Siyasət

  • 15 568

“Yaxın vaxtlarda çox ciddi hadisələr baş verəcək” MÜNASİBƏT

image

“ABŞ-ın və Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında “sülh sazişi”nin imzalanması istiqamətində görünməmiş fəallıq göstərməsi bu mühüm sənədin ilin sonuna qədər imzalanmasını təmin edə bilər”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, son 6 ayda ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə 3 mühüm görüşün keçirilməsi və danışıqlar zamanı müəyyən irəliləyişlərə nail olunması, eyni zamanda, AB Şurasının prezidenti Ş.Mişelin vasitəçiliyi ilə dalbadal görüşlərin təşkil olunması və bu formatda da müəyyən nəticələrin olması həm Qarabağdakı bir qrup erməni, həm də Rusiya hakimiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmışdır: “Onlar proseslərin sürətlənməsini və razılaşma imzalanmasını qətiyyən istəmirlər. Qarabağ ermənilərinin “təmsilçiləri”nin son günlər verdiyi bəyanatlar bunu aydın şəkildə nümayiş etdirir və onlar prosesi pozmaq üçün təxribatlar törətməkdən çəkinmirlər. Ermənilərə nisbətən daha müdrik davranan Rusiya rəhbərliyi prosesi ləngitməyin mümkünsüz olduğunu görüb təşəbbüsü ələ almağa və “sülh sazişi”nin imzalanmasında vasitəçiliyi ələ keçirməyə çalışır. Azərbaycan-Ermənistan liderlərinin Moskvada keçiriləcək danışıqlarında mütləq ciddi irəliləyişə nail olmaq və bölgədə “söz sahibi” olduğunu təsdiqləmək üçün Rusiya rəhbərliyinin əlindən gələni edəcəyi heç kimdə şübhə doğurmur.
Bu şəraitdə ermənilərin rus sülhməramlılarının gözləri qarşısında “təlim” keçirməsi onların çarəsiz durumda olduqlarını və nə edəcəklərini bilmədiklərini nümayiş etdirirlər. Bununla Moskvada görüşən tərəflərə hansısa mesaj verə biləcəklərini güman edən ermənilər dünyadakı reallıqların nə qədər dəyişdiyini hələ də anlaya bilmirlər. Əvvəllər Şuşada “rəqqaslıq” qabiliyyətini nümayiş etdirdikdən sonra, “Qarabağ Ermənistandır” kimi məsuliyyətsiz bəyanat verən N.Paşinyan bir neçə gün əvvəl açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyini, üstəlik də 8 kəndi geri qaytaracağını bəyan etdi. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi dünyadakı və bölgədəki reallıqları anlayır və qəbul edir. Qarabağ ermənilərinin “liderləri” hələ bu həqiqətləri anlaya bilməyiblər və bu səbəbdən son dərəcə əhəmiyyətsiz “təlimlərdən” mədət ummağa çalışırlar.
Azərbaycan rəhbərliyi, hələlik, bu mənasız addımlara əhəmiyyət vermir və məqam yetişəndə ən qətiyyətli addımları atmağa hazırlıq görür. Güman edirəm ki, həmin addımların atılmasına çox qalmayıb və yaxın vaxtlarda çox ciddi hadisələr baş verəcək”.

GÜLYANƏ

Digər xəbərlər