Siyasət

  • 898

Bəhsəbəs: onda var, məndə niyə olmasın?..

image

Hər birimiz ətrafımızda yüzlərlə belə insana rast gəlmişik ki, bəhsəbəs onları məhv etməkdədir. “Onda var, məndə niyə yoxdur?” fikri ilə ömürləri mişarlanmaqdadır.

Bəhsəbəhs sözünün lüğəti mənası bir-biri ilə yarışmaq, bir-birinin acığına kimi ifadə olunsa da, lakin bəziləri üçün xarakterik olan bu hisslərin altında paxıllıq və həsəd yatır. Yəni bəhsəbəsi paxıllıq və həsəd meydana gətirir. Bəhsəbəs əslində özündə yaxşı tərəfləri də o mənada cəmləyir ki, sinifdə bir şagird dərslərini yaxşı oxuyanda, müəllim onu tərifləyəndə, o biri şagird də yaxşı oxumağa cəhd edir. Ona görə ki, müəllim onun da haqqında yaxşı sözlər söyləsin. Və yaxud da bir şəxs çalışdığı kollektivdə yaxşı fikir formalaşdırırsa, rəhbərlik tərəfindən bu, açıqlanırsa, digərləri də təriflənmək üçün yaxşı işləməyi qarşılarına məqsəd qoyurlar. Düzdür, bunların hər biri az da olsa həsəd hissindən qaynaqlansa da, lakin müsbət əməllərə xidmət edir. Bu, məsələnin bir tərəfidir. Lakin bu gün toxunmaq istədiyim mövzu başqadır: bəhsəbəsin ömrü zamanla mişar kimi yavaş-yavaş doğrayıb başa çıxması barədədir.

Xüsusilə də müasir dövrdə...

Çünki əvvəllər nə telefon vardı, nə kompüter, nə də sosial şəbəkələr. Hazırda isə bunların hamısı var. Və onların həyatımıza daxil olması lüğətimizə yeni sözləri əlavə etdiyi kimi, xarakterimizə də yeni xüsusiyyətlər bəxş edib. Çünki dünənədək əgər ətrafımızda tək 5-10 iş yoldaşı, qonşu, qohumda nə isə görüb həsəd və paxıllıq hissi keçirirdiksə, bu gün sosial aləmdə gördüklərimizin sayı-hesabı yoxdur. Elə məhz bu səbəblərə görə də bəhsəbəs hissinin də sayı-hesabı yoxdur.

Məsələn, bu gün sosial şəbəkələrdə yüzlərlə ad günü, nişan, xınayaxdı, toy videoları paylaşılır. Yüzlərlə sevgilinin, ər-arvadın bir-birinə aldıqları hədiyyələr, gəzdikləri yerlər, fotosessiyalar yer alır. Bunlara baxan minlərlə insan var. Elə bax, bu görüntülər əsasında da bəhsəbəslik hissi aşıb-daşır. Bu hissə aludə olanlar bəzən imkanlarından çox-çox uzaqlara gedir, bəzən bu hiss bir arzuya çevrilib yenə də insanı yaşadığı aləmdən bir başqa aləmə aparır, bəzənsə mümkünsüzlük bir gənci bədbəxtliyə sürükləyir.

Elə ki, insanın qəlbinə bəhsəbəslik hissi daxil olur, bilsin ki, ömrünə artıq bir mişar qoyuldu. Bu mişar vaxtaşırı sağa-sola hərəkətlə bir gün onun tamamilə məhv olmasına işləyir. Belə isə nə üçün bəhs edirik? Nə üçün qonşuda var, məndə də olmalıdır, qohum aldı, mən də almalıyam, iş yoldaşım etdi, mən də etməliyəm kimi fikirlərlə yaşayırıq? Nə üçün bütün bunları düşünməzdən əvvəl maddi vəziyyətimizi düşünmürük? İmkanlarımızın buna yetib-yetməyəcəyinə nəzər salmırıq?

Qonşu ikimərtəbəli ev tikdirdi, mənim evim onun kölgəsində qaldı. Filan qohum maşın aldı, mən ondan kəsirəm? Filan iş yoldaşım filan markadan çanta götürür, ətir alır, mənim niyə olmasın? Rəfiqəm filan markadan paltar geyinir, mən niyə geyinməyim? Qonşunun əri hər həftə arvad-uşağını gəzməyə aparır, biz niyə evdə oturmalıyıq? Qonşu hər gün evə əlidolu gəlir, mənim ərim niyə əliboş gəlməlidir? Sosial şəbəkədəki qızlar filan yerlərdə fotosessiyalar edir, mən niyə orada etməməliyəm? Qız filan maşınla gəlin getdi, mən onda niyə getməməliyəm?

Bax, yüzlərlə belə həsəd və paxıllıq üzərində köklənmiş faktlar sadalamaq olar. Lakin bu faktlar bir sual da çıxarır meydana: hamının imkanı birdirmi? Hər kəs bu sadalananları həyata keçirə bilirmi? Bilir, deyənlər olacaq, buna əminəm. Belə isə edə bilənlərdən danışaq bir qədər də. Necə edirlər, mən deyim. Siz də dinləyin.

Tanıdıqlarımdan birinin qonşunun evi ilə bağlı nə gecəsi, nə də gündüzü vardı. “Nə üçün o, evini söküb ikimərtəbəli etdi, gözəl dam örtüyü vurdurdu, həyətini təmir etdi, böyük darvaza qoydurdu? “Bizim ev, gör, onun yanında nəyə oxşayır?”,- deyə-deyə gəliri çox da yaxşı olmayan həyat yoldaşının başını xarab edirdi. Yoldaşı da ağlını verdi bu qadının ağlına. Gedib bankdan kredit götürüb işə başladı. Axı kredit götürməklə o qədər işi başa çıxmaq olmazdı. Bir azdan pul qurtardı, iş də yarımçıq qaldı. İndi banka kredit ödəyirlər ki, borc bitsin, yenidən kredit götürüb işə davam edələr. Qadın gördü ki, bəhs etmək “olmaq” deyil. Hələ də danışır. Lakin ta onu dinləyən kimdir?. Düşünəndə, illər lazımdır ki, bunlar kredit götürə-götürə evlərini, həyətlərini qonşununkuna oxşadalar. Bu gedişlə isə qonşu üçüncü mərtəbəni tikəcək, bu qadınınsa bəhsəbəhs hissi bitməyəcək.

Başqa bir tanıdığım isə dayıoğlusu maşın alan kimi maşın sevdasına düşdü. “Niyə mən ondan kəsir oğlanam?” fikri buna ta rahatlıq vermədi. Bu da üz tutdu banklara. Kredit götürüb maşın aldı. Aldı almağına, lakin axı bu krediti ödəmək var. İndi hər ay zülmlə krediti düzəldib banka ödəyirlər, ailə isə olmazın çətinliyi ilə üz-üzə qalır.

Bir gənc qadın tanıyırdım. “O geyimdən mənim də olsun, bu çantadan mənim niyə yoxdur?” düşüncələri ilə gül kimi ailəsinə xəyanət etdi. Pis yollara düşdü və sonda ailəsi dağıldı, üç övladından ikisi əlindən alındı, biri ilə atasıgilə yollandı.

Təəssüfedici hal bundan ibarətdir ki, bəhs etməyin sonu çox vaxt bu qadının düşdüyü yollar olur. Bir gözəl paltar, ətir, çanta, ayaqqabı, bir bahalı telefon üçün mənliyindən imtina edənlər olur. Lakin maraqlıdır, bütün bu əşyaları istifadə edərkən onun əldə edilmə səbəbi bu insanları narahat edirmi, görəsən?

Bəzən məntiqsiz düşünürük...

Bəli, bəzən məntiqsiz düşünürük. Elə hər şey də bu məntiqlə başlayır. Birinci içimizə həsəd hissi dolur, sonra bu, paxıllığa çevrilir. Həsəd və paxıllıq isə bəhsəbəhsin hərfi mənasıdır.

Məsələn, küçədə bir qız görürük. Əynindəki köynək iki qarışdan ibarətdir, göbək-qarın hissə görünür. Baxırıq ki, yanından keçən oğlanların çoxu ona nəzər salmamış ötmür. Düşünürük ki, məgər biz ondan çirkinik, nə üçün bizə bu qədər baxan yoxdur. Sabah evdən çıxanda blokdaca köynəyimizi yuxarı qaldırırıq. Hansı ki, bu, bizim ailə üçün qəti şəkildə qəbuledilməzdir. Lakin biz bunu ailəmizin gözündən kənarda edirik. Deməli, ən məntiqsiz bir düşüncə ilə həsəd hissinə qurban getmiş oluruq. Bu söylədiyim ən kiçik bir nüansdır. Lakin belə kiçik nüanslar elə böyük səhvlərimizin də başlanğıcı ola bilir.

Bu günlərdə sosial şəbəkələrdən birində fəaliyyət göstərən “Qadınlar klubu”ndan oxuyuram: əziz qadınlar. Sizinlə bir məsələni məsləhətləşmək istəyirəm. Dünən mənimlə həmyaşıd qohum qızlardan birinin ad günü idi. Hər ikimiz nişanlıyıq. Nişanlısı ona bahalı telefon alıb hədiyyə etdi. Lakin mənim nişanlımın belə telefon almağa imkanı yoxdur. Qərara gəldim ki, nişanımı qaytarım. Mən də belə bir imkanlı oğlanla ailə qurmaq istəyirəm.

Bu da bizim bəzi gənclərin təfəkkürü. Düzdür, həmin klubda qızı tənbeh edənlər də çox idi, haqq verənlər də. Lakin qızın düşüncəsində, həsəd və paxıllıq hisslərində artıq mişarın onun ömrü üzərində hərəkətini görmək o qədər də çətin deyildi. Bir telefondan ötrü nişanı atmaq nə deməkdir? Bu, qəbul edilən məsələdirmi? Görün, qızdakı paxıllıq nə dərəcədədir ki, adi bir hədiyyə ilə həyatına da, həyatındakı insana da zərbə vurmaq istəyir. Deməli, bu qız düşünür ki, kim ona bahalı hədiyyə alarsa, onunla ailə qurmaq olar? Bunun adı bəs nədir? Baharı hədiyyələrə ərə getmək, yoxsa sevdiyin insana? Yaxşı, bəs gələcək həyatında ailədə maddi imkansızlıq yaranarsa, həyat yoldaşı işini itirərsə, belə qızların vəziyyəti necə olar? Bunlar barədə düşündükcə adam sanki bir anlıq ağlını itirmiş kimi hiss edir özünü.

Paxıllıq xoşbəxtliyi öldürür

Mütəxəssislər paxıllıq, həsəd və bəhsəbəhsin hər duyğu kimi universal və təbii bir duyğu olduğunu söyləyirlər. Bəzən təkəbbürlə bağlı olan bu hisslər incidir, qəzəb doğurur, pis tərəfimizi alovlandırır, həyat keyfiyyətimizi aşağı salır. Paxıllıq edərkən, həsəd apararkən, bəhsəbəhsə can atarkən xoşbəxtlikdən çox kənarda oluruq. Bu hisslər bizi bizdən alır, ayrı bir dünyaya qonaq edir: həm maddi, həm də mənəvi cəhətdən. Bəli, xoşbəxt olmuruq. Gözümüz kimlərinsə arxasında, fikrimiz nələrinsə yanında, beynimiz bütün bunları əldə etmək üçün yollar axtarışında ola-ola biz necə xoşbəxt ola bilərik?..

Bu xoşagəlməz hissləri tamamilə aradan qaldırmaq mümkün olmasa da, hərəkətlərimizlə onu qidalandırmağı dayandıra bilərik. Necə? Bir qədər dərindən və məntiqlə düşünməklə. Ona inanmağa çalışmalıyıq ki, insanlar bir-birinə bənzəmədiyi kimi, talelər də bir-birinə bənzəmir. Məhz bunları düşünməklə, həm də günah sayılan bu hisslərdən kənar ola bilərik.

Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Mənim fəzlimdən insanlara çatan şeylərə görə paxıllıq etmə. Gözlərini ona dikmə. Qəlbini onunla birgə etmə. Həqiqətən, o kəs ki, həsəd edər, Mənim nemətlərimə qəzəblənər, Mənim bəndələrim arasında böldüyüm hissələri bərabər tutar, Mən ondan deyiləm. O da Məndən deyildir”.

Həsəd edən insanlar adətən əsəb xəstəliklərindən əziyyət çəkirlər. İmam Əli (ə) bu barədə buyurur: “Bədənin sağlamlığı həsəddən uzaq olmaqladır” və ya “Təəccüblüdür ki, həsəd edənlər öz bədənlərinin sağlamlığından qafildirlər”.

Artur C. Brooksun “The Atlantic” saytındakı məqaləsi paxıllıqla mübarizə yollarından bəhs edir. Məqalənin ən maraqlı məqamı: “ 19-cu əsr italyan şairi Dantenin “Purgatorio” (Purgatory) adlı İlahi Komediyasının 13-cü kantosunda yeddi ölümcül günahdan biri olan paxıllığın qurbanı insanların ən böyük cəzası təsvir edilir. Onların uçurumun kənarında təhlükəli bir şəkildə olduqları göstərilir. Paxıllıq gördükləri bir şeylə başladığı üçün gözləri bağlıdır. Yıxılmamaq üçün həyatda heç etmədikləri bir işi görərək bir-birlərinə dəstək olmalıdırlar. Bu, olduqca qəddar bir cəza olsa da, paxıllığın Katolik inancında On Əmrdən biri deyil, ikisi tərəfindən qadağan edilən yeganə günah olduğunu nəzərə alsaq, bəlkə də təəccüblü deyil.

Bəlkə də o biri dünyada qarşılaşacağınız cəza ilə bağlı Dantedən daha az narahatsınız. Paxıllığın, başqalarının sahib olduqları şeylərə qarşı küskün istəklərin sizə real həyatda cəhənnəmi yaşatmasına dair çoxlu sübutlar var. Paxıllığın nə olduğunu, içimizdəki sevgini necə xoşagəlməz hala gətirdiyini və ruhumuzu necə qurutduğunu hamımız bilirik. Necə olur ki, içimizdəki çirkin, qisas hissləri ilə başqasının bəxti bizimkinə nisbətən az olduğu üçün əzab çəkməkdən həzz alırıq?

Bir sözlə, paxıllıq xoşbəxtliyi öldürür. Təəssüf ki, bu, tamamilə təbii bir hissdir və heç kim ondan tamamilə qaça bilməz. Ancaq paxıllığı daha yaxşı başa düşsək, onu qidalandırmağı dayandırıb uçurumdan qayıda bilərik.

Mətanət Məmmədova

Digər xəbərlər