Siyasət

  • 1 070

Xüsusi əhəmiyyətə malik olan layihə

image

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Aprelin 16-da yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində Prezident İlham Əliyev çıxışında bildirdi ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır.

Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. Ölkə başçısı çıxışında vurğuladı ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Şirvan kanalı istifadəyə veriləndən sonra 10 ildən çox müddətdir ki, tamamilə quruyan Hacıqabul gölü də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Həmçinin gələn il Qarabağ kanalının da inşası başlayacaq. Qarabağ kanalı 9 rayon olmaqla 115 min hektarı əhatə edəcək.

Şirvan suvarma kanalının təməlqoyma mərasimində Prezident İlham Əliyev çıxışında iqlim dəyişikliyi ilə bağlı dünyada, eləcə də ölkəmizdə böyük narahatlıq olduğunu vurğuladı. Bu il kifayət qədər qar, yağış yağmışdır və ölkəmizin su hövzələrində, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə daha çox quraqlıq olurdu. Ölkə ərazisində dağlara daha az qar yağırdı. Çaylarda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda ölkənin əsas çayları quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək başlıca vəzifədir. Ölkə başçısı onu da qeyd etdi ki, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.
Həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Bir sözlə, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır.
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində bildirdi ki, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir.

Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər