil müəssisəsində tələbələrin aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının önəmli olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Daha sonra ADU-nun nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Gülüstan Kərimli, koordinatorlar Günel Ələsgərzadə, Fidan Bəylərova, Fatimə Mirzəyeva və Əflatun Əliyev təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.

Sonda xatirə fotosu çəkdirilib.

Digər xəbərlər