PDF Oxu

Siyasət

  • 1 147

Budəfəki qələbənin adı Zəfər seçkisi olacaq - TƏHLİL

image

Azərbaycanda hər bir taleyüklü tədbir xalqın yüksək fəallığı ilə keçirilir. Bu da insanların öz taleyinə biganə qalmadığının daha bir nümunəsinin göstəricisidir. Sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri də xalqın aktivliyi şəraitində keçəcəyi şübhəsizdir. Çünki parlament seçkiləri bütün Azərbaycan ərazisində baş tutacaq. Məlumdur ki, 1991-ci ildən 2023-cü ilə qədər ərazi bütövlüyümüzdə narahatlıqlar vardı. Ancaq 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən savaşında əldə olunan hərbi, siyasi, diplomatik qələbənin ardınca 2023-cü il sentyabrın 20-də Qarabağda separatizmin təmizlənməsi ilə bütün ərazilərimizdə suverenliyimiz bərpa edildi. Bu da imkan verdi ki, qalib ölkənin qürurlu vətəndaşları olaraq böyük bayram əhaval-ruhiyyəsi ilə seçkilərdə keçirək. Artıq 7 fevral 2023-cü ildə azad və demokratik şəkildə baş tutan prezident seçkilərində xalq axın-axın seçki məntəqələrinə gedərək səsvermədə iştirak etdi və Qarabağı işğaldan azad edən Fateh Sərkərdəsinə minnətdarlıq borcunu yerinə yetirmək üçün ona səs verdi. Bu sevincli günlərin davamı təbii ki, olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq abadlıq işləri fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. O yerlərə yeni nəfəs verilir. Doğma yurdlarına dönən insanlar işləyir, çalışır və bölgənin inkişafına öz tövhələrini verməyə çalışırlar.

Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq

Belə gözəl, möhtəşəm tarixi günlərdə xalqımız daha bir seçkiyə-parlament seçkilərinə hazırlaşır. Artıq seçkiyə hazırlıqla bağlı lazım olan bütün texniki işlər həyata keçirilib. İşğaldan azad edilən ərazilərdə diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, seçki prosesində yeni-yeni məntəqələr yaradılır, qruplar formalaşır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə bildirib ki, 125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılır. MSK sədri bildirib ki, xüsusilə azad olunmuş ərazilərdə Milli Məclisə seçkilərdə də ilk dəfə vətəndaşlar səs verəcək: “O bölgədəki seçkilərə xüsusi fikir veririk. Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq”.

MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb: “Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Parlament seçkilərinin monitorinqi üçün ATƏT DTİHB, MDB, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatına dəvət göndərilib. Artıq sözügedən beynəlxalq miqyaslı təşkilatlar seçkiləri yazından izləyəcəklərinə dair rəylərini bildiriblər. Hətta Azərbaycandakı seçki prosesinə daim qərəzlə yanaşan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda 300-dən çox müşahidəçi ilə təmsil olunmaq istəyir.

Parlament seçkiləri azad və demokratik şəraitdə baş tutacaq

Görülən və həyat keçirilən seçki hazırlıqları onu deməyə əsas verir ki, parlament seçkiləri azad və demokratik şəraitdə baş tutacaq. Hər hansı bir problemin və ya çatışmazlığın da olması mümkün deyil. Çünki hazırlıqlar ən yüksək səviyyədə həyata keçirilir. Bu məsələdə böyük təcrübədə öz sözünü deyir. Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə gələndən seçkilərin beynəlxalq prinsiplərə və Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq azad və demokratik şəraitdə keçirilməsini təmin edib. Bu səbəbdən də beynəlxalq birlik Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirib. Azərbaycan seçicisi seçkilərin tələblərini, prinsiplərini, seçkinin keçirilmə qaydalarını, namizəd-seçici dialoqunu çox dəqiq bilir. İnsanları seçkilərlə və irəli sürülən namizədlərlə bağlı yüksək bilgilərə malikdirlər. Bu məsələdə MSK-nın tez-tez maarifləndirici konfranslar, seminarlar keçirmələri də mühüm rol oynayır. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə əsasən Təqvim Planı tutub və buna əsasən seçkinin bütün mərhələləri vaxtında icra olunur. Hazırda siyasi partiyalar, həmçinin müstəqil şəkildə seçkiyə qatılmaq istəyən namizədlər seçki qanunvericiliyinə və MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun olaraq hazırlıq işlərini davam etdirirlər. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hakimiyyəti parlament seçkilərinin azad, şəffaf və ədalətli keçirilməsi üçün üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb: “ 60 nəfər imza vərəqələrini qaytarıb. 1200-dən çox şəxs isə imza vərəqələrini götürüb. 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək”.

Avqustun 2-də namizədlərin qeydə alınması mərhələsi başa çatır, avqustun 3-dən isə seçkilərin təbliğat-təşviqat dövrü başlayır. Bu dövrdə namizədlərin öz seçki platformalarını necə hazırlamaları və seçicilərə təqdim etmələri xüsusi rol oynayacaq. Bu mənada seçkiqabağı təbliğat-təşviqat seçki prosesinin əsas mərhələlərindən biridir. Məhz seçkinin bu mərhələsində prosesə qoşulan subyektlər özlərini təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq imkanı əldə edir, digər namizədlərdən daha üstün olmasını sübut etməyə çalışır. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib bir məsələdir. Araşdırmalara və proseslərə əsasən demək olar ki, parlament seçkilərinin budəfəki mütləq qalibi Yeni Azərbaycan Partiyası olacaq. Çünki Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın olan siyasi təşkilatdır. YAP Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa uyğun olaraq fəaliyyət göstərməklə böyük uğurlara nail olub.

YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır

Söz yox ki, YAP bugünkü uğurlara, xalqın yüksək etimadını, beynəlxalq birliyin hörmətini çətin, lakin şərəfli bir dövrü keçməklə nail olub. O dövrdə, yəni ötən əsrin 90-cı illərində ölkəmizdə ağır vəziyyət hökm sürürdü. Dövlət müstəqillik məhv olmaqla yanaşı, xalqın sabaha olan ümidləri də alt-üst olmuşdu. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Uzaqgörən müdrik siyasəti ilə Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan xilas edə bildi. İqtisadi uğurların dinamikasını isə 1994-cü il sentyabrın 20-də imzalan “Əsrin müqaviləsi” ilə təşkil etdi. Bu, Dahi Öndərimizin uğurlu neft strategiyası idi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. Üstəlik, bu ölkələrin təhlükəsizliyini təmin etdi. Bu gün Azərbaycanın sükanı etibarlı əllərdədir. Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti siyasi iradəsi sayəsində 30 il işğalda olan torpaqlarımız işğaldan azad olunaraq sərhədlərimiz tam şəkildə bərpa olundu. İşğaldan azad olunmuş torpaqlarımızda tikinti quruculuq işlərini sürətlə həyata keçirilməsi və əhalinin yurd-yuvalarına qayıtması Azərbaycanın gücünə yeni güc qatır. Təbii ki, əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasını, onun üzvlərinin də payı var. Məhz nəticələrin yüksək olması səbəbindəndr ki, YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Bu da partiyanın sıralarının genişlənməsinə təkan verir. Əgər YAP-ın 2001-ci ildə keçirilən II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdir. Hazırda isə Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 850 minə yaxındır. Bu amil YAP-ın nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi gücə malik siyasi təşkilat olduğunu təsdiqləyir.

“Parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq”

Cəmiyyətin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verir. Bu və digər amilləri nəzərə alaraq əminliklə demək olar ki, sentyabrın 1-də keçirlilməsi planlaşdırılan parlament seçkilərinin budəfəki qalibi Yeni Azərbyacan Partiyası olacaq. Daha doğrusu, YAP seçkinin qalibi olaraq Milli Məclisdə çoxluğa sahib olacaq. Çünki YAP altenativi olmayan və Cənubi Qafqazın ən güclü partiyasıdır. Digər tərəfdən YAP-ın kifayət qədər seçki təcrübəsi mövcuddur. Əhali ilə işləməyi, cəmiyyətə seçki platformasını necə və hansı formada çatdırmağı bacarır. Həmçinin əhali birmənalı şəkildə YAP-a inanır və etibar edir. Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun olaraq seçki hazırlığını uğurla davam etdirməkdədir. Bir müddət əvvəl Milli Məclisə seçkilərlə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb. Bundan irəli gələrək YAP mərkəzi seçki qərargahının rayon şöbələri də təşkil olunub. Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə 125 seçki dairəsinin hamısından öz namizədini elan edib. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq.

Xalqa arxalanan Yeni Azərbaycan Partiyası seçkilərə daha inamlı və əminliklə gedir. Ona görə də, heç bir mübahisələrə və müzakirələrə yol vermədən qeyd etmək olar ki, sentyabrın 1-də baş tutacaq parlament seçkiləri YAP-ın tarixinə daha bir parlaq QƏLƏBƏ olaraq yazılacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər